Slimfit
  1. BİOQRAFİYA

Mirzə Rəhim Fəna

Mirzə Rəhim Fəna
Sakura

Mirzə Rəhim Fəna — Azərbaycanın tanınmış şairi va ictimai xadimlərindən biri

Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev 1844-cü (bəzi qaynaqlara görə 1841-ci) ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə, Mirzə Əbdülqasim Mirzə Əli oğlu Kəbirlinin yanında oxumuşdur. Savadlı olduğuna görə mirzə adı daşıyırdı. Mirzə Rəhim Fəna təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Mirzə Rəhim Fənanın şeirlərindən bir:

Hicran edibdi könlüm evin qarət, ağlaram,
Çün ağlamaq olubdu mənə adət, ağlaram.

Ta var idi fəraqına tabım, səbur idim,
İmdi yoxumdu səbr, nedim taqət, ağlaram.

Qəddim fəraqı başıma gətdi qiyaməti,
Ta həşr olunca hər dəmu hər saət ağlaram.

Zülfü ruxun xəyalına sərf oldu ruzü şəb,
Ömrümdə ruzü şəb olmamışam rahət ağlarəm.

Xəlqə nədir ziyanı mənim əşki-didəmin?
Bidərdlər edəllə mənə töhmət, ağlaram.

Söhbət macalı olmadı bir dəm səninlə heyf,
Həm dəm qılıb xəyalın ilə söhbət ağlaram.

Bu giryədir açan dili-qəmgini-zarımı,
Göz yaşım ilə yoxdu mənə halət, ağlaram.

Ruyin fəraqıdı səbəbi-giryeyi-fəna,
Didarına qoyubdu fələk həsrət, ağlaram.

Rəhim bəy Fəna Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanin yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyi-Nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarix və ədəbiyyata böyük marağı olan Mirzə Rəhim Fəna "Tarixi-cədidi Qarabağ" adlı əsər qələmə almışdır. Mirzə Rəhim bəyin xətrini Xurşidbanu bəyim çox istəyirdi. Şuşa qəza rəisi Dubrovski Mirzə Rəhimin qardaşı Mirzə Kərimi vəzifəsindən azad etmişdir. Bu hərəkət Mirzə Rəhimə elə təsir etmişdir ki, Dubrovskini görəndə nifrətini gizlədə bilmirdi. Bir gün Şuşada "Bazarbaşı" deyilən yerdə Mirzə Rəhim bir dəstə adamla əyləşib, söhbət edirdi. Elə bu vaxt qəza rəisi ora gəlir. Hamı durub, təzim edir. Mirzə Rəhim nə yerindən durur, nə təzim edir, hələ üstəlik də rəisə arxasını çevirir. Bu hərəkət rəisə necə təsir edirsə yoldan keçən bir kəndlinin əlindən ağacını alıb mirzəni budayır. Mirzə Rəhim bir təhər canını qurtarıb, qaçır. Dubrovski də ardınca. Mirzə Rəhim qaça-qaça girir Xurşidbanu bəyimin həyətinə. Gözü qızmış qəza rəisi mirzəni bəyimin həyətindəcə yaxalayıb, yerə yıxıb, döyməyə başlayır. Səs-küyə Xurşidbanu bəyim çölə çıxır. Şair Mirzə Rəhim Fənanı fəna halda görüb, hirslənir. Nökərlərə rəisin döyülməsini buyuruq verir. Nökərlərin ürəyindən olan bu söz onları həvəsləndirir, rəisi möhkəm əzişdirirlər. Sonra Xan qızı yaxınlaşıb, rəisin çiynindən paqonlarını dartıb, qopardır, özünü də həyətdən qovur. Dubrovski möhkəm döyülmüş və üz-gözü yaralanmış halda idarəsinə dönür. Bu halda Qafqaz valisi şəhərə varid olub, rəisin dəftərxanasına gəlir və Dubrovskinin bu hala düşməsinin səbəbini ətraflı öyrənir. Bir neçə gündən sonra vali Xurşidbanu bəyimin görüşünə gəlir. Nahar vaxtı rəis haqqında söhbət açılır. Vali deyir: - Rəisə əl qaldırmağınıza etiraz etmirəm, lakin paqonları qırmaq dövlətə hörmətsizlikdir. Xurşidbanu bəyim isə cavabında deyir: - Dövlətin təbəələrini suçsuz incitməyə heç kimin haqqı yoxdur, hətta rəisin də. Vali dinməyib, Dubrovskini işdən çıxarır. Mirzə Rəhim bəy 1931-ci ilin fevral ayının 11-də Bakı şəhərində vəfat edib. Mirzə Rəhim bəyin Əsəd bəy adlı oğlu vardı.

 

Yaradıcılığı

Əsərləri

 

Qəzəlləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR