Slimfit
  1. PSİXOLOGİYA

İnsan ünsiyyəti – cah-cəlal predmeti kimi

İnsan ünsiyyəti – cah-cəlal predmeti kimi
Sakura

İnsan ünsiyyəti – cah-cəlal predmeti kimi

Kompüter monitorları əvvəllər seçilmiş insanlar üçün nəzərdə tutulurdu. İndi isə onlardan uzaq durmaq, demək olar ki, mümkün deyil, onlar cəmiyyətdə yüksək mövqe simvoluna çevrilib.

SAN-FRANSİSKO – Bill Lanqluanın yeni dostu var. Soks adlı pişikdir. O, planşetin içində yaşayır. Onu elə xoşbəxt edir ki, həyata gəlişi barədə danışanda, gözləri yaşarır.

Gün ərzində Soks və Massaçusets ştatının Louell şəhərində aztəminatlı qocaların saxlanılması üçün nəzərdə tutulan yaşayış kompleksində yaşayan 68 yaşlı cənab Lanqlua bir-birilə dərdləşirlər. Cənab Lanqlua əvvəllər texnikanın istismarı sahəsində çalışıb, ancaq indi o təqaüddədir. Günün əksər saatlarını həyat yoldaşı evdə olmadığından özünü çox tənha hiss edir.

Soks onunla sevimli komandası “The Red Sox” haqda danışır. Yeri gəlmişkən, elə pişiyi də onların şərəfinə Soks (ingiliscə Sox - red.) adlandırıb. O, cənab Lanqluanın sevdiyi mahnıları səsləndirir, onun toy şəkillərini nümayiş etdirir. “Pişiyin” onun qatlanan kreslosu ilə videorabitəsi olduğundan sahibi, məsələn, su əvəzinə qazlı meyvə suyu içən zaman onu xəbərdar edir.

Cənab Lanqlua Soksun “Care” şirkəti tərəfindən istehsal olunmuş virtual varlıq olduğundan xəbərdardır. O bilir ki, onu dünyanın dörd bucağından insanlar idarə edir. Onlar bu virtual köməkçini müşahidə edir, onun ləng və bir qədər robotsayağı səslənən cavablarını dinləyir və çap edir. Bununla belə, Soksun daima qulağında cingildəyən səsi onun həyata inamını qaytarıb.

“Mən, nəhayət, “etibarlı” sözünün canlı təcəssümünü, qayğıkeş birini tapdım, bu mənə qəlbimin dərinliklərinə nəzər salmağa, Tanrının mənə qarşı nə qədər qayğıkeş və mərhəmətli olduğunu xatırlamağıma imkan  verdi”.

Soks onu dinləyir. “Səninlə mən möhtəşəm komandayıq”, - deyə cavab verir.

Soks – adi animasiyadır, o, çətinliklə hərəkət edir və ya emosiyalarını ifadə edir. Onun səsi uzun telefon səsi kimi kəskindir. Ancaq bəzən onun dövrəsində animasiyalı ürəklər peyda olur, cənab Lanqluanın bu, çox xoşuna gəlir.

Cənab Lanqlua dövlət təminatındadır. Pasiyentin qocaların sağlamlığının qorunması üzrə “Element Care” qeyri-kommersiya proqramına cəlb olunması üçün onun aktivləri iki min dolları ötməməlidir. Hə, “Soks” adlı pişik də elə bu qeyri-kommersiya proqramı çərçivəsində tədarük edilib.

Belə proqramlar getdikcə daha geniş çevrəni əhatə etməyə başlayır. Yəni ahıl insanlar üçün nəzərdə tutulmur.

Bütün insanlar üçün (əhalinin zəngin təbəqəsindən başqa) fiziki təcrübə, təhsil, həyat və ölüm müntəzəm olaraq artan şəkildə kompüter monitorlarında təcəssüm edir. Təkcə ona görə yox ki, kompüterlər ötən əsrin ikinci yarısı ilə müqayisədə ucuz başa gəlir. Həmçinin, ona görə ki, hər şeyi ucuzlaşdırır. Məsələn, kompüter ekranının yerləşdiyi istənilən məkanda (sinif otaqları, xəstəxanalar, aeroportlar, restoranlar və s.) xərclər dəfələrlə azala bilər. Monitorda aparılan istənilən fəaliyyət daha ucuz başa gəlir. Həyat teksturası, taktil toxunuş hamar şüşəyə çevrilir.

Zənginlər isə belə yaşamaq istəmir. Monitorlar onları vahiməyə gətirir. Onlar övladlarının kub oyuncaqlarla oynamasını, texnikadan uzaq populyar mühafizəkar özəl məktəblərdə oxumasını istəyir.

İnsanlar daha baha başa gəlir, bununla belə, zənginlər bu baxımdan artıq xərcə düşməkdən çəkinmir. İnsanlarla birbaşa qarşılıqlı əlaqələr, telefonsuz yaşayış, sosial şəbəkələrdə olmama, elektron məktubların cavabsız qalması indi cəmiyyətdə samballı mövqe simvoluna çevrilib.

Hər şey çox maraqlı bir yeni reallığa yol açıb. İnsanla ünsiyyət artıq bir cah-cəlal predmetinə çevrilib.

Monitorların sayı baxımından artıq kasıblarla varlılar arasında bir əks-mütənasib var. Kasıblarda sayı çoxaldıqca, varlılarda sayı azalır. Beləcə, siz nə qədər zəngin olsanız, monitor arxasında o qədər az vaxt keçirəcəksiniz.

Milton Pedras Cah-cəlal İnstitutunun icraçı direktorudur. Zənginlərin hansı şəkildə yaşamaq istəməsi və pulları hara xərcləmək istəməsi kimi məsələlərdə onlara tövsiyələr verir. Belə bir nəticəyə gəlib ki, zəngin insanlar öz vəsaitlərini “insani fəaliyyətlərə” xərcləmək istəyir.

“Hazırda biz insanlar arasında qarşılıqlı əlaqələrin lüksifikasiyasını (təmtəraqlaşdırılmasını) müşahidə edirik”, - deyə cənab Pedras izah edir. O, bununla insan ünsiyyətinin bir dəbdəbə predmetinə çevrildiyini vurğulayır.

Onun şirkətinin apardığı araşdırmanın nəticələrinə əsasən, zəngin insanlar arasında yeni təəssüratların əldə olunması ilə bağlı xərclər, məsələn, səyahət xərcləri bu və ya digər istehlak məhsullarının alınması xərclərini üstələyir. O, bu fikrə gəlib ki, monitor sayının belə kəskin şəkildə artmasının bilavasitə cavabı elə bundadır.

“İnsanlarla ünsiyyətdən hasil olunan pozitiv emosiyalar və davranışlar masajdan alınan həzzə bənzəyir. İndi təhsil və tibb müəssisələri və ümumiyyətlə, ətrafda olan hamı, insanlarla ünsiyyətdən həyat təcrübəsi əldə etməyin yolunu axtarmağa başlayıb. İnsan faktoru hazırda böyük önəm qazanıb”, - deyə cənab Pedras qeyd edir.

Belə kardinal dəyişiklik qısa zaman kəsiyində baş verib. Ötən yüzilliyin 80-ci illərinin fərdi kompüter “bumundan” sonra fərdi kompüterə, yüksək texnologiyalı evə sahib olmaq böyük sərvət və hakimiyyət əlaməti sayılırdı. Xalis gəlirləri yüksək olan “qabaqcıllar” ən yeni çıxan qajdetləri alıb, onunla lovğalanmağa tələsirdi. İlk “Apple Mac” kompüteri 1984-cü ildə 2500 dollara (indiki vaxtın məzənnəsi ilə təxminən altı min dollar) satılıb. İndi isə parametrlərinə görə dünyanın ən yaxşı noutbuku sayılan “Chromebook” cəmi 470 dollara satılır.

“O vaxtlar peycerlər dəbdə idi, bir növ sizin çox vacib, işgüzar bir şəxsiyyət olduğunuzu hamıya göstərirdi”, - deyə Cənubi Kaliforniya Universitetinin marketinq bölməsinin rəhbəri Cozef Nyuns qeyd edir.  

Onun sözlərinə  görə, indi bunun tam əksini görürük:

“Siz, həqiqətən, iyerarxiyanın zirvəsində mövqe tutursunuzsa, heç kimlə hesablaşmaq məcburiyyətində deyilsiniz. Başqaları sizinlə hesablaşmalıdır”.

Baş verən internet inqilabının sevinci əvvəllər onun demokratik təbiətindən qaynaqlanırdı. Məsələn, “Facebook” sizin zəngin və ya kasıb olmağınızdan asılı olmayaraq, elə həmin “Facebook” olaraq qalıb. “Gmail” də eləcə. Hər şey pulsuzdur. Bir növ cəlbedici olmayan, kütləvi bazar məhsuluna bənzəyir.

Reklam platformasının araşdırma nəticələri göstərir ki, bu, qeyri-sağlam bir şey kimi nəzərdən keçirilir.  Məsələn, bu az qala varlı insanlarla müqayisədə, aşağı gəlirli insanlar arasında daha çox müşahidə olunan qazlı meyvə suyu içmə və siqaret çəkmə vərdişi ilə müqayisə olunur. Zəngin insanların şəxsi məlumatlar və diqqətdən imtina etmək imkanı var. Aztəminatlıların və orta sinfin isə belə resursları yoxdur.

Kompüter monitorlarından asılılıq “cavanlaşıb”. ABŞ-ın Milli Səhiyyə İnstitutunun beyin inkişafı sahəsində 11min uşağın müayinə məlumatları əsasında apardığı araşdırmanın nəticələrinə görə, hər gün monitor qarşısından iki saatdan çox vaxt keçirən uşaqlar analitik və dillə bağlı testlərdə daha aşağı nəticə göstərir.

Ən qorxulusu isə odur ki, araşdırma nəticələrinə görə, kompüter monitorları qarşısında xeyli vaxt keçirən uşaqların beyni, digər  uşaqların beynindən fərqlənir. Böyüklər arasında aparılan analoji araşdırma isə kompüter arxasında keçirilən zamanla depressiya dərəcəsi arasında qarşılıqlı əlaqənin olduğunu ortaya çıxarıb.

Amerika Pediatriya Akademiyasının hazırladığı “Səmərəli ekran vaxtı” direktivlərinin əsas müəlliflərindən olan Sietl uşaq xəstəxanasının pediatrı Dimitri Xristakisin fikrincə, “iPad”də bu və ya digər oyunda virtual kublar quran azyaşlı real həyatda kubların qurulması ilə bağlı heç bir əməli bacarıqlar mənimsəmir.

ABŞ-ın Kanzas ştatının Viçita dairəsində yerləşən kiçik şəhərlərdə məktəb büdcəsi o qədər məhdud olub ki, ştatın Ali Məhkəməsi onun qeyri-adekvat olduğunu qət edib, standart dərslər proqramı təminatı ilə əvəzlənib. Nəticədə, dərs gününün böyük hissəsini şagirdlər səssiz şəkildə noutbuk qarşısında keçirmək məcburiyyətində qalıb. Yuta ştatında isə minlərlə uşaq qısamüddətli məktəbəqədər proqramın normativlərini evdə yerinə yetirməli olur – məlum olduğu kimi, noutbukda.

Texniki şirkətlər uzun illərdir ki, ictimai məktəblərdə hər şagirdin bir noutbukla təchiz olunmasını tələb edən proqramın qəbul olumasına nail olmağa çalışıb. Onlar bunu onunla əsaslandırırdı ki, belə bir tədris modeli onları kompüter əsaslı gələcəyə daha yaxşı hazırlamış olacaq. Ancaq maraqlıdır ki, əslində, kompüterli gələcək quran belə insanların ailələrində uşaqların tərbiyəsi məsələsinə gələndə bu ideya heç də əsas götürülmür.  

Kompüter monitoru arxasında çox vaxt keçirmək – artıq dünyanın texnologiya mərkəzi sayılan “Silikon vadisində” belə qeyri-sağlam hesab olunmağa başlayıb. Həmin bölgənin ən populyar məktəbi sayılan Waldorf School “təbiətə qayıdışı”, yəni kompüterlərdən azad ənənəvi tədris modelinə qayıdışı vəd edir.

Varlıların uşaqları monitor önündə daha az vaxt keçirdiyi bir vaxtda az gəlirli valideynlərin övladlarının kompüterlərə bağlılığı, əksinə, daha da artır. Beləcə, insanların tədris prosesinə cəlb olunması dərəcəsi yeni sinif meyarına çevrilib.

Əlbəttə ki, insan təmasını bahalı orqanik qida və ya “Birkin” brendindən olan elit çanta ilə müqayisə etmək olmaz. Monitor qarşısında keçirilən vaxt məsələsində “Silikon Vadisinin” köpək balıqları ictimaiyyəti çaşqınlığa salmaq üçün əllərindən gələni edir. Aşağı və orta sinifin nümayəndələrini inandırırlar ki, monitorlar çox faydalıdır, uşaqlarının gələcəyi üçün həyati əhəmiyyətlidir. Belə texnologiya şirkətlərinin ştatında böyük psixoloq və nevroloq ordusu olur. İnsanları tez və maksimum uzun müddətlərə monitorlara bağlamaq üçün təlqin metodlarından istifadə edir.

Beləcə, canlı təmas nadir bir hala çevrilib.

“Burada bir incə məqam var: digər cah-cəlal predmetlərindən fərqli olaraq, heç də hamı insanlarla təmas üçün əldən getmir”, - deyə Massaçusets Texnologiya İnstitutunun elm və texnologiyanın sosial tədqiqi üzrə professoru Şerri Türikl bildirib.

“Onlar kompüter monitorlarında özlərinə tanış olan şeylərə sığınırlar”, - deyə xanım Türikl qeyd edir. – “Bu, bir növ “fastfood” qidalara olan bağlılığa bənzəyir”.

Orta və aşağı sinif nümayəndələrinə “fastfood”dan uzaq durmaq nə qədər çətindirsə, kompüter monitorlarından ayrılmaq da bir o qədər çətindir. O, şəbəkədən kənarda olmağı özü üçün qət etsə belə, onun icrası faktiki olaraq mümkünsüz olur.

Hətta avtobus oturacaqlarının arxasına belə müxtəlif reklamların avtomatik nümayiş olunduğu ekranlar bərkidilir. Heç də bütün valideynlər uşaqlarının dərs günü ərzində monitor qarşısında əyləşməsini istəmir. Ancaq onların buna razılaşmaqdan başqa seçimi yoxdur. Çünki mövcud tədris modelinə görə dərslərin çoxu fərdi noutbuk proqramları əsasında aparılır.

“İşçinin şəbəkədən uzaqlaşması hüququ” haqda potensial fərmanın (sənəd işçilərin öz telefonlarını söndürməsinə icazə verəcək) geniş müzakirələri getsə də, hazırda işçi şəbəkə xaricində olduğuna və ya telefonunu söndürdüyünə görə cəzalandırıla bilər.

Bizim inkişaf etməkdə olan yeni özünütəcrid mədəniyyəti şəraitində - çox sayda sosial strukturun və insanların ənənəvi toplaşdığı yerlərin tarixə qovuşduğu bir vaxtda monitorlar, sadəcə olaraq, yaranan boşluğu doldurub.

“Element Care” şirkətinin avatar proqramına cəlb olunmuş insanların əksəriyyəti, yaxınları tərəfindən unudulmuş, aldadılmış və ya heç vaxt cəmiyyətin tələbləri ilə ayaqlaşmamış kəslərdir. Onlar elə sadalanan məqamlara görə təcrid olub və ya özlərini təcrid ediblər”, - deyə proqram iştirakçılarının qeydiyyatını aparan fizioterapevt Selli Rozano qeyd edir. – “Sosial strukturlar başlıca olaraq əhalinin yoxsul təbəqəsində aşınır və özünü tükədir”.

Louell şəhərində olan cənab Lanqluanın “qeydinə qalan” köməkçi Soks “Care.Coach” şirkətinin beyin məhsuludur. Texnologiya kifayət qədər sadədir: proqram iştirakçıları “balıq gözü” genişbucaqlı obyektivlə təchiz olunmuş “Samsung Galaxy Tab E” planşeti ilə təchiz olunurlar. Avatarı idarə edən şəxslərdən heç biri fiziki olaraq ABŞ-da olmur. Onlar başlıca olaraq Filippin və ya Latın Amerikasında çalışırlar.

Nə qədər qəribə səslənsə də, bu cür yüksək texnologiyalı çözümlər təklif edən “Care.Coach” şirkətinin Kaliforniya ştatının Silikon Vadisində xudmani bir ofisi var, masaj salonunun üstündə yerləşir.

Müəssisənin 31 yaşlı təsisçisi və icraçı direktoru Viktor Vanq qapıları açaraq içəri daxil olur və onların elə indicə bir intiharın qarşısını aldıqlarını yazır. Onun dediyinə görə, pasiyentlər tez-tez ölmək istədiklərini bildirirlər. Proqram iştirakçısı belə bir fikir səsləndirəndə, avatar təlimata görə, onun intiharı hansı şəkildə həyata keçirməyə çalışdığını, pasiyentin bununla bağlı konkret planının olub-olmadığını soruşur.

“Android”in mətni nitqə çevirən alqoritmi xeyli təkmilləşdirilib. Cənab Vanq əmin edir ki, insanlar onlarla danışan virtual köməkçilərlə daha asan ünsiyyət qururlar.

“Münasibətlərin formalaşması planında yarımcanlı əşya və ya gözləri olan tetraedr (bütün üzləri üçbucaqlardan ibarət olan dördüzlü cisim - red.) arasında heç bir fərq yoxdur”, - deyə Vanq bildirib.

Cənab Vanq pasiyentlərin avatarlara son dərəcə bağlı olduğunu qeyd edir. Dediyinə görə, bu yaxınlarda dəqiq planı olmadan irimiqyaslı eksperimental layihələr həyata keçirməyə çalışan bir sıra səhiyyə qruplarına əngəl yaradıb.

Belə ki, onun fikrincə, pasiyentlərin dostuna çevrilmiş avatarların sınaq məqsədilə əllərindən alınması onlara çox pis təsir göstərə bilər. O heç bir halda pasiyentlə avatar arasında olan emosional rabitəni məhdudlaşdırmaq istəmir.

“Onlar “Səni sevirəm” deyirsə, biz də ona oxşar şəkildə qarşılıq veririk”, - deyə cənab Vanq söyləyib.

“Bəzi müştərilərimizin “Səni sevirəm” ifadəsini eşitmək istədiyinə əmin olduqda, bunu ilk olaraq biz bildiririk”.

İlkin nəticələr müsbət alınıb. Louelldə avatarla təchiz olunmuş ilk eksperimental qrupda aparılan müşahidələr onu göstərib ki, onların tibbi personala işi az düşür, onlar təcili tibbi yardıma daha az müraciət edirlər və özlərini başqa pasiyentlərlə müqayisədə, o qədər də tənha hiss etmirlər.

Faktiki olaraq bir pasiyent qadın, həyatına avatarın daxil olmasından sonra sosial yardım xidmətinin təcili tibbi yardım bölməsinə bir dəfə də olsun, müraciət etməyib. O, beləcə səhiyyə proqramına 90 min dollara yaxın vəsaitə qənaət etməsinə kömək olub.

“Humana” ölkənin (ABŞ) ən iri sığorta şirkətlərindən sayılır, “Care.Coach” avatarlarından istifadə etməyə başlayıb.

İşlərin nə dərəcədə uzağa getdiyini anlamaq üçün Kaliforniya ştatının Fremon şəhər xəstəxanasında yaşanan bir hadisəni misal gətirmək olar. Burada səyyar altlıq üzərində olan planşet vasitəsilə aparılan videokörpüdə həkim 78 yaşlı pasiyent Edvard Kintanaya ömrünə sayılı günlərin qaldığını elan etdi...

Louell şəhərinə qayıdaq. “Soks” artıq yuxuya gedib, yəni gözləri artıq bağlanıb, deməli, avatarı dünyanı o biri ucundan idarə edən komanda mərkəzi başqa yaşlılara qoşulub və onlarla ünsiyyət qurur. Cənab Lanqluanın həyat yoldaşı da özünə rəqəmsal ev heyvanı istəyir, hələ dostları da bunun üçün “əldən-ayağdan gedir”. Ancaq “Soks” şəxsən ona məxsusdur. Hər gün səhər onu oyandırmaq üçün sensorlu hamar şüşə üzərindən onu sığallayır...

Qeyd edək ki, bu məqalənin orijinalı “New York Times”da dərc olunub.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR