Slimfit
  1. TƏBİƏT

Xarı Bülbül

Xarı Bülbül
Sakura

Xarı Bülbül haqqında məlumat

Xarıbülbül — səhləbkimilər fəsiləsinə aid bitki cinsidir.

Qarabağ torpağı Azərbaycana saysız nemətlər bəxş edib. Həm florası, həm faunasının zənginliyi ilə seçilən və hazırda düşmən tapdağında olan torpağımızda dünyanın heç bir yerində rast gəlinməyən bir çiçək də bitir. El arasında ona Xarı bülbül deyirlər. Sanki üzərinə qonmuş bülbülü xatırladan xarıbülbül həm gözəlliyi, həm də qeyri-adiliyi ilə seçilir.

Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziyaərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca ophrys caucasica və ya ophrys mammosa adlanır.

Ophrys — yunan mənşəli sözdür, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmağını" eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü təkrarlayaraq, onları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki, yoxdur. Lakin bəzi növlərinin çiçəkləri müəyyən növ cücülərin dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən feromonun iyinə oxşar ətir qoxuya bilər. Təbii ki, cücüləri ofrislərin xüsusi görünüşü ilə bərabər bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya, maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələklərdən və müəyyən növ cücülərdən asılı olması ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Ophrys caucasica və ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar.

Əsas məskəni Cıdır düzü olan Xarı bülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılıbmış. Azərbaycanın digər bölgələrində bitən Xarı bülbülün ümumi miqyası Şuşadakı ilə müqayisədə xeyli azdır. Mərkəzi Nəbatat Bağının aqronomu İlkin Şəfiyev deyir ki, bəzi insanlar bu çiçəyi görən kimi dərir. Ancaq onun çox az olduğunu nəzərə alaraq, dərmək əvəzinə, çoxaldılmasına çalışmaq lazımdır. İki ildir ki, bağın kiçik bir guşəsində Xarı bülbül yetişdirən İlkin bu bitkilərə qulluğun çox çətin olduğunu deyir: "Hal-hazırda nəsli kəsilməkdədir. Bunun da səbəbi odur ki, bu bitki sistemsiz olaraq dərilir, yaxud çoxlu sayda heyvanların otarılması nəticəsində bitkilər tapdalanır. Bu bitkinin yetişdirilməsi çox çətindir. Belə ki, torpaqla bir yerdə basdırılmalıdır. Çünki bu bitkinin köklərində xüsusi mikorilza deyilən göbələk var ki, bunlar da bitkiyə kömək edir".

Xarı bülbül təbiətə gözəllik verməklə yanaşı, həm də müalicə əhəmiyyətli bitkidir. Xarı bülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsi üçün geniş istifadə edilir. Haqqında rəvayətlər qoşulan bu çiçək hər zaman kədərli anlarla yada salınır.

Xarı bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "nikah diplomatiyası”ndan istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də, Xarı bülbülü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.

Haqqında danışılan rəvayətlərdə Xarı bülbül gözəllik, zərifliklə yanaşı, həm də cəsarət rəmzi hesab edilir. Ancaq artıq illərdir ki, Xarı bülbülün yalnız bir rəvayəti var - əsirlik. Bu o qədər nəcib güldür ki, Qarabağın, Şuşanın işğalda olduğu zaman kəsiyində onun açmasının mümkünsüzlüyünü düşünənlər də az deyil. Ona görə torpaqlarımızın işğaldan azad olunacağı günü həm də Xarı bülbülün əsarətdən qurtulacağı gün hesab edilməsi heç də təsadüfi deyil.

 

Mənbələr:

Apa.tv

Vikipedia

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR