Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Təhsil kreditləri yenidən gündəmdə

Təhsil kreditləri yenidən gündəmdə
Sakura

Təhsil kreditləri ilə bağlı məsələ yenidən aktuallaşıb

Təhsil kreditləri ilə bağlı məsələ yenidən aktuallaşıb. Belə ki, parlamentin payız sessiyasının ilk iclaslarında bu məsələ növbəti dəfə gündəmə gətirilib, onun zərurililiyi bir daha vurğulanıb.

Millət vəkillərindən bir neçəsi, o cümlədən, illər öncə adıçəkilən məsələ ilə bağlı qanun layihəsi hazırlayan və onu parlament (komitə) müzakirələrinə təqdim edən millət vəkilləri Vahid Əhmədov  Əli Məsimli bu məsələni təkrar parlament müstəvisinə daşıyıblar.

Onlar, eləcə də, bir neçə millət vəkili təhsil haqlarının ödənilməsində problemlərin yaranmasını, xüsusilə də, bu il bir çox ali məktəblər üzrə ödənişlərin artırılmasını əsas gətirərək, bu məsələnin həllini önə çəkiblər.

Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Əli Məsimli bir daha təhsil kreditləri ilə bağlı qanuna çox ciddi ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, artıq bu məsələ özünün həllini tapmalıdır:

“İnsanların böyük gözləntiləri var. Bu, cəmiyyətin sosial sifarişidir.

Odur ki, bizim hazırladığımız qanun layihəsindən istifadə etməklə, yeni təkmil qanun layihəsi hazırlanaraq müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır”.

Millət vəkili Vahid Əhmədov isə saytımıza açıqlamasında qeyd edib ki, bu məsələdə artıq gecikməyə yol vermək olmaz, çünki çox böyük zaman itirilib:

“Bu, çox ciddi məsələdir. İnsanlarımız, övladları ödənişli ixtisaslarda oxuyan valideynlərimiz, pullu oxuyan tələbələrimiz bunu çox böyük səbirsizliklə gözləyirlər. Nə qədər istedadlı gəncimiz təhsil haqlarını ödəyə bilmədikləri üçün təhsillərini ya başlamadan dayandırmağa, ya da yarıda dayandırmağa məcbur olublar, olurlar.

Bu, gələcək inkişafımıza əngəl törədir. Çünki yeni inkişaf, yeni dövr yeni, savadlı, dünyagörüşlü kadrlar, mütəxəssislər tələb edir. Ona görə də hesab edirəm ki, bu məsələyə qayıdılmalı və onun həlli yolunda parlament olaraq, müvafiq addımlar atılmalıdır. Çox yaxşı haldır ki, parlamentin Elm və təhsil komitəsi belə bir sənəd üzərində işləyir.

Bizim hazırladığımız layihədən istifadə etməklə, yeni qanun layihəsi tezliklə təkmil şəkildə müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır. Bu məsələni ali məktəblər tərəfindən yaradılmış fondlarla heç cür yoluna qoymaq olmaz. Çünki ondan yararlananlar azdır. Qarşıdan büdcə müzakirələri gəlir və müzakirələr zamanı bir daha bu məsələni qaldıracağam. İnanıram ki, bu məsələ öz müsbət həllini tapacaq”.

Milli Məclisin (MM) Em və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli hesab edir ki, belə bir qanunun qəbulu olduqca vacibdir:

“Komitəmiz tərəfindən adıçəkilən qanun layihəsinin hazırlanması yönündə axtarışlar davam edir, müəyyən materiallar artıq toplanılıb, təhlillər aparılıb.

Biz də komitə olaraq hesab edirik ki, bu qanun zərurətdir, onu qəbulu mütləq lazımdır. Həmçinin, ondan təkcə bakalavr pilləsində oxuyan tələbələr deyil, magistrantlar və doktorantlar da yararlanmalıdır. Həmçinin, özəl strukturlar, maliyyə-bank sektoru, iş adamları bu qanunun qəbuluna ciddi dəstək verməlidir, çünki maliyyə tutumludur.

Yenidən onlara çağırış edirəm ki, bu məsələyə dəstəklərini versinlər. Bu, elə ilk növbədə onların özünün xeyrinədir. Amma bütün hallarda belə bir məsələ ortadadır və onun reallaşacağı gün çox uzaqda deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR