Slimfit
  1. TARİX

Çox keyfiyyətlərilə birinci – I Şah Abbas

Çox keyfiyyətlərilə birinci – I Şah Abbas
Sakura

Çox keyfiyyətlərilə birinci – I Şah Abbas

Avropada “Böyük Abbas”, sənədlərdə “42 illik Əzəmət” və 390 ildir xalqının xatirəsində “Cənnətməkan şah oğlu”...
Bu şahın taxt vaxtınadək bütün vilayətləri (Qarabağ, Ərdəbil, Lənkəran istisna) Osmanlı və digər dövlətlərin əlinə keçmiş Azərbaycan (cahanşümul dövlətçilik nümunəsi yaradıcısının ünvanına K.Marks kimi bir ideologiya kralının qələmindən “on dörd ildə on dörd ölkə fatehi” fikrini saldırmış Qızılbaş səltənəti) bənzərsiz milli mədəniyyət və hərbi potensialından məhrum edilməkdə, şanlı Səfəvilər məmləkəti tənəzzülə uğramaqda idi.

Uşaqlıq çağlarımda (ötən əsrin 50-60-cı illəri), bircə səhifə belə tarix oxumamış babamın barəsində heç nəyi dəqiq bilmədiyi bu şahın sadəliyi, xəlqi qayğı-sayğıları haqda işlətdiyi (“yeri behiştdik”, “canı cənnətdik”, “adil qılınclı” və s.) sözlərin havası məni bu yazıya onun elə bu cəhətlərindən başlamağa səslədi. 

Məsələn
1627-ci il tarixli, “Muhammad Qasim” imzalı sənədə görə, bu böyük hökmdar, öz dövr-dünyasını heyran qoymuş sərkərdə-şah xalqın yaddaşında, keçirdiyi islahatlar, geniş quruculuq, uğurlu hərbi əməliyyatlar və ölkənin gələcəyi naminə apardığı köçürmələr siyasətilə bərabər, “ən adilliyi, ağıllılığı, tez-tez “təğyiri-libas” olub, “xalqa oxşaması” ilə qalıb. O, ölkənin vəziyyətini yaxından öyrənməkçün tərk-libas olub, ya təkbaşına, ya da vəzir-vəkillərilə xalqın içində gəzər, çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönüb, çəkisi düz olmayan məhsul sahiblərini dərhal cəzalandırardı. 

Hərbi yürüşlər zamanı xalq arasına çıxar, yerli məmurların xalqla necə davrandığını araşdırar, şikayət edilənlərin “dərsini verib”, qəsəbə-şəhər hakimlərini dəyişərdi. Onun sarayında olmuş avropalı səyyahlardan italyan Della Vallenin xatirələrinə görə, “ortaboy, yaşıl gözlər, qısa alın və incə çənəyə malik bu qüdrətli şah bir qayda olaraq sadə geyinər, zinət şeylərindən istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi. O, sadə xalqa bərəkətli torpaqlar, sürülər hədiyyə etməkdən, digər ehtiyaclarını ödəmələri məqsədilə mal-pul paylamaqdan yorulmazdı”.

Səfəvi tarixçisi, “Dünyanın bəzəyi olan Abbasın tarixi” əsərinin müəllifi İsgəndər bəy Münşi: “...O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cah-cəlal və padşahlıqla yanaşı, özündə olduqca mülayim, yumşaq, dərviş xarakteri və sadəlikləri cəmləşdirib. O, mülayim və həlim vaxtlarında saray adamlarıyla o qədər qaynayıb-qarışır ki, sanki onlarla dost və qardaşdır”.

Görkəmli Azərbaycan şairi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”indən: “Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişi işlərində bütün dünyada məşhurdur. Onun bir çox mülki və əsgəri qanunları İran şahları üçün rəhbər olmuşdur. Avropa tarixçiləri bu padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətilə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə bu padişahın misli olmamışdır. Onun təlim-tərbiyəsi sayəsində bir çox fazil şəxslər öz dövrünün başçılarından olmuş, dünya şöhrəti qazanmışlar. İşinin çoxluğuna baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail, gözəl təbi-şerə malik idi”.

Bu şahın doğma dilimizə verdiyi önəmin (sarayda yalnız azərbaycanca danışmağın məcburi və zəruriliyi) dərəcəsini reallıqla anlamaqçün bir daha D.Vallenin məktubuna (may, 1618) diqqət yetirək: “Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu, “xoş gəldi, səfa gəldi” deyərək səyahətimin səbəbləri haqda məni türk dilində sorğu-sual etdi”.

Digər tarixi sənədlərdən seçmələr: Şah I Abbas daxili iğtişaş və xarici müdaxilələr qarşısında məhvolma təhlükəsi qarşısında qalan Səfəvi dövlətini nəinki xilas etmiş, həmçinin ona ən qüdrətli bir dövr yaşatmışdır. Elə bu səbəbdən tarixçilər onu Qanuni Sultan Süleymana bənzədiblər. “O, mahir hərbi strateq kimi, diplomatik yolla həll ediləsi münaqişəni müharibəyə çevirməyə tələsməz, əgər başqa yol yox idisə, döyüş meydanında ordusuna mükəmməl komandan kimi rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. Verdiyi əmrlərin əməliyyəsində o dərəcədə qətiyyətli və güzəştsizdi ki, cavabdehlərin bunları ləngimədən həyata keçirməkdən başqa çarəsi qalmırdı”.

Bu şahın alim, həkim, şair, musiqiçi, rəssam, memar və digər sənət adamlarına hamiliyilə bağlı bircə faktı xatırladaq: Məsihi, S.Əfşar, M.M.Qəzvini və hamısının təxəllüsü “Təbrizi” olan Şəmsəddin, Qasım, Əbdüllətif, Əlirza, Molla Abdulla və Saib onun sarayında çalışıb, burada “çalçıbaşı”nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərib, “Şah kitabxanası”nda dini və dünyəvi məzmunlu saysız-hesabsız kitab olub. İsfahanda ucaltdığı saray və məscidlər Səfəvi memarlıq məktəbinin şedevrləri sayılıb. Ölkənin müxtəlif ünvanlarından dəvət olunmuş sənətkar və ustaların yaşaması üçün onun əmrilə xüsusi məhəllə salınıb.

Bütün bunlar isə bu şahı Azərbaycan xalqının süjetli nağıl-dastan, rəvayət və “gündəlik tələbat” söhbətlərinin daimi qəhrəmanına çevirib... 

İndisə, qırx iki illik hakimiyyəti dövründə dünya gedişatına çox mühüm izlər qoymuş bu hakimin doğum və “təxti-rəvan” tarixçələri, habelə yuxarıda bəhs edilən əfsanəvi mülki keyfiyyətlərini daha da şöhrətləndirib-“status”laşdırmış saysız-hesabsız hərbi-hökmi fəaliyyət arsenalından – 

Bəzi epizodlar
1571-ci ilin yanvarında Heratda doğulan, Azərbaycan tarixinin çox görkəmli, Şah İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olan Abbas hələ yaşyarımlıq ikən (atası – şahzadə Məhəmməd Xudabəndə Şiraza vali təyin edildiyi üçün) Herat valisi seçilir və xüsusi qabiliyyətlərə malik Sultan Ustaclı onun təlim-tərbiyə lələsi təyin olunur. 1578-ci ildə Xudabəndə şah seçilən zaman Herat valisi kimi vəzifəsini davam etdirən Abbas üç il sonra (oktyabr 1587, 16 yaşında) şah elan edilib, Səfəvi taxt-tacına əyləşdirilir. 

Daxili problemlərin və Azərbaycanın bütün əsr boyu siyasi gərginlik yaşadığı Osmanlı imperiyası ilə münasibətlərin həllinə vaxt qazanmaqçün danışıqlara başlayan şah 1590-cı ildə İstanbul sülhünü imzalayaraq, Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisini Osmanlı dövlətinə verməli olur. Bu “qaçılmaz düşkünlük”dən sonra tezliklə ölkəni çətin vəziyyətdən qurtarmaqçün daxili iğtişaşlara son qoyub maliyyə vəziyyətini yaxşılaşdırmaq və güclü nizami ordu yaratmaq işlərinə başlayır. Lakin 1600-cü illərin əvvəlində portuqallara qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalır və “Allahın iradəsi, döyüş qəhrəmanlarının gücü” ilə İran körfəzinə çıxışları olan qalalarla Bəhreyn adalarını ələ keçirir.

Qarşıda isə daha mühüm-müqəddəs vəzifələr dururdu; hər iki tərəfdən (Osmanlı-Azərbaycan) olan babalarından (Sultan Səlim-Şah İsmayıl) miras qalmış xəta-əda nəticələrini aradan qaldırıb, başçılıq etdiyi məmləkətin tarixi sərhədlərini bərpa etmək! Xüsusən də, dövlət üçün böyük iqtisadi və mədəni əhəmiyyəti olan Azərbaycan ərazisini Osmanlıdan geri almaq!

Çox məğrur (və buna tam haqqı olan) şah bu məqsədlə nəzərdə tutduğu çox irimiqyaslı savaş üçün ciddi hazırlığa başlayır və 1603-1607-ci illər müharibəsində qazandığı qələbələr nəticəsində Azərbaycan ərazisi işğaldan tamamilə azad olunur.

O öz tabeçiliyində qalmış torpaqları (vahid inzibati ərazi kimi) ümumilikdə “Azərbaycan” adlandırırdı...

Osmanlı tarixçisi İbrahim Pəçəvi isə belə yazmalı oldu: “Beləliklə, Osmanlı-islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey ikicə ildə itirildi...”
Və bu böyük, ümummilli, özəl-özgür Qələbədən – 

Öncə-sonrakılar...
Hər biri aylar-illər, “su yerinə axan qanlar”, cürbəcür faciələrlə müşayiət olunan o olaylar o qədər çox ki, onları yalnız qaçaraq sürət, ixtisar, bəzilərinisə müxtəsər işarətlərlə sadalamaq mümkün.

İrili-xırdalı bir çox savaşlardan sonra 1593-cü ildə ilk dəfə (və böyük təntənə ilə) Ərdəbilə gəlib, Qızılbaşların nəzarətindəki Azərbaycan vilayətlərini və Kür-Araz çayları arasındakı geniş ərazini vahid Azərbaycan bəylərbəyiliyində birləşdirən (sənədlərə görə, iki ildə bu bəylərbəyilik qoşununun sayı 10 minə çatır və rəsmi fərmanla “Azərbaycan qoşunu” adlandırılır) bu şah Azərbaycanın bütövlüyünü, onun “vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı”.

1598-ci ildə dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürən şahın keçirdiyi maliyyə tədbirləri dövlət xəzinəsini zənginləşdirdi. Hərbi islahatlar nəticəsində qızılbaşlar, qulamlar, tüfəngçilər və artilleriyadan ibarət qoşun növləri təşkil edildi, Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri bərpa olundu. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik nizami ordu yaradıldı. Bu olayların canlı şahidlərindən Oruc bəy Bayat yazır: “İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və böyük nüfuza malik olan 32 nəcabətli sülalə var”.

1622-ci ildə Qəndəhar bölgəsini Moğollardan, Hörmüzüsə Portuqaliyadan geri alan şah iki il sonra Bağdadı ələ keçirməklə Səfəvi imperiyasının keçmiş sərhədlərini bərpa edir. 1626-1629-cu illərdə Osmanlı dövlətilə müharibədə mühüm uğur qazanaraq Ərəb İraqını ələ keçirir.

Bu şah sənədlərə Ağqoyunlu və Səfəvi dövlətləri tarixində (əlbəttə, Uzun Həsəndən sonra və ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalmaqla) Qərb ölkələrilə ən sıx əlaqələr yaradan, onlarla diplomatik danışıqlar aparıb, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələrini təmin edən hökmdar kimi də düşüb.

1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş görkəmli Səfəvi hökmdarı Kaşanda dəfn olunub. 

Tahir ABBASLI 

Mənbə: Kayzen.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR