Slimfit
  1. BİOQRAFİYA

Sadıq bəy Əfşar

Sadıq bəy Əfşar
Sakura

Sadıq bəy Əfşar - Azərbaycanın miniatür rəssamı, şair.

Sadıq bəy Sadiqi məşhur rəssam, bioqraf.

Azərbaycanın zəngin istedadlar kəhkəşanında miniatür rəssamı Sadiq bəy Əfşar ən parlaq ulduzlardan biridir. İstedadı Allah vergisi olan bir şəxsiyyət kimi Sadiq bəy Əfşar öz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı Şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanır), musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirəçilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır.

Bu qeyri-adi dərəcədə istedadlı şəxsiyyətin həyatı kəskin süjetli macəra romanlarını xatırladır. Biz onu gah dərviş kimi səyahət edən, gah kiçik bir malikanənin təsərrüfatını idarə eləyən, gah da dəhşətli döyüş səhnələrinin qəhrəmanı, bütün bunların fonunda isə ömrü boyu öyrənməyə can atan əbədi tələbə, həm də görkəmli sənətkar və nəhayət, şah sarayındakı kitabxana və bədii emalatxanaların rəhbəri kimi görürük.

Sadiq bəy türk-əfşar tayfasına mənsub olan əsilzadə bir ailədə dünyaya gəlmişdir. O,1533-cü ildə Təbrizdə doğulmuş və hələ uşaqlıqdan poeziya və rəssamlıqla maraqlanmışdır. İyirmi yaşında ikən atasını itirən Sadıq dərviş libasında ərəb dünyasının bir çox ölkə və şəhərlərini gəzməyə çıxır. Vətənə döndükdən sonra isə xırda hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmışdır.

Qeyri-adi fiziki və yaradıcılıq enerjisinə malik olan Sadiq bəy kiçik saraylardakı mühitdən tez bezir. Sənətkarın özü bu barədə yazır: "Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil." O, öz təhsilini artırmaq fikrinə gələrək, böyük rəssam Behzadın bir qohumuna şagird durur. Öz sözlərinə görə, "hansı işdən yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın sənətinə yiyələnmək idi... Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıq ürəkli, dövründə tayı olmayan bir ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi."

Müzəffər Əlinin yanında keçirdiyi təhsil illərində Sadiq bəy həm də Astrabad türkmənləri ilə döyüşlərdə özünün cəsurluğu və hünərvərliyi ilə şöhrət qazanır. Öz xarakterinin bu cizkilərini Sadiq bəy Azərbaycan və türkmənşəli olması ilə əlaqələndirirdi. Həmişə deyərmiş ki, "türklüyümü gözə çarpdırmaqla və qızılbaş ənənələrinə sədaqət göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın cəsur adamlarından heç kimi özümə tay bilmirəm. "

Səkkiz illik təhsil müddəti havayı keçmir. Müasirlərinin yazdığına görə, Sadiq bəy "nəhayət, böyük uğurlar qazanır və tayı-bərabəri olmayan incə fırçalı miniatür rəssamına çevrilir. O, minlərlə portret işləmişdir". Sadiq bəyi saraya dəvət edirlər. II Şah İsmayılın dövründə Sadiq bəy şah kitabxanasının nəzdindəki emalatxanalarda işləyir, Şah Məhəmməd Xudabəndənin (1578-1587) zamanında isə həmin məşhur kitabxananın rəhbəri olur və bu münasibətlə özünü "Sadiq-Kitabdar" adlandırır. Bu, həmin kitabxana idi ki, vaxtilə onun başında dahi miniatürçülərdən Behzad və Sultan Məhəmməd durmuşdu. Bu kitabxana əsl "İncəsənət Akademiyası" idi. Buradakı emalatxanalarda kitabların üzü köçürülür, miniatürlər yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Eyni zamanda burada xəttat, ornamentalist (nəqqaş), qızıl suyuna çəkmə (müzəhhib), rəngkar (müsəvvir), karton (səhhaf) və dəri cildləmə (mücəllid) üzrə kadrlar hazırlanırdı.

Sadiq bəy I Şah Abbasın vaxtında da həmin vəzifədə çalışır. Sonralar onu istedadlı xəttat və daha istedadlı saray xadimi və elə buna görə də "Şah Nəvaz" ("şahın nəvazişçisi") adlandırılan Əlirza Təbrizi əvəz edir. İskəndər Münşinin "Tarixi -aləmarayi-Abbasi" əsərində yazdığı kimi, Sadiq bəy bundan sonra da formal olaraq, kitabdar sayılırdı: " …Sadiq ölənə qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir. " Böyük sənətkar 80 yaşında vəfat edir.

Onun çağdaşı olan təzkirəçi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. O, "Sadiqi" təxəllüsü ilə gözəl şerlər yazıb. Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərinin müəllifidir. Bunlar arasında onun Azərbaycan və fars dillərində qələmə aldığı şerlər "Divan"ı, I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min gözəl beytdən ibarət "Fəthnameyi-Abbasi-namdar" ("Məşhur Abbasın fəthlər kitabı") adlı tarixi-epik poeması da vardır. XVII əsrin məşhur Azərbaycan tarixçisi İskəndər Münşi həmin əsəri Firdovsinin "Şahnamə"si ilə heç də təkcə ona görə müqayisə etmir ki, hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınmışdır.

Sadiq bəyin Azərbaycan dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir. Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş "Qanun əs-Sovər" ("Təsvirin qanunları") adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, zira burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir. Görünür, Avropa sənətşünaslarının Sadiq bəyə maraqlarının gün-gündən artmasının bir səbəbi də elə budur.

Sadiq bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Öz rəsmlərini ona qəsidə yazmış şair Qüruriyə bağışlayaraq deyir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "

Məlumdur ki, Sadiq bəy İmam Qulu xanın, Teymur xan Türkmənin portretlərini çəkib.Həmin portretlər, habelə "Əmir" və "Gəzərgi dərviş" şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Bütün bu işlərdə Sadiq bəyə xas olan manera-şəxsiyyətin xarakterini açan qabarıq cizgilər vermək saxlanılmışdır. Sadiq bəyin illüstrasiyalar çəkdiyi bir neçə kitab da indiyə qədər qalmışdır.

Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun əsərləri təsvir obyektini realist cizkilərlə vermək və perspektivi göstərməyə cəhd göstərməklə yadda qalandır. Mütəxəssislərin fikrincə, onun yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahanməktəbinin inkişafında böyük rol oynamışdır.

 

Qəzəlləri

Hər nəfəs gündin yədi-beyza edər izhar sübh
Ağlamaqdan seyli-çeşmi-əşkbarım qalmadı
Dün urub vaşilə bən xəstədili şad etdün
Yardin kam istəmək eşq əhlinə düşvar imiş
Driğa, dilbərim halım pərişan olduğun bilməz
Müşk yolunda can tökən qəlb olması yəqinimdür
Yenə nə bərq idi kim, saldı eşq canımğa
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın
Dərddin xanəvü beyt tutdum eymən cananın
Gözə ol şəh yolidin özgə gubari bolmasun
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün
Çarə kimdür ələmi biçarə olmuş könlümü
Müddəi qövlilə çün kim salmadın gözdən bəni
Şad olamazmı bilür bir qəmi-aləm nə imiş
Bir nigarın hicrivü nabədin cəhanın möhnəti
Mənzilim dərgahi-cananımda bolğay kaş ki
Qalmağay erdi bu aləmdə məhəbbət kaş ki
Etmə vaqif öldügümdin növhəgər həmdəmləri
Çadruyə yüzni, ey şux, diraz qılma məni
Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinə
Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz
Ey əcəl, al canımı, aləmni ansız körməyin
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur
Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot
Öylə sərkeşlik edir sərvi-qədi-rənası
Püstə nə deyər, bəhsini eylər o dəhanın
İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç
Könlümün hər dəm girər ol mahsima qoynuna
Vüsali müjdəsidin əşkbar gözüm
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi
Şövqim gətürdi cilvəyə ol sərvqaməti
Qıldı həngami-səfər sərvi-xuramanım vida ‎
Qəmi-fəraqın ilə dərdnak olub gedərin
Əgər dünya budur, bixanü biman olmamız yegdür
Doldu gözüm qubari-səri-kuyi-yardən
Əlkidə al alma, imas kim, ata tutar

 

Qəsidələri

Şekoft imas ki, nəsimi-səxavət ilə bu gün
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı
O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı
Dəhr dərmandələrdən müşkili asan eylər

 

Tərkibbəndləri

Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm

 

Qitələrləri

Ey qorçubaşı, ey sitəm əhlinə pişva
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR