Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
TARİX

Sultan Atatürkü Samsuna niyə göndərmişdi? – Möhtəşəm tarix

Sultan Atatürkü Samsuna niyə göndərmişdi? – Möhtəşəm tarix

151 Baxış
Sultan Atatürkü Samsuna niyə göndərmişdi? – Möhtəşəm tarix

Qalib dövlətlər I Dünya müharibəsindən məğlub çıxan Osmanlı Türkiyəsinin siyasi varlığına son qoymaq və dünyanın siyasi xəritəsindən silmək niyyətində idilər. Xristian azlıqların hüquqlarını təmin etmək adı ilə Şərqi Anadoluda rum, erməni və s. azlıqlardan ibarət kiçik dövlətlər yaradılması nəzərdə tutulmuşdu. Bu həlledici dönəmlərdə Osmanlı Türkiyəsi demək olar ki, ideoloji və siyasi cəhətdən iki hissəyə ayrılmışdır: işğalı qəbul edərək ona boyun əyənlər və işğala qarşı mübarizə aparmaq məqsədi ilə milli mücadiləyə qoşulanlar. Birinci ideoloji cəbhəyə Osmanlı Sultanı Vahəddin, ikinci cinaha isə Mustafa Kamal Paşa rəhbərlik edirdi. Bu ideloji və siyasi qütbləri aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Başda Osmanlı Sultanı Vahəddin və hökümətə rəhbərlik edən Damat Fərid Paşa olmaqla işğala boyun əyən, Türkiyənin parçalanmasını və ərazisində xiristian azlıqlarının təmsil olunduğu dövlətlərin yaradılmasını qəbul edərək öz hakimiyyətlərini qorumağa çalışan şəxslər və quruluşlar. Burada Rum Patrik quruluşuna daxil olan Mavri Mira Heyəti, Yunan Qızılxaçı, Rəsmi Köçkünlər Komissiyası, başda Zazen olmaqla Erməni Patrik quruluşu, Pontus Cəmiyyəti, İngilis Mühipləri Cəmiyyəti - bu cəmiyyətə daxil olan şəxslərin içərisində hətta Sultan Vahəddin, Damat Fərid Paşa, Daxili İşlər naziri Əli Kamal, Adil və Məhməd Əli, Sait Molla da vardı. Bu qrupa həmçinin Diyarbəkir, Bitlis, Elazığ ərazilərini əhatə edən və İstanbuldan idarə edilən Kürd Teali Cəmiyyəti də daxil idi. Bu təşkilat Konya ətrafında fəaliyyətini genişləndirərək İstanbuldan idarə edilən Teali-i İslam Cəmiyyəti quraraq, xarici dövlətlərin himayəsi ilə göstərilən ərazilərdə kürd dövləti qurmağı hədəfləyirdi.

2. Başda Mustafa Kamal Paşa olmaqla, Türkiyənin işğal edilməsi ilə barışmayan və buna qarşı mübarizəyə qoşulan şəxslər və quruluşlar. Həmçinin buraya Vilayeti-Şarkiyə Müdafaa hukuk-ı Milliyə Cəmiyyəti, Trabzonda Muhafaza-i hukuk təşkilatı, Havalisi Adem-i Mərkəziyət Cəmiyyəti və s. daxil idi.

Türkiyənin işğalının qaçılmaz olduğu fikirinin özünə aksiom kimi qəbul edən bir qrup təşkilat da lokal məkanlarda öz kiçik dövlətlərini qurmaq fikirində idilər. Bu kateqoriyaya isə Trakya Paşaeli Cəmiyyətini nümunə gətirmək olar.

Dövrün siyasi mənzərəsi Mustafa Kamal Atatürkün düşüncəsində və dilində belə söylənilir:

“19 may 1919-cu il tarixdə Samsuna gələndə ölkənin vəziyyəti belə idi – Osmanlı Dövlətinin qoşulduğu qrup I Dünya savaşında məğlub olmuşdur. Osmanlı ordusu hər tərəfdə zədələnmiş şərtləri ağır bir atəşkəs müaviləsi bağlamağa məcbur edilmişdir. Böyük savaş milləti yorğun və aciz duruma salmış, məmləkəti bu müharibəyə sürükləyənlər isə öz həyatlarını qurtarmaq üçün ölkədən qaçmışdılar. Səltənət və xilafət məqamında oturan Sultan Vahəddin soysuzlaşmış taxtını qoruya biləcəyini xəyal etdiyi alçaqca tədbirlər araşdırmaqda idi. Damat Fərid Paşanın rəhbərlik etdiyi hökumət aciz, ləyaqətsiz və qorxaq durumda idi. Yalnız padşahın iradəsinə boyun əyməkdə və onunla birlikdə özlərini qoruya biləcək hər bir duruma razı idilər. Osmanlı ordusunun əlindən silahları və cəbbəxanası alınmışdı, işğalçı dövlətlər atəşkəs müqaviləsinin şərtlərinə belə əhəmiyyət verməyərək istədikləri kimi hərəkət edirdilər. Müxtəlif bəhanələrlə donanmalara və İstanbula əsgər yerləşdirmişdilər. Adana fransızlar, Urfa, Maraş, Ayıntap (Gazintep) ingilislər tərəfindən işğal edilmişdi. Antalya və Konyada italyan ordu hissələri, Merzifon və Samsunda isə ingilis əsgərləri yerləşdirilmişdi. Hər tərəfdə xarici əsgərlər və məmurlar və xəfiyyələr fəaliyyətdə idi. İzmiri isə yunanlar işğal etməyə hazırlaşırdılar”.

Mustafa Kamal Paşanı bütün cidd-cəhdlə İstanbuldan uzaqlaşdırmağa çalışan Vahəddin hökuməti onu Samsuna göndərməklə həm də ingilis hökumətinə xidmət etməsini nəzərdə tutmuşdur. Mustafa Kamal Paşa Samsuna gedərkən hökumətdən böyük səlahiyyətlər istəmişdi. Hökumət Mustafa Kamal Paşanı İstanbuldan uzaqlaşdırsın deyə, onun istədiyi bütün səlahiyətləri vermişdi. Demək olar ki, ordunu Mustafa Kamal Paşaya tabe etdirmişdilər.

Osmanlı Sultanı Vahəddinin Mustafa Kamal Paşanı göndərilməsinə bəslədiyi ümidlər özünü doğrultmadı. Hökumət tərəfindən bir neçə gündən sonra Mustafa Kamal Paşaya verilmiş viza ləğv edilərək, onun həbs edilməsi barədə qərar qəbul edildi. Lakin artıq gec idi, artıq türk millətinin bağrından doğulan böyük lider ortada idi. O, artıq türk millətinin səfərbər olması ilə məşğul idi.

Səfərbərliklə bağlı ilk təşkilati iş məhz Ərzurum Konqresinin toplanması oldu. Mustafa Kamal Paşa artıq Amasiya Bəyanatında Ərzurum Konqresinin toplanmasına çağrış etmişdi.

Ərzurum Konqresinin hədəf və məqsədləri

Konqresin əsas məqsədi işğalçı dövlətlərin dəstəyi və himayəsi ilə Şərqi Anadoluda rum və erməni dövlətinin yaradılmasının qarşısını almaq idi. Bu məqsədlə Konqres xalqın dəstəyini almaq, bölgədəki milli qüvvələri səfərbər edərək Türkiyənin parçalanmasının qarşısını almağı qarşısına vəzifə qoymuşdu.

Ərzurum Konqresi 23 iyul 1919-cu il tarixdə işğal altında olan Trabzon, Ərzurum, Sivas, Bitlis və Van bölgələrinin 62 nümayəndəsinin iştirakı ilə fəaliyyətə başladı.

Ərzurum Konqresi 9 nəfərdən ibarət idarə heyəti seçmiş və 38 səs çoxluğu ilə Mustafa Kamal Paşa Konqresin sədri seçilmişdir. 14 gün davam edən Konqres regional quruluş kimi fəaliyyətə başlasa da, Türkiyə Cümhuriyyətinin taleyüklü məslələrinə dair beynəlxalq əhəmiyyətli qərarlar qəbul etmişdir. Konqres Mustafa Kamal Paşanın mülki vəzifə aldığı ilk qurum kimi Türkiyə Cümhuriyyəti tarixinə düşdü.

Ərzurum Konqresinin qərarları

* Milli sərhədlər çərçivəsində vətən bir bütündür, parçalana bilməz;

* Hər hansı əcnəbi işğalına qarşı millət birlikdə mübarizə apararaq müdafiə hüququnu təmin edəcəkdir;

* İstanbul Hökuməti vətənin müstəqilliyini təmin edə bilməsə, müvəqqəti bir hökumət qurulacaqdır. Bu hökumət milli konqres tərəfindən seçiləcəkdir. Konqres toplanmamış olduğu təqdirdə bu seçkini Nümayəndələr Heyəti həyata keçirəcəkdir;

 

* Kuva Milliyəni təsirli, milli iradəni hakim bilmək əsasdır;

* Azlıqlara siyasi hakimiyyətimizi və sosial balansımızı pozacaq imtiyazlar verilə bilməz. Ancaq bu vətəndaşların canları, malları və vicdanları hər cür təcavüzdən qorunacaqdır;

* Mandat və himayə qəbul olunmaz;

* Milli iradə və toplanan milli qüvvələr padşahlıq və xilafət məqamını qurtaracaqdır;

* Məbuslar Məclisinin dərhal toplanmasına və hökumətin gördüyü işlərin millətcə nəzarətinə çalışılacaqdır;

* Müstəmləkəçilik məqsədi daşımayan dövlətlərdən texniki, sənaye və iqtisadi yardım qəbul etmək olar.

İstanbul Hökuməti Ərzurum Konqresinin fəaliyyətini pozmağa cəhd etsə də, Konqres böyük əzmlə işini davam etdirdi.

Ərzurum Konqresinin nəticələri

Ərzurum Konqresi türk milli mücadilə hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. Konqresin qərarları ölkə daxilində yayımlanmaqla bərabər, həmçinin xarici dövlət təmsilçilərinə də göndərildi.

Regional konqres kimi fəaliyyətə başlayan qurumun qəbul etdiyi sənədlər beynəlxaql əhəmiyyət daşıdı.

Ərzurum Konqresində ölkə daxili vəziyyətə təsir edəcək qərarlarla bərabər, xarici siyasətin prioritetlərini müəyyənləşdirəcək qərarlar da qəbul edildi.

Qərbi Anadoludakı cəmiyyətlərin milli mücadiləyə qoşulmasını sürətləndirdi.

Müstəqlilliyin qorunmasına dair ilk qərar məhz bu Konqresdə qəbul edildi.

Ərzurum Konqresi türk milli mücadilə hərakatının təşkilatlanmasında müstəsna rol oynadı.


Mənbə: Axar.az




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X