Slimfit
  1. MEDİA

Şair: “Ən yaxşı sevgi şeirlərimi o qadına yazmışam” – Müsahibə

Şair: “Ən yaxşı sevgi şeirlərimi o qadına yazmışam” – Müsahibə
Sakura

Şair: “Ən yaxşı sevgi şeirlərimi o qadına yazmışam” – Müsahibə

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Ruzbeh Məmməddir.

Onunla müsahibəni təqdim edirik.

- İndi insanlıq üçün ən böyük təhdid nədir, bu günlərdə dünyanı cənginə alan koronavirus, yoxsa?..

- Zaman üçün dünyada baş verənlərin heç bir əhəmiyyəti yoxdur. Koronavirusdan əvvəl nə vardı, ya virusdan sonra hansı xəstəliklər peyda olacaq, bu haqda danışmaq ya gecdir, ya da müşkül. Elə adamlar var, hələ də inanırlar ki, bu, Amerikanın oyunudur.

İnsanları qorxudan şey ölmək yox, qorxu ilə yaşamaqdır. Amma vaxt keçdikcə bu qorxuya qarşı immunitet özünü gücləndirir. Bütün bəşəri narahatlıqlar nəyisə dəyişmək üçündür.

- Niyə dünyamızda sülh də silah gücünə elan edilir?

- Tarix boyu cəmiyyət sülh əldə etmək üçün nəyisə qurban verib. Maraqlısı budur ki, dünya nə qədər inkişaf edir-etsin, dəyişən bir şey yoxdur. Nəhəng bir ölkə müharibə edib cırtdan bir ölkəni özünə tabe edir. Yəni hökmranlıq ehtirası bitib-tükənmir. Vəhşi təbiətdəki heyvanlar da bu baxımdan insanlara bənzəyirlər, onlarda da hökmranlıq ambisiyası var.

Hökmran olmaq duyğusu insanlarda rudument halda qalır. Müharibələr o qədər müqəddəsləşdirilib ki, insanlarda şəhid olmaq arzuları baş qaldırıb. Məktəblərdə uşaqlara “şəhidlik müqəddəs zirvədir” şüuru aşılanır, bu düşüncədə böyüyənlər də döyüşçü ruhu, şəhid olmaq arzusu ilə qocalır. Sülh yalnız kitablardadır, qəlblərə isə müharibə duyğusu hakimdir.

- İnsanın çatmaq istədiyi azadlığın bir çərçivəsi olmalıdırmı?

- Azadlıq bir insanın hamıdan və hər yerdən çıxıb gedə bilməsidir. Yəni azadlıq, imtina etməyi bacarmaqdır. Bütün istəklərin ən mübhəmi azadlıq duyğusudur. Bizim anladığımız azadlıq isə çox bəsitdir, bizə görə azadlıq “bir ölkədə sərbəst yaşaya bilmək” deməkdir.

Amma yenə də bizə görə, o ölkədə hansı hislərlə yaşamağın fərqi yoxdur, əsas odur başına güllə yağmır, əsas odur başın gilyotin altında deyil. Lakin məişətdə bizə verilən azadlıq öz istismar müddətini tamamilə başa vurub. Buna baxmayaraq, azadlığın çərçivəsi olmalıdır. Necə ki, mənim azadlığım bir başqasının azadlığının başladığı yerə qədərdir.

- Yazırsan ki, hər yerdə qadınlar bizi gözəlləşdirdi. Şeirlərində də qadın mövzusu üstünlük təşkil edir. Demək olar ki, sevimli mövzundur.

- Mənə görə bəşəriyyət qadın anlayışı üzərində bərqərar olub. Qadınlar dünyanı mübhəmləşdirdiyi qədər kişi cinsini də mədəniləşdirir. Bütün dünyada qadınların necə böyük qüvvə olduğunun fərqinə varılır, qadınlarsız yaşamağın necə monoton, eybəcər olduğu bilinir.

Qadınların hökmran, güclü, kişidən üstün gücə sahib olmaq istəklərini isə heç vaxt qəbul etmirəm. Düşünürəm ki, qadın gücü kübarlıqla nəticələnməlidir. Əzələli, döyüşkən qadınlar diqqətimi çəkmir.

Nəyə görəsə qadınlar əsrlərdir sübut etmək istəyirlər ki, biz güclüyük, biz zəif məxluq deyilik. Qadınların təhsilli, dünyagörüşlü olmasını istəyirəm, amma kişi daş qaldıranda “mən də bunu qaldıra bilərəm” deməsi məni qəzəbləndirir. Sən daha çox bir kişiyə stimul verə bilərsən axı, qadın.

Həmişə şeirlərimdə qadınları üstün və lazımlı varlıq kimi göstərmişəm. Axrıncı “Gecə saat üçdür və mən səni sevirəm” kitabımda sevgi şeirləri yer alıb. Sevgi şeirlərini də qadınlar gözəlləşdirir. Sevdiyim bir qadın vardı, adı Aynurdu. Ən yaxşı sevgi şeirlərini ona yazırdım. Ondan sonra bir neçə sevgi şeiri yazıb, silmişəm.

Sevgi şeirləri bir qadınla sona çatır. Başqa mövzularda da yazıram. Vətənpərvər mövzular çox vaxt pafos kimi çıxır. Dünyəvi şeirlər kütləviləşir, sevgi şeirlər isə pıçıltı ilə oxunur.

- Xəyalları insanın gələcəyidirmi?

- Bu günün xəyalları artıq sabah üçün tarixdir. Tarix yalnız özünü və dünyanı dərk etmək üçündür, gələcək üçün tarixin heç bir rolu yoxdur. Uşaq vaxtı qurduğum xəyalların başına zamanla güllələr çaxdım.

Adam gec, ya da tez həqiqəti qəbul etməlidir. Nə qədər ağrılı və amansız hisdir həqiqəti anlamaq. Həqiqəti anlayanda adamın gözündə hər şey adiləşir. Bir vaxtlar arzuladığın və ümidli olduğun hər şey əfsanəyə, utopiyaya çevrilir. Bu dünyada isə yaşamaq üçün həqiqətlər lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR