Slimfit
  1. AZƏRBAYCANLI

Hər ay 50-60 ailəyə 70 manatlıq yardım edirik – Tanınmaqlarını istəməyən şəmkirli xeyriyyəçilərlə söhbət

Hər ay 50-60 ailəyə 70 manatlıq yardım edirik – Tanınmaqlarını istəməyən şəmkirli xeyriyyəçilərlə söhbət
Sakura

Hər ay 50-60 ailəyə 70 manatlıq yardım edirik – Tanınmaqlarını istəməyən şəmkirli xeyriyyəçilərlə söhbət

-Bu ideya necə yarandı? Neçə aydır ki, fəaliyyətdəsiniz?

-Şəmkir Xeyriyyəçilər Birliyinin ideyası qardaşımız Anardan gəlib. Artıq yeddinci aydır ki, biz fəaliyyətdəyik. 50-yə yaxın ailəyə hər ay maddi yardımlar edirik.

-Yardım etdiyiniz ailələr ancaq Şəmkir rayonunu əhatə edir?

-Bəli. Şəmkir şəhərini və rayonumuzun kəndlərindəki imkansız ailələri...

-Bəs yardımın həcmi nə qədərdir?

-Hər ay 70 manat həcmində 50 ailəyə ərzaq, ət və geyim yardımları edirik. Birliyimiz xeyirxah insanların sayəsində formalaşıb.

-Birliyinizin nə qədər üzvü var?

-Təxminən 160-a yaxın üzvümüz var.

-Kasıblara əl tutan üzvlərinizin hamısı Şəmkirdəndir?

-Əksəriyyəti Şəmkirdəndir. Tanımadığımız, Rusiyada yaşayan adamlar da var. Pul göndərirlər.

İndi onları təkcə Şəmkirdə yox, Azərbaycanın müxtəlif rayonlarında, eləcə də ölkədən kənarda da tanıyırlar. Şəmkir Xeyriyyəçilər Birliyinin adını tutan, onlara pənah gətirən, yardım vermək, imkansızlara, ehtiyacı olanlara yardım etmək üçün müraciət edənlərin sayı durmadan artır.

Tural Zeynalov və dostları haqqında çox eşitmişdim. Millət vəkili Sona xanım Əliyeva da onların bir çox xeyirxah addımlarından mənə bəhs etmişdi. Himayələrindəki imkansız ailələrin ehtiyaclarını hansı fomada qarşıladıqlarından danışmışdı. Özləri ilə söhbətləşmək imkanı tapan kimi qısa müddətdə addı dillər əzbərinə çevrilən birliyi necə yaratmalarından, xalq sevgisini necə qazanmalarından bəhs edən bir söhbət masası təşkil etməyi özümə borc bildim.

Əl tutmaq Əlidən qalıb – deyən bu şəmkirli xeyriyyəçilər hazırda əsasən rayondan olan imkansız, ehtiyacı olan ailələrə yardım edirlər. Əsas məqsədləri isə gələcəkdə bütün rayonlarda bu cür xeyriyyə cəmiyyətlərinin yaranmasıdır.

Hafta.az-ın obyektivini onlara sarı çevirdik. Ofisləri olmasa da, görüşmək istəyəndə mütləq yığışmağa bir bəhanə və məkan tapdıqlarını deyirlər. Təxminən yeddi-səkkiz nəfərdirlər. Hərəsi bir işin sahibidir. İmkanları daxilində xeyriyyəçiliklə məşğuldurlar. Bir sözlə, varını verən utanmaz – prinsipi ilə bir yola çıxıblar. İndi çoxlarının ümid qapısı kimi baxdığı bu gənclər mediadan, mətbuatdan uzaq qaçdıqlarının səbəbini bir cümlə ilə açıqlayırlar: məqsədimiz özümüzü tanıtmaq deyil, rayonumuzda yardımlaşmaq ənənəsini formalaşdırmaqdır – söyləyirlər.

Sualımı ilk olaraq birliyin üzvlərindən Tural müəllimə ünvanlayıram:

- Bəs yardımlaşma şəbəkəsini necə qurmusunuz? Pulu sizə necə göndərirlər? 

- Bank hesabı vasitəsi ilə göndərənlər də var, əlbəəl verənlər də. Məqsədimiz yardıma ehtiyacı olanlara köməklik göstərməkdir. Ehtiyac sahiblərini axtarıb tapmaq, imkanımız daxilində onların ehtiyaclarını qarşılamaqdır. Artıq bizim başladığımız bu iş Şəmkirdə yavaş-yavaş ənənə halını alır. Yəni, kim qurban kəsmək istəsə, bizə müraciət edir. Biz də həmin qurban ətlərini ehtiyacı olanlara çatdırırıq. Bu yaxınlarda 63 nəfərə Novruz bayramı ilə əlaqədar olaraq yardım etdik. Hamısı kommunal xidmət sahəsində çalışan, küçələrimizi süpürən ana-bacılarımız idi.

 

Tural Zeynalov deyir ki, Şəmkirin Təzəkənd kəndində yeddiuşaqlı bir ailə çox çətin durumda yaşayırdı. Evin dam örtüyü yararsız vəziyyətə düşmüşdü. Onlara da imkan daxilində əl tutmağı birlik üzvləri özlərinə mənəvi borc biliblər: “Yağış yağanda su dam örtüyündən damırdı. Divarlardan soyuq vururdu. Döşəmə bərbad vəziyyətdə idi. Üzərinə kilim salınmışdı. Natəmiz bir vəziyyətdə idi. Bununla bağlı bizə məlumat daxil oldu. Biz də xeyirxah insanlara müraciət etdik. Kimi taxtasını, kimi “kraskasını”, bir başqası “zamaskasını” verdi. İndi orada otağın birini hazır etmişik. Hətta hamamı da tikmişik. Hörgü işi qurtarıb. İndi hamamın montaj işini başlayasıyıq. Həmin yeddi uşağın çarpayısı da yoxdur. Bu günlərdə onu da alıb verəcəyik. Feysbuk səhifəmizdə bu barədə elan verəcəyik. Hamamdan sonra digər otağı təmir etdirəcəyik. Büdcəmizə uyğun olaraq, az-az bu işlərin öhdəsindən gəlməyə çalışacağıq. Biz az büdcə ilə 50-yə yaxın ailəni hər ay təmin edirik. Bu cür işlər də olanda gücümüz çatan qədər öhdəsindən gəlməyə çalışırıq. Düşünürəm ki, sayımız artdıqca görəcəyimiz işlər daha da çoxalacaq”.

Anar adlı birlik üzvü ilə söhbətləşirik. İlk sualımız yardım edəcəkləri insanların siyahısını necə tutmaları, onları necə axtarıb tapmaları ilə bağlıdır. Cavab vermək üçün gözləmir. Səbrlə, təmkinlə danışır:

- Maraqlıdır, ehtiyacı olan insanları necə tapırsınız? 

- Artıq bizə müraciət edirlər. Ya ehtiyacı olanlar, ya da onları tanıyanlar. Özümüz də maraqlanırıq. Bir deyim var, axtaran tapar. Bu yaxınlarda millət vəkilimiz Sona xanım Əliyeva bizə bir nəfərdən bəhs etmişdi. Gedib ona da yardım etdik. Onun evi də çox bərbad idi. Əvvəlcə evi yanıb. Sonradan orada yaşamağa məcbur olub. Çox bərbad halda yaşayırdı. Millət vəkilimiz başqa bir nəfəri də məsləhət görmüşdü. Ailədəki valideyn də, uşaqlar da xəstədir. Onlara qulaq aparatı almaqla bağlı məsələni millət vəkili Sona Əliyeva nəzarətinə götürüb. Aylıq yardım məsələlərini isə biz həll edirik.

Rakif adlı başqa birlik üzvü əlavə edir ki, yetmiş manatlıq ərzaqdan əlavə ət də olur. Ət məsələsini qurban kəsən adamların hesabına həll edirlər: “Bizə müraciətlər olur. Biz də yardım edəcəyimiz imkansız ailələr üzrə bölüşdürürük. Ona görə də ətə əlavə olaraq pul xərclənmir. Yəni, çox nadir hallarda biz ət üçün pul veririk”.

Tural Zeynalovun sözlərinə görə, ilk olaraq üç-beş nəfərlə bu işə başlayıblar. Siyahı tutublar: “Ev-ev yardımlarımızı etdik. Anar qardaşımızın təklifi ilə “vatsap” qrupu yaratdıq. Bütün işləri oradan idarə etməyə başladıq. Şəffaf şəraitdə orada etdiyimiz bazarlıqlar, ailələrə edilən yardımlar öz əksini tapır. Sonra feysbuk səhifəmizdə bu barədə məlumatlar yerləşdiririk ki, kənardan yardım edənlər, bizi şəxsən tanımayanlar da göndərdikləri yardımın aidiyyatı üzrə xərcləndiyini görsün”.

“Bu işi təbliğ etdikdə insanlarda mərhəmət hissi də oyanır. Yardım edənlər bir növ başqalarına da müsbət örnək olurlar. Başqaları da yardım etmək istəyir” – bunu Anar bəy deyir. Anar adlı birlik üzvü onu da söyləyir ki, birlik yardım etdikləri insanları yardıma öyrətmək istəmirlər. Onlarla psixoloji söhbətlər aparırlar ki, imkan düşən kimi zəhmətləri ilə pul qazansınlar: “İndiyə kimi iki nəfəri işlə təmin etmişik. Əgər yardım etdiyimiz ailələrdən kimisə işlə təmin ediriksə, həmin ailəyə yardımı dayandırırıq. Onların əvəzinə siyahıya yeni iki ailə əlavə edirik. Biz bu işə başlayanda 300-500 manatla başlamışıq. İndi birliyin aylıq xeyriyyə sərfiyyatı 4200 manat civarındadır. Bizdə məcburiyyət və ya konkret məbləğ yoxdur ki, filankəs hər ay filan qədər pul verməlidir. Kimin nəyə gücü çatırsa onu verir”.

Başqa bir birlik üzvü söhbətə qoşulur. Deyir ki, hər ay rəqəmlər dəyişir. İki-üç aydan sonra onlar artıq 4 rəqəmli ədədə keçiblər. Yəni, imkanlı şəxslər tərəfindən göndərilən yardımların həcmi dəfələrlə artıb: “Biz bir-birimizə etibar edirik. Adam var ki, bir ayda 100-150 manat yardım edib. Hətta tanımadığımız bir nəfər bank hesabımıza 1000 manat pul yollayıb. Halbuki biz heç həmin adamı da tanımamışıq”.

Onu da əlavə edək ki, birlik ilk defə yeddi ay əvvəl 11 imkansız ailənin övladına məktəb paltarı, çanta və başqa məktəb ləvazimatları almaqla başlayıb. Özü də bir neçə nəfərin öz aralarında topladığı 1200 manatlıq pulla... Sonra adı dillər əzbəri olan, hətta Stalini gənc yaşlarında öz himayəsinə almış Qaçaq Gülsümün məzarını da təmir etdiriblər.

Mənimlə qabaq-qənşər oturmuş, Tural Zeynalov, Xəlil, Zaməddin, Anar, Faiq, Rəşad, Rakif deyirlər ki, hər ay qapılarını döydükləri 50-60 nəfər ehtiyacı olan şəxsin ruzisini Allah özü yetirir. Onlar sadəcə olaraq vəsilədirlər. Arzuları isə odur ki, birlikləri daha da böyüsün. Ən böyük arzuları isə belə bir xeyriyyə cəmiyyətinin, birliyinin Azərbaycanın bütün rayonlarında olmasıdır.

 
Tural Turan
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR