Slimfit
Opera
Sakura

Opera — məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənəti…

Opera (italyan dilində: iş, əmək, məşğuliyyət; latın dilində — əmək, əl işi, əsər) — məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənəti janrı. Operanın ədəbi əsasını libretto təşkil edir.

 

Opera janrının tarixi

Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. Beverininin "Müqəddəs Pavelin dönməsi" (1480) ruhani tamaşasında əsər boyu səslənən musiqi ilk dəfə ciddi mövqe tutur.

XVI əsrin ortalarında musiqisi motet, yaxud madriqal səciyyəsində xor ilə məhdudlaşan "çoban oyunları" – pastorallar geniş intişar tapır. Orasio Vekkinin "Amfiparnasso" madriqal komediyasında səhnə arxasından beşsəsli madriqal formasında səslənən xor aktyorların səhnədəki çıxışları müşayiət edirdi. "Commedia armonika" – "Harmonik (yəni ifa ilə müşayiət olunan) komediya" ilk dəfə Modena sarayında 1597-ci ildə səhnəyə qoyulub.

XVI əsrin sonlarında madriqal komediyalara təksəsli ifa monodiya formasında yazılmış partiyaları daxil etmək cəhdləri yer almışdır. Məhz bu cəhdlər sayəsində opera adlanacaq janr öz inkişafını sürətləndirmişdir. Həmin cəhdlərlə əsərlərini zənginləşdirən müəlliflər artıq öz musiqili-dram əsərlərini "drama in musica", yaxud "drama per musica" adlandırmağa başlayırlar. "Opera" adı isə bu əsərlərə XVII əsrin birinci yarısından etibarən işlənməyə başlamışdır. XIX əsrin ortalarında, opera bəstəkarları öz operalarını yenidən "musiqili -dram" adlandırmağa başlamışlar, buna misal kimi Rixard Vaqnerin adını çəkmək olar.

"Kütlə" üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb; bundan qabaqkı dövrdə opera yalnız saraydaxili əyləncələrə xidmət edirdi. İlk irihəcmli opera isə 1597-ci ildə səhnələşdirilmiş Cakobo Perinin "Dəfnə" operası hesab olunur. Tezliklə opera İtaliyada, daha sonra isə Avropanın digər ölkələrində intişar tapır. Venesiyanın özündə 1637-ci ildən bəri 65 il ərzində 7 teatr tikilib istifadəyə verilir. Həmin teatrlar üçün sayı 40-a çatan bəstəkarlar tərəfindən 357 (!) opera yazılır. İlk operalar Almaniyada "Dəfnə" (Henrix Şüts, 1627), Fransada "Pastoral" (Rober Kamber, 1647), İngiltərədə "Didona və Eney" (Henri Pörsell, 1689), Rusiyada "Kefal və Proqrida" Françesko Domeniko Arayya, 1755, Azərbaycanda "Leyli və Məcnun" (Üzeyir bəy Hacıbəyli, 1908).

 

Operanın növləri

Opera musiqisinin tarixən müəyyən növləri formalaşmışdır. Opera dramaturgiyasının bəzi ümumi qanunauyğunluqların olmasına baxmayaraq, komponentləri operanın növündən asılı olaraq müxtəlif şəkildə başa düşülür.

  • böyük opera (opera seria — italyan dilində, tragédie lyrique, daha sonra grand-opéra — fransız dilində),
  • yarıkomik (semiseria),
  • komik opera (opera-buffa — italyan dilində, opéra-comique — fransız dilində, Spieloper — alman dilində),
  • romantik opera, romantik məzmunlu.

Komik alman və fransız operalarında musiqi nömrələr arasında dialoqun olması mümkün sayılır. Ciddi operalar arasında da belələri rast gəlir, məsələn, "Fidelio" ( Lüdviq Van Bethoven ), "Medeo" (Kerubini), "Sehrli oxatan" (Veber).

  • Komik operanın törəməsi qismində XIX əsrin ikinci yarısında xüsusi intişar tapmış operettanı hesab etmək olar.
  • Uşaq ifası üçün operalar (məsələn, "Balaca bacatəmizləyən", "Nuhun gəmisi", (Bencamin Britten), "Kral Birinci Matiuş" "Asqard" "İyrənc ördək balası" "Kokinvakasü" (Lev Konov)).

 

Operanın elementləri

Opera — bir teatr səhnəsində incəsənətin müxtəlif növlərinin – dramaturgiya, musiqi, təsviri incəsənət (dekorasiyalar, geyimlər), xoreoqrafiya (balet) – vəhdətini ehtiva edən sintetik janrdır. Opera heyətinə daxildir: solist, xor, orkestr, hərbi orkestr, orqan. Opera səsləri: qadın: soprano, metso-soprano, kontralto; kişi: kontrtenor, tenor, bariton, bas.

Opera əsəri aktlara, şəkillərə, səhnələrə, çıxışlara bölünür. Aktları proloq öncələyə və epiloq sonuclaya bilər.

Opera əsərinin hissələri – reçitativlər, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar və i.a. Simfonik formalar: uvertüra, introduksiya, antraktlar, pantomima, melodrama, yürüşlər, balet musiqisi.

Qəhrəmanların xarakterləri "solo çıxışlarda" (ariya, ariozo, arietta, kavatina, monoloq, ballada, mahnı) tam açılır. İnsan nitqinin musiqili-intonasiyalı və ritmik səsləndirilməsi olan reçitativ operada müxtəlif vəzifələr yerinə yetirir. Əksər hallarda reçitativ bitmiş olan çıxışları həm məzmun, həm də musiqi baxımından bir-biri ilə əlaqələndirir və ya musiqi dramaturgiyasının təsirli amili kimi çıxış edir. Operanın bəzi növlərində, xüsusilə komik operalarda, reçitativ əvəzinə adətən dialoq şəklində adi danışıq səslənir.

Dram tamaşasındakı dialoq səhnəsinə operada "musiqili ansambl" (duet, trio, kvartet, kvintet və i.a.) müvafiqdir. Bu "musiqili ansambl" xüsusi səciyyəyə malikdir ki, o da münaqişə situasiyalarını yaratmaq imkanı əldə etməklə yanaşı təkcə dramaturji xəttin inkişafını göstərməklə kifayətlənmir, həm də xarakterlərin, ideyaların toqquşmasını ifadə etmək imkanına malikdir. Bu səbəbdən ansambllardan əsas etibarilə operanın kulminasiya yerində, yaxud sonunda istifadə olunur.

Xor operada müxtəlif formalarda təzahürünü tapır. Bəzi hallarda xor əsas süjet xətti ilə əlaqədə olmayıb fon olaraq işlənir, bəzi hallarda isə baş verən hadisəlri özünəməxsus şəkildə şərh edir. Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasına işlətmiş olduğu xor səhnələri buna bariz sübutdur.

Operanın musiqili dramaturgiyasında əsas rolu orkestrə ayrılıb. Orkesrtin simfonik vasitələri obrazların tam şəkildə açılmasına xidmət edir. Uvertüra, antrakt – operanın ayrıca orkestr epizodlarıdır. Opera tamaşasının daha bir komponenti balet (N.A.Rimski-Korsakovun "Mlada" operası misal kimi göstərilə bilər), xoreoqrafik səhnələr hesab olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR