Slimfit
  1. AZƏRBAYCAN

Qədim Gəncə şəhəri dahilərin gözü ilə

Qədim Gəncə şəhəri dahilərin gözü ilə
Sakura

Qədim Gəncə şəhəri dahilərin gözü ilə

Qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin yerləşdiyi ərazinin təbii-coğrafi şəraitinin münbitliyi haqqında I əsrdə yaşamış yunan coğrafiyaşünası Strabon yazırdı:

“Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə, hətta birə əlliyə, həm də dincə dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir. Kür və onun qolları torpağın münbitliyini artırır... uzun tənəkləri heç vaxt toxa ilə üzülmür və hər beş ildən bir kəsilir. Yeni tənəklər artıq ikinci ildə bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox hissəsi tənəyin üzərində qalır. Eynilə onlarda həm ev, həm də vəhşi heyvanlar gözəl artıma malikdir”.

Gəncə şəhərinin yerləşdiyi tarixi ərazinin təbii şəraitinin münbitliyi barədə VII əsrdə Musa Kalankatuklu yazırdı:

“Bu ərazi sonrakı dövrlərdə də öz münbitliyi ilə şöhrət qazanmışdır. Bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla özüylə çoxlu böyük və xırda balıqlar gətirir. O, gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldurlar; zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır...”.

Digər görkəmli X əsr ərəb tarixçisi İbn Hövqəl isə “Surətül-ərz” əsərində yazır:

“Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan şəhərdir. Onun əhalisi comərddir, bəyənilmiş və pak adətlərə yiyələnmişlər. Davranışları xoşdur. Qəribləri sevirlər. Alimləri dost tururlar.”

XII əsrin görkəmli mütəfəkkiri Əbdür-Rəzzaq İsfahani bu xüsusda yazır:

“Bütün dünya üzündə Gəncə kimi bir şəhər görməmişəm. Behişt rəngli, müşk qoxuludur. Gəncənin suyu gülabdır, torpağı zəfərandır, sərin, səfalı havası vardır. Orada torpaq hər an sanki vəcdə gəlir, oyanmaq istəyir”.

XIII əsr ərəb tarixçisi İbn əl-Əsir  Gəncə haqqında demişdir:

“Gəncə Arran şəhərlərinin anası idi. Əhalisi qoçaq və mərd, qalaları möhkəmdir”.

Yaqut əl-Həməvi XIII əsrdə yazırdı:

“Arran ərəb adı deyildir. Bu, geniş ölkədir və çoxlu şəhəri vardır. Xalq dilində Gəncə deyilən Gənzə, Şəmkir və Beyləqan onun şəhərlərindəndir. Gəncə möhtəşəm şəhərdir və Arran ölkəsinin paytaxtıdır”.

XIII əsrin digər görkəmli mütəfəkkiri Zəkəriyyə Qəzvini yazırdı:

Şəhərin bir mənzilliyində Xirək (Hacıkənd) qalası yerləşir. Onun ətrafında ətirli otlar, sular və bağlar boldur. Yayda orada hava çox gözəl olur. Hər Gəncəli ailəsinin öz evi var və istilər sovuşana kimi camaat orada qalır. Gəncə əyanlarının mülkləri isə lap əladır. Gəncə Daruran (indiki Gəncəçayı) adlı çayın üstündədir, başlanğıcını Murov adlı dağdan götürür. Bu dağda əl-mavz adlanan bitki var, dünyanın başqa heç bir yerində ondan yoxdur... qara ciyərin xəstəliyini sağaldır”.

XIV əsrdə  Həmdulla Qəzvini Gəncənin təbii şəraitini şeirlə vəsf etmişdir:

Seçmə şəhərlər var – cəmi bir neçə,

Bütöv xəzinədir Arranda Gəncə.

Varı bol, suyu saf, barlı-bəhərli,

İqlimi mülayim, torpağı gencə.

Əbdürrəşid əl-Bakuvi XV əsrdə yazırdı:

“Gəncə istehkamları olan Arran şəhərlərindəndir və şəhər gürcülərə yaxın olduğundan müsəlmanların sərhədyanı qalalarındandır. Çox bərəkətli və çörəkli şəhərdir...”

Böyük türk səyyahı Evliya Çələbi XVII əsrdə özünün “Səyahətnamə” əsərində yazırdı:

“Bu şəhər hal-hazırda əcəm əlində olan böyük şəhərdir. Gəncə şəhərində 6000 ev, cümə məscidi, karvansara, imarət, hamam, üstüörtülü abad bazar vardır. Bağlı-bağçalı olan bu şəhər düzənlikdə yerləşir... Gəncənin at nalı, dəmiri də ipəyi kimi məşhurdur”.

XVIII əsr görkəmli Azərbaycan səyyahı və mütəfəkkiri Hacı Zeynalabdin Şirvaniözünün məşhur “Bustanus səyahət” əsərində qeyd edir:

“Bir neçə şəhər var ki, onlar bütün şəhərlərdən gözəlliyi, quruluşu, ab-havası ilə üstündür. Birincisi Gəncədir”.

Tanınmış tədqiqatçı Y.A.Qaqemeysterin 1848-ci ildə Sankt-Peterburqda nəşr olunmuş “Новые oчерки Закавказья” əsərinin 87-ci səhifəsində deyilir:

“Gəncə və Bərdə Beyləqandan daha qədimdir”.

Gəncə şəhəri öz coğrafi mühitinə və təbii sərvətlərinə görə, həmçinin özünün strateji cəhətdən əlverişli mövqedə yerləşməsinə görə daim yadellilərin diqqət mərkəzində olmuş, müxtəlif dövrlərdə monqollar, xarəzmlər, gürcülər, ərəblər, ruslar və digər yadellilər buraya hücum etmişlər. Lakin qəhrəman Gəncə şəhəri, igid gəncəlilər hər dəfə hücumları dəf edərək düşmənə əyilməmiş, doğma şəhəri öz canları bahasına qorumuşlar.

 

Müəllif: Tarix elmləri üzrə fəlsəfə doktoru Elnur Həsən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR