Slimfit
  1. MARAQLI

Gəncə ləhcəsi

Gəncə ləhcəsi
Sakura

Gəncə ləhcəsi

Azərbaycan dili - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.  Türk dillərinə mənsubdur. Məlumdur ki, başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil olan dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili Türk dilləri ailəsinin oğuz dilləri qrupunun Oğuz-Səlcuq yarımqrupuna daxildir.  Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti — Qazax, Qarabağ, Gəncə dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri 

Dilimizin dialektləri haqqında xüsusilə XX yüzilliyin 60-cı illərindən sonra geniş araşdırmalar, elmi tədqiqatlar aparılıb. Bunların nəticəsində çoxsaylı elmi tədqiqat işləri, monoqrafiyalar dərc olunaraq oxucuların və bu sahəyə marğı olanların istifadəsinə verilib. Ens.az saytının təqdim etdiyi bu məqalə Qərb dialekti, əsasən isə  Gəncə subdialektinə həsr olunub. Müəllif Turqan Əliyev tərəfindən hazırlanan məqalədə M.Şirəliyevin “Dialektologiyanın əsasları”, “Azərbaycan Dilinin İzahlı Lüğəti”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sifarişi ilə çap olunan  “Azərbaycan Dilinin Dialektoloji Lüğəti” kitablarından istifadə edilib. 

Qeyd edək ki, Qərb Dialekti cüzi fərqləlrlə 3 subdialekt qrupa ayrılır:

  • Ayrım - Qarapapaq subdialekti - əsasən Qazax, Ağstafa, Tovuz, Gədəbəy  və Gürcüstanda (Borçalı, Qaraçöp mahalı) işlədilir.
  • Gəncə şəhəri (və bir neçə yaxın rayon mərkəzləri ) subdialekti.
  • Qarabağ (və yaxın rayonlar) subdialekti.

Azərbaycan dilinin Qərb (Gəncəbasar) dialektləri ilə digər türk dillərinin  dialektləri arasında oxşar xüsusiyyətlər çoxdur.  Anadolu türkcəsi ilə oxşarlığı xüusi olaraq seçilən  sözlərin bəzilərini qrafik şəklində təqdim edirik:

Ədəbi Azərbaycan Dili

Gəncəbasar dialekti

Türkiyə Türkçəsi

1.

Çeynə

Çiynə

Çiğnə

2.

Çünki

Çünkü

Çünkü

3.

Ümid

Umut(umud)

Umud

4.

Radio

Radyo

Radyo

5.

İyirmi

yirmi

Yirmi

6.

Yəhudi

Yahudi

Yahudi

Başqa Türk dilləri ilə oxşar olan dialekt sözlər:

Ədəbi Azərbaycan

Qırğızca

Qazaxstan

Nogayca

Gəncəbasar

1.

Xəbər

Xavar

Xavar

Xabar

Xəvər, xavar

2.

Xəmir

Xamur

Xemir

kamır

Xamır

Yazılışına görə ədəbi dilimizdən fərqlənən Gəncəbasar dialektində istifadə edilən sözlər az deyil. Ancaq elə sözlər də var ki,  ədəbi dilimizdə ya ümumiyyətlə yoxdu, yaxud az rast gəlinir. Bu cür sözlərin bir qismini aşağıda qeyd edirik:

Gəncəbasar

Ədəbi Azərbaycan dili

1.

Pışkı

Mişar

2.

irusya

Rusiya

3.

Yiyə (yiyəsi)

Sahib (Sahibi)

4.

Çaxır

Şərab

5.

Çayan

Əqrəb

6.

Sızıx (sızıq)

Xətt

7.

Kir

Çirk

8.

Öy

Ev

9.

Ayna

Pəncərə (güzgü)

10.

Gəvə

Böyük xalça

11.

tel

Tük, saç

12.

intası

Lakin

Sırf Gəncə sudialektinə aid olan sözlər sözlər də var: 

Ağali – bu söz adətən oğlanlar arasında müraciət kimi işlənir. Bəzi mülahizələrə görə, Ağali deyimi,  Ağa Əli - yəni İmam Əli Ağa ilə bağlı olaraq yaranıb. Bu iddiaya görə, gəncəlilər vaxtilə Ağali deyərək İslam dinin böyük şəxsiyyətlərindən olan Ağa Əlinin (İmam Əli Əbu Talib) salamı olsun, Ağa Əlinin xatirinə anlamında bir-birini salamlayırlarmış.

Qadanalım – yəni Qadanı alım.  Bu deyim Gəncə dialektinin özünəməxsus  şirinliyini və mehribanlığını əks etdirir.  Qadanı alım yəni ağırlığını yükünü, əziyətini mən çəkim anlamına gəlir.

Lələ - Lələ sözü qədim gəncəlilərin bir birinə xitabən istifadə etdiyi sözlərdi.  Lələ sözünün  mənası tək, uca, hörmətli, qardaş deməkdir.

Başına dönüm – bu söz adətən böyüklərin yaşca kiçiklərə olan izzətindən, nəzakət və  sevgisindən irəli gəlir. Başına dönüm ifadəsinin mənası sənin başına iş gəlməməsi üçün çaba göstərim, əziyət çəkim, qoruyum deməkdir.

Qurban olum – Yaxın adamların arasında çox istifadə olunan bu söz də mehribanlığı ifadə edir.

Dana – Gəncəlilərə xas bir şəkilçi. Adətən əsəbləşən anda  feillərin  sonuna əlavə olunur. Misal üçün: “Gəlirəmdana”, “bəsdidana” və s. 

Fılankəs -  bu deyim, kimlərsə sözünün sinonimidir. 

Bunlarla yanaşı gəncəlilərin dilindən düşməyəcən { J } səsi haqqında qısa məlumat verim. Gəncə ləhcəsinin ayrılmaz hissəsi olan bu səs hərəkət feilində istifadə olunur. Misal: Gələjəm-Gələcəm. Görüşəjiyiy – Görüşəcəyik və s.

Gəncə subdialektində tarixən istifadə olunmuş və hal hazırda istifadə olunan sözləri və onların izahını lüğət formasında təqdim edirik:

 

Gəncəbasarda işlənmə şəkli

Ədəbi dildə izahı

 

Aa

 

Adna

cümə axşamı

Adna, Adnalıx

ölən adam üçün cümə axşamları günü verilən ehsan

Ağbajı

Dayı və ya əmi arvadı

Ağırtaxtalı

ləng

Ağkərdi

şaftalı növü

Axarbaxarrı

mənzərəli yer

Axarratmax

bir şeyi axar suda yudurtmaq

Ajıpəncər

vəzəri

Ajıtma

xəmir mayası

Alaca

əkin sahəsi içərisində toxum səpilməmiş yer

Alaqojax

heyvan xayası

Alaqulux

həşarat adı

Alısın

payızda bitən ot

Almannamax

biabır etmək

Almaşdamax

yoluşdurmaq

Anaüryən

lüt

Anarı

o tərəf

Anayolu

ərə gedən qızın anasına alınan hədiyə

Anarı

bəri, xırda-xuruş

Aroy

çirkli su

Arranmax

utanmaq

Arsala

heyvanın budunun aşağı hissəsi

Aşırmax

pulu dağıtmaq

Avazımax

xəstələnmək

Avdal

axmaq

Ayna

pəncərə

Ayrannıx

qarın

Azıtmax

azdırmaq

 

Bb

 

Babaqulu

Boz rəngli mərcan

Babayoğurt

Yalançı pəhləvan

Badalax

Quşların uzağa uçmaması üçün bağlanan ip

Badkeş

Müalicə məqsədi ilə xəstənin kürəklərinə qoyulan banka

Bağdanus

Cəfəri(göyərti)

Bağır

Qaraciyər

Bağırıbadaş

Can bir,dil bir dost

Bayatılıx

Mayalı xəmir

Balbaz

Balbas (qoyun cinsi)

Balva

Balba (əməkömənci)

Bandax

Meyvələrin asılması üçün hazırlanan ip

Barı

Divar

Basalax

Qohum, tayfa

Basmaxana

Yalan

Basmaxanaçı

Yalançı

Başəyax

Kəlləpaça, xaş

Bazburut

Boy-buxun

Bəax

Biraz öncə

Bəbə

Uşaq oyuncağı

Bəlgə

Toy öncəsi adət

Bij

Ağacın dibində çıxan cavan zoğ

Bic

Valideyinləri məlum olmayan

Bij

Hiyləgər

Bihəltəx

nadinc

Bijəndərriy

Hiyləgərlik

Bir qırdax (birqırıx)

Bir parça (bir hissə)

Boğazaltı

Qadınların boyunlarına taxdıyı qızıl ziynət əşyası

 

Cc

 

Cahılbaş

Gənc qız , gəlin

Cala

Çay sahilində meşə

cana

Pis yararsız

cejix

Paça

carramax

Yuyandan sona pak etmək

Cələflix

Zəiflik

cırnaz

Həqiqəti seməyən

Cibəllək

Cəld

Cürəfli

Uzun boylu

Cütdəməy

şumlamaq

 

Çç

 

Çaxnaxçı

Ara vuran

çanax

Ölçü qabı

Çarpana

Dənəvər (barıt)

Çəmbərənmək

xoruxlanmaz

Çöməlmək

Yarımçıq oturmaq

Çənnənməy

Heyvan xəstəliyi

çıqqa

Çələng

Çiləkən

Selin gətirdiyi iri ağac, kötük

çoxnax

Canavar sürüsü

çortdağan

AT (narahat yerişli , yorğa olmayan, adamı atıb- tutan)

 

Dd

 

Daldey

Arxa yer

Dax su

İlıq su

dam

Tövlə

Darvaza

Məhlə qapısı

Dəlləy

Usta (Saç ustası)

Dərbə

yem

Dola

Kəklik tutmaq üçün tələ

 

Əə

 

Əcəbsəndə

Gəncəyə xas xörək

Ələngə

ətsiz iri sümük

ərəsət

Daha çox , xeyli

əylən

otur

əylənmək

Oturmaq

əzbay

Aciz, tənbəl

əyləşmək

Oturmaq

 

Ff

 

Firni

Gəncə mətbəxinə xas xörək

 

Gg

 

Gejdən

Səhər tezdən

Göyərmə

Heyvan xəstəliyi

 

Hh

 

Hanjarı

Necə, nə cür.

Hatana

Hanı?

Her-heş

Çör-çöp

Həlləmuş

Hələmhuş

Həşəri

Dalaşqan

Hörtdətməy

Başına çəkib içmək

Höləki

Səbirsiz

Huydumağac

Uşaq oyunu

Hünük

İlıq

 

Xx

 

Xamır

Xəmir

Xıbız

Qaradinməz

Xıbır

Çingəl

 

İi

 

İblis

Şeytan(heyvan,sürünən)

irax

İraq, uzaq, səndən ötsün

 

Kk

 

Kalça

Camış balası

Kəhlə

Yabanı bitki

Kəlpir

Sarı torpaq

kirik

Sakit

Kirimək

Sakitləşmək

kir

çirk

Kökəlməy

Yekəlmək

Kükü

Göyərti və yumurtadan hazırlanan xörək

 

Qq

 

Qaramalığ

Bataqlıq

qaramaşın

Yük vaqonu

qarama

Palçıq lehmə

qarapapaq

Xəstəlik- adı heyvanlarda

qareyla

Yemişan

qarım

Kiçik su arxı

qarımax

Cütləşmək (heyvanlara aid)

qarındırmax

Cüləşdirmək

Qarın-qarta

içalat

qarğamaq

Bəddua etmək

qasnaxlamax

Tələsik tikmək

qavax

Buynuzsuz keçi, qoç

Qavaxda getmək

Öndə getmək

qavqarmax

Qablaşdırmaq

Qır vermək

Naz etmək

qıypınmax

Diksinmək

qidıx

Keçi balası

 

Ll

 

lağar

gen

Lalaməlix

Qorxaqsan

lalıx

Yetişmiş

lartı

Tənbəl

lavar

Qaş qabaq

lavaş

Alça, zoğal və s meyvədən hazırlanmış turşu

Ləj

davakar

Lələ

Böyük qardaş

Ləjdiy

Düşmənçilik

Lələx

Qarğı yarpağı

Ləlöyün

Ac, kasıb, səfil

Löyün

görünüş

Lümə

Qısa quyruqlu quş, it.

 

Mm

 

Mafraxlıx

Kövrəklik, yumşaqlıq, zəiflik

mağallax

Dəirman daşını bir yerdən başqa yerə aparmaq

mayallax

Dombalaq aşmaq

mejmei

Paxlava bişirilən qab

Məzəgavalısı

Turş gavalı

Mırt vurmaq

Boş-boş danışmaq

Mısmaq

Küsmək

mırtıx

Dişsiz dişi tökülmüş

Milçək

İki tərəfli əkmək

Mirzə

Qayın

Möhrə

Palçıq divar

Muçux

Səpki

Müçüy

qədim oyun

Muxulluq

Paxıllıq

 

Nn

 

Namüjməl

Naməlum

Nardaşa

Narşərab

Nasır

Qabar

Nay

Məzəli, zarafatcıl

Nədərət

Tutağan (itə aiddir)

Niş

Tənə vurmaq

Nodərəmət

Həddindən artıq çox

Nusqabənt

Ara həkimlərinin göstərişi ilə dərmanlar hazırlayıb satan

Noxsant

xatakar

 

Oo

 

Obaş

Tezdən, sübhdən

Oğursax

Çox arıq (heyvan)

Oxax

Ovuntu

Ojaxlıx

Nəsillik

Onatdi

Tutarlı, güclü

Ortalamax

Belindən tutmaq (güləşmədə)

Osmaxlatmax

Sirr açdırmaq, aldadıb  söz almaq

Otarmaq

Aldatmaq

Oyuxlamax

Sahələri bir-birindən ayırmaq üçün nişan qoymaq

 

Öö

 

Öddəməy

Acılamaq, acı etmək

Öfgələmməy

Şişmək

Ökəşiy

Əzik,əzilmiş

Önürrü

Qabağı iki sıra düyməli (paltar)

Ötgün

Xəstəlik adı, bel ağrısı

Öydə

Qabaq, əvvəl, tez

Öyşəx

Qonur rəngli quş

 

Pp

 

Pampaxlıx

Acizlik

Papırtma

Doğramac

Pazı

Çuğundur

Pələbuynuzy

Yoğunbuynuz

Pəsgərdən

Qoyunun boynu

Porumax

Xarab olmaq

Pusdumarı

Zərif (tənzif)

Pülk

Lax (yumurta)

Püsyər

Səpələnmək

 

Ss

 

Sabahi

Üzüm növü adı

Sağsökəl

Yarıxəstə, yarımsağlam

Saxlaşdı

Ehtiyatlı, qənaətcil

Səkil

Ən yaxşı

Səkməx

Axsamaq, yellənmək

Sıfqarramax

Axırıncı qəpiyinə kimi xərcləmək

Sırışmax

Dırmaşmaq

Silixməx

çırpmaq

Sürmə

Quş dəstəsi

Süyümlü

Qaməti düz, görkəmli, boy-buxunlu

 

Şş

 

Şaldırğan

Kiçik şəlalə

Şayan

Əqrəb 

Şəbbələnməy

Bərk əsəbləşmək, hirslənmək

Şoqqax

Laxlayan, yararsız, köhnəlib xarab olmuş

Şöt

Maili, əyri

Şuğul

Xəbərçi, araqarışdıran

Şüyrə

Dərini yumşaltmaq və təmizləmək üçün alət

 

Tt

 

Taxdalamax

əkin sahəsini zolaqlara ayırmaq, hissələrə bölmək

Tana

Sırğa

Ter

Böyük xurcun

Teyləməy

Qovmaq

Tifcəy

Parça, qəlib

Törə

Qısaboylu, gödək

Tulatutan

Yabanı ot adı

Tün

Hər iki tərəfində müxtəlif dükanlar  olan üstüörtülü pasaj

 

Uu

 

Uaxdan

Sandıq

Ulaxşmax

Ağlamaq, kövrəlmək

Üləşiy

Dəhnə,kiçik su ayrıcı

Ünnəməy

Səsləmək, çağırmaq

Üşəmməy

Şübhələnmək

Üzdəmməy

Həyasızlaşmaq, sırtıqlaşmaq

Üzdüy

Çörəyin üzünə vurulan yumurta, ayran və s.

 

Yy

 

Yağır

Süründürməçi, borc alıb qaytarmaq istəməyən

Yağlaşo

Yağı yuyulmamış çirkli qab-qacaq

Yaxınkeş

Boşqab

Yalama

Heyvana verilən daş duz

Yanımax

Qorxutmaq, hədələmək

Yekəxana

Lovğa

Yelçəkən

Havatəmizləyən, havadəyişdirən aparat

Yonqarramax

Yonmaq

Yüyənək

Çayın iti axan yeri

Yığan

Tuluq

 

Zz

 

Zaxma

Dirək

Zayıllamax

Axmaqlamaq, ağlını itirmək

Zeh

Rəf

Zəqqutun

Acı, zəhər

Zılx

Çuğundur

Zırıx

Yekə, böyük

Zıvın

Qalın üst geyimi

Zingilə

Üzüm salxımının bir hissəsi, üzərində bir neçə gilə olan hissə

 

Müəllif: Turqan Əliyev

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR