Slimfit
  1. MARAQLI

Nərə balığı ilə naqqa balığını ayırd etmək üsulları

Nərə balığı ilə naqqa balığını ayırd etmək üsulları
Sakura

Nərə balığı ilə naqqa balığını ayırd etmək üsulları

Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir. Belə ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunmaqdadır.

Agentliyin İnformasiya xidməti və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumat görə, həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi aşkar olunub. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətindir. Məhz bundan istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Əslində balıq növlərini fərqləndirmək üçün bir sıra üsullar var. Belə ki, nərə balığının bədən uzunu boyunca 5 özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə də, dəridə kobud şəkildə izləri qalır. Lakin naqqa balığının dərisi demək olar ki, təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.

Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında həmin hissə ağ rəngdə olur. Həmin göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığı ilə müqayisədə daha spesifik dada malikdir.

Nərə balığının morfoloji xüsusiyyətləri var. Nərə balığı adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malik olur, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları var. Nərəkimilər dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, köpək balığına bənzər quyruq üzgəcinə, ən əsası, bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kiloqrama qədər ola bilər.

Naqqa balığını isə dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 3 metrə və çəkisi 150 kiloqrama çatır, adətən, boyu 1,3-1,6 metr və çəkisi 15-20 kiloqram arasında dəyişir. Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı da uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir. Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20 faizini təşkil edir. Geniş aralı burun deşikləri, yumru və düz burunu, çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri var. Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir. Balığın ümumi uzunluğunun təxminən 60 faizini təşkil edən böyük bir üzgəci vardır, quyruq üzgəci isə kiçik və yumrudur. Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən istehlakçıların malların keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları vardır.

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə müraciət edərək bildirir ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR