Slimfit
  1. MƏDƏNİYYƏT

Ağdam cümə məscidi

Ağdam cümə məscidi
Sakura

Ağdam cümə məscidi

Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünə məxsus dini memarlığının monumental örnəklərindən biri inşa edilmişdir. Ağdamın cümə məscidi olan bu abidəni 1868–1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği inşa etmişdir.

 

Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır. İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.

 

Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır.Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Ağdam məscidinin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verildiyi barədə erməni mətbuatından məlumatlar əldə edilmişdir. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilmiş, Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır. İşğal dövrü ermənilər Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirdilər. Hal-hazırda Ermənistan ordusunun əsgərləri tərəfindən məscidin içərisi heyvan peyinindən təmizlənmişdir.

 

Mənbə: https://www.facebook.com/Az%C9%99rbaycan%C4%B1n-Tarix-v%C9%99-M%C9%99d%C9%99niyy%C9%99t-Abid%C9%99l%C9%99ri-134176056665838

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR