Slimfit
  1. BİOQRAFİYA

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir
Sakura

Mirzə Ələkbər Sabir - Azərbaycanlı şair,ictimai xadim,filosof və müəllim

Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı – 12 iyul 1911, Şamaxı) — Azərbaycanlı şair, ictimai xadim, filosof və müəllim.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 10-11 yaşı olarkən "Tutdum orucu irəmazanda" şeirini yazır.

 

"Tutdum orucu irəmazanda,
Gözüm qaldı iki qazanda
Molla da döyür yazı yazanda."

 

Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onunn tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" 3 misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:[1]

 

"Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər."

 

Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.

Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılmışdı.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin zaman Sabirə mənəvi cəhətdən böyük kömək etmişdi. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə Şərqi-Rus qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, Həyat qəzetində şeir çap etdirir. 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: ...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.

1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

Haqqında olan əsərlər:

  • Mirzə İbrahimov, Böyük şairimiz Sabir, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1962, 38 səh.
  • Cəfər Xəndan, Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1962, 436 səh.
  • Abbas Zamanov, Müasirləri Sabir haqqında, Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1962, 323 səh.
  • Abbas Zamanov, Sabir gülür, Bakı, Gənclik, 1981, 260 səh.

 

Şeirləri:

Ax!..Necə kef çəkməli əyyam idi
Ay can, ay can!
Aldanmaram ki, doğrudur ayinin, ey əmu!
Amma, millət a!
Analar bəzəyi (Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil)
Arzu 
Adəmi adəm eyləyən parədir
Bakıda bir kənddə mühavirə
Bənzətmə
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz
Bir bəhanə əldə ünvan etməli bundan sora
Bir cibimdə əskinasım
Bir dəstə gül
Bir gül
Bimərhəmət əyanlarına şükr, xudaya!
Bizə nə?
Bura say
Çatlayır, Xanbacı, qəmdən ürəyim
Daş qəlbli insanları neylərdin, ilahi?!
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Dərda ki, razi-pünhan, xahəd şod aşikara
Ey fələk zülmün əyandır
Eylə bilirdim ki, dəxi sübh olub
Əhvalpürsanlıq, yaxud qonuşma
Ənin
Əkinçi
Xaqani
Fəxriyyə
Fələ, özünü sən də bir insanmı sanırsan?!
Fisincan
Gər istəsən ki, fitneyi-aləm oyanmasın
İstəsən könlüm kimi zülfün pərishan olmasın
Hamısın tapa bilirəm, birin tapa bilmirəm
Həvəs
Hörümçək və ipək qurdu
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm
Qorxuram
Qoyma, gəldi!
Qoyma gələ, saqiya, zahidi meyxanəyə
Məftuni-səri-zülfüne qüllab gərəkməz
Mən belə esrarı qana bilmirəm
Müxtəlif parçalar
Neyliyim, ey vay! Bu urus başdılar
Növhə
Rəhgüzari-məxluqatda bir möhtaci-məsarif
Ölüb əəə!
Səbr eylə
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar
Sərü hər muydə min aşiqi nalanın var
Son misraları
Söz 
Sual-cavab
"Şair"lərimizə nəzirə
Şəkibai
Şikayət
Təbaət
Təbib ilə xəstə
Tömeyi-nəhar
Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə
Uşaq və buz
Uşaqdır
Ürəfa marşı
Vəz etdiyin inandı, sən amma inanmadın!
Viranə Şəmaxidə mənə gənc tapılmaz
Səttarxana

 

Satiraları:

Adətimiz das idi də’va günü
Ah eylədiyim nəşeyi-qəlyanın üçündür
Ata nəsihəti (“Bəsdir, ey ogul, boş yerə bu elmə çalısma”)
Bakı fəhlələrinə (“Bu çərxi-fələk tərsinə dövran edir imdi”)
Bakı pəhləvanlarına
Barişnalara dair
Bilməm nə görürdür bizim oğlan oxumaqdan?!
Bir məclisdə on iki kişinin söhbəti
Cavablar cavabı (“Elm ayineyi-surəti-hal idi nədən bəs?”)
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol
Etdi bu fələk hər kəsə bir tövr yamanlıq
Əl’əman, sərkəs olub...
Hər nə versən, ver
“Həyat”ın “Gop-gop”una cavab (“Bu tifl ki, nuri-bəsərü sireyi-candır”)
Küpəgirən qarının qızlara nəsihəti (“Qarı nənənin sözlərini sanma cərəndir”)
Qocalıqdan sikayət (“Əfsus qocaldım, agacım düsdü əlimdən”)
Mahi-Kən’anın batıb, ey piri-Kən’an, qəm yemə!
Mən bilməz idim bəxtdə bu nikbət olurmuş
Millət necə tarac olur olsun, nə işim var?!
Ol gün ki, sənə xaliq edər lütf bir övlad
Tərpənmə amandır bala, qəflətdən ayılma
Təhsili-elm (“Təhsili-ülum etmə ki, elm afəti-candır”)
Uşaqlara

 

Məqalələri:

Ləbbəyk icabət

Yadigar

Komediya kəmali-ləyaqətlə oyanıldı

Qeyrət

 

Hekayələri:

Meydana çıkıyor

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR