Slimfit
  1. ARXİTEKTURA

Gəncə Şah Abbas məscidi – tariximizin yadigarı

Gəncə Şah Abbas məscidi – tariximizin yadigarı
Sakura

Gəncə Şah Abbas məscidi – tariximizin yadigarı

Qədim Gəncədə şəhər meydanının lap yaxınlığında əzəmətli bir tarixi abidə var. Bu,  Səfəvilər dövründə - XVII əsrdə məhur memar şeyx Bəhaəddin Amili tərəfindən inşa olunmuş və günümüzə kimi gəlib çıxmış məscid kompleksidir.

Məsələ bundadır ki, Səfəvi İmperiyası özünün əvvəlki qüdrətini  bərpa etdiyi bir vaxtda I Şah Abbasın göstərişi ilə ölkənin bir sıra şəhərlərində nə az nə çox - 999 məscidin tikintisinə başlanılır. Düzdü, onların heç də hamısı bir sıra səbəblərdən sona çatdırıla bilmir. Tikintisi tamamlanan məscidlərdən isə bəziləri həmin dönəmin müharibələrində, Şimali Azərbaycan ərazisində olanların bəziləri isə ya çar Rusiyası vaxtı, digərləri də sovet idarəçiliyi zamanı ya dağıdılmış və ya tamam başqa təyinat üzrə  istifadə edilmişdir. Şah Abbasın göstərişi ilə hazırlanan məscidlərdən günümüzə özü və ya  inşası ilə bağlı məlumatların  çatdığı  bunlardır: 

- Şah Abbas məscidi (Bakı) 

- Şah Abbas məscidi (Gəncə)

- Şah Abbas məscidi (İrəvan)

- Şah Abbas məscidi (Tovuz)

- Şah Abbas məscidi (Füzuli) 

- Şah Abbas məscidi (Ordubad) 

- Şah Abbas məscidi (Xaçmaz) 

- Şah Abbas məscidi (Bakı, Keşlə) 

Bu məscidlərdən bəziləri restavrasiya  olunsa da, bir çoxunun yenidən qurulması üçün ciddi  ehtiyac var.

Orta əsr memarlığının gözəl nümunələrindən biri olan və əzəmətini günümüzədək qoruyub saxlayan  Gəncədəki  Şah Abbas məscidi eyni zamanda Cümə məscidi kimi də tanınır.

Onun inşası 1601- 1606 ci illərə təsadüf edir.  Şeyx Bahaədin Amilinin  möcüzəvi ustalığı bu məscidin  digərlərindən fərqlənməsində böyük rol oynayıb.

Məscid orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənəsini dəvam etdirirdi. 

Şah Abbas Məscid Kompleksinin ərazisində:

Məscid binası -  kvadrat formaya malik 25.30 x 25 x 28 metr ölçülü mərkəzi modelli zal və ona birləşən yan nişlərindən ibarətdir. Tikilinin bütün kompozisiyası 204 m² sahəyə və 13 metr hündürlüyə malik mərkəzi zala tabe edilib. Məcidə giriş 3 qapıdan  əsas giriş və qiblə istiqamətində sol və sağ qapıdan həyata keçirilir. Girişlərin hündür olması binanın pilonlar-sütunlar üzərində inşa edilməsi təəssüratını yaradır. Gəncə Cümə məscidinin binası Azərbaycanın həmin dövrdə inşa edilmiş başqa məscidlərindən fərqlənir.

Cümə məscidi Gəncəyə xas olan qırmızı kərpicdən hazırlanıb. Bina ilə yanaşı məscidin qapıları və pəncərələrinin çərçivələri də qırmızı kırpicdən hörülüb. 

Binanın dörd küncündə də kiçik otaqlar yerləşdirilib. Həmin otaqların hər biri 12 m² sahəyə malikdir. 4.4 metr hündürlüyü olan həmin otaqlar məscid binasında elə yerləşdirilmişdir ki, bina planda kvadrat forma alıb. Kiçik otaqların interyerləri kifayət qədər sadə görünüşə malikdir. Onlarda heç bir dekorativ element istifadə edilməyib. Otaqların tağvari tavanı və divarları səliqə ilə gəclə üzlənib.

Pəncərələrin çərçivələri nəbati naxışlarla bəzədilib. Əsas təsvirin ümumi kompozisiyası da nəbati naxışla əhatə edilib. Pəncərələr şəbəkə texnikası ilə rəngarəng şüşələrlə işlənib. Məscidin böyük gümbəzi içəridən səliqə ilə üzlənib və yaşıl lent istisna olmaqla ona keçid heç bir dekorativ elementlə vurğulanmayıb. Yaşıl lent məscd restavasiya ediləndə əlavə olunub.

Qoşa Minarə - daha sonra kompleksə əlavə edilmiş və 1776 ci ildə tikilən qoşa minarə məscidin ön qapısı ilə üzbəüz yerləşir. Minarələr Gəncə memarlığına xas olan qırmızı kərpicdən ucaldılıb. Məscid həyətinə girişi təmin edən portalın iki tərəfində hündür minarələr yerləşir. Hündür dairəvi qüllə formasında inşa edilmiş minarələrin mərkəzindən keçən dairəvi nərdivan onun yuxarı hissəsinə aparır.  Sağ tərəfdəki minarənin nərdivanı yerdən başlayır və 64 pilləkəndən ibarətdir. Həmin minarənin girişi nişin yan divarında yerləşir. Sol minarənin girişi isə giriş tağının altında inşa edilmiş otaqdan həyata keçirilir. Minarələr inkişaf etmiş karnizin böyük tacı ilə tamamlanırlar. Karniz profilinin otuz qatlı sınığı kərpicin künc hissəsinin önə çıxarılması ilə yaradılmış hər iki üç sıradan bir təkrarlanır. Minarələrin hündürlüyü 22 metrdir. Minarələr zəlzələlər istisna olmaqla 2 dəfə döyüş vaxtı zərər görüb. 1-ci dəfə  1804-cü ildə çar Rusiyasının Gəncə xanlığını işğalı zamanı baş verən döyüşdə,   2-ci dəfə isə ötən əsrin 20 ci ilində sovet hakimiyyətinə qarşı  baş vermiş “Gəncə üsyanı” zamanı bolşeviklərlə  döyüşdə top zərbəsi alıb, lakin dağılmayıb,  ancaq əyilib. Diqqətlə baxdıqda həmin əyrilik indi də hiss olunur.

Mədrəsə - bir zamanlar məscid ərazisində mədrəsə də fəaliyyət göstərib. Vaxtı ilə burada məşhur ədib Mirzə Şəfi Vazeh müəllim kimi fəaliyyət göstərib. Dəstənamazxana – məlumdur ki, bütün məscidlərdə dətənamazxananın olması  mütləqdir. Qırmızı kərpicdən hazırlanan dəstənamazxana günümüzədək fəaliyyət göstərir. Buranın suyu Gəncə kəhriz suları vasitəsi ilə təmin olunurdu.

Hamam – Məşhur hamamın tikintisi 17-ci əsrdə Şeyx Bahaəddin tərəfindən aparılıb. Çökək hamam kimi də tanınan hamam günümüzədək fəaliyyət göstərir.

Kitabxana – mədrəsə ilə yanaşı məscidin daxilində kitabxana da  mövcüd olub. Lakin onun  taleyi heç də məscidin özü  kimi olmamışdı.  Dönəmin böyük kitabxanası sayılan  Cümə məscidi kitabxanası öncə çar Rusiyası tərəfindən, daha sonra bütün dinləri sıxışdıran sovet hakimiyyəti tərəfindən məscidin həyətində yandırılmışdı.

Vaxtilə məscidin ərazisində şəhər bazarı və gözəlliyi ilə dillərə dastan olan  bağ da olub. Gəncənin simvolu olan Çinar ağacları məscid ərazisində yay aylarında sərinlik yaradırdı. Məhz çoxillik  köklü çınarın kölgəsində yay dönəmində ibadətlər çox vaxt çöldə baş tutardı. Sovet dönəmində məscidin görünüşünə zərər yetirmək niyyəti ilə şam ağacları əkilmişdi və bu da məscidin görünüşünə ciddi zərər yetirmişdi. 

Məsciddə qadınların ibadət etməsi üçün xüsusi yer ayrılıb.  

Gəncənin sonuncu xanı Cavad xanın türbəsi də məscid kompleksinin ərazisindədir.

Məscidin bünövrəsi möhkəm olduğundan 1826, 1861, 1867, 1870, 1896, 1900, 1903, 1908, 1910, 1938-ci illərdə Gəncədə baş vermiş zəlzələlərdə  dağıntıya məruz qalmayıb.

Bu məscidin diqqət çəkən əlamətlərindən biri də odur ki, günorta çağı binanın günbatan divarına düşən kölgə itir və bu da təbbi şəkildə  günorta namazına başlamağın vaxtını bildirir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR