Slimfit
  1. DÜNYA

21 Sentyabr Beynəlxalq Sülh Günüdür

21 Sentyabr Beynəlxalq Sülh Günüdür
Sakura

21 Sentyabr Beynəlxalq Sülh Günüdür

Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır

Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Bu, elə bir anlamdır ki, əsrlər boyu bəşər övladı sülh şəraitində yaşayıb-yaratmaq, dünya xalqları ilə əmin-amanlıq şəraitində əlaqə qurmaq, əməkdaşlıq etmək arzusunda olub və bu gün də belədir. Əlbəttə ki, sülhün hökm sürdüyü məkanda qurub-yaratmaq, dinclik, sosial-iqtisadi və mədəni inkişaf var. Açıq səma altında insanlar dünyanın gözəlliyini duymaq, azadlıq, bərabərlik və ədalətin hökm sürməsini istəyirlər. Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkəmizdə hökm sürən əmin-amanlıq mühiti, sülh və həmrəylik, birgəyaşayışı tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır. Belə bir vaxtda Azərbaycan 21 sentyabr tarixini - Beynəlxalq Sülh Gününü qeyd edir.

Qeyd etmək lazımdır ki, BMT Baş Məclisi 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq, dəyişməz bir tarix kimi təsdiq edib. Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır və BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Həmin vaxtdan etibarən, hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı qərargahının həyətində Yaponiya tərəfindən bağışlanmış "Sülh Zəngi" quraşdırılıb. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq, Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb. Hər il bu bayram, məhz "Sülh Zəngi"nin çalınması ilə başlayır.

AZƏRBAYCAN HƏR ZAMAN MÜNAQİŞƏNİN SÜLH YOLU İLƏ ARADAN QALDIRILMASI İSTİQAMƏTİNDƏ MÜHÜM ADDIMLAR ATIB

Sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində aparılan beynəlxalq miqyaslı tədbirlər nəticəsiz qaldıqca, insanların qorxu və vahimə içərisində yaşamaları da davam edir. Azərbaycan xalqı bu gün Beynəlxalq Sülh Gününü qeyd etsə də, amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant Azərbaycanın vətəndaşları, Ermənistanın təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən və topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində, bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində, Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyini, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparıldığını və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir: "Ermənistan Xocalı soyqırımını törətmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır". Cənab İlham Əliyev münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğunu diqqətə çatdıraraq, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini vurğulayıb: "Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə, İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır".

Əgər bu gün dünyada sülhə çağırışlar ediriksə, onda dinc sakinlərin-qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir. Bu gün Azərbaycan qüdrətli və güclü orduya malikdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.

AZƏRBAYCAN ÖZ QUCAĞINI, DİNİNDƏN VƏ İRQİNDƏN ASILI OLMAYARAQ, BƏŞƏR İNSANINA AÇIR

Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir.Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır və yaşayacaqlar. Bəli, bu, Azərbaycan gerçəklikləridir. Müasir dünyada yüksək texnologiyalara sahib inkişaf etmiş bəzi ölkələr, bəşər insanına yardım göstərməkdə tərəddüd etdiyi halda, Azərbaycan öz qucağını, dinindən və irqindən asılı olmayaraq, bəşər İNSANINA açır. Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb. Qeyd etdiyimiz kimi, uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib, milyonlarla dinc insan öz yurdundan didərgin salınsa da, Azərbaycan sülhsevər siyasətini davam etdirir, humanitar sahədə əməkdaşlığını davam etdirir. Humanizm, mədəniyyət, tolerantlıq və dialoq vasitələrinə üstünlük verir.

ABŞ-da və Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığı halda, Azərbaycan reallıqları başqa bir mənzərə yaradır. Bəzi Avropa ölkələrində irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanların baş qaldırması müşahidə olunur. Belə bir tendensiya Avropada sülh və demokratik təhlükəsizlik üçün təhdid yaradır. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq onların əməli fəaliyyətinin məntiqi olaraq ortaya çıxıb. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Amma nədənsə, beynəlxalq hüquq-müdafiə təşkilatları, həmçinin, özlərini demokratiyanın beşiyi sayan Qərb dövlətləri bütün bunlara göz yummaqda davam edirlər.

Beynəlxalq Sülh Gününü böyük təntənə ilə qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq bir də dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısını almağa çalışır. Dünyamıza sülh gərəkdir! Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR