Slimfit
  1. BİOQRAFİYA

Şəmsəddin Eldəniz

Şəmsəddin Eldəniz
Sakura

Şəmsəddin Eldəniz - Azərbaycan Atabəylər dövlətinin yaradıcısı, siyasi xadim və sərkərdə

Şəmsəddin Eldəniz — mənşəcə qıpçaqlardan olan hökmdar, Azərbaycan Atabəylər dövlətinin yaradıcısı, siyasi xadim və sərkərdə. 1136-cı ildə sultan Məsud Arranı Eldənizə bağışlayaraq ona "Şəmsəddin", yəni "dinin günəşi" titulunu verdi. O, Bərdədə yerləşən iqamətgahına gələrək, öz müstəqilliyinə qədəm qoyur. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. O, xırda əmirlikləri özünə tabe etdi və sonralar Eldənizlər dövlətini və dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Bu dövlət onun adı ilə Eldənizlər adlandırıldı. Dövlətin paytaxtı Naxçıvan idi. 1141-ci ildə Səlcuqların Azərbaycan hakimi Qara Sunqurun vəfatından sonra bütün Azərbaycanın idarəçiliyini də ələ keçirdi. Eldənizin yaratdığı yeni dövlətin ərazisi genişləndi.

1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Arslan şah taxta çıxmalı olur. Bu hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün Eldəniz 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.

Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.

Atabəy Şəmsəddin Eldəniz dövlətin müqəddaratının həlledicisi və əsl hakimi idi. Sultan Arslan şah Atabəyin iradəsinin müti icraçısı idi. Onun sultanlıq şərəfi ancaq bununla qurtarırdı ki, adına pul kəsilir və xütbə oxunurdu. Əvvəllər ona tabe bütün ərazilərə tam nəzarət etməsə də, güclü dövlət hakimiyyətinin varlığı ilk növbədə iri əyalətlərin hakimlərini və Səlcuqilərin rəqibi Bağdad xəlifəsini qane etmirdi.

1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslan şah vəfat etdi.

 

Hakimiyyəti

Qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir bir dəfəyə qırx qul alsaydı, onları satan tacirdən yalnız otuz doqquzunun pulu alınır, qırxıncı isə pulsuz verilirdi. Sultan Mahmudunhakimiyyəti dövründə (1118-1131) bir qul alverçisi otuz doqquz qul satıb, qırxıncı üçün pul göndərməmişdi. Həmin qul yöndəmsiz və çirkin Eldəniz olmuşdur. Tacir qulları arabalara dolduraraq, İraqa gətirmişdi. İlin isti vaxtları olduğu üçün karvan yalnız gecələr yol gedirdi.

Eldəniz satınalınma qullardan ən kiçiyi idi. Yolda o üç dəfə yuxulu halda arabadan düşmüşdü. İki dəfə onu qaldırıb onu arabaya qoymuşlar, üçüncü dəfə isə tacir, onsuz da onu pulsuz aldığından, əmr edir ki, onu yolda qoysunlar. Eldəniz səhər ayılanda, karvanın izidə qalmamışdı. Axşamçağı o, karvanı haqlayanda, taciri heyrət bürümüşdü.

Eldənizi qul kimi alan Səlcuq vəziri Sümeyrəminin 1122-ci ilin mayında (hicri 516-cı ilin səfər ayı) sui-qəsdlə öldürülməsindən sonra Sultan Mahmud onun bütün var-dövlətini müsadirə etdirirdi. Eldəniz də sultanın xidmətinə keçdi. Sultan Mahmud Eldənizin bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Tezliklə onu sultan mətbəxinə başçı (əlhivan salar) qoydular. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı. Burada Eldəniz öz sahmançılığını və iş aparmaq bacarığını göstərdi. Sultan II Toğrulun hakimiyyəti dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi. Sultanın xanımı Möminə Xatun ona xüsusi iltifat göstərirdi.

1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi. Cüzcaninin dediyinə görə, "Şəmsəddin Eldəniz öz imperiyasının öz qulları arasında bölüşdürən Böyük Sultan Səncərin məmlükü idi. Bu qullar atabəy adı daşıyırdılar. Azərbaycanın və İraqın taxt-tacını Səncər atabəy Eldəniz əs-Səncəriyə verdi. O, Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır".

 

Hakimiyyətin ələ keçirilməsi

Hicri 555-ci ilin zülqədə ayında (noyabr, 1160) atabəy Eldəniz 20 minlik ordunun başında Arslan şahla Həmədana gəldi. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslan şaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu. Bu gündən Şəmsəddin Eldəniz "Böyük atabəy" (atabəy əl-əzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipəhsalar əl-kəbir) təyin edildi. Eldəniz özünün bürün əmirlərini dövlətdə yüksək vəzifələri təyin etdi.

Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı Təbrizdə idi.

 

Şəmsəddin Eldəniz müstəqil dövlətin hökmdarı kimi

Sultan Məsudun KNKİM ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş İl-Dənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın dövründə İl-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, İl-Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis elan edirlər. Sui-qəsd nəticəsində sultan Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər. 1160-cı ilin noyabrında atabəy İl-Dəniz Arslan şahı sultanlığın paytaxtı Həmədan şəhərinə gətirir. Onu 20 minlik ordu müşayiət edirdi. Tacqoyma mərasiminə sultanlığın bütün vilayətlərindən və vassal ölkələrdən hakimlər gəlmişdi. Arslan şah İraq sultanlığının sultanı, Şəms əd -Din İl-Dəniz "Böyük Atabəy", onun oğlanları- sultanın böyük ögey qardaşı Məhəmməd Cahan Pəhləvan əmir-Hacib, kiçik qardaş Qızıl Arslan isə ordu komandanı elan olunur. İl-Dəniz özünün bütün əmirlərini böyük dövlət vəzifələrinə qoydurur. Tacqoyma mərasimində iştirak edən bütün əmirlər sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içirlər.

İl-Dəniz faktiki olaraq bütün ölkənin hakiminə çevrilir. Hakimiyyətin bu cür mərkəzləşməsi Bağdad xəlifəsini və iri vilayətlərin hakimlərini qorxuya salır. Onlar öz üstünlüklərini əldən vermək istəmirdilər. Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edir və narazı əmirlərin koalisiyasını yaratmağa başlayır. Bu məqsədlə o, özünə sadiq səlcuq şahzadələrindən birinə söz verir ki, onu sultan taxtına çıxaracaqdır.

İl-Dəniz əmirlərin birləşməsini qabaqlayaraq onların öz ərazilərinə yeriyərək, ordularını darmadağın edir. Ən parlaq qələbəsini Həmədan, Rey və Qəzvin yaxınlığında qazanır. Bu qələbələrdən qorxuya düşmüş əmirlərin çoxusu sultandan vassal asılılığında olduğunu etiraf etmək zorunda qalır. Rey hakimi İnanc hətta məcbur qalıb öz qızını Böyük Atabəyin oğlu Məhəmməd Cahan Pəhləvana verir. Akademik Z. Bünyadovun sözləri ilə desək, "Beləliklə, atabəy Şəms əd-Din İl-Dəniz Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirir. İl-Dənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə İl-Dənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər."

İl-Dəniz sultanlığın daxilində vəziyyəti nisbətən tez bir vaxtda sabitləşdirir. Lakin bir tərəfdən Gürcüstan, o biri tərəfdən Xarəzm kimi mürtəce qonşularla dil tapmaq müəyyən çətinlik törədir. 1161-ci ildə gürcülər Ani, Dəbilvə Gəncəyə amansız hücumlar etdikdən sonra isə Atabəy İl-Dəniz öz qoşunlarını gürcü feodallarına qarşı mübarizəyə hazırlayır. Bir sıra vilayət hakimləri də öz qoşunları ilə birlikdə ona qoşulurlar. İl-Dəniz bütünlükdə 50 min nəfərlik qoşun toplayaraq, 1163-cü ildə müttəfiqlərlə birlikdə gürcülərə qarşı yürüşə başlayır. İl-Dəniz darmadağın edilmiş Dvini onlardan alaraq, gürcü çarı III Georgiyə ağır zərbələr endirir. Bu yürüşdə iştirak etmiş tarixçilərdən biri yazırdı: "Gürcülər biabırçıcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, saya-hesaba gəlməz. Axurları gümüşdən tökülmüş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənləri olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan iki min dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmədana, məscidə yolladı ki, adamlar onlardan su içsinlər. İkinci bir çəni türkmənlər ələ keçirib, tikə-parça etdilər. Müsəlmanlar həddən artıq qənimət qazanaraq, çoxlu adam qırdılar. Abxaziya çarı qaçmağa üz qoydu və sıx meşədə gizləndi. Ərmənlərin şahı üç tay yük ələ keçirdi ki, bunların birində qızıl və gümüş qablar, ikincisində xaçları qızıl və gümüşdən tökülmüş və bahalı daş-qaşla bəzədilmiş tayı-bərabəri olmayan ziqiymət çar sovməsi, üçüncüsündə isə çarın xəzinəsi vardı. Həmin tayın içində olan qızıl, gümüş və daş-qaşın qiymətini heç cür hesablamaq mümkün deyildi."

Belə ağır məğlubiyyətə uğradıqlarına baxmayaraq, gürcülər sultanlığın şəhərlərinə basqınlarını davam etdirirlər. Döyüşlərdə gah bu, gah da o tərəf qalib gəlir. 1175-ci ildə gürcülər yenidən ağır məğlubiyyətə uğrayırlar. Salnaməçilər yazır: "abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldılar ki, hələ ruzigarın gözü belə şey görməmişdi." Və yalnız bu döyüşdən sonra qərb sərhədlərində vəziyyət sabitləşir, köhnə sərhədlər bərpa olunur.

Sultanlığın şərq sərhədləri daim qüdrətli Xarəzmşah İl-Arslanın təhdidi altında idi. Mübahisələr əsasən Xarəzmlə həmsərhəd olan Nişapur şəhəri üstündə gedirdi. İl-Dəniz Nişapuru onun hakimi Xarəzmşahın tərəfinə gedənə qədər vassal asılılığında saxlaya bilir. Rey hakimi əmir İnanc da illik vergini ödəməkdən imtina edirək, şəhəri ətraf ərazilərlə birlikdə Xarəzmşahın tabeliyinə vermək istəyir. Bunu eşidən İl-Dəniz təcili olaraq, qoşunu ilə oraya tələsir. Əmir İnancla Xarəzmşahın birləşmiş orduları məğlubiyyətə uğrayır. Rey qalasına girib, özünü gizlədən əmir İnanc vəzirini Böyük Atabəylə danışığa göndərir. İl-Dəniz İnancla hər hansı bir danışıq aparmaqdan imtina edir, vəzirə isə deyir: "Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan. Bu heç zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağanla yad ölkədə qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü kasıbçılıq və məhrumiyyətlər içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirgəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi oğlum Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən, mən öz vədlərimi həyata keçirməyə and içib, söz verirəm."

Vəzir müdrik bir qərar çıxarır. Onun əmri ilə qulları İnancı qətlə yetirirlər, vəzir özü isə Rey hakimi təyin edilir və Atabəylə yaxınlaşır. 1175-ci ildə Böyük Atabəyin xanımı, səlcuq sultanı II Toğrulun dul qadını Möminə xatun rəhmətə gedir. Bircə ay keçmir ki, İl-Dəniz özü də dünyasını dəyişir. Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş bu böyük qadının xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində dahi Azərbaycan memarı Əbubəkr Əcəminin yaratdığı möhtəşəm məqbərə ucaldılır. Məqbərənin tikintisinə Böyük Atabəyin sağlığında başlanılır, onların oğlanları Cahan Pəhləvanın dövründə, 1186-cı ildə bu iş sona çatdırılır. Görünür, Möminə xatunu Cahan Pəhləvanın arvadı sayan bəzi sənətşünasların yanlışlığı da buradan gəlir. Akademik Z. M. Bünyadovun yazdığına görə, Cahan Pəhləvanın üç hərəmi olub: Zahidə xatun, İnanc xatun və Quteybə xatun. Böyük Atabəy Şəmsəddin İl-Dəniz isə Naxçıvanda vəfat edir,lakin Həmədanda dəfn olunmuşdur.

 

 

Məktublar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR