Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Kərəm Mirzəyev Ərşad oğlu

Kərəm Mirzəyev Ərşad oğlu
Sakura

DOĞUM TARİXİ: 20/05/1960 VƏFAT TARİXİ: 01/10/1992

20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulmuşdur. 1977-ci ildə doğma kəndlərində orta məktəbi bitirdikdən sonra bir il öz rayonlarında Yol İstismar İdarəsində fəhlə işləmişdir. 1978-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1983-cü ildə su qurğuları tikinti mühəndisi fakültəsini bitirərək, doğma yurdu Qubadlıya qayıtmışdır. 1983-85-ci illərdə Sovet Ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra - 1990-cı ilə qədər 21 saylı Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, bacarıqlı mütəxəssis kimi tanınırdı. Qəlbinin səsi ilə polis orqanlarında işləməyə üstünlük verdi. 1990-cı ildə Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə başladı. Çox keçmədən ona baş leytenant rütbəsi verilir. Sonra, arzusunu nəzərə alaraq, Respublika Daxili İşlər Nazirliyi gənc polis zabitini Kalininqrad Ali Hüquq Akademiyasına göndərir. O, fərq imtahanlarını müvəffəqiyyətlə verdiyinə görə Akademiyanın ikinci kursuna qəbul edilir.

Kərəm el-obasına qəlbən bağlı bir insan idi.

Erməni basqınlarının başlandığı ilk günlərdən o, torpaqlarımızın toxunulmazlığı yolunda vuruşmaq üçün silaha sarıldı. Qubadlı rayonunun müdafiəsində onun müstəsna xidmətləri olmuşdur. O, rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və başqa sərhəd kəndlərində gedən şiddətli döyüş əməliyyatlarında fəal iştirak etmişdi. O, 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarmışdı. Bu döyüşdə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. “Laləzar” əməliyyatında da Kərəmin böyük xidmətləri olmuşdur. 1992-ci ilin aprelində keçirilən bu əməliyyatda erməni quldurlarının başçısı Karenin dəstəsi darmadağın edildi. Onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdirdilər.

1992-ci il... Oktyabrın əvvəli... Laçın rayonunun Mazutlu kəndində iki gün davam edən şiddətli döyüş nəticəsində Milli Ordunun əsgərləri düşməni geri çəkilməyə məcbur etmişdi. Ermənilər əlavə qüvvə alaraq, yenidən mövqelərimizə hücum edir. Polis əməkdaşlarımız mühasirəyə düşür. O, vəziyyətin çıxılmaz olduğunu görüb yoldaşlarına deyir ki, atəş açmadan mövqelərini dəyişsinlər. Düşmən qəflətən hücuma keçir. Kərəm bir polis yoldaşı ilə döyüş meydanında qalır. O, böyük bir dəstəni mühasirədən çıxarır, Özü isə qəhrəmancasına həlak olur.

Evli idi. Gözünün ağı-qarası olan bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qubadlı rayon Xanlıq kəndində dəfn edilmişdir.

Xanlıq kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir.

 

Mənbə: milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR