Slimfit
  1. MƏDƏNİYYƏT

Teatrımızın tarixini nə vaxtdan hesablayaq?

Teatrımızın tarixini nə vaxtdan hesablayaq?
Sakura

Teatrımızın tarixini nə vaxtdan hesablayaq?

Yazının başlığı bir çoxlarına təəccüblü, hətta yersiz görünə bilər.

Axı fakt budur ki, artıq çoxdandır Azərbaycan teatrının tarixi 1873-cü ildən hesablanır. Elə isə yeni mübahisə mövzusu açmağa, necə deyərlər, “qaşınmayan yerdən qan çıxarmağa” gərək varmı?

Məncə, var.

Məsələ burasındadır ki, çoxunuzun bildiyi kimi, 1873-cü ilin martın10-da Bakıda, realnı məktəbin həvəskar teatr truppası Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını səhnələşdirmişdi.

İndi həmin gün Milli Teatr günü, bir növ qeyd olunur, teatr tariximizin də başlanğıcı kimi qəbul edilir. Amma…

İşin “əmma”sı ondadır ki, həmin tarixdən hardasa 25 il əvvəl, 1840-cı illərin sonlarında Şuşada yerli ziyalılar tərəfindən ilk teatr tamaşaları göstərilməyə başlanmışdı. Bunun üçün hətta ayrıca bina da vardı.

Tiflisdə işıq üzü görən “Kafkaz” qəzetinin 1848-ci il tarixli 43-cü sayında Şuşadan göndərilən bir məktub dərc edilmişdi. Orada yazılırdı ki, yaxın vaxtlaracan yerli əhali teatrın nə olduğunu bilmirdi, ancaq indi ona həvəslə baxır.

Bu yazılanları təsdiqləyən başqa mənbələr də var.

Yazılanlara inansaq, Şuşa teatrı gözəl tərtibata, zövqlə işlənmiş lojalara malik imiş.

Bir sıra qaynaqlarda Şuşada ilk teatr tamaşalarının kazarmalarda oynanıldığı deyilir.

Lakin teatrşünas İnqilab Kərimov (1931-2011) başqa fikirdədir. O istisna etmir ki, bəzi səbəblər üzündən, müəyyən məqsədlərlə kazarmada tamaşalar göstərilirmiş. Sitat: “Lakin əsasən tamaşalar Cümşüd bəy Məlik Haqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi”.

Bu yerdə maraqlı bir haşiyə çıxaq. Azərbaycanda ilk sirkin XIX əsrin 90-cı illərində rus sirkinin banisi sayılan Nikitin qardaşları tərəfindən qurulduğu deyilir.

Taxtadan tikilmiş həmin sirk binası tezliklə yanmışdı.

Bir müddət sonra – 1905-ci ildə (bəzi qaynaqlarda 1904-cü ildə) Bakıda, indiki Nəsimi bağının yerində onlar yeni sirk binası istifadəyə vermişdilər.

Ölkəmizdə ilk milli peşəkar sirk truppasının isə 1945-ci ildə yaradıldığı göstərilir.

Məsələ burasındadır ki, Azərbaycanda ilk sirk də məhz Şuşada mövcud olub. Bunu sübut edən kifayət qədər faktlar var. Onlardan biri də elə yuxarıda istinad etdiyimiz “Kafkaz” qəzetində yazılanlardır.

(Yeri gəlmişkən: Nikitin qardaşlarının Bakıda açdığı sirk binasının mədəniyyət tariximizdə də ciddi yeri var. Məsələn, 1909-cu ildə Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası türk və müsəlman Şərqinin ilk operettası kimi məhz bu sirk binasında nümayiş olunub. Həmin il mayın 24-də Nikitin qardaşlarının sirkində nümayiş etdirilən “Ər və arvad”la Azərbaycanda musiqili komediya teatrının əsası qoyulub. Tamaşada Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Mirzağa Əliyev kimi dövrünün görkəmli aktyorları rol alıblar).

Mövzudan çox uzaqlaşmayaq. Qayıdaq Şuşadakı ilk teatr tamaşalarına.

Əksəriyyət belə hesab edi ki, bu tamaşalar həvəskar səviyyədə hazırlandığından milli teatr tariximizin o vaxtdan – 1840-cı illərdən, daha da konkretləşdirsək, 1848-ci ildən hesablanması yanlışdır.

Halbuki 1873-cü ildə Bakıda nümayiş etdirilən ilk teatr tamaşası da məhz həvəskar aktyorlar tərəfindən oynanılmışdı. Burada incə məqam Şuşadan fərqli olaraq Bakıda ilk dəfə hansı əsərin səhnələşdirildiyini bilməyimizdir.

O da maraqlıdır ki, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə ilk komediyalarını Şuşa səfərindən iki il sonra yazmağa başlayıb.

Deyilənlərə görə, Mirzə Fətəli 1847-ci ildə ilk dəfə Şuşada olmuş və bu şəhərin mədəni həyatına heyran qalmışdı.

Mümkündür ki, o, teatr tamaşalarına da gedibmiş. Məhz bu da onda ya səhnə əsərləri yazmağa həvəs yaratmış, ya da həmin həvəsini gücləndirmişdi.

1852-ci ildə Mirzə Fətəli növbəti dəfə Şuşaya gəlir. Əsas məqsədlərindən biri isə öz komediyalarının bu şəhərin teatrında səhnələşdirilməsinin mümkünlüyünü öyrənmək, buna nail olmaq idi.  

İstənilən halda Azərbaycanın səhnə tarixindən danışarkən 1840-cı illərin sonlarına doğru Şuşada oynanılan tamaşaları unutmamaq lazımdır. Buradakı teatr fəaliyyəti ciddi araşdırılmalı, onunla bağlı daha çox bilginin, həqiqətin ortaya çıxarılmasına çalışılmalıdır.

Düzdür, bizdə bir çox mövzularla bağlı “qədimləşdirmək” mərəzi geniş yayılıb, hətta bəzən bunun şitini-şorunu çıxarırıq.

Lakin indi söhbət qətiyyən teatr tariximizi süni şəkildə bir az da əvvələ çəkməkdən getmir. Onsuz da bunun hazırda can üstə olan Azərbaycan teatrına heç bir xeyri-bəhri, isti-soyuğu yoxdur.

Sadəcə, teatr tariximizlə, ümumiyyətlə isə tariximizin hər bir səhifəsi ilə bağlı əsl gerçəkliyi bilmək, müxtəlif suallara cavab tapmaq, şübhələrə aydınlıq gətirmək qədər təbii heç nə ola bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR