Slimfit
  1. PSİXOLOGİYA

Oyun videoları uşaqları tənbəlləşdirir, cılızlaşdırır - Psixoloq həyəcan təbili çalır

Oyun videoları uşaqları tənbəlləşdirir, cılızlaşdırır - Psixoloq həyəcan təbili çalır
Sakura

Oyun videoları uşaqları tənbəlləşdirir, cılızlaşdırır - Psixoloq həyəcan təbili çalır

 

Son vaxtlar azyaşlıların "YouTube" portalında yaşıdı olan blogerlərin çəkdiyi müxtəlif və fərqli oyun videolarına mütəmadi olaraq baxması halları çoxalıb. Hətta uşaqların bir çoxu bundan həvəslənərək özləri belə bloger olmaq həvəsinə düşür. Bəzi valideynlər isə qazanc əldə etmək üçün övladlarına dəstək verir.

Azyaşlı uşaqların bütün günü "YouTube"da bu cür oyun videolarını izləməsi onların psixologiyasına necə təsir göstərir?

Psixoloq Təranə Kazımlı Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda 5, 6 və 7 yaşlı "YouTube" blogerləri çəkdikləri videolarla gündəmdədir:

"İnternet, telefon, planşetlər və s. insanların öz işlərini asanlaşdırmaq üçün ixtira etdikləri vasitələrdir. Təəssüflər olsun ki, artıq ixtira etdiyimiz vasitələrdən asılı vəziyyətə düşmüşük. İnternet asılılığı uşaqlar, o cümlədən azyaşlılar arasında da yayılıb".

O qeyd edib ki, valideynlərdən uşaqlarının telefon və ya planşetlərdə nəyə baxdığını soruşanda maraqlı cavabla qarşılaşırlar:

"Belə ki, analar övladlarının özü yaşda "YouTube" blogerinin çəkdiyi videolara baxdığını deyir. Hətta fəxrlə bunun pis bir şey olmadığını söyləyirlər. Düzdür, slaym və leqo düzəltmə videolarına baxmaq o qədər də ziyanlı deyil. Amma bu videolara baxmaqla uşaqlar daha rahat həyat tərzinə, hər şeyə tez bir zamanda hazır şəkildə nail olmağa alışırlar. Bununla da uşaqlar tənbəlləşir".

Psixoloq 5 yaşlı uşağın internetdən asılı olmasının dözülməz bir hal olduğunu vurğulayıb:

"İnternetdən istifadənin 25-30 faiz müsbət tərəfi olsa da, 70-80 faiz ziyanlıdır. Hesab edirəm ki, hər kəs sağlamlığını nəzərə almalıdır. Xüsusən də analar diqqətli olmalıdır. Uşaqların internetdən asılılığının hansısa yollarla qarşısını almağa çalışmalıdırlar. Ən narahatedici məqam isə 5-8 yaşlı uşaqların internet asılılığıdır. Bu problem nəzarətə götürülməli və valideynlər həmin yaşda olan uşaqların internetdən istifadəsinə icazə verməməlidir. 9-10 yaşından sonra internetdən, sosial şəbəkələrdən və digər vasitələrdən istifadə etməklə dünyanı kəşf etmək, bir çox sahələrdə aid məlumatları əldə etmək olar. Əlbəttə ki, bu da vaxt limiti ilə həyata keçirilməlidir. Çünki günün bütün saatlarında internetdən asılı olmaq ziyanlıdır".

T.Kazımlı qeyd edib ki, uşaqlar videolara baxarkən valideynlər çox rahat olurlar, halbuki valideynlər o videolara baxıb öz uşaqları ilə həmin oyunları oynaya bilər:

"Çünki uşağın bütün günü "YouTube"da müxtəlif blogerlərin oyun videolarına baxması ana və övlad münasibətinin korlanmasına, emosional əlaqənin pozulmasına gətirib çıxarır".

Psixoloq onu da əlavə edib ki, hazırda uşaqlarda tənbəlləşmə, cılızlaşma və passivləşmə prosesi gedir:

"Ümumiyyətlə, valideynlər övladlarının blogerlərin videolarına baxması ilə sanki fəxr edir. Hətta heç bir şey olmamış kimi, öz yaşıdlarına baxdığını deyirlər. Amma anlaya bilmirlər ki, burada yalnız blogerlər qazanır, öz uşaqları isə ziyan görür. Fikrimcə, canlı şəkildə oyunların oynanılması uşaqlarda göz koordinasiyasının da inkişafını artırar.

Təəssüflər olsun ki, indiki uşaqlar getdikcə tənbəlləşir. Hətta öz yaşlarına uyğun oyunları oynamağa belə tənbəllik edən uşaqlar var. Yalnız telefonda bu oyunlara baxmaq istəyirlər. 20 və ya 30 ildən sonra indiki uşaqları nələrin gözlədiyini düşünmək belə vahiməlidir. Hazırda uşaqlarda tənbəlləşmə, cılızlaşma və passivlik prosesi gedir. Çox vaxt valideynlər uşaqlarda problem olduqdan sonra psixoloqa müraciət edirlər. Halbuki uşaqlara daha çox diqqət ayırsalar, övladları da blogerlərin ovuna çevrilməz".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR