Slimfit
  1. MEDİA

Akademik Ramiz Mehdiyev REA-nın vitse-prezidenti ilə görüşüb

Akademik Ramiz Mehdiyev REA-nın vitse-prezidenti ilə görüşüb
Sakura

Akademik Ramiz Mehdiyev REA-nın vitse-prezidenti ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində     AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.

Qonağı salamlayan akademik Ramiz Mehdiyev AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Cari ilin mayında iki qurum arasında imzalanan elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən söz açan akademik bildirib ki, sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların koordinasiyası, birgə tədbirlərin təşkili kimi məsələlər öz əksini tapıb və hazırda bu işlərin uğurla yerinə yetirildiyini vurğulayıb.

AMEA rəhbəri, həmçinin Akademiya ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında imzalanmış digər sazişlərdən də söz açıb, əməkdaşlıq çərçivəsində Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemləri, tibb və farmakologiya, fiziologiya, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tarix, arxeologiya, etnoqrafiya kimi elm sahələrinin prioritet istiqamət olduğunu qeyd edib.

Ölkə alimlərinin Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı fəaliyyətindən danışan akademik Ramiz Mehdiyev bildirib ki, hər il AMEA-nın gənc alim və mütəxəssisləri həmin müəssisədə qısamüddətli və uzunmüddətli tədqiqatlar aparır. AMEA prezidenti, həmçinin hər iki ölkənin alimlərinin geofizika, geologiya, seysmologiya, tibb və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrindən söz açıb.

Səmimi qəbula görə AMEA rəhbərinə öz təşəkkürünü bildirən akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevə AMEA-nın prezidenti seçilməsi münasibətilə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrikini çatdırıb. İki ölkənin elmi qurumları arasında mövcud əlaqələrdən bəhs edən REA-nın vitse-prezidenti humanitar sahədə də əməkdaşlığın genişləndirilməsini mühüm addım kimi qiymətləndirərək, nəzərdə tutulan müştərək layihələrin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.

“Xəzər dialoqu” layihəsindən söz açan akademik Taliya Xabriyeva bu layihənin təkcə iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar sahələrində deyil, həmçinin etnoqrafiya, fəlsəfə, arxeologiya və digər humanitar istiqamətlərdə də birgə tədqiqatların təşkilinə təsir edəcəyini bildirib.

Sonra akademik Ramiz Mehdiyev və akademik Taliya Xabriyeva AMEA və REA arasında əməkdaşlığa dair sənəd imzalayıblar.

Görüşdə, həmçinin Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA-nın vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR