Slimfit
  1. AZƏRBAYCANLI

Yardımlı-dağlar əmanəti

Yardımlı-dağlar əmanəti
Sakura

Yardımlı-dağlar əmanəti

​Rayona getmək təklifi Elman Eldaroğlundan- “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədrindən gəldi. Dərhal da razılaşdım. Azından dörd ilə yaxındı ki, rayon mərkəzində olmurdum. Bu mənada baş verən yenilikləri görmək maraqlı olardı. Bir də dağlarla hər görüş yaddaşlara hopur, xatirələrdə dərin iz buraxır. Elə Elman özü də xeyirxah bir missiya ilə rayona gedirdi, məhərrəm ayı münasibəti ilə qırx beş ehtiyacı olan ailəyə yardım aparırdı. Belə bir nəcib təşəbbüsə şahidlik etməkdən, adamların üz-gözündəki sevinci, razılığı görməkdən yaxşı nə ola bilər ki?! Cəmiyyətin sədri kimi Elman uzun illərdir ki, belə xeyriyyə tədbirləri həyata keçirir. Bunun üçün əsasən Bakı və Sumqayıt şəhərlərində yaşayan imkanlı yardımlıları bir araya gətirir, onların maliyyə yardımlarından istifadə edir. Hər halda bu xeyirxah işdə əməyi olan hər kəsə böyük təşəkkürlər düşür. Əslində inkişaf etmiş ölkələrdə də belə xeyriyyə marafonları təşkil olunur. Həmən məsələdə kifayət qədər varlı adamlar, necə deyərlər, qollarını çırmayıb təşəbbüs göstərirlər. Axı varlıların əhatəsində olan adamlar da kifayət qədər imkanlı olurlar. Ona görə də onların xeyriyə tədbirlərində milyonlarla vəsait toplanır və bu da Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinə və ya müəyyən xəstəlikləri olan uşaqlara yönəldilir. Bütün hallarda gözəl təşəbbüsdür. İnsanlar öz mərhəmətini bir-birindən əsirgəməməlidirlər. Elə Elman Eldaroğlu da imkansızların dayağında əlindən gələn bu vasitə ilə olur. Bir növ əsasən müxtəlif bayramlarda elə imkansız adamlar onun yolunu gözləyirlər. Elman da onların gözünü intizarda qoymur.

Yolçu yolda gərək...

...Apardığımız yardımları da, “Yardımlının səsi” qəzetinin yenicə çapdan çıxan sayını da maşına yükləyib üz tutduq qos-qoca dağlara doğru. Səfərimiz doğma yurd yerlərimizədir. Düzdür, bütövlükdə Azərbaycan hər birimizçün əzizdir, ancaq bununla belə bizlər ilk dəfə dünyaya o dağlardan boylanmışıq. Bu mənada o yerlərin hər daşı, qayası, otu-ələfi dəyərlidir, əzizdir, qiymətlidir...

...Masallıdan Yardımlıya doğru təzəcə burulmuşduq ki, sərin meh üzümüzü yalayıb keçdi, necə dəyərlər, canımıza yağ kimi yayıldı. Beləcə zülmət qaranlığa bürünən, gecə paltarını geyinən dağlar öz varlıqlarından xəbər verdilər. Yollar ilan kimi dağların belinə dolanıb, hər tərəfdə səssizlik hökm sürür. Qaranlıq dərələrdə, dağlarda sürünür. Diqqət kəsiləndə gecənin sükutunu həşaratların səsi, bir də Viləşin həzin şırıltısı pozurdu. Bir sözlə, bu yerlərin gündüzü də, axşamı da, gecəsi də əsrarəngizdir. Təbiət möcüzə yaradıb bu yerlərdə, öz gözəlliyini əsirgəməyib...

Yardımlı dağ rayonudur, relyefi dağlıq ərazidir. Rayon kimi doxsan illik tarixi olsa da, çox qədim yaşayış məskənidir. Hazırda Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institunun ekspedisiyası Urakərən kəndi ərazisində arxeoloji qazıntı işləri aparır. Burada iki min illik tarixi olan küp və daş qutu qəbirlər aşkar edilib. Bu da insanların ta qədimdən burada məskən saldığını təsdiqləyir. Təbii ki, dağ rayonlarının təbiəti gözəliyi, füsünkarlığı ilə fərqlənsə də, problemləri də kifayət qədər olur. Bu cəhətdən Yardımlı da istisna deyil. Necə deyələr, hansı “daşı” qaldırsan altından problem boylanır. Bütün bunları da rayon səviyyəsində aradan qaldırmaq sadəcə mümkünsüzdür. Buna güclü dövlət dəstəyi lazımdır. Bunsuz rayonu ayaqda saxlamaq, istənilən səviyyədə inkişaf etdirmək olmaz. Məsələn, keçmiş sovet dövründə bura, demək olar ki, tamam unudulub, yaddan çıxarılıb, başlı-başına buraxılıb. Kəndlər yolsuzluqdan, susuzluqdan əziyyət çəkib, elektrik enerjisi fasilələrlə verilib, mavi yanacaqdan söhbət belə getməyib. Ona görə də adamlar şəhərlərə üz tutmağa məcbur olublar. Bu yerdə müqayisəli sadə bir fakt göstərmək istəyirəm. Mən 1980-82-ci illərdə Ermənistanın Qafan, Gürcüstan Marneuli, Bolnisi, Damanisi rayonlarında bir neçə dəfə olmuşdum. Hələ o vaxt kənd yollarının asfalt olduğunu görəndə çox təəccüblənmişdim. Onu da qeyd edim ki, elə Qafan da dağ rayonuydu. Deməli, istək olarsa, qurub yaratmaq mümkündür. Elə Yardımlının da bu günkü müəyyən mənada inkişafı dediklərimi təsdiqləyir. Artıq rayonun bir sıra kənd yolları sahmana salınıb, asfaltlanıb, gələcəkdə bu işləri davam etdirmək üçün müxtəlif layihələr hazırlanır. Ayrı-ayrı yaşayış məntəqələrində su probleminin həllinə də əl qoyulub. Bu işlər ləng də olsa görülür. Ləngliyin də rayondan aslı olmayan səbəbləri var. Ən azından burada daxili imkanlar hesabına nəsə etmək mümkün deyil. Ona görə ki, o imkanlar yox dərəcəsindədir, heç bir istehsal sahəsi- həm də rayon büdcəsinə gəlir gətirəni yoxdur. Ayrılan dövlət yardımları isə bütün infrastrukturları işə salmağa kifayət etmir. Bu mənada rayonun güclü yardıma, dəstəyə ehtiyacı var...

​Əslində tez-tez dövlət səviyyəsində yardım vurğulamağım səbəbsiz deyil. Yardımlı ölkənin əksər rayonları kimi dövlət bedcəsindən ayırmalar hesabına-dotasiya ilə dolanır. Məsələn, bu gün rayonun cəmisi otuz faizi qazlaşdırılıb. Bayırda iyirmi birinci əsrdir, ölkəmiz xaricə qaz satır, öz əhalimizinsə otuz faizi həmən qazdan yararlanır. Buna nə ad vermək olar? Axı bu, rayon səviyyəli problem deyil. Sabah rayona kimin rəhbərlik etməsindən aslı olmayaraq, bu məsələnin həlli dediyim həmən o daxili imkanlar hesabına mümkün deyil. Mavi yanacağın olamaması ucbatından həm əhali əziyyət çəkir, həm də meşələr-təbiətin əvəzsiz neməti-qırılıb qurtarır. Səhv etmirəmsə, Yardımlının iyirmi min hektardan bir az artıq meşəsi var. Bu, rəqəmlərdə belədir, indi onun nə qədəri qalıb deyə bilmərəm. Bildiyim odur ki, Bərcan kəndinin meşələri yox olub. Axı belə götürəndə meşə neftdən də, qazdan da qiymətli sərvətdir. Meşədən əhali yanacaq kimi istifadə edir, ədər kəndlərin qazlaşdırılması gecikirsə, dövlət səviyyəsində alternativ variantlar tapılmalı, meşələrin məhvinin qarşısı alınmalıdır. Oturduğun ağacı budamaq olmaz. Meşələr həm su mənbəyidir, həm də ekoloji tarazlığı qoruyur. Alternativ variant deyəndə məsələn, ən azından qonşu Rusiya variantından istifadə etmək olar. Orada harasa qaz xətti çəkmək sərfəli deyil, elektrik enerjisi əhaliyə üç, dörd dəfə ucuz qiymətə satılır. Əhali də qaz yox, elektrik sobalardan istifadə edir. Bununla da problemə nöqtə qoyulur. Axı bu, rayon səviyyəli problem deyil. Yəqin əlaqədar nazirliklərin də ağılı, həm də başı ora qədər işləmir. Digər tərəfdən, elə ölkə prezidenti də bütün çıxışlarında əhalinin maddi rifah halının yüksəldilməsini, rahatlığının təmin edilməsini dönə-dönə qeyd edir, müvafiq strukturlara tapşırıq verir. Görülən, planlaşdırılan hər iş insan amilinə xidmət etməlidir. Bunu unutmaq olmaz...

​Yardımlının həm də xarakterik xüsusiyyətlərindən biri dalan rayon olmasıdır. Bu mənada çox da qonaq-qaralı deyil. Bura yalnız giriş var, çıxışı isə sərhətsdir-İran İslam Respublikası. Mövcud infrastrukturlardan yalnız yerli əhali yararlanır. Yəni öz əkib-biçdiyindən ictimai-iaşə obyektlərindən əsasən özü yararlanır. Elə bu da, müəyyən mənada əhalinin kasıb yaşamasına öz təsirini göstərir. Əgər səhv etmirəmsə, hələlik buraya turist marşurutları da yoxdur. Daha bir mühüm amil də əkin-biçinin, bağ təsərrüfatının təbiətindən aslı olmasıdır. Fakt kimi bu ili nümunə götürmək olar. Aprel, hətta may ayında gözlənilməz yağan qar yardımlıları meyvəyə həsrət qoyub. Əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirməkçünsə su təchizatı kifayət etmir. Düzdür, son illər kəndlərdə əhalinin suya olan tələbatını ödəmək məqsədi ilə uğurlu layihələr həyata keçirilirsə də, əkinçiliyin inkişafına kifayət etmir. Ona görə də yaxın gələcəkdə Viləş çayı üzərində su təmizləyici qurğuların qoyulması, bir sıra kədlərdə artezian quyularının qazılması ilə bağlı deyil. Ötən aylarda prezidentin keçirdiyi müşavirədə bu sahədə ciddi boşluqların olduğu üzə çıxdı, kəskin göstərişlər verildi. Yəqin ki, görüləcək işlərin rayona da bir faydası dəyəcək...

İnsaf naminə demək lazımdır ki, rayona ayrılan az vəsaitlə Yardımlını ayaqda saxlamaq üçün nəzərəçarpacaq işlər görülüb və görülür. Məlum olduğu kimi bu il çox uğursuz başlayıb və hələ də davam edir. Dünya pandemiya xofunu, qorxusunu yaşayır. Bununla belə, rayonda planlaşdırılan işləri başa çatdırmağa çalışırlar. Yardımlı şəhərində, Peştəsər, Qaraqaya, Çanaxbulaq kəndlərində məktəblər tikilib, xeyli abadlıq işləri görülüb. Bütün bunlar da təqdirəlayiqdir. Deməli, buzlar yavaş-yavaş əriməyə başlayır, inkişafın, tərəqqinin görünməyə, hiss olunmağa başlayır. Qoy olsun! Adamlara da elə bu lazımdır. İstək, təşəbbüs olanda qurub-yaratmaq da mümkündür...

Yardımlı sırf kənd təsərrüfatı rayonudur. Bu baxımdan da adamların çörəyi, gün- güzəranı, dolanışığı torpağa bağlıdır. Ona görə də torpağa əyilməyi bacarsan, o səni ümidsiz qoymaz. O da aydındır ki, dağda, daşda məhsul əkib-becərmək heç də asan deyil. Bunun zəhmətə qatlaşmağı, texnikası, gübrəsi var. Digər tərəfdənsə artıq məhsulunu bazara çıxarıb satmaq problemləri də bir yandan. Deməyim odur ki, əslində bu məsələlər bir-biri ilə sıx bağlıdır. Hər halda bütün bu işlərin yoluna qoyulacağına ümid artır. Rayon icra hakimiyyəti ümumi şöbəsinin müdiri Zakir İmanov da bunu xüsusi qeyd etdi. Bildirdi ki, rayonda sahibkarlıqla məşğul olmaq istəyənlərə, iş adamlarına yanlış işıq yandırılıb. Bu sahədə kimsəyə mane olunmur, əksinə icra başçısının tapşırığına əsasən hər kəsə köməklik göstərilir, şərait yaradılır. Təki irəli çıxıb qurub-yaradan olsun, yeni iş yerləri açılsın. Axı bu, ümumilikdə rayonda işsizliyin azalmasına kömək edir. Bir sözlə, bürakratik idarə üsulu tamamilə aadan qaldırılıb...

Yardımlı rayon icra hakimiyyətində pandemiya ilə bağlı karantin qaydalarının qorunması üçün mobil qrub yaradılıb. Buna baxmayaraq, icra başçısı özü hər gün kədlərə çıxır, nəzarət mexanizminin neçə həyata keçirilməsini müşahidə edir. Əslində rayon əhalisinin sağlamlığının qorunması üçün bütün qüvvələr səfərbər edilib, lazimi tədbirlər görülür. Ona görə də virusa yoluxma halları çox azdır və pandemiya ilə sərt mübarizə tədbirləri diqqət mərkəzindədir.

​Elə rayon icra hakimiyyətinin başçısı Ayaz Əskərovla görüşümüz zamanı da, o ilk öncə hazırda bu məsələnin əsas gündəmi olduğunu bildirərək qeyd etdi ki, əhalinin sağlamlığının qorunması başlıca qayğılarındandır. Sonra da illərlə yığılıb qalan sosial probləmlərdən söz saldı. Bu problemləri kökündən qoparıb atmaq hələ ki, mümkün deyil, ancaq onlar həlli istiqamətində işlər gedir, tədbirlər planı, müxtəlif layihələr hazırlanır. İndi gündəmdə duran ən vacib məsələ Yardımlı ilə İran arasında gömrük-sərhəd keçid məntəqəsinin açılmasıdır. Bu istiqamətdə bütün sənədlər hazırlanıb, sadəcə olaraq hələlik həmən məntəqənin yeri müəyyənləşib. Bunun gecikməsinin də səbəbi məlum pandemiya ilə bağlıdır. Ayaz müəllim bildirdi ki, lap yaxın vaxtlarda bu məsələ gerçəkləşəcək. Əslində gömrük-sərhəd keçid məntəqəsinin yaradılması rayonun tarixində ən böyük tarixi hadisələrdən biri olacaq. Onu da qeyd etmək lazımdır ki, belə bir obyektin açılması, yaradılması ilə bağlı uzun illərdir ki, söz-söhbət getməsinə baxmayaraq, ortada konkret bir iş yox idi. Ancaq Ayaz Əskərov rayona icra başçısı təyin olunandan sonra çox ciddi şəkildə bu məsələ ilə məşğul olmağa başlayıb. Yəqin əməli nəticə də özünü çox gözlətməyəcək. Əlbəttə, belə bir məntəqənin açılması rayona yaxşı iqtisadi prospektivlər vəd edir. Bununla Yardımlı dalan vəziyyətindən çıxacaq, orada çalışanların da azındann səksən faizi yerli adamlar olacaq. Yəni bu, əhalinin məşğulluğuna da öz təsirini göstərəcək. Sözsüz, bu, dövlət səviyyəli layihə olduğundan yeni-yeni infrastrukturların yaranmasına, quruculuq-abadlıq işlərinin genişlənməsinə də yol açacaq. Rayon rəhbərinin danışığından hiss etdim ki, bəlkə də bu iş yerli əhalidən daha çox onun maraq dairəsindədir. Axı kim istəməz ki, çalışdığın rayona belə bir əvəzsiz mükafat hədiyyən olsun. Hər zaman deyiləcək və xatırlanacaq ki, belə bir strateji əhəmiyyətli gömrük-keçid məntəqəsi filankəsin rayona rəhbərliyi dövründə yaradıldı, illərlə gözlənilən arzu çin oldu. Təki qısa zaman kəsiyində belə bir iş reallaşsın, insanların alqışına səbəb olsun.

Ayaz müəllim həm də yardımlıların qəhrəman camaat olduğunu bildirdi. Onun içində rayonda işlədiyi müddətdə Yardımlıya, yardımlılara bir sevgi yarandığını duydum. Əslində o dağ-daşda yaşamaq, qurub-yaratmaq, doğrudan da, bir qəhrəmanlıq nümunəsidir...

...Yardımlıya iki günlük səfərimiz beləcə, başa çatdı. Xeyriyyə cəmiyyətinin rayon üzrə kordinatoru Əsədulla Sadıqov da apardığımız yardımları operativ şəkildə ünvanlarına çatdırıb gözü yolda qalanları sevindirmişdi. İnsanlara sevinc bəxş etməkdən qiymətli nə ola bilər ki?..

...Yardımlını dağlara, dağları da yardımlılara əmanət edib geriyə döndük. Həm də bir daha qayıtmaq üçün...

Əyyar Cəfərli,

“Yardımlının Səsi” qəzetinin xüsusi müxbiri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR