Slimfit
  1. GÜNDƏM

Gəncədəki unikal muzeyə niyə sahib çıxan yoxdur?

Gəncədəki unikal muzeyə niyə sahib çıxan yoxdur?
Sakura

Gəncədəki unikal muzeyə niyə sahib çıxan yoxdur?

Birinci Qarabağ savaşında şəhid və qazi olan yüzlərlə igid-ərənlərin şəxsi əşyalarının toplandığı bir ünvan var ulu Gəncədə. Hamının “Qarabağ İgidləri Muzeyi” kimi tanıdığı bu məkan bəlkə də bütün dünyada öz unikallığı ilə əvəzsiz muzey sayıla bilər. Bu doğma muzeydə şəhid və qazilərimizə aid xeyli sayda əşyalar saxlanılır, burda bir tarix yatır.

Bu işə bütün ömrünü fəda edən Elnarə xanım Tağıyevanın təşəbbüsü ilə Azərbaycanda bir çoxlarının bacarmadığı, xüsusən hansısa imkanlı dövlət məmurunun xəyal belə etmədiyi tarixi nəticə ərsəyə gəlib.

Elnarə xanım 90-cı illərin ağrı-acısında gənc ikən bu işə tərəddüdsüz qərar verib. O, illərlə bir araya topladığı şəxsi əşyalara yeni ruh verərək öz sahiblərinin qəhrəmanlıqlarını və ən xoş anılarını gələcək nəsillərə ərmağan etməklə canlı muzeyə çevirib. “Qarabağ igidləri”nin əzəmətli muzeyi şübhəsiz ki, müəllifin şəxsi həyatını dəyişib, eləcə də ali vətəndaşlıq və vətənpərvərlik amalı Elnarə Tağıyevanı bizlər üçün ən üstün şəxsiyyət edib. 

Qarabağ uğrunda alovlanan müharibənin ilk illərindən düşmənə qarşı savaş aparan əsgərlərimizdən, zabitlərimizdən müxtəlif növ şəxsi əşyalarını almağa başlayıb. Xatirələri adbaad nizama salaraq qəhrəmanlarımız haqqında geniş məlumatlar toplayıb. Fədakar xanım bu məqsədlə öz evinin ilk mərhələdə 1 otağını, sonradan isə 2 otağını muzeyə çevirib və yorulmadan Azərbaycanın hər guşəsində şəhid və qazi ailələri ilə görüşüb, onlara məxsus informasiya və əşyaları toplamağı bacarıb. Fədakar qadın qarşılaşdığı çətinliklərdən əsla usanmayıb, maddi sıxıntıları belə onu şərəfli yolundan döndərə bilməyib.  

Bütün bunları ENS TV kanalındakı videoda görə bilərsiniz:

Əsas məsələ bundadır ki, Gəncə şəhərində yerləşən bu muzeyə nə şəhər İcra hakimiyyəti başçısı baş çəkmir, nə də ki, əlində hökumətimizin inzibati resursları olan başqaları muzeyin varlığına qiymət qoymur. Hətta, əslən Gəncədən olan və “44 günlük” ikinci Qarabağ savaşı dönəmində dəfələrlə Gəncəyə səfər edən Hikmət Hacıyev də bu muzeydən sanki xəbərsizdir. Bu cür əhəmiyyətli və vacib bir muzeyə dövlət yetkililərinin sahib çıxmamaları, lap görməzlikdən gəlmələri sadəcə acı təəssüf doğuran haldır.

İndi bu muzey üçün başqa yer ayrılıb köçürülməsinə, inkişaf etdirilərək qorunub saxlanmasına ehtiyac var. Həmin evdə mövcud olan rütubət, gələcəkdə yaşana bilən hər hansı hadisə ümumilikdə muzeyin məhv olmasına gətirib çıxara bilər. Elnarə Tağıyevanın maddi sıxıntıları da eksponatların lazımınca qorunub saxlanmasını mümkünsüz edir.

Əslində, dünyanın istənilən bir ölkəsində belə zəngin muzey olsaydı, dövlət birmənalı olaraq sahib çıxardı. Bizim dövlətimiz də tərəddüdsüz bu muzeyə sahib çıxmalıdır! Bundan başqa yaxşı olardı ki, onsuz da bütün ömrünü “şəhid” xatirələrinə həsr etmiş xanıma da bir status veriləydi. Hətta, rəsmi olaraq eyni adda muzey yaradılaraq xanıma da rəhbərlik həvalə ediləydi. Gələcək nəsillər də belə işləri və dövlətimizin qayğısını görüb həvəslənərdilər. 

Bu yaxınlarda “Qarabağ Muzey Kompleksi”nin tikiləcəyi haqqında məlumatlar paylaşıldı. Bəli, Qarabağ Muzeyi yaradılır və bu çox sevindirici haldır. Deməli, dövlətin məlum tarixi hadisələrə, sonda bizi müzəffər edən Qarabağ həqiqətlərinə diqqəti və qayğısı var. Elədirsə, şəhid və qazi ailələrinin xatirələrinin yaşadığı muzeyə sahib çıxmalıyıq, bunu özümüzə bir and borcu bilməliyik. 

Ümidimizi üzməmişik, qəti olaraq əminik ki, Gəncənin icra başçısı da, yuxarı təşkilatlar da sözügedən muzeyin vacibliyini qəbul edib zəruri tədbirlər görəcək. Yəqin ki, dövlətimizin muzeyə sahib çıxacağı gün Elnarə xanım üçün də ən sevincli günlərdən biri olacaq. Çünki, onun həyatının bütün sevinci şəhid və qazilərimizin şəxsi xatirələrinə sayğıdan keçir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR