Slimfit
  1. İDMAN

Tayfur Əliyev: "Londonda virus Azərbaycandakından qat-qat çox idi"

Tayfur Əliyev: "Londonda virus Azərbaycandakından qat-qat çox idi"
Sakura

Tayfur Əliyev: "Londonda virus Azərbaycandakından qat-qat çox idi"

Böyük Britaniyanın paytaxtı Londondakı Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020-yə lisenziya qazanmış Azərbaycan boksçusu Tayfur Əliyevin “Report”a müsahibəsi

- Koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılan turnir hansı səviyyədə təşkil olunmuşdu?

- Yarış çox yaxşı, yetərincə səviyyəli təşkil olunmuşdu. Neçə illərdir boksda qeyri-obyektivlik var idi. Əvvəllər döyüşün gedişində hiss edirdik ki, irəlidəyik, amma sonda qələbəni rəqibə verirlər. Düşünürəm ki, bu dəfə döyüşlər çox düzgün keçirilirdi, hakimlər qələbəni layiq olana verirdilər. Boksçunun hansı ölkədən olmasının heç bir fərqi yox idi, hamıya eyni gözlə baxılırdı. Yarış təşkilatçılığı bu baxımdan super idi. Digər məsələlər də çox yaxşı səviyyədə həllini tapmışdı.

- Olimpiadaya lisenziya qazandınız. Bu barədə təəssüratlarınız necədir?

- Ölkəmizə boksda ilk lisenziyanı qazandırdığım üçün çox şadam. Neçə illərdir boksda olsam da, olimpiadaya ilk dəfə gedəcəyəm. Bu, mənim üçün tam başqa sevinc hissidir . Amma hələlik Avropa Olimpiya Təsnifat Turniri bitməyib, döyüşlərim davam edəcək. ¼ final mərhələsində Fransa təmsilçisi ilə döyüşməli idim. Yarış dondurulub, başlayandan sonra yenidən döyüşəcəyik. Bu, mənim üçün həqiqətən böyük sevincdir, istəyərəm ki, komanda yoldaşlarım da lisenziya qazansın və hamımız birlikdə sevinək.

- Turnirdə ədalətsizliyin olmadığını bildirdiniz. İndiyə kimi hansı yarışlarda belə hallarla rastlaşmısınız?

- Demək olar ki, indiyə kimi iştirak etdiyim bütün yarışlarda ədalətsizlik olub. Məğlub olduğum yarışlar da olub, amma onların 80 faizində ədalətsizliklə rastlaşmışam. Londonda isə nə özüm, nə də başqasına qarşı haqsızlıq gördüm.

- Yarış koronavirusa görə öncədən təxirə salınmadı, sonra dayandırıldı. Bu təhlükə arenada və şəhərdə necə hiss olunurdu?

- Biz Londonda olduğumuz vaxt virus Azərbaycandakından qat-qat çox idi. Amma vətəndaşlar bu virusu əsla umursamırdılar. Oteldən çölə çıxanda görürdüm ki, hamı öz iş-gücündədir. Bütün ticarət obyektləri, marketlərin hamısı açıqdır. Orada koronavirus ab-havası yox idi. Yarışın sonlarına yaxın daha çox hiss olundu. Daha sonra "Mall" mağazaları bir-bir bağlandı. Yarış bağlanana kimi isə heç nə hiss olunmurdu.

 

 

- Döyüşləriniz nə dərəcədə çətin keçdi?

- Birinci rəqibim israilli Bişara Sabbarla döyüşüm o qədər də çətin alınmadı. Yaxşı həvəsli və gənc idmançı idi, amma təcrübəsi çatmırdı. Hiss edirdim ki, onu rahatlıqla keçə biləcəyəm. Elə də oldu və istədiyim taktika ilə döyüşdüm. Bəzən çox da döyüşə girmədim ki, o biri görüşlərə daha hazırlıqlı olum. İkinci rəqibim Litva təmsilçisi Edqaras Skurdelis idi. Əvvəllər də döyüşdüyümüz üçün onu tanıyırdım. Çətin rəqib olduğunu bilirdim. Dərk edirdim ki, görüşə hərtərəfli hazır olmalıyam. Döyüş başlayandan sonra ilk raundda üstün olmaq istədim. Ardıcıl zərbələr endirdim. Elə oldu ki, gözünə bir yumruq vurdum və əlimin bərk yeri dəydi. O hissədə qızartı yarandığını hiss etdim. Fikirləşdim ki, bir-iki dəfə də vursam, qaşı açılacaq. Üstünə getdim və yenə zərbələr endirdim, o da bir az yaxınlaşanda həmin zədələnən yeri mənim başıma dəydi. Onu da özü etdi. Pis tullandı, taqətdən düşmüşdü. Qaşı açılandan sonra döyüşü saxladılar. Amma saxlasalar da, zədəyə baxmırlar və xal hesabına görə qalibi müəyyənləşdirdilər. O vaxtadək kim üstündürsə, qələbə onundur. Qaşının açılmasına baxmayaraq, rəqib üstün olsa idi, qələbə ona veriləcəkdi. Amma üstün tərəf mən idim, qələbəni də mənə verdilər.

- Bu qədər əziyyətdən sonra turnirin və olimpiadanın təxirə salınmasını sonradan necə qarşıladınız?

- Əziyyət çəksək də, bu, bizim işimizdir. Hazırda yeganə vacib məsələ insanların sağlamlığıdır. Turnirin təxirə salınması çox yaxşı oldu. Çünki bütün dünyada eyni vəziyyətdir. Olimpiada keçirilsə idi, idmançılar və orada işləyənlər üçün çox riskli olacaqdı. Biz hazırlığımızı olimpiada yox, lisenziya turniri səviyyəsində görmüşdük. Artıq bir ildən çox vaxtımız var, özümüzü tam hazır vəziyyətə sala bilərik.

- Təxirə salınma hazırlığa yaxşı mənada təsir edəcək?

- Əlbəttə. Hazırda evdə məşq edirik ki, formadan düşməyək. 16 ay idi ki, dayanmamışam və olimpiadaya kimi dayanmayacaqdım. İndi isə bir az istirahət imkanı yaranıb. Rinqıə daha da yaxşı vəziyyətdə qayıda bilərəm.

- Londondan qayıdanda Heydər Əliyev Beynəlxalq Aeroportunda sizi və nümayəndə heyətini yoxladılarmı?

- Yoxlama oldu. Demək olar ki, hava limanında daha çox gözləməli olduq. Hamını bir-bir yoxladılar, burundan analiz götürdülər.

 

 

- Analizin cavabları necə oldu?

- Bizə demişdilər ki, cavablar iki gündən sonra bilinəcək. Çıxsa idi, xəbər edəcəkdilər. Kimdəsə müsbət nəticələnsə idi, iki gündən sonra götürəcəkdilər. Heç kimdə aşkarlanmadı.

- Karantinə də alınmadınız?

-Xeyr. Karantin olmadı.

- Yeni baş məşqçisi Umberto Orta Domingezi bir mütəxəssis kimi necə dəyərləndirirsiniz?

- Yeni gələn baş məşqçi mənim döyüş üslubum baxımından çox yaxşıdır. Çünki mənim kimi baş məşqçimiz də texnikaya çox üstünlük verir. Bu, mənim üçün çox xoşdur. Yaxşı və intizamlı baş məşqçidir, boksçuların çəkilərinə və yeməklərinə nəzarət edir. Demək olar ki, hər şeyə fikir verir. Bizə deyir ki, ancaq mənimlə birlikdə məşq edin, başqa məşqçi ilə yox. Çünki onlar taktikanızı dəyişə bilərlər. Hələ ki, baş məşqçimizin xeyirini görürəm. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR