Slimfit
  1. MƏDƏNİYYƏT

Qafqazın musiqi ləhcələri - Sayat Nova layihəsi

Qafqazın musiqi ləhcələri - Sayat Nova layihəsi
Sakura

Sayat Nova layihəsi Gürcüstanda yaşayan millətlərin musiqi ənənələrini əhatə edir. Layihə həmçinin Azərbaycan…

Cəbbəlütariqli Stefan Williamson-Fa və amerikalı Ben Wheeler və Anna Harbaugh, etnik azərbaycanlı Aşıq Nargilə Mehdiyeva və qızı ilə Tbilisi Gölünün sahilində. Sayat Nova proyekti üç tələbədən - antropoloq, musiqi-diyarşünas və tarixçidən ibarətdir. Layihə yanvarda Kickstarter saytı vasitəsilə maliyyələşib və onun məqsədi, Qafqazın musiqi dialektlərini sənədləşdirmək və onların müxtəlif mədəniyyətlərini, etnik icmalar arasında üst-üstə düşən cəhətləri göstərməkdir. Az sonra “Qafqaz musiqisinə aid yaradıcı və akademik işləri qabağa çəkmək üçün” sayt da işə salınacaq.

18-ci əsrin erməni trubaduru, azərbaycan, erməni və gürcü dillərində mahnılar və şerlər yazan aşıq Sayat Novanın adına layihənin işinin əksəriyyəti indiyə qədər Gürcüstanda görülüb, çünki regionun etnik qrupların çoxu burda yaşayır. Məsələn Tbilisidə yaşayan 85 yaşlı etnik erməni musiqiçi Sergo Kamalov tar, kamança, nağara və erməni, azərbaycanlı və digər musiqi mədəniyyətlərinə aid olan bir sıra musiqi aləti çalır. Sovet vaxtında o, həmçinin Sayat Nova Ansamblının rəhbəri olub.

Rauza Gürcüstanın Çantlisqure kəndində yaşayan 78 yaşlı avardır. 2002-ci ilin rəqəmlərinə görə, Gürcüstanda avarların sayı 2000-dən aşağıdır. Rauza isə qonşu Dağıstanda doğulub və avarlar orda etnik qrupların çoxluğunu təşkil edirlər. İkinci Dünya Müharibəsi vaxtında, çeçen icmalar Qazaxıstana deportasiya ediləndə, onun ailəsi İnquşetiyaya köçürülüb.

Çantlisquiredə avar qadın əlində ərəb dilində dua kitabı tutur. Baxmayaraq ki, avarların öz dilləri var, kəndin məscidində hələ də ərəb dili dərsləri keçirilir. Dəyişən regional təsirin rəmzi olaraq, 15-ci əsrdə dil gürcü əlifbasında, 17-ci əsrdən ərəb əlifbasında, Sovet vaxtında isə latın və sonra kiril əlifbasında yazılırdı. Sayat Nova layihəsinə əsasən, “Ölən musiqi ənənələri məsələsi – avarların və udinlərin yaşadıqları şimal-şərqi Gürcüstan kəndləri üçün xüsusilə əhəmiyyətlidir”.

75 yaşlı Aşıq Qərib əsasən etnik azərilərin yaşadığı Alqeti kəndinin sakinidir. O, Sayat Nova layihəsi çərçivəsində yeni nəsil aşıq və saz ifaçılarının yetişdirilməsində əsas ustad və müəllim seçilib. Araşdırma mövzularından biri Qafqazdakı eyni etnik qrupların müsiqi ənənələri arasında xüsusi fərqin müəyyən edilməsini nəzərdə tutur. Misal üçün Gürcüstan aşıqları Azərbaycandakı saz ustaları ilə müqayisədə daha melanxolik mövzuya meylliliyilə seçilə bilər.

Gürcüstanda Nargilə Mehdiyeva başda olmaqla aşıqların yeni nəsli yetişir. Türkiyədəki festivallarda müntəzəm çıxış edən xanım Mehdiyeva yeni nəsil arasında həmçinin qadın aşıq ənənələrini yaşadır. Anna Oldfield Senarslan-ın yeni araşdırmasına əsasən 18-ci əsrdə peyda olan qadın aşıqlar Azərbaycanda kök salaraq “ilham, ümid və cəmiyyətin transformasiya gücünə” çevrildilər.

Tbilisi Dövlət Konservatoriyasında 26 yaşlı Ben Wheeler aşıq Nargilədən saz dərsləri alır. “Alqetiyə baş çəkdikdən sonra məndə saza maraq oyandı, - o BBC Azərbaycancaya bildirib. "Bir sıra texnika və melodiya ürəyə yatandır, müxtəlif müsiqiçələrin ifası mənə eyni zamanda yad və doğma gəlir. Mən artıq tədqiqat mövzusunun Qafqaz müsiqisi ilə bağlı olacağına qərar vermişəm. Saza daha yaxından bələd olduqca bütün bu azəri aşıq məktəblərinin vaxtilə Qafqaz boyu təmsil oldunduğunu dərk etdim".

Aşiq Qəribin ifasını evində yazmaq üçün Alqetiyə baş çəkən Sayat Nova layihəsi qonşu Təzə Kənddə nağara və zurna müşaiyətilə keçən nişan mərasiminə rast gəlib. Sayat Nova layihəsi erməni, azəri və avar musiqiçiləri ilə yanaşı müntəzəm olaraq gürcü və kiçik saylı yəhudi, kürd, udin, kisti və bats (Gürcüstanın Dağlıq bölgəsində yaşayan nax - çeçen və inquş dilinin də daxil olduğu qrup - dilli etnos) icmaları ilə görüşür. 4 günlük qısa səfərlə Ermənistanda olan Sayat Nova layihəsi bu yay Azərbaycanda bir neçə həftə keçirməyə xüsusi maraq göstərir.

Tbilisiyə köçmüş 28 yaşlı iranlı dilşünas Masoumeh Jamalina Sayat Nova layihəsi üçün əsl tapıntıdır. 5 il sitar öyrənən Jamalina bəzi Qafqaz müsiqisində İran motivlərini duyduğunu deyir. “Sayat Nova layihəsinin məqsədlərindən biri də kökü kəsilmək təhükəsilə üzləşən ənənələr barədə agahlığın artırılmasıdır - Ben Wheeler deyir. - Cənubi Qafqazın əsas unikal cəhətlərindən biri də odur ki, öz mədəniyyətlərinə malik çox sayda müxtəlif adamlar ortaq tarixin komponentlərini bölüşür”.

Gürcüstanlı musiqiçi Levan Veşapidze özünün düzəltdiyi açarpanini çalır. Bu, abxaz çoban fleytasıdır. Levan köhnə səs yazılarından öyrəndiyi mahnıları çalır. Musiqi aləti isə unikal şəkildə çalınır: alətə bir melodiya oxuyub, eyni zamanda digərini çalaraq iki-səsli polifoniya yaranır. Son nəticədə, bu cür musiqi Qafqaz musiqisini bir yerə toplayan CD-ə əlavə olunacaq. Sayat Nova layihəsi deyir ki, artıq səkkiz dildən, 15 musiqi alətindən ibarət olan 20 mahnı var.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR