Slimfit
  1. BİOQRAFİYA

Qaracaoğlan

Qaracaoğlan
Sakura

Qaracaoğlan - Anadolu türk aşığı

Qaracaoğlan (1606 – 1674) — Anadolu türk aşığı.

Qaracaoğlan irsi Türkiyədə Əli Rza Yalçın, Sadəttin Nüzhə (Erkin), İshak Rüfət, Zehni Ardıc, Cahid Öztelli kimi dəyərli araşdırmaçılar və ədəbiyyatşünaslar tərəfindən XX yüzilin əvvəllərindən öyrənilməyə başlayıb.

Yeri gəlmişkən, bəri başdan qeyd edək ki, Qaracaoğlan doğma diyarı Şərqi Anadoluya məhrəm olduğu qədər Azərbaycan elləri üçün də yaxındır, əzizdir. Bu baxımdan aşıq-şairin yaradıcılığını sərfi-nəzər edib onu vaxtilə oxucularımıza çatdıran İsmayıl Öməroğlu və Qara Namazov kimi alimlərimizin bu böyük sənətkarın yolunda çəkdikləri zəhmət xüsusi qeyd olunmağa layiqdir. Bütün bunlarla birlikdə Qaracaoğlan kimi azman bir sənətkarın bu taynan bağlı dərindən-dərin öyrənilməsinə həmişə ehtiyac duyulur. Qaracaoğlan XVI yüzilin əvvəllərində Türkiyənin Mil elində, Çuxur Oba deyilən mahalda dünyaya gəlib. Ömrü-günü kənddə-kəsəkdə, el-oba yığnaqlarında keçən sabahın bu böyük sənətkarı hər addımda görüb-götürmüş, dərin zəkası sayəsində Anadolunun o dövrkü savadlı adamlarından yazıb-oxumağı və elmin sirlərini öyrənmişdi. Şərqi Anadolunun tərəkəmə həyatıynan dərindən maraqlanan Qaracaoğlan, əslində özü də gəzərgi həyat keçirib. Bütün Şərq vilayətlərini, o cümlədən İranı və Azərbaycanı gəzib dolaşıb. Bununla belə, o, öz doğma yurdu Çuxurobadan ayrı qalmayıb, ömrünün kövrək çağlarını yenə də Şərqi Anadoluda keçirib. Təxminən 80 ilə yaxın ömür sürən sənətkar yenə də öz ana torpağına qismət olub, uca bir təpədə dəfn edilib. İndi "Qaracaoğlan təpəsi" adlanan həmin yer sənətsevərlərin ziyarətgahına dönüb. Qaracaoğlan Türk Dünyasının ən maraqlı, ən qüdrətli və zəngin yaradıcılığa malik olan böyük sənətkarlarından biridir. Bütün Şərq dünyasında çoxlarına örnək olan bu aşıq- şairin ölməzlik nişanəsi olan müxtəlif səpgili şeirlərini əqlin süzgəcindən keçirdikcə sözün əsil mənasında onun söz inciləri insan qəlbini heyranlıq duyğularıynan oxşayır, ona saflıq və təmizlik hissləri aşılayır.

Qaracaoğlanın kədəri də sevinci kimi safdır, təmizdir. O, düzlüyü, həqiqəti hər şeydən üstün tutub. 400 il bundan qabaq özünün beştelli cürəsiynən məclisdən-məclisə dürlü-dürlü xanələr daşıyan ölməz sənətkar, harada nə görübsə, ona yerindəcə qoşqular düzüb, kamil deyimləriynən el yığnaqlarını canlandırıb, feyziyab edib. Hər sözü, hər kəlməsi xüsusi ölçülər və biçimlər içində qatarlaşan qoşma və gəraylılarına hələ öz sağlığından üzü bəri neçə-neçə nəğmələr qoşulub. Onun düzümləri notların xanələrində qərar tutub. Beləliklə o, bir aşıq kimi el məclislərini, bir şair kimi türk şeir dünyasının saralıb-solmayacaq saysız-hesabsız vərəqlərini bəzəyib.

Qaracaoğlan eşq-məhəbbət şairi olub. Təkcə Anadolunun yox, bütün türk aləminin gözəlləri onun qoşqularında öz əksini tapır. Aşığın şeirlərini diqqətlə nəzərdən keçirdikcə, adama elə gəlir ki, onun yaradıcılığı bir güzgüdür. Sənətkarın bütün təhbehləri, heca düzümlü qafiyələri və rədif sonluqları sırf orijinaldır, özünəməxsusdur. Onun şeirlərində bir kəlmə də olsun yerinə düşməyən qafiyəyə rast gəlinmir. Məna və məzmun vəhdətindən doğan bütövlük hər bir qoşqusunu ayrıca bir sənət nümunəsinə döndərir.

Eşqi varlığına hakim kəsiləndə, məhəbbəti ömründən uca tutulanda Qaracaoğlan Vaqifə bənzəyir. Xalq hikmətlərinin poetik duyumlarını qoşqularında rədif qafiyələrə döndərəndə Ələsgərlə qoşalaşır. Kədərin müqabilində sabahın nikbin duyğularına boylananda isə Aşıq Alıynan səs-səsə verir. Bütün bunların müqabilində isə mühüm bir amil dayanır. Əgər Qaracaoğlan bu sənətkarların hər birindən neçə yüzil əvvəl yaşayıbsa, bəs bu bənzərlik nəynən bağlıdır? Onların yaradıcılığına diqqətlə nəzər yetirəndə sualın son cavabı özlüyündə aydınlaşır. Bu qüdrətli aşıq şairin özündən sonra gələn türk yaradıcılarına, o cümlədən də Azərbaycan aşıq deyimlərinə güclü təsiri olub.

Türk aşıq ədəbiyyatının XVII əsrdə yetişmiş ən ünlü aşıqlarından biri olan Qaracaoğlanın həyatı haqqında elm aləmində uzun illər az məlumat olmuş və bu məlumatların çoxunu da rəvayətlər təşkil etmişdir. Onun həyatı, şerləri, yaşadığı dövr, anadan olduğu və öldüyü yer və il alimləri yetərincə məşğul etmişdir.

Qaracaoğlanın 1606-cı ildə anadan olduğu, 1676-cı və ya 1689-cu illərdə vafat etdiyi söylənilir. Harada doğulub, harada ölməsi, adı, nəsli haqqında həqiqətə bənzəyən bir çox rəvayətlər mövcuddur.

Bir çox araşdırmaçılar yaşlı insandarın söylədiklərinə əsaslanaraq Qaracaoğlanın Kökçeeldə anadan olduğunu, Kozanoğulları dərəbəyliyi zamanı onu öldürmək istədiklərini xəbər tutan zaman Ban şəhərinə getdiyini yazırlar.

Haqqında yazılan başqa rəvayətə görə əski yurdunda Kılıclı aşirəti bəylərindən birinin arvadı ilə aralarında məhəbbət macərası olduğu üçün onu öldürmək istəmişlər. O, iki bacısı ilə obasından qaçmış, bir çox yerləri gəzərək Ərzuruma qədər gəlmiş, ömrü boyu evlnməmiş və orada ölmüşdür.

Digər bir rəvayətə görə də qaracaoğlan Bahçe ilçəsinin Farsak (Varsaq) kəndində anadan olmuşdur. Son zamanlar aparılan tədqiqatlarda onun anadan olduğu yerin Kozan ilçəsinin kökçə kəndi olduğu yazılmaqdadır.

Ən çox üzərində durulan nöqtə də aşığın Çukukovda doğulduğu və orada ölməsidir. Məhmət Fuad Köprülünün tədqiqatlarında Qaracaoğlan Bahçe isçəsinin Farsak kəndində Sailoğlu ailəsindəndir.

Radlovun verdiyi məlumata görə isə Qaracaoğlan Belqradda anadan olmuş, adı Simayıl, sevgilisinin adı da İstemi Sultandır.

Sadettin Müzhet Ergün də Qaracaoğlanın Kanuni Sultan Süleyman (1520-1566) dövründə yaşadığını yazır.

Qaracaoğlanın öz şerlərində də istifadə etdiyi yer adları onun anadan olduğu yer haqqında müxtəlif təsəvvürlər yaradır. Onun şerlərində:

«Ərzurumdur benim ilim», «Binboğadır benim ilim», «Yaylağımız Bulqar dağıdır»

- kimi misralar tədqiqatçılar arasında fikir dolaşıqlığı yaratmışdır. Onun soyu haqqında da müxtəlif söyləntilər olmaqla bərabər öz şerlərində soyu, kökü, nəsli haqqında da müxtəlif işarələr mövcuddur. Başqa rəvayətlərdə də onun Kırşehrin Mecidiyyə idçəsinin Mamalı kəndində Bıdvanoğlu soyundan, varsaq soyundan olduğu, atasının Türküstanın Bayat elindən köçüb gəldiyi söylənilir.

Bu da bir həqiqətdir ki, Qaracaoğlan aşıq ənənələrə uyğun olaraq sazı və sözü ilə Osmanlı imperatorluğunun Konya, İçel, Kayseri, Mardin, Karaman, Adana, Diyarbekir, Hama, Hələb, Misir, Tokkat, Ankara, Bursa, Simas kimi yerlərinin kənd və yaylalarına qədər gəzib-dolaşmış, hər yerdə də şairlik və aşıqlıq gücünü göstərmişdir. Öz adının gah Hasan, gah da Halil (Xəlil), Qaracaoğlanın isə onun təxəllüsü olduğunu aşıq şerlərində ifadə edir. Qaracaoğlanın tədqiqatçıları onun bir qürbətçi, qərib bir aşıq olduğunu yazırlar. Şerlərində də bunu edən tutarlı misralar vardır. Şerlərində Dunay boylarından, Avstriya müharibələrinə qədər söz etdiyinə görə onun Osmanlı imperatorluğunun qərb hüdudlarına, hətta xarici ölkələrə də getdiyi ehtimal olunur. «Dilləri var dilimizə bənzər» şeri bu ehtimalın doğruluğunu təsdiqləyir. Mənbələrdə onun 1679 və ya 1689-cu ildə öldüyü bildirilir.

Doğulduğu yer kimi adı, soyadı, öldüyü yer və dəfn edildiyi məkan dəqiq olaraq bilinmir və müxtəlif rəvayətlərlə izah edilir. Bu rəvayətlər təxminən aşağıdakılardır.

  • 1. Maraşın Jezel yaylasında 96 yaşında ölüb, vəsiyyəti üzrə tənha bulaq başında dəfn olunub. Sazı çürüyüncəyə qədər başucunda ağacdan asılı durduğu söylənilir.
  • 2. Nizipin Keklicə kəndində sazını budağına asdığı bir ağacın dibində basdırılmışdır.
  • 3. Çukurovada bir təpədə dəfn edilmişdir.
  • 4. İçelin Mut ilçəsinin Çukur kəndində bir təpə üzərində dəfn edilmişdir. Bu tənəyə indi də Qaracaoğlan tənəsi deyilir.
  • 5. Ərzurumun Oltu ilçəsinin Penek kəndində ölmüş Zəm-zəm dağındakı Yasamal yaylasında basdırılmışdır.

Qaracaoğlanın həyatı və yaradıcılığı haqqında ilk məlumatı türk ədəbiyyatının quruculuğundan olan Fuad Köprülü 1915-ci ildə «Türk saz şairləri» adlı kitabında vermişdir. 1927-ci ildə isə Sadettin Hüzhüt Güney «Qaracaoğlanın həyatı və şeirləri» kitabını nəşr etdirdi. Sonrakı illirdə Ahmet Kutsi Tecer, Mustafa Necati Karayer, Refik Ahmet Sevengil, Jahit Özbelli, İlhan Başgöz, Ali Rza Yalçın, Ahmet Tevhid kimi görkəmli alimlərin tədqiqatlarında Qaracaoğlan, onun yaradıcılığı haqqında qiymətli fikirlər irəli sürülmüşdür. Bu tədqiqatlarda birdən çox Qaracaoğlanın yaşadığı ehtimalları da ortaya çıxmaqla bərabər Qaracaoğlanın yaşadığı dövr gah XVI, gah da XVII əsrə aid edilmişdir.

Jahit Öztelli XVII yüzilə aid bir cümləyə istinad edərək, aşığın XVII əsrdə yaşaması ehtimalını irəli sürür . Jahit Öztellinin verdiyi məlumata görə Aşıq Gevhəri ilə Qaracaoğlanın deyişmələri «XVII yüzilə aid olan bir cüngə «Aldı Gövhəri, aldı Qaracaoğlan» deyə başlayan türkülərdə mövcuddur.

Bu cündəki məlumatların əhəmiyyəti bir də ondan ibarətdir ki, bu məlumatlar Qaracaoğlanın yaşadığı dövrü dəqiqləşdirir. Aşıq Gövhərinin XVII əsrdə yaşadığı artıq elm aləminə məlumdur. Jüngə yer alan Gevhəri və Qaracaoğlan deyişmələri göstərir ki, Qaracaoğlan Gevhərinin müasiridir. Demək, haqqında söhbət açdığımız Qaracaoğlan XVII əsrdə yaşamışdır.

Qaracaoğlanın həyatı ilə bağlı dastandan əlavə, xalq arasında kiçik epizodlar da dolaşmaqdadır. Bu nümunələrdə Qaracaoğlan bir övliya, sazın-sözün qüdrəti ilə hər şeyi mümkün edən bir şəxs kimi verilir.

Qaracaoğlanın sazının hər teli, sözünün hər bəndi bir Adama həyat verir. Qaracaoğlan bu məqamlarda Dədə Qorqudla yanaşı dayanır. O da «müşkülləri həll edir», onun sazı da qopuz kimi ecazkardır.

Qaracaoğlan xalq dilinin incəliklərini və gözəlliklərini bütün təravəti ilə şerə gətirdiyi kimi, heca vəzninin də ən yayqın və klassik formalarında şerlər yazmışdır. Ən çox qoşma, səmai, varsağı şəkillərindən istifadə etmişdir. Türk aşıq şerində varsağı deyildiyi zaman Qaracaoğlan xatırlanır. Şerin bu növü heca vəzninin səkkizli qəlibi ilə yazılıb, xüsusi bir hesabatla oxunur. Varsağı şer şəklində bəndlərin sayı 3 ilə 5 arasında olur. Bunu səmaidən (gərəylıdan) ayıran xüsusiyyətlərdən biri onun xüsusi bəstə ilə oxunması və ilk dövrdükdə behey, bre, hey kimi nidaların olmasıdır.

Türk xalq ədəbiyyatında məhəbbət mövzusunu ən çox işləyən Qaracaoğlan olduğu kimi, XVII əsr aşıq ədəbiyyatında daha çox gözəlləmələr yazan da Qaracaoğlan olmuşdur. Gözəllərin ağlını-kamalını, mərifətini, əndamını, qaşını-gözünü, sözünü ustalıqla mədh etməklə bərabər gözəl olan hər şeyi (mənzərə, dağ-daş, təbiət və s.) öyən şerlərin Qaracaoğlanın yaradıcılığında ayrıca yeri var.

Qaracaoğlanın istifadə etdiyi nəzm şəkillərindən biri də qoşmadır. Aşığın tədqiqatçılarının yazdığına görə onun yazdığı 500-dən yuxarı şerin 322-si qoşma biçimində olmaqla bərabər, bu şerlər klassik qoşma şəklinin ən mükəmməl nümunələrindəndir.

Məlumdur ki, aşıqların təcrübələrini ifadə edən öyüdverici şerləri (ustadnamələri) yazan şairlər müəyyən bilik və təcrübəyə, dünyagörüşünə malik ağsaqqallıq, müdriklik timsalıdır. Türk xalq şerində bunun gözəl örnəklərinə də Qaracaoğlan ustadnamələrində rastlanır.

 

Qoşmaları

Ala gözlərinə sürmələr çəkmiş

Ala gözlüm, mən bu eldən gədərsəm

Ayırdı

Bənövşə 

Bizi

Gedərik

Keçilməz

Nedəyim

Nə bilir 

Nədəndir 

Pərişan

Var 

 

Gəraylılar

Ay qız

Bir gün 

Demədimmi

Edərlər

Gəleyir

Gələcək

Gəlin 

Köynəkcək

Qara deyilmi

Qəmlənmə

Qızlar

Olarmı

Sədəf

Sənin əslin ağacdandır

Yalvara-yalvara 

 

Varsağı

Varsağı 

 

Türkülər

Ala gözlərini sevdiyim dilbər

Ala gözlü nazlı dilbər 

Gəldi 

Göy üzündə tütən olsam

Gözəl, nə gözəl olmuşsan

Kərəm eylə 

Məni 

Suya gedən allı gelin

Ölüm, ardıma düşüb də yorulma

 

Kitabları

Şeirlər / Qaracaoğlan; tərt. İ.Öməroğlu. - Təkrar nəşr. - Bakı: Şərq-Qərb, 2006. - 256 səh. ISBN 978-9952-34-029-7

Qaracaoğlan. Şeirlər. Bakı, "Şərq-Qərb", 2007, 256 səh.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR