Slimfit
  1. ARXİTEKTURA

Gəncənin ilk memar-mühəndisi

Gəncənin ilk memar-mühəndisi
Sakura

Gəncənin ilk memar-mühəndisi

Gəncənin qədim məhəllələrini gəzdikcə, göylərə boy verən xan çinarların yanından ötdükcə hər biri tarixin nağıl dastanına çevrilən əzəmətli mülkləri tikənləri, tikdirənləri yada salmaq, ruhlarına min rəhmət demək istəyirsən. Bu zaman ağbirçək nənələrin, ağsaqqal babaların nağıllaşan xatirələri hər şeyi yerbəyer edir. İllər ötdükcə tarixiləşən, tarixiləşdikcə abidələşən, taleləşən binaların keçmişini vərəqlədikcə ötən əsrin birinci yarısında xüsusi bir dövr təşkil edən milli dövlət quruculuğunda əqidə və əməlləri ilə yaddaşlarda yaşayan neçə-neçə şəxsiyyət yada düşür. Onlardan biri də Rəfibəylilər nəslindən, Azərbaycan milli azadlıq hərəkatının öncüllərindən olan, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Abuzər bəy Rzayevdir.

Abuzər bəy Əsgər bəy oğlu Rzayev 1873-cü ildə Gəncədə anadan olub. Orta təhsilini mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. O dövrün qədim mədəniyyət mərkəzlərindən sayılan Tiflis şəhərində realnı məktəbdə təhsilini davam etdirib. On bir yaşında məktəbi əla qiymətlərlə bitirən Abuzəri əmisi Cabbar Rzayev Moskvaya aparır, Texniki məktəbə qoyur. 1899-cu ildə Abuzər bəy artıq inşaatçı-mühəndis kimi vətənə qayıdır, Bakıya gəlir, Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində işə düzəlir. Bir müddət sonra mədənlərdən birinə müdir təyin edilir. Lakin o, bu mərhələdə neft sənayesində baş qaldıran böhranla əlaqədar 1909-cu ildə Gəncəyə qayıtmalı olur. Az sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlasnısı) müavini seçilir. Şəhərin içməli su təchizatı sahəsində böyük fəallıq göstərir, inzibati və yaşayış binalarının layihələşdirilməsində, mərkəzi hissədəki evlərin planauyğun tikilməsində əsas simalardan biri olur. Onun rəhbərliyi və bilavasitə layihəsi əsasında ucaldılmış neçə-neçə bina indi də öz möhtəşəmliyini saxlayır.
İndi Nizami küçəsindəki 86 nömrəli bina vaxtilə Abuzər bəyin xüsusi mülkü olub, sovet dönəmində uşaq bağçası kimi istifadə edilib.
A.Rzayev Gəncəbasarın, eləcə də İrəvanın azərbaycanlı ziyalıları, həmçinin Tiflisin və Bakının demokratik fikirli adamları ilə yaxından əlaqə saxlayıb. 1916-cı ildə Hacı Zeynalabdin Tağıyevin məsləhəti ilə Bakıya köçüb köhnə univermağın tinindəki evdə yaşayıb. Abuzər bəy H.Z.Tağıyevlə dostluq edib, ailəvi gediş-gəlişləri olub. 
A.Rzayev fevral inqilabından (1917-ci il) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (1918-ci il, 19 noyabr) əsasən Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdir. Parlamentdə “Bitərəflər” fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin “Müsavat” fraksiyası ilə birləşməsindən sonra “Müsavat” və “Bitərəflər” fraksiyasını təmsil etmişdir. Eyni zamanda, parlamentin maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur. Bu dəyərli ziyalının cümhuriyyət dövrü ictimai-siyasi fəaliyyəti böyük tədqiqatçı-alim, professor Şirməmməd Hüseynovun rəhbərliyi altında hazırlanan və nəfis şəkildə oxuculara çatdırılan “Azərbaycan” qəzetində “Parlament hesabatları və şərhlər” üç cildliyində genişliyi ilə öz əksini tapıb. 
“Müsavat” Partiyasının üzvü Abuzər bəy Rzayev Azərbaycanda demokratik bir dövlətin yaradılması üçün geniş ictimai-siyasi iş aparıb. Sonralar o, məslək dostları M.Rəsulzadə, N.Yusifbəyli, M.Rəfizadə, R.Vəkilov, H.Axundzadə, F.Xoyski və başqaları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü kimi fəaliyyət göstərib. AXC-nin süqutundan sonra Abuzər bəy yenidən Gəncəyə qayıtmaq məcburiyyəti qarşısında qalıb...
Gəncədə dünyasını dəyişmiş kişilərin oğul və qızları - indi yaşlaşmış adamlar Abuzər bəyin xeyirxahlığı, rəhmdilliyi barədə də çox şey bilirlər, çox şey eşidiblər. A.Rzayev kasıb-kimsəsizə, ehtiyac içində yaşayanlara kömək göstərməkdə, xeyriyyəçilikdə əvəzsiz adam olub.
Abuzər bəyin iki oğul, bir qız övladı olub. 1915-ci ildə anadan olmuş qızı Züleyxa Rzayeva orta məktəbi bitirdikdən sonra həkim olmaq arzusu ilə Azərbaycan Tibb İnstitutuna (indiki ADTU) qəbul olunub. Lakin Böyük Vətən müharibəsi illərinin çətinlikləri, ailə, ev-eşik qayğıları üzündən IV kursdan sonra təhsilini davam etdirə bilməyib. Ailə qurub, Bakıda yaşayıb, oğul-qız, nəvə-nəticə sahibi olub.
Abuzər bəyin Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən övladları təhsillərini başa vurduqdan sonra sovet hökumətinin qorxusundan vətənə qayıda bilməyiblər. Səməd 1922-ci ildə Türkiyəyə, Əsgər isə 1925-ci ildə İrana getməyə, orada yaşayıb-işləməyə məcbur olublar.
Züleyxa xanımla görüşəndə bir dəfə o, atası və qardaşları barədə dedi:
- Atamı “ÇK” deyilən təşkilatın üzvləri aparıblar. O zaman 5 yaşım vardı, mən bunu tam təfsilatı ilə başa düşməsəm də, görürdüm ki, evimizdə böyük narahatçılıq var. Atamı hara aparıblar, hara sürgün ediblər, harada güllələyiblər, günahı nə imiş bilmirdilər. Bu barədə anama, qardaşlarıma da, qohum-əqrəbamıza da heç bir məlumat verməyiblər. Qardaşlarım Səməd 1922-ci ildə, Əsgər isə 1925-ci ildə elə o gedən olublar. Çox sonralar ondan-bundan eşitdik ki, biri Türkiyədə, biri də Təbriz şəhərində yaşayıb işləyir. Səməd oğul-uşaq sahibiymiş, Əsgər isə ömrünün axırına kimi evlənməyib. Azərbaycana gəlmək arzusuyla yaşayıb, ancaq qismət olmayıb. İndi hər ikisi haqq dünyasındadır... 
Tarixin qaranlıq səhifələrini müstəqil Azərbaycanın aşkarlıq işığı aydınlaşdırdıqca, nahaqdan “xalq düşməni”, “millətçi”, “pantürkist”, “Türkiyənin casusu” və s. adlarla gedər-gəlməzə göndərilmiş, illərlə adı xalqdan gizlədilmiş neçə-neçə vətənpərvər ziyalılarla, millət təəssübkeşləri ilə tanış oluruq. Onlardan biri Gəncənin ilk memar-mühəndisi, cümhuriyyət qurucularından olan Abuzər bəy Rzayevdir ki, 1920-ci ilin aprel işğalından sonra bir müddət Bakıda, Bibiheybət rayonunda neft mədənlərinin müdiri işləmiş, bir müddət sonra isə İnqilabi Hökumət tərəfindən əks-inqilabçı adıyla həbs edilərək, 1920-ci il iyunun 15-də, 43 yaşında Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə güllələnmişdir.

Rəhman SALMANLI,
“Azərbaycan”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR