Slimfit
  1. AZƏRBAYCANLI

TANIDIĞIM ELMAN

TANIDIĞIM ELMAN
Sakura

TANIDIĞIM ELMAN

İnsan doğulur, yaşayır və günlərin bir günü köçünü yığıb dünya ilə vidalaşır, əbədiyyətə qovuşur. Nə doğulmaq, nə də ölmək kimsənin iradəsindən asılı deyil, təbii bir prosesdir, bu. Ancaq doğumla ölüm arasındakı məsafəni yaşamaq, yolu getmək hər kəsin özündən asılıdır. Baxır, necə yaşayacaqsan, neçə gedəcəksən, nəyin qalacaq həyatda: pisliklərlə dolu ömürmü, yoxsa ləyaqət, qeyrət, xeyirxahlıq, hörmət?! Eniş də, yüksəliş də bu sualın cavabından asılıdır...

Hələ ki, hər birimiz yol gedirik, ömür deyilən yolun yolçulayırıq. Bu yol nə vaxt qurtaracaq, sonu hardadır-bilmirik, bilə bilmirik. Ona görə də yaşamağa tələsmək lazımdır: nəcib əməllər sahibi olmaq, xeyirxahlıq etmək, el-obaya, adamlara, Vətənə gərək olmaq üçün!

Elman da-Elman Eldaroğlunu deyirəm-hələ yol gedir, sözün əsl mənasında inamla, qeyrətlə, ləyaqətlə. Əməli ilə sevilir, seçilir, hörmət edilir ona. «Vətən mənim üçün Yardımlıdan başlanır, böyüyür, bütövləşir, tamlanır»-deyir Elman. Əslində o, heç Yardımlıda doğulmayıb. Əlli dörd il əvvəl dünyaya da, Günəşə də, Vətənə də ilk dəfə Sumqayıtdan boylanıb. Ağlı kəsəndən Yardımlı sevgisi qəlbini, ürəyini işğal edib. Kim bilir, bəlkə bu elə onun kövrək, pak uşaq dünyasının yadigarıdır. Məktəb illərində bir qayda olaraq, hər il yay tətilini Yardımlıda- Dəlləkli kəndində keçirərdi. Babası Ağadin kişinin maraqlı, duzlu, bir az da məzəli söz-söhbətlərindən doyammazdı. El-oba, kənd-kəsək, Vətən sevgisi, məhəbbət də babasından yadigardır, ərməğandır ona. Elman deyir ki, bu gün də o dağlardan, qayalardan, çöllərdən, çəmənlərdən, meşələrdən, bumbuz bulaqlardan ilham, enerji alır. Ona görə də ayda, iki ayda bir mikroavtobusa oturub üz tutur Yardımlıya. Ona görə də nə enerjisi, nə də doğma yurda sevgisi, məhəbbəti tükənmir. Elə bu amil də Elmana çiynlərini ən ağır yükün altına verməsinə səbəb oldu. Mərdi-mərdanə ortaya atıldı, təşəbbüs göstərdi, gecəsini gündüzünə qatıb «Yardımlı Xeyriyyə Cəmiyyəti»ni yaratdı, ərsəyə gətirdi. «Yardımlının səsi» qəzetini təsis etdi. Bunu adlı-sanlı yardımlılar da edə bilərdi, etmədilər: ya istək olmadı, ya da bacarmadılar. Məncə, istək olmadı, el-oba yanğısı çatmadı. Elmanda isə hər şey içdən gəlir, təmizdir, dupdurudur, novdur, aydındır: istək də, məhəbbət də, sevgi də, yanğı da. Yanğı içdən gələndə istək gerçəkləşir, arzu reallaşır.

Çalışdı, iradə göstərib “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratdı. Onu formalaşdırıb ayaq üstə qoydu. Bu xəttnən daha nələr etmir ki? Yardımlıdan bəhs edən internet saytı yaratdı- dünyaya nəfəslik açıldı: Rayon barədə demək olar ki, bütün məlumatlar bu saytda yerləşdirilib. Kimsəsizlərin, tənhaların, imkansızların siyahısını tərtib edib, hər əziz bayramlarda əlliyə yaxın adama yardım bağlaması verir. Bu qədər insana dayaq durmaq, yanında olmaq, sevinc yaşatmaq məgər asandırmı? Əlbəttə, yox, ancaq Elman bunu edir, etməyi bacarır. Dünyasını dəyişmiş adlı-sanlı yardımlılara xatirə gecələri keçirir, anım məclisləri təşkil edir. Rəhbərlik etdiyi təşkilatın xəttiylə keçirilən belə tədbirlərdə başqa bölgələr də yaddan çıxmır. Elə şair-puplisist Vaqif İbrahimin latın qrafikasında ilk kitabının nəşri və həmin kitabın təqdimat gecəsi, daha kimlərin Sumqayıt şəhərində anılması bunu bir daha təsdiqləyir. Öz təşəbbüsü ilə dörd-beş dəfə rayona həkim briqadası göndərib, müxtəlif xəstəliklərdən əziyyət çəkən imkansızları əməliyyat elətdirib, müayinədən keçirtdirib. Bundan da böyük alqış, xeyirxahlıq olarmı? Yenə onun səyi ilə ilk dəfə ölkə miqyaslı idman yarışları (şahmat və karate üzrə) Yardımlıda baş tutub. Birdirmi, beşdirmi Elmanın Yardımlı ilə yardımlılar üçün gördüyü işlər. Hamısını sadalasam, bütün bunları bir nəfərin necə edə bildiyinə heyran qalarsınız. Bu gələcəyin mövzusu olduğu üçün, onu indidən gözə gətirmək istəmirəm, onsuz da nə vaxtsa onun böyüklüyünün Siz də şahidi olacaqsınız...

Cəmiyyət də, qəzet də onun ən əziz, dəyərli övladlarıdır. Hər dəfə qəzetin növbəti sayı işıq üzü görəndə elə bil, bir dünya sevinc verirlər ona. Həm də bütün bu işləri köməksiz, təkbaşına görür. İmkanlı, vəzifəli yardımlılar da bunu edə bilərdi axı. Sadəcə olaraq dediyim kimi istək, həvəs, o böyük yanğı yoxdur belələrində. Elmanda isə var, həm də tükənməzdir. Elə ən böyük qazancı, var-dövləti də el-oba sevgisi, məhəbbətidir. Bəlkə də Elmanı yaxından tanımayanlar düşünsünlər ki, yəqin onun belə işlər gördüyünə görə yaxşı vəzifəsi, geniş maliyyə imkanları var. Yox, yox, min dəfə yox. Nə elə böyük vəzifəsi, nə də pulu var. Onun da cibi böyük əksəriyyətimizin cibi kimidir. Sadəcə olaraq Elmanın ürəyi çox böyük, genişdir. Sumqayıtda beşmərtəbəli evin beşinci mərtəbəsində də kasıbyana, iki otaqlı mənzili var. Vəssalam! Yəni Elman da maddi durumuna görə sıradan birimizdir. Ancaq əməllərinə görə sıradan seçilən birimizdir. Yarımçıq, saxta deyil, tamdır, bütövdür, böyükdür-işi, əməli, istəyi ilə.

Bir dəfə söhbət zamanı dostum Şükür Səlimxanlı dedi ki, Elmanın yaxası yardımlılara hamımızın yaxasından daha yaxındır. Bu, nə qədər dəqiqliklə deyilmiş, düzgün müşahidə və təkzib olunmaz faktdır. Bunu mən də dəfələrlə hiss etmişəm, duymuşam. Əslində Elmanla tanışlığımızın tarixçəsi elə də uzun deyil. Ancaq elə ilk gündən söz-söhbətimiz tutub, onun içindəkiləri görmüşəm, təmizliyi məni heyran edib. Başa düşmüşəm ki, Elman olmaq çətindir, çox çətin. Yenə Şükür demiş, Elman girən yükün altına heç kim girməzdi. İndi onunla tez-tez görüşürük və uzun-uzadı dərdləşirik. Nə boyda arzuları, istəkləri, Yardımlı ilə bağlı gerçəkləşdirmək istədiyi planları var. İçində o qədər nədən, nə üçün sualları var ki?.. Yardımlı nə vaxt abad olacaq, nədən su, mavi yanacaq problemi həll olunmur, nə üçün kənd yollarımız bərbad gündədir? Büsbütün sosial problemlərlə dolu rayonun sual yükünün altından çıxmaqmı olar? Təkcə bu suallardırmı onu məşğul edən? Çay süfrəsi arxasında oturub söhbətləşdiyimiz müddətdə saysız-hesabsız zənglər əl telefonuna-Yardımlıdan və dünyanın müxtəlif ölkələrində yaşayan yardımlılardan-kimi məsləhətləşir, kimi kef-əhval sorur, kimi də kömək umur. Hamı ilə də səmimi, xoş rəftar, mehribandı Elman. Öz-özümə düşünürəm: Həqiqətən də böyüklük, ağsaqqallıq yaşda deyil. Elman cavan da olsa böyüklüyü, ağsaqqallığı ilə seçilir, lider olmağa layiqdir...

Beləcə, son nöqtəni qoymağın vaxtı çatdı- Elman haqqında söz demək xatirinə söz demədim. Tanıdığım Elman barədə səmimi hisslərimi Sizlərlə bölüşdüm. Mən də onu belə tanıyıram.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR