Slimfit
  1. İQTİSADİYYAT

Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
Sakura

Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

 

Prezident İlham Əliyevin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə fərmanı ilə yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, aqrar sığorta mexanizmi nazirliyin rəhbərlik etdiyi, Maliyyə, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndələrinin də daxil olduğu işçi qrupu tərəfindən hazırlanıb. 

Dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərinin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklə öyrənməyə imkan verib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb. 

Yeni qanun kənd təsərrüfatı sığortasının fəaliyyətinin əsaslarının müəyyən edilməsinə, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasına, dövlət-özəl tərəfdaşlığının təmin edilməsinə, kənd təsərrüfatı sığortasının qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, kənd təsərrüfatı sığortası üzrə ekspertlər institutunun yaradılmasına, kənd təsərrüfatı sığortası üzrə statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına, kənd təsərrüfatı sığortası mexanizmində mütərəqqi təcrübəyə malik ölkələrin təcrübəsinin daha da yaxından öyrənilməsi və ölkədə olan kənd təsərrüfatı risklərinin təkrar sığortalanması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, stabil və təhlükəsiz kənd təsərrüfatı sığortası mexanizminin formalaşması üçün münbit zəminin formalaşmasına xidmət edəcək. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, bu mexanizmin həyata keçirilməsi üçün görüləcək işlər müəyyən edilib.

Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq.

Təkrar sığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək, katastrofik fəlakətlər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq.

Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-in artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərmək imkanına malikdir. Nəticədə yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə yönəlib.

Yeni mexanizmdə Aqrar Sığorta Fondunun yanında sığorta şirkətlərinin təsisçiliyi ilə idarəedici qurumun yaradılması nəzərdə tutulub. İdarəedici şirkətin əsas funksiyası fondun icra səlahiyyətlərini həyata keçirmək, sığorta müqavilələri satmaq, sığorta hadisələrini tənzimləmək, elektron informasiya sisteminin hazırlanması və dəstəklənməsini təşkil etmək, müstəqil ekspertlər hazırlamaq və onlarla işi qurmaqdır.

Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR