Slimfit
  1. TARİX

Səfərə qatarla çıxan liderlər – zaman onların qatarını amansızcasına apardı

Səfərə qatarla çıxan liderlər – zaman onların qatarını amansızcasına apardı
Sakura

Səfərə qatarla çıxan liderlər – zaman onların qatarını amansızcasına apardı

Müasir dövrün siyasi liderləri yaxın və uzaq səfərlərində nəqliyyat vasitəsi kimi əsasən təyyarələrdən istifadə edirlər. Sözsüz ki, bu da ilk növbədə vaxt və təhlükəsizlik baxımından siyasilər üçün sərfəlidir. Amma SSRİ rəhbərləri təyyarə ilə yanaşı, qatara da üstünlük veriblər, hətta bəzən elə olub ki, birincilər uzun məsafələri belə qatarla qət etməyi daha rahat sayıblar.

İosif Stalinin xidməti 501 nömrəli qatarında onun üçün çəkisi 80 ton olan xüsusi zirehli vaqon hazırlanıb. Bu vaqon yalnız Stalinə məxsus olub. Onu müşayiət edənlər isə eyni qatarın digər vaqonlarında yola çıxıblar.

Stalin Tehran konfransa Bakıya qədər həmin qatarla gəlib. O cümlədən Yalta şəhərinə səfəri zamanı da Stalin öz yol rahatlığını bu qatarda, öz zirehli vaqonunda tapıb. Sovet lideri Potsdam konfaransına da qatarla gedib. Konfransdan qabaq SSRİ sərhədindən Potsdama qədər 828 kilometr uzunluğunda yeni dəmiryolu xətti salınıb.

Nikita Xruşov da öz səfərlərində xüsusi qatardan istifadə edib. O, demək olar ki, bütün SSRİ ərazisini qatarla gəzib. Vyanada Amerika Birləşmiş Ştatlarının prezidenti Con Kennedi ilə görüşə Xruşov məhz qatarla gedib.

Sovet liderləri arasında qatarla səfər etməyə daha çox meyllisi Leonid İliç Brejnev olub və onun qatarı komfort və rahatlığına görə əvvəlkilərdən xeyli dərəcədə fərqlənib.

Çəkisi 100 tondan artıq olan zirehli vaqon üç otaqdan, qarderobdan və sanitar qovşaqdan ibarət olub. Otaqların biri baş katibin kabineti olub. İkinci otaq ziyafət və görüşlər üçün nəzərdə tutulub. Üçüncü otaq isə Brejnevin istirahət otağı olub.
Vaqondakı iki böyük qarderob baş katibin geyimləri üçün hazırlanıb.

Sanitar qovşaqda mövcud dövr üçün mümkün olan bütün şərait yaradılıb, hətta Brejnev bu sanitar qovşaqda vanna qəbul etmək imkanına da malik olub.

Qatarda xüsusi havalandırma, isitmə, işıqlandırma, rabitə və təhlükəsizlik vasitələri quraşdırılıb.

Əvvəlki liderlərdən fərqli olaraq Brejnevi müşayiət edənlərin sayı da çox olub. Köməkçilər, həkimlər, aşpazlar, katibliyin əməkdaşları, səfərin məqsədinə uyğun Mərkəzi Komitənin katiblərindən biri, müvafiq nazirliklərin nümayəndələri və s. səfər zamanı baş katibin qulluğunda dayanıblar.

Vaqonun otaqları xüsusi zövqlə işlənilib, bəzi hissələrdə qızıldan düzəldilmiş əl işləri də olub.

Baş katibin səfəri zamanı bütün qatarı Dövlət Təhlikəsizliyi Komitəsinin 9-cu idarəsinin əməkdaşları nəzarətdə saxlayıb. Bütün yolboyu DTK əməkdaşları növbə ilə maşinistin yanında əyləşiblər.

Bununla yanaşı, səfərin istiqamətinə uyğun olaraq xüsusi təyinatlılar bütün yolayrıclarında, qatarın keçəcəyi yaşayış massivlərində, ən kiçik stansiyalarda belə təhlükəsizliyin təmin olunması üçün xüsusi nəzarət postları yaradıblar.

Brejnev yolboyu vilayət mərkəzlərində, böyük şəhərlərdə yerli partiya komitələrinin rəhbərləri ilə görüşlər keçirib. Bəzən bu görüşlər bir neçə saat uzanıb. Brejnev xüsusi hazırlanan süfrəyə təşrif buyuranda yerli birinci katiblər üçün bu şərəf sayılıb.
Brejnevin səfərlərə daha çox qatarla çıxmasının digər bir səbəbi də olub. Kremlin baş həkimi (SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazov baş katibə ürəyində olan problemlərlə görə təyyarədən daha az istifadə etməyi məsləhət görüb.

Brejnev qatarla səfərlərindən həmişə razı qalıb. Səfərlər zamanı bir dəfə də olsun istər texniki, istərsə də təhlükəsizlik baxımından problem yaranmayıb. Səfərlərin sonunda baş katib maşinistlərlə və onların köməkçiləri ilə görüşüb və şəxsən təşəkkür edib:

- Səfərimiz uğurla sona çatdı. Yaxşı “maşındır”, sürətlə gedir. Sükanı həmişə belə saxlayın.

Brejnevin vəfatından sonra onun qatarından çox nadir hallarda istifadə olunub. Boris Yeltsin həmin qatardan cəmisi bir dəfə, Rostova səfər edərkən istifadə edib. 2000-ci ildə isə Vladimir Putin bir dəfə həmin qatarın sərnişini olub.
Sonralar bu qatardan arabir biznesmenlər və tanınmış incəsənət adamları istifadə ediblər.

Brejnevin vaqonunu bəzən sərgilərə də çıxarırlar. Müasir dövr üçün bu vaqon köhnə sayılsa da, yaxın tarixə nəzər yetirənlər üçün maraqlı görünür...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR