Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda arıçılıq sahəsində yenilik

Azərbaycanda arıçılıq sahəsində yenilik
Sakura

Azərbaycanda arıçılıq sahəsində yenilik

Müsahibimiz əslən Kəlbəcər rayonundan olan məcburi köçkün Mübariz müəllim orada olarkən 24 arı ailəsi saxlayırmış. 1993-cü ildə məlum Qarabağ hadisələri zamanı Mübariz müəllim də orada yaşayan digər Kəlbəcərlilər kimi öz doğma yurdundan didərgin düşmüş və bütün təsərrüfatını orada qoyub gəlmək məcburiyyətində qalmış, köçkünlük həyatı onları Gəncə şəhərində məskunlaşmağa vadar etmişdir. Gəncə şəhərində məskunlaşdıqdan sonra da arıçılıq fəaliyyətini bərpa etmiş və ilk əvvəllər 10 arı ailəsi alaraq onları həyətyanı sahəsində saxlamağa başlamışdır. Hazırda Yevlax rayonunda yaşayan arıçımız arıçılıq fəaliyyətini inkişaf etdirərək təsərrüfat halına salmış və 150 arı ailəsinə çatdırmışdır. Mübariz müəllim özünün deməsinə görə hər il təxminən 1 ton bal süzür. Aran şəraitində yaşadığından arıları ildə bir dəfə profilaktika üçün Goranboy rayonu, Ağcakənd qəsəbəsi ərazisi ətrafında dağlıq əraziyə aparır.

Arışılıq təsərrüfatının saxlanmasının əsas şərtlərindən biri arıların sağlamlığının təmin olunmasıdır. Arıların sağlamlığı isə saxlandığı yerin arıçılıq sanitariyasına müvafiq qaydada təmiz olması və zərərvericilərdən (gənələrdən və digər parazitlərdən) qorunmasıdır.

 

 

Təcrübəli arıçımızın bildirdiyinə görə arıçılıq təsərrüfatına zərər verən belə gənələrdən biri varroatoz xəstəliyinin törədiciləri olan varroa adı verilən parazitlərdir. Arılarda qanad və ayaqların deformasiyasına səbəb olurlar. Qısa ayaqlılıq və s. kimi belə anormallıqlar yaradan varroalar arıların uçma qabiliyyətlərindən məhrum olmasına, hətta arı ailəsinin məhvinə səbəb olurlar.

Pətəklər vaxtı-vaxtında dərmanlanmalıdır. Lakin təcrübəli arıçı bir məqamı xüsusi vurğuladı ki, balın kimyəvi təsirlərdən zəhərlənməməsi üçün əsas nektar gəlirinə 3 həftə qalmışdan bal süzülən vaxta qədər arılara zərərvericilərə qarşı heç bir preparat vermək olmaz. Hətta temperaturun çox isti və çox soyuq dövrlərində də preparat seçiminə diqqət etmək lazımdır.Arılar ildə ən azı bir dəfə bir ay müddətinə dağa aparılmalıdır.Dağ şəraiti ana arıların ömrünün  uzanmasına səbəb olur. Profilaktik tədbirlər fevral ayında arı ilk işə başlayan dövrdən başlanır. Bu, gənələrin artıb-çoxalmasının qarşısını alır. Bir gənə  pupunda altı  gənə balası olur. Bir şamda on min ədəd pupun olması arıların məhvinə  gətirib çıxarır.

Arı 5-6 ay yaşayır, erkək arı 26, işçi arı 21, ana arı 16 günə çıxır.

Arıçılığın ən vacib məsələlərindən biri arılar üçün yem saxlanmasıdır. Dörd çərçivəlik (şanılıq) arı varsa, beş çərçivə (şanı) yem olmalıdır. Hər çərçivədə (şanıda) 2,5-3 kq bal olur.

Müsahibimiz saxta balla xalis balı ayırd etməyin bir neçə sadə üsullarını da bildirdi. Balı suda həll etdikdə əgər çöküntü yaranırsa bal saxtadır. Təbii balı suda həll etdikdə çox cüzi çöküntüsü ola bilər. Təbii balı əlimizə sürtdükdən bir müddət sonra bal sürtülən ssəyə əlimizi vurduqda yapışmamalıdır. Əgər yapışırsa deməli saxta baldır. Balın üzərinə bir damcı yod əlavə etdikdə əgər yod bala qarışırsa saxta, qarışmırsa xalis baldır. Təbii balın tərkibində su olmur. Balı kağız parçasına çəkdikdə bir müddət sonra kağız islanırsa, deməli tərkibində su vardır və saxtadır.

Arıdan baldan başqa, vərəmum, çiçək tozu və arı südü də alınır. Vərəmumdan mədə-bağırsaq sistemi, həmçinin şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Çiçək tozundan isə kosmetik vasitə kimi, həmçinin yaraların tez sağalmasında istifadə olunur. Arı südünün gözə damdırılması bəzi problemlərin həllində yaxşı nəticə göstərir.

İki arı növündən istifadə olunur. Onlardan biri Azərbaycan cinsi olan Qabaqtəpə, digəri Türkiyə cinsi olan Bakvasdır. Hazırda saxlanılan arı ailələrindən 10-u Bakvas cinsinə məxsusdur. Bakvas məhsuldarlıq baxımından səmərəli sayılsa da, yerli şəraitə o qədər də uyğunlaşmayıb.

Hazırda təsərrüfatdan əldə olunan balın satışı ancaq Azərbaycan daxilində həyata keçirilir, lakin məhsulun gələcəkdə  xaricə çıxarılması da mümkündür.

Hazırda adı çəkilən arıçılıq məhsullarından bal satışdadır. Həmçinin yeni üsulla hazırlanmış vaqonların sifarişlə hazırlanması da mümkündür.  Bal almaq və ya bu tipli vaqonların hazırlanması  üçün Mübariz müəllimə müraciət edə bilərsiz.

Mübariz müəllimə arıçılığa gətirdiyi yenilik və bunu bizimlə bölüşdüyü üçün saytımız adından dərin təşəkkürümüzü bildirir və ona gələcək fəaliyyətində uğurlar arzu edirik.

Xalis bal əldə etmək və arıçılıqla bağlı məsləhət almaq istəyənlər +99450 641 32 32 telefon nömrəsi vasitəsilə Mübariz Müəllimlə əlaqə saxlaya bilərlər.

Mübariz müəllim: +99450 641 32 32

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR