Slimfit
  1. QADINLAR ÜÇÜN

Təbii görünən makiyaj üçün hər qadının bilməli olduğu 6 incəlik

Təbii görünən makiyaj üçün hər qadının bilməli olduğu 6 incəlik
Sakura

Təbii görünən makiyaj üçün hər qadının bilməli olduğu 6 incəlik

Gözəl görünmək hər bir qadının arzusudur.Olduğundan daha gözəl görünməyin yolu isə təbii ki, düzgün makiyajdan keçir.Düzgün makiyajda əsas məqsəd isə qədərində və yerində istifadə edilmiş məhsullarla hər qadının özünəməxsus gözəl üz cizgilərini ön plana çıxararaq, vurğulamaq və qüsurları gizlətməkdən ibarət olmalıdır.Təbii görünməyən və gərəyindən artıq nəzərə çarpan makiyaj həm şit və süni görünür, həm də istənilən gənc qadını olduğundan bir neçə yaş daha yaşlı göstərir.Xüsusilə də gündəlik makiyajın mümkün qədər təbii olması mütləqdir.

1.Düzgün üz makiyajı

Təbii makiyajın ilk və ən önəmli şərti təbii üz makiyajıdır.Üz dəriniz nə qədər təravətli və təbii görünərsə makiyajınız da bir o qədər gözəl və təbii olacaq deməkdir.Üzünüzdə boya kimi qalmış və nəzərəçarpan tonal krem varsa göz və dodaq makiyajınızın nə qədər təbii görünməsinin də artıq heç bir anlamı yoxdur.Yəqin ki, həddindən artıq nəzərəçarpan üz makiyajına bizdə hər kəsin "шпатлевка” dediyini siz də bizim qədər yaxşı bilirsiniz.Təbii ki, bu sözün ona ünvanlanmasını heç bir qadın istəməz.

Ümumiyyətlə üz makiyajı üzdəki qüsurları,sızanaqlar və müxtəlif ləkələri,ton fərqliliklərini gizlədərək dərini qüsursuz və təravətli göstərməli, ancaq eyni zamanda da maksimum dərəcədə az və təbii görünməlidir.Bunun üçün üz dərinizin tonuna və tipinə ən uyğun tonal krem və konsiler istifadə etməyə və onları üzünüzdə bərabər yaymağa mütləq diqqət edin.Gərəyindən artıq miqdarda tonal krem istifadə etməyin.

Düzgün tonal krem seçimi və istifadə qaydası barəsində də önümüzdəki günlərdə ayrı bir blog yazımda ətraflı yazmağı düşünürəm.

2.Təbii dodaqlar

Təbii makiyaj üçün əsas şərtlərdən bir digəri də təbii dodaqlardır.Bir çox qadın dodaqlarını olduğundan daha həcmli göstərmək üçün dodaq boyasını həddindən artıq dodaqlarından kənara çıxarır.Bu isə makiyajın təbiiliyini tamamilə pozur.Həmçinin qeyd etmək lazımdır ki, belə dodaqlar həqiqətən də çox pis görünür.Hətta bəzən bunu o dərəcədə şişirdilmiş şəkildə edirlər ki, olduqca gülməli bir görüntü yaranır.

3.Səliqəyə salınmış qaşlar

Xarici ölkələrdə qadınlar uzun illərdir ki, makiyaj zamanı qaşlarını səliqəyə salmaq üçün qaş karandaşları,tenlər və qaş tuşlarından istifadə edirlər.Son vaxtlar qaşları doldurmaq bizim xanımlar arasında da inanılmaz məşhurlaşsa da bəzi xanımlar tərəfindən çox yanlış tətbiq edildiyinin tez-tez şahidi oluram.Qaşların bu cür kosmetik vasitələrlə səliqəyə salınmasında əsas məqsəd boşluqların doldurulması olmalıdır.Qaş karandaşınızın yalnız qaşın işərisindəki boşluqları doldurmasına,qaşlarınızın tüklər olan üst və alt sərhəddindən yuxarı və aşağı keçməməsinə mütləq diqqət edin.

4.Təbii kirpiklər

Təbii görünən kirpiklərin ilk düşməni köhnəlmiş tuşlardır.İstifadə etməyə başladıqdan bir müddət sonra tuşlarınızın qurumağa başladığını hiss edirsinizsə bir an əvvəl onu yenisi ilə əvəzləyin.Köhnəlmiş və qurumağa başlamış tuşların ilk xüsusiyyəti çəkilən zaman kirpiklərin üzərində qırıntılar buraxması və günün irəliləyən saatlarında ovularaq göz altlarına tökülməsidir.Bu cür tuşlar kirpiklərə çox qatı bir görüntü verməsi və kirpikləri bir-birinə yapışdırmasına görə təbiilikdən uzaq bir görüntü yaradır.

Həmçinin üst-üstə 3-4 qat tuş çəkmək də kirpiklərinizin təbii görünməsinə imkan vermir.Kirpiklər taxta kimi sərt olur və olduqca süni görünür.Mən kirpiklərimə həmişə yalnız bir qat tuş istifadə edirəm.Əgər siz bir dəfədən artıq istifadə etməkdə qərarlısınızsa məsləhətim odur ki, daha təbii görüntü üçün maksimum 2 dəfə ilə kifayətlənəsiniz.

5.Doğru göz makiyajı

Təbii görünən göz makiyajı üçün təkcə qara qələmlə kifayətlənməyinizə ehtiyac yoxdur.Düzgün seçilmiş ten rəngləri ilə təbii göz makiyajı etmək mümkündür.Əvvəlcə öz göz quruluşunuza yaraşan göz makiyajını müəyyən edin.Təbii görüntü yaratmaq üçün yaşıl,mavi,bənövşəyi kimi nəzərəçarpan rənglərdən daha çox qəhvəyi-krem rəng aralığından istifadə etmək daha asan olacaqdır.Göz makiyajı edərkən layner və göz qələminizi səliqəli çəkməyə və tenləri kistlərlə düzgün yaymağa diqqət edin.Əgər gündüz makiyajı edəcəksinizsə təbii görüntü əldə etmək üçün ağır göz makiyajı etməkdən çəkinin.

6.Düzgün ənlik

Ənlik seçərkən sizin dəri tonunuza yaraşdığından əmin olun.Çünki qablaşdırılmasındakı rəngi nə qədər gözəl olursa olsun sizin tonunuza uyğun gəlməyən ənliklər üzünüzdə xoşagəlməz görünəcək.Əgər rəng seçimi etməkdə həmişə çətinlik çəkirsinizsə onda köməklik üçün deyə bilərəm ki, açıq çəhrayı və yüngül şaftalı tonları demək olar ki, əksər xanımlara yaraşır.

Ənlik istifadə edərkən gözlərinizin alt hissəsinə ənlik vurmamağa diqqət edin.Bu çox gülməli görünəcək.Lap rus nağıllarındakı qırmızıyanaq qızlara bənzəyəcəksiniz.Çalışın ki, ənliyi almacıq sümüklərinizin üstünə azacıq miqdarda vurasınız.Nəzərə alın ki, yanlış istifadə olunmuş ənlik bütün makiyajınızın təbii görünüşünü itirməsinə səbəb olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR