Slimfit
  1. MARAQLI

Günahkarlıq hissini enerjiyə çevirin

Günahkarlıq hissini enerjiyə çevirin
Sakura

Günahkarlıq hissini enerjiyə çevirin

Neqativ hisslərinizi içinizdə gizlətməyin, yaranan enerjidən yararlanın

Koloradoda Lonqs Pikin yamacında nəhəng bir ağac gövdəsi var. Ekspertlər ağacın 400 ildir ki, orada olduğunu qeyd edirlər. Ağac uzun illər ərzində 14 dəfə ildırım çaxmasından zərər çəkmiş, saysız tufan və fırtınaya şahid olmuşdur. Amma bunların hamısından sağ çıxmağı bacarmışdır. Lakin, həşəratlar ağacın qabığını yeyib və dişləkləri ilə isə ağacın bütün müqavimətini qırıblar. İldırım, tufan və fırtınaların yıxa bilmədiyi bu nəhəng ağac insanın iki barmağı arasında asanlıqla əzə biləcəyi bap-balaca həşəratların önündə məğlub olmuşdur.

Biz də bu meşə nəhənginə oxşayırıq. Həyatımız boyunca bir çox ildırım və fırtına ilə qarşılaşarıq, amma iki barmağımız arasında əzə biləcəyimiz həşərata bənzər problemlərin bizi məhv etməsinə icazə verərik. Deyl Karneginin “How to Stop Worrying and Start Living” kitabından bir qeyd. Peşmançılıq və günahkarlıq hissi də eynilə bu kiçik narahatçılıqlar kimidir. Həmin problemdə ilişib qalarıq, başqa bir şey haqqında düşünə bilmərik, həmin ana, hadisəyə və ya insana bütün diqqətimizi cəmləmiş olarıq. İçimizə böyük bir ağırlıq düşər və günahkarlıq hissi…

GÜNAHKARLIQ HİSSİNƏ NECƏ YANAŞMAQ LAZIMDIR?

Psixologiya və Marketinq Professoru Art Markman tərəfindən FastCompany üçün yazılan məqaləyə görə günahkarlıq hissini aradan qaldırmaq əvəzinə bu hissin verdiyi enerjini başqa işlərdə istifadə etmək ən ağıllı üsuldur.

İş yerində günahkarlıq hissi keçirmisiniz?

Mütləq ki, bu və ya digər formada olmuşdur. Təqdimatın heç də yaxşı olmadığını bilə-bilə iş yoldaşınıza təqdimatın çox yaxşı olduğunu dediyiniz üçün özünüzü pis hiss etdiyiniz olub? Etməli olduğunuz şey yalnızca dürüst olmaq və iş yoldaşınıza onun hisslərinə toxunmadan daha yaxşı necə edə biləcəyini söyləmək idi. Etmədiniz. Başqa bir vaxt isə hesabat tarixini ötürdünüz və kolleqanızı pis vəziyyətə saldınız, nəticədə hesabatı verənə qədər özünüzü bir neçə gün pis hiss etdiniz.

Nəticə peşmanlıq ya da günahkarlıq hissidir. Başqasının etibarını itirmək ən çətinidir. İnsan ilk növbədə bunu özünə yaraşdırmır. Özünə və olduğu vəziyyətə qarşı güclü neqativ hisslər yaşayır. Psixoloqlara görə hisslərimiz iki ölçüyə malikdir: yön və səviyyələr. Hissin yönləri mənfi və müsbət, səviyyələri isə onun yaratdığı enerji ilə əlaqəlidir. Günahkarlıq və peşmançılıq isə ən güclü neqativ hisslərdəndir. Bu güclü neqativ hissləri necə bir müsbət enerjiyə çevirə bilərik. Motivasiya ilə etdiyiniz hər şeydə güclü hisslər yaşayarsınız.

Peşmançılığın neqativ təsirini sizi motivasiya edən müsbət  enerjiyə necə çevirə bilərsiniz? Peşmançılığı istifadə edərək. Sadə fizika qanunu xatırlayın. Yönü olmayan enerji istilik yaradır. Enerji yaranır, amma heç bir istiqamətdə istifadə edilmədiyi üçün yoxa çıxar. Yönü olan enerji hərəkətdir. Hərəkət keçməklə müəyyən bir şey əldə edə bilərsiniz, təbii ki, əgər doğru yöndə cəhd etsəniz.  Eyni mexanizm günahkarlıq hissi üçün də keçərlidir.

Bir çox hallarda günahkarlıq hissindən azad olmaq üçün enerji sərf edərsiniz, neqativi pozitivə çevirmək üçün özünüzü məşğul edərsiniz. Məsələn, TED çıxışlarından birinə baxarsınız və ya etdiyiniz səhvi unutmaq üçün çox da faydalı olmayan və işgəncə kimi olan bir sıra işlər görərsiniz. Səhvlə itirilən zamana əlavə olaraq daha çox vaxt itirərsiniz.

GÜNAHKARLIQ HİSSİNİ MƏHSULDARLIĞA ÇEVİRİN

İş yerində baş verənlərlə əlaqədar olaraq günahkarlıq hissi yaşayırsınızsa, onda önünüzdə iki seçim var. Birincisi, mümkün qədər tez bir zamanda bu hissin haradan yarandığını müəyyən edin. O, sizi idarə etməyə başlamadan öncə siz onu nəzarət altına alın. Niyə günahkar hiss edirsinizsə, nəyi yalnış etmisinizsə onu düzəldin və ya üzr istəyin. Təxirə salmısınızsa, ilk olaraq onu edin. Bundan sonra nəzarət sizdə olsun. Heç bir şeyi gözardı etməyin. Məsuliyyəti üzərinizə götürün, hərəkətə keçin və təmiz bir səhifədən başlayın. İkinci isə, bir məsələ ilə bağlı duyduğunuz peşmançılıq hissini başqa bir iş üçün enerjiyə yönləndirin. Yəni işdə gördüyünüz və ya görmədiyiniz bir iş üçün baş ağrıtmaq yerinə evdə təxirə saldığınız işlərə fokuslanın. Kommunal xidmətləri ödəmək, dolabçaları səliqəyə salmaq, paltar yumaq kimi işlər görmək və ya emosional baxımdan içinizdəki boşluğu doldurmaq üçün rəsm çəkmək, uzun müddətdir görüşmədiyiniz dostunuza vaxt ayırmaq.

Psychology Today jurnalına görə günahkarlıq hissinin enerjidən başqa faydaları var.

Peşmançılıq bəzi zamanlarda münasibətlərimizi qorumağa kömək edir. Ananıza zəng etməsəniz, peşman olacağınızı bilirsiz deyə zəng edəcəksiniz. Peşmançılıq hissinin gətirdiyi narahatçılıq sizi doğru davranmağa sövq edər. Digər bir tərəfdən isə bu hiss həyatdan zövq almağı çətindirir. Bəzən bizim özümüzü cəzalandırmağımıza səbəb olar. Səhv etdikdə siz ətrafınızdakı insanlardan uzaqlaşar və təkliyə çəkilərsiniz. Gühankarlıq hissi insanı hərəkətsizləşdirir.

PEŞMANÇILIQ HİSSİ İLƏ MÜBARİZƏ APARMA, DOSTLAŞ

Peşmançılıq bəzilərimizin tez-tez hiss etdiyi, bəzilərinin isə daima gözardı edərək mübarizə apardığı bir hissdir. Gözardı etmək deyil, mübarizə aparmaq lazımdır. Bəli, insanı daxildən məhv edən bir hisslə mübarizə aparmaq. Əsas məsələ bu hissin yaratdığı enerjidən möhkəm şəkildə yapışıb, yaratmaq, istehsal etməkdir. Bəlkə də, bu metoda  mübarizə aparmaq yerinə dostlaşmaq desək daha doğru olar. Peşmançılıq hissinin özünü deyil, yaratdığı enerjini başqa işlərdə istifadə etmək lazımdır. Peşmançılıq hissini aradan qaldırmaq üçün balaca bir üzrü əsirgəməməyə çalışın. Həşəratlar çoxalıb, qocaman bir ağacı məhv etmədən hər bir həşəratla ayrı-ayrı maraqlanın.

İnsanın öz hisslərini idarə etməsi qədər çətin bir şey yoxdur. Ən böyük mübarizə özümüzlə apardığımızdır.

Bunun fərqinə vararaq özümüzü sınaqdan keçirmə və neqativ bir hissdən gələn enerjini doğru şəkildə istifadə etmək lazımdır. Bunun əsas mahiyyəti enerjinin yönünü müəyyən etməkdir. Mənfidən müsbətə çevirmək… Yön verməkdə uğurlar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR