Slimfit
  1. TARİX

Teymurilərə qan udduran Azərbaycan hökmdarı - Tarixi faktlar

Teymurilərə qan udduran Azərbaycan hökmdarı - Tarixi faktlar
Sakura

Teymurilərə qan udduran Azərbaycan hökmdarı - Tarixi faktlar

XV əsr Azərbaycan tarixinin mühüm dövrlərindən sayılır. Məhz bu əsrdə Azərbaycan ərazisi yadelli işğaldan azad oldu və müstəqil dövlətçilik ənənələrinin bərpasına başlanıldı.

Tarixin bu dövründə Azərbaycan ərazisi Əmir Teymur tərəfindən işğal edilsə də, daim xalq üsyanları baş verir, mübarizə gedirdi. Bu mübarizədə əsas yük Qaraqoyunlu tayfalarının üzərinə düşmüşdü. Qaraqoyunluların tarixinin tədqiqi və təhlili zamanı dövrün türk, fars və ərəb mənbələrindən istifadə edilib. Bununla belə, Qaraqoyunlu dövləti barədə məlumat azdır və tarixçilərimiz bu istiqamətdə yeni məlumatlar, araşdırmalar aparmalıdırlar.

Zeynəddin bin Həmdullah Qəzvininin əsərində Qaraqoyunlu tayfaları və onların Teymurilərə qarşı mübarizəsi əks olunub.

Eyni zamanda, Nizaməddin Şaminin “Zəfərnamə” əsərində də bu barədə məlumat var. Müəllif Əlincə qalasının 14 il davam edən mühasirəsi, Sultan Əhməd Cəlayiri və Qara Yusifin "Rum sultanı" İldırım Bəyazidə sığınmaları, Əmir Teymurun təhdidi ilə Türkiyədən çıxıb Şama getmələri və nəhayət cığatay ordusunun "Rum diyarına" hücumunun əsas səbəbindən danışır, Nizaməddin Şami kimi Əmir Teymurun Türkiyəyə hücumunun səbəbini "fıtnə-fəsad sahibi" Qara Yusiflə bağlı olduğunu göstərir.

Zeynəddinin fikrinə əsasən, Teymurla Yusif arasındakı düşmənçiliyin səbəbi kimi Qara Yusifin Toxtamış xana yardım göstərməsidir.

Qaraqoyunlu tayfasının mənşəyi məsələsinə gəldikdə tarixçilər arasında fikirlər müxtəlifdir. Azərbaycanda, Şərqi Anadoluda monqol hakimiyyətinin zəifləməyə başlaması ilə fəallaşmış türkmanların ən məşhur qolu olan Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən 24 boydan hansına mənsub olması haqqında mənbələrdə müəyyən bir məlumata rast gəlmirik.

Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirib: “852/1449-cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz tarixini də gətirsinlər. Mövlana İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır".

XV əsrin əvvəllərində Azərbaycandakı siyasi vəziyyət, hakimiyyət uğrunda Teymurun varisləri, Sultan Əhməd Cəlayiri, Şirvanşah I İbrahim, Qara Yusif Qaraqoyunlu və ayrı-ayn feodal hakimlərin mübarizəsi başladı. Qara Yusif 1406-cı ilin oktyabrında Naxçıvan yaxınlığında və 1408-ci ilin 21 aprelində Təbriz yaxınlığındakı Sərdrud düzündə Teymuri Əbubəkr üzərində qələbə qazandı. Teymurilər üzərində bu qələbə onların Azərbaycanın cənub torpaqlarındakı hakimiyyətinə son qoydu və hakimiyyət Qaraqoyunlulara keçdi.

Bir çox tarixçi də Qaraqoyunlu dövlətinin 1408-ci ildə tarix səhnəsinə çıxdığını qeyd edir Məlumata əsasən, 1408-ci il qələbəsindən sonra Qara Yusif oğlu Pir Budağı taxta çıxarır və Sultan Əhmədə elçi göndərərək onu məlumatlandırır.

Sultan Əhməd də bu xəbəri xoş qarşılayaraq Pir Budağa taxt-rəvan göndərir. Orta əsrlərdə bu hədiyyə hakimiyyət simvolu sayılırdı. Bununla belə tapılan ən qədim sikkə 1411-ci ilə aiddir və üzərinə Qara Yusiflə Pir Budağın adı qeyd edilib. Bəzi tarixçilər hesab edir ki, Pir Budaq Sultan Əhmədin ölümündən sonra taxta keçib. Bununla belə, o dövrün mənbələrinə əsasən, Azərbaycanda siyasi hakimiyyət 1408-ci ildə Qaraqoyunluların əlinə keçib.

Qara Yusif isə dövləti qurduqdan sonra hakimiyyətini möhkəmləndirmək üçün planlar qurdu. O, 1409-cu ildə Şirvana qoşun göndərdi. Amma Şəki hakimi döyüşə ciddi hazırlaşdığı üçün Qaraqoyunlu sərkərdəsi döyüşə girmədi və bəzi kəndləri talan edərək geri qayıtdı.

Eyni ilin dekabr ayında Van hakimi Məlik İzzəddin Şir Qara Yusiflə Şeyx İbrahim Şirvanşahı barışdırır. Qara Yusifin Azərbaycanın cənub torpaqlarında da möhkəmlənməsi Bağdad hökmdarı Əhməd Cəlayirini artıq narahat edirdi.

1409-cu ildə Sultanın elçisi Təbrizə gələrək Qara Yusifdən Həmədan yaylağını tələb edir və rədd cavabı alır. Əslində bu, müharibə üçün bəhanə idi və belə də oldu.

1410-cu ilin 30 avqust tarixində Təbrizin Əsəd kəndi yaxınlığında Sultanın ordusu ilə Qaraqoyunlular arasında müharibə başladı. Həmədan yaylağına görə başlayan savaşda Qara Yusif qələbə qazandı.

İraq Qaraqoyunlulara birləşdi. Qara Yusifin güclənməsi Şirvanşahı narahat edirdi və o, Cəlayirilərin tərəfini tutmağa başladı. Hətta bəzi mənbələrə görə, Sultan Əhməd Təbrizə hücum edəndə Şirvanşah Şeyx İbrahimin oğlu Kəyumərsin başçılığı ilə göndərilən ordu ona kömək edib.

Bəzi mənbələrə görə, Qara Yusif əsir düşən Kəyumərsə atasına məktub yazdıraraq Qaraqoyunlu dövlətinə tabe olmağı təklif edib.

Digər mənbələrə əsasən, Kəyumərs Ərçis qalasında həbsdə olub. I İbrahim oğlunu xilas etmək üçün pul təklif etsə də, rədd cavabı alır. Sonradan Şirvanşah Şəki hakimi və gürcü çarı ilə Qara Yusifə qarşı ittifaq qurur.

Bundan xəbər tutan Qaraqoyunlu hökmdarı 1412-ci ildə Qarabağa gələrək I İbrahimə elçi göndərir və barışıq təklif edir. Amma bu təklif qəbul edilmir. Qəzəblənən Qara Yusif Kür çayını keçərək Şirvanşahı məğlub edir.

Teymurilər dövlətində isə güclənən Şahrux da Qaraqoyunluların nüfuzunun artmasından qorxuya düşmüşdü. Tərəflər arasında bir-birinə elçilər göndərilirdi.

1415-ci ildə Qaraqoyunlu elçisi Herata səfər edir. Hökmdar əgər Şahrux Sultaniyyə qalasını ona tərk etmiş olarsa, onun hakimiyyətmi qəbul edəcəyinə və göstərdiyi kimi hərəkət edəcəyinə söz verirdi.

Sultan isə ondan oğlanlarından birini saraya göndərməyi tələb edir. Amma Qara Yusif buna razılaşmadı. Çünki bu rəsmi olaraq asılı olmaq sayılırdı. Qara Yusif Şahruxun verdiyi cavabdan çox qəzəbləndi və qoşun yeridərək Sultaniyyə şəhərini, az sonra isə Həmədanı, Taromu və Qəzvini ələ keçirdi.

Bu isə Qaraqoyunlu-Teymuri münasibətlərini daha da kəskinləşdirdi. Qara Yusifin bu tədbirləri onun Şahruxla münasibətlərinə öz təsirini göstərməyə bilməzdi. Qaraqoyunlu-Teymuri münasibətləri getdikcə pisləşmiş və labüd müharibə vəziyyətinə çatmışdı.

Şahrux 1420-ci ildə 200 minlik ordu ilə Azərbaycana qarşı yürüşə çıxdı. Amma Qara Yusif bu hücuma hazır idi. Atlı qoşunla yanaşı, piyada döyüşçülər də orduya cəlb edilmişdi. Onun ordusunda 50 min döyüşçü var idi. Şahrux isə Qara Yusifin hərbi sərkərdəlik qabiliyyətindən çox qorxurdu. Sultan yolda bütün pirlərə nəzir verir, qoşuna dayanmadan "Quran"dan ayələr oxumağı əmr edirdi. Amma döyüş baş tutmadı.

Çünki Təbrizdən yürüşə çıxaraq düşməni qarşılamaq istəyən Qara Yusif yolda xəstələnərək vəfat etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR