Slimfit
  1. MEDİA

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil)

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil)
Sakura

AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil)

                                (2020-ci ilin sentyabrından, gələcəyə baxış)

 

Bütün faktorları üst-üstə qoyanda; sosial şəbəkələrin potensialı və silsilə olaraq təsir effektinin artması; hadisələrin temp və tendensiyasının xüsusi təcil qazanması; qlobal ümumi dəyişikliklər; beynəlxalq siyasi düzənin və anlayışın dəyişməsi; Rusiyanın Azərbaycanı “nişangaha” alması və potensial hərbi hücumlar; İlham Əliyevin siyasi limitinin bitməsi; hakimiyyətdə liderin və “təmiz” fiqurun çatışmazlığı; büdcənin həlledici amili olan neftin qiymətinin kəskin düşməsi ilə ciddi azalan gəlirlər; hakimiyyətdaxili qüvvələrin və ya “vurulmuşların” revanş meyilləri; bütün bu faktorların, son 4-5 il ərzində ya mövcud olmadığını ya da az təsirli olduğunu, məhz son illərdə, ciddi olaraq meydana çıxdığını, dolayısıyla da, hakimiyyətin taleyi baxımından vəziyyətin bucağının, təkcə 4-5 il ərzində 180 dərəcəyə yaxın dəyişdiyini görmək mümkündür. Məntiq onu deyir ki, bu 180 dərəcəyə yaxın dəyişim potensialı, hakimiyyətin və sistemin perspektivində 180 dərəcə də dəyişim demək olmasa da, hər halda mütləq ki, çox önəmli fərqlilik anlamına gəlir. Yəni yuxarıda sadalanan faktorlar, onu deyir ki, Azərbaycanın daxilində və hakimiyyətində, yaxın aylarda, mütləq şəkildə radikal dəyişikliklər olacaq və artıq, bu dəyişikliklərin ilkin impulsları, meydana gəlibdir. (Hansı ki, yuxarıda bunlara geniş şəkildə toxunduq). Bu faktorların çoxunun bir-biri ilə sıx bağlı olmasını, dolayısıyla da birinin güclənməsinin, bir neçəsinin güclənməsini şərtləndirməsini, yəni silsilə təsir göstərməsini nəzərə alanda, proseslərin, ehtimal olunandan daha tez baş verməsi və hər an, ölkədə böyük bir şokun yaranması, mövzubəhsi ola bilər. Zatən cəmi 2 il öncə; hakimiyyətdə bu qədər dəyişikliyin və o cümlədən, silkələnmənin olacağı, üstəlik hakimiyyətin qərarlarının, bir neçə dəfə xalq tərəfindən bloklanacağı, zəif ehtimal kimi görünürdü. Elə isə cəmi 2 ay sonra; sosial şəbəkədə dalğavari şəkildə birbaşa İlham Əliyevi və hakimiyyəti hədəf alan “ümumilli bir dalğanın” tüğyan etməsi və ya İlham Əliyevin, hakimiyyəti, Mehriban Əliyevaya buraxması, zəif ehtimal hesab edilməməlidir. Real və ciddi islahat keçirməsi və ya yarımçıq da olsa demokratiyaya keçməsi inandırıcı görünməyən mövcud iqtidarın, çarəsiz şəkildə, əlindəki yeganə “əsa” olan karantindən sıx yapışdığı görünməkdir. İşini və qazancını itirmiş yüzminlərcə insana, labüd yardımı, cəmi 190 azn müəyyən edən, üstəlik, bunu da hər kəsə verməyən hakimiyyətin, bu qədər həssas zamanda belə xəsis davranması və hətta uşaqpulu kimi ümumilli tələbə çevrilmiş bir ehtiyacı da görməzdən gəlməsi; onun, xalqdan əlini tamam üzdüyünü, və başqa və anormal vasitələrə bel bağladığını göstərir. Ki, bir gün, və özü də uzaq olmayan gələcəkdə bitəcək olan virusdan sonrakı dövr üçün hakimiyyətin əlində qalacaq yeganə ciddi təsir rıçağı var, o da müharibədir.

Bəli, “iyul döyüşləri” də bir daha göstərdi ki, xalq, hakimiyyətdən bütün narazılığa baxmayaraq, müharibə zamanı, yekdil şəkildə, dövlətlə mütənasib olur. Beləliklə, eynilə Azərbaycan iqtidarı kimi; karantin nəticəsində vəziyyəti çətinləşən və xalqı öz oxunda təmərküzləşdirmək üçün çarə axtaran və əlində, məğlub olması durumunda “Rusiya bizə kömək etmədi”  kimi avtomatik bir “əsas”ı olan Ermənistan iqtidarının da, müharibəyə meyilli olduğu və ya ən azından zidd olmadığı görünməkdir. Rusiyanın da bu işə meyilli olmasını və ya ən azından zidd olmamasını nəzərə alanda, qarşıda bizi yeni bir müharibənin yaxud döyüşlərin gözlədiyini söyləmək olar. Və bu müharibənin başlanması üçün şərtlər, hazırda yetişməsə də artıq formalaşmağa doğru gedir; çünki əvvəl, məktəblərin açılması və sonra havaların soyuması ilə virusun nisbi olaraq artması və daha sonra sərt karantinin gəlməsi lazımdır. Çünki müharibə şəraiti, xüsusilə də, qeyri-demokratik hakimiyyətlər üçün, avtomatik olaraq “ölkədaxili xüsusi həssas durum” və “ tam kontrol altında saxlanılması gərəkən situasiya” demək olduğu üçün, fövqaladə halın şərtləri gərəkir. Nəticə etibarilə bu müharibə, elə oktyabrda və ya noyabrda da ola bilər. Nəzərə alanda ki, Azərbaycanda siyasi vəziyyət, özəlliklə həssas və qırılqandır və hər an bir “tufan qopa bilər”; az qala hər günü, “iynə üstündə keçən” hakimiyyətin, bu həyəcandan və riskdən, bir an öncə qurtulmağa çalışdığı, yüksək ehtimaldır. Əslində həm psixoloji, həm də digər səbəblərdən, artıq 2-ci ildir ki bütün “enerji boşalması” və dəyişiklik ehtimalı, payız dövrünə saxlanılmaqdadır və bu, həm də seçkilərin, adətən bu zamanda olması ilə bağlı bir durumdur. Keçən il də “payızda nəsə olacaq” havası hakim idi və qatı müxaliflər, hansısa inqilab və kütləvi aksiyadan, “konstrukstiv müxalifət” isə seçki və islahatdan sıxca danışırdılar və bu, ümumi dəyişiklik tələbinin sonucu idi. Nəticədə də, ard-arda seçkilər baş verdi və parlament seçkisi kampaniyası, anormal şəkildə erkənə alınaraq, hətta bələdiyyə seçkisi bitməmiş, başladı. Ona görə də demək olar ki; 1 il sonra, proseslərinin tempinin daha intensivləşdiyi və dəyişiklik tələbinin daha yuxarı fazadan gəldiyi indiki vaxtda; payızda, xüsusi və ciddi hadisələrin baş verməsi qaçılmaz görünür. Və bu da əsas olaraq; öncə, müharibə, ardınca da növbədənkənar seçki şəklində özünü biruzə verə bilər. Əlbəttə döyüşlərdə alınacaq müsbət nəticə və uğur görüntüsü, hakimiyyətə, əlavə şans, və ömrünü uzatmaq imkanı yarada bilərsə də, ola biləcək hansısa ciddi uğursuz nəticə, əksinə, hakimiyyətin bütün planlarını kökündən poza bilər və nəticədə biz, cəmiyyətin; sosial şəbəkə ilə başlayan ciddi etiraz dalğasını, hətta, bunun, real həyatda da öz əksini tapması ilə nəticələnən kütləvi aksiyaları və inqilabi prosesləri izləyə bilərik. Ki, etiraz dalğası, elə təkcə sosial şəbəkədə olsa belə, bu, özlüyündə, iqtidar üçün ciddi təşviş və özgüvən sarsıntısını və bununla bərabər ciddi çalxalanmanı gətirə bilər ki, “vurulmuşlar” da bu fürsətdən istifadə edərək, xüsusi nələrsə edə bilərlər.

Diqqətdən qaçmamalıdır ki, sosial şəbəkədə etiraz dalğası, önünə, hər şeyi qatıb apara bilən, çox güclü bir təsir axınıdır və elə ən son BNA-nın absurd “Vahid tarif” qərarına qarşı baş verən ümumilli etiraz, əslində elə real həyatdakı; on minlərin BNA-nın qarşısında toplaşıb etiraz etməsi ilə eyni effekt və nəticəni verdi.

Nəzərə almaq lazımdır ki, artıq, siyasət, Azərbaycanda ümumi bir maraq və tələbata çevrilməkdədir və əvvəllər, “riskli” hesab olunan və “mən siyasətə qarışmıram!” mövqeyində ifadə olunan siyasi mövqe, indi artıq, “belə olmaz, nəsə etmək lazımdır!” mövqeyinə gəlibdir. 7 il öncə absurd əsaslarla həbsə atılan Tofiq Yaqublunun qanunsuz dustaqlığına, o zaman yüzlərcə və əsasən siyasi fəal insanlar etirazını ifadə etmişdisə, indi eyni tip gərəkçələrlə həbsə atılmasına, on minlərcə və çoxlu sıravi insanlar etiraz edirlər. Ki, getdikcə bu proses, eynilə “Mehman Hüseynov olayında” olduğu kimi ümumilli bir protest halını almaqdadır ki bunu nəticəsi, bütün hallarda hakimiyyət üçün dalan və problem deməkdir.

Görünən budur ki, hakimiyyət, psixoloji tarazlığını və “açarını” itiribdir və sadəcə zaman qazanmağa və “günü qurtarmağa” çalışır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, ağlını itirmək və ya “siyasi borderlayn” deməkdir. Bütün əsas qərarları verdiyi şübhə doğurmayan İlham Əliyevin, xüsusən son aylar ərzində yetərincə gərgin olması və tez-tez qeyri-korrektliklərə yol verməsi, aşkar şəkildə ortadadır. Müxalifəti və AXCP-ni tənqiddə, ifrat şişirtməyə və radikallığa yol verməsi və Ermənistandan daha təhlükəli bilməsi ilə paralel- sıravi müxalifətçilərin belə, həbsi; hətta Novruz bayramı kimi, pozitiv ruhiyyənin ən çox gözlənildiyi zamanda, olduqca neqativ çıxışlar etməsi; “iyul hadisələri” zamanı xalqın müharibə tələbi fonunda, səfərbərlik üçün “cəmi 150 nəfər müraciət edib” kimi, hətta özünü belə, Ermənistanla bir tərəfə qoyan bir açıqlama verməsi; bütün bunlar, indiyəqədər heç olmadığı qədər kəskin bir ruh halında olmasını göstərir və olduqca ilgincdir. Bu durum, hansısa fizioloji dəyişiklik və xəstəliklə bağlı ola bilərsə də, təbii ki, əsas səbəblərin, başqa yerdə axtarılması gərəkir və bu səbəblər də; artan ictimai narazılığa olan reaksiya ilə yanaşı, hakimiyyət daxilində baş verən və hələki üzə çıxmayan hansısa xüsusi hadisələr-mərkəzdənqaçma meyillərinin episentrinin hiss olunması ola bilər. Şübhəsiz ki bu “ziqzaq” və qeyri-rasionallıq, onun, öz komandası daxilində də güvənini və ciddiyyətini sarsıdan əlavə bir faktor deməkdir, ümumiyyətlə isə Əliyev, dövlət başçısındə olmalı olan müdriklik və ciddiyyətini təslim etməklə; yavaş-yavaş prezidentlikdən, “psixoloji-ictimai” aspektdə çıxmaqda və “kürsünü tərk etməkdədir”. Artıq, kimsə, İlham Əliyevi ciddi olaraq dövlət başçısı kimi qəbul etməməkdədir və bu isə, bir müddətdən sonra öz komandasında, aşkar qopma və açıq tərəddüdləri, bərabərində gətirəcəkdir. Buna görə də; dövlət başçısından sonra əlində ən çox gücü cəmləşdirən hansısa bir qurumun başçısının, “vurulmuşlarla” birləşib, bir çevriliş cəhdində bulunması, əslində psixoloji planda, çox asan bir iş durumuna gəlməkdədir. Hazırda Azərbaycanın siyasi vektorunda, xüsusi nələrsə ön planda görünməsə də, siyasi “bombaların” basdırıldığı şübhəsizdir və bu “bombalar”, sadəcə partlamaq zamanını gözləməkdədir. İlham Əliyev, hazırda; eynilə Əbülfəz Elçibəyin 1993-cü ildə, hakimiyyətinin son aylarını yaşaması dövründəki vəziyyətdədir. Sadəcə olaraq fərq budur ki, hal-hazırda ona açıq bir qiyam görüntüsü mövcud deyil və hələki xarici təhlükə də aşkar deyil. Amma bütün şansları, sürətlə bitməkdədir və görünən budur ki əgər yaxın aylarda, iqtidar, xüsusi nələrsə edə bilməsə tənəzzül, qaçılmaz olacaq və hakimiyyət dəyişəcəkdir.

Edə biləcəyi və ya etməyə müsbət baxdığı variantlar da; yeni “islahatlar”, müharibə, karantin, fövqaladə hal və “dövlət çevrilişi şousu” kimi görünməkdədir. Lakin Rusiyanın Ermənistana ciddi dəstəyini və əks hadisələrin baş vermə ehtimalını nəzərə alanda, müharibə, həm də yetərincə riskli bir variant kimi durur. Amma başqa çarə də yoxdur; uzun illər ərzində neftdən və təbii ehtiyatlardan gələn on milyardlar, ya israf olunub ya da “sərvət” halında toplanıbdır və onları, xalqa qaytarmağa da psixoloji olaraq əlləri gəlmir, zatən xalqa qaytarılsa belə, bu, siyasi bir limitə və dəstəyə qarantiya da vermir. Odur ki, hər halda; başda İlham Əliyev olmaqla, hakimiyyətin, “ən pis gün” üçün düşündükləri senari, xaricə və güvənli bir ölkəyə qaçıb, orda “hüzur tapmaq”dır. Vəzifədə qaldığı təqdirdə isə edə biləcəyi hər hansı bir “islahat addımı”, sadəcə “qırıq ağacı yapışqanla bitişdirmək” kimi bir effekt verəcəkdir və özünü aldatmaq demək olacaqdır. Çünki, siyasi aktivlik və proseslərin məcrası o yerə varıb ki, hansısa icra başçısının həbsi də artıq, əks-təsir göstərməkdə və ictimai rəydə, ciddiyyətini itirən bir addıma çevrilməkdədir. Artıq, hakimiyyətin verə biləcəyi yeganə qurbanlar, ən yuxarı ranqlı məmurlar, nazirlər ola bilər ki, bunları da həbsə atmaq, iqtidar üçün olduqca riskli bir qərar kimi görünür.

Ola bilsin ki hakimiyyətin; müharibənin, hələki təxirə düşməsi və ya döyüşlərdəki potensial uğursuzluq fonunda, nəzərdə tutduğu ehtiyat variant da məhz yeni “dövlət çevrilişi” şousudur ki bu da ciddi bir effekt verəcəyə bənzəmir.

Nəticə olaraq; Azərbaycanda hazırda gedən proseslər, əslində psixoloji fazada həyata keçməkdədir və eynilə; cəmi bir nəfərin sığa biləcəyi qapıdan keçmək üçün bir-birilərini gözləyən şəxslər kimi, xalq, hakimiyyəti, hakimiyyət də xalqı gözləməkdədir. Xalq, qapıdan ilk özünün girməli olduğunu düşündüyü an, mütləq şəkildə hərəkətə keçəcəkdir və bu da hakimiyyətin dəyişməsi deməkdir. İndi sadəcə olaraq; xalqa, bunu başa salmaq və gözləməyin əbəs olmasını, anlatmaq qalır. Bəli, Azərbaycanda siyasi sistem, hazırda qurumuş ağac kimidir, sadəcə yıxılmağı qalıbdır ki, bunun üçün də ona toxunmaq lazımdır. Bütün məsələ; xalqı, birbaşa İlham Əliyevin istefasını tələb etməyə qane etməklə bağlıdır və bu, hələki psixoloji olaraq baryerli kimi görünsə də, əslində hər şey, bir himə bənddir. Yəni biləvasitə Əliyevin yol verə biləcəyi hansısa şok səhv və ya radikal bir uğursuzluq, məhz bu prosesi gətirəcəkdir, hansı ki əslində iyul döyüşləri dövründə, onun, səfərbərliklə bağlı söylədiyi “cəmi 150 nəfər müraciət edib” sözləri, ciddi əks-səda yarada bilərdisə də, görünür ki bu sürəc, hələ tam yetişməyibdir. Lakin, sosial şəbəkə eynilə, dərya kimidir və orda böyük bir dalğanın qopması, sadəcə olaraq “küləyə”, yəni anlıq bir şok hadisəyə bağlıdır. Azərbaycan cəmiyyəti kimi daha emosional cəmiyyətlərdə, bu cür anlıq küləklər, daha tez effekt verir. Odur ki, zatən “kütlə psixologiyası”nın basqın olduğu sosial şəbəkələrdə; narazı, və ərəb toplumlarına bənzər dərəcədə emosional və nisbətən zəkasız bir cəmiyyətdən; hər an, hər şey gözləmək lazımdır. Bu cür toplumlar, gec ayılsa da necə deyərlər, “çox pis” ayılırlar, və hərəkət və özünə nəzarət trayektoriyaları, sabit və proqnozlaşdırılan olmur. Xüsusən də meydanda aşkar və ümumi bir liderin olmadığı şəraitdə, toplumun hərəkətlərini daha çox məhz spontanlıq və təsadüf müəyyən edəcəyi üçün, baş verəcək etiraz dalğalarının son ucunun haraya varacağını kəsdirmək də çox qəlizdir. Beləliklə də cəmi 2-3 ay sonra, indi heç kəsin proqnozlaşdırmadığı hadisələr baş verə biləcəyi kimi, heç kəsin də proqnozlaşdıra bilmədiyi bir şəxsi, ictimai dalğa, qatıb önünə, lider kimi apara bilər.

Nəticə olaraq söyləmək olar ki; tezliklə, yaxın aylarda olduqca ciddi hadisələr baş verməsi qaçılmazdır. Fərq, sadəcə bu hadisələrin növündə, sayında və tempinin dərəcəsində olacaqdır. Ya müharibə olacaq və orda əldə edilən uğur görüntüsü ilə hakimiyyət, ömrünü qismən uzadacaq və daxili dəyişikliyi həyata keçirəcək, M. Əliyevanı başa gətirəcək, lakin bir qədər uzansa da, yenə də hakimiyyət, gec-tez çökəcəkdir. Ya bu döyüşlərdə, ciddi uğursuzluq olacaq və hakimiyyət, tənəzzül dövrünə girəcək və yaxın aylar, olduqca gərgin və ictimai etirazlarla, hətta çevriliş cəhdi ilə keçəcək və nəticədə, karantin və fövqaladə hal kartına söykənsə də, hakimiyyət, 1 ilə qalmadan dəyişəcək. Ya da döyüşlərdə, “iyul döyüşləri” kimi “pat nəticə” yaranacaq və hakimiyyət, ya yeni dövlət çevrilişi şousuna əl atacaq ya da qondarma islahatlarla və “göz qorxutma” siyasəti ilə vaxt uzatmağa çalışacaq və nəticədə hazırki temp, davam etmiş olacaqdır və bu da ən geci 2 il içində hakimiyyətin dəyişməsi ilə nəticələnəcəkdir.

Yaxud da döyüşlər, hələki ertələnəcək və iqtidar, karantin və digər vasitələrlə, qaldığı yerdən davam etməyə çalışacaq ki, bu da bayaqkı, yəni üçüncü variant kimi bir perspektiv vəd edir.

Amma hər halda, döyüşlər, gec-tez olacağa bənzəyir, payızda olmasa, yazda olacaqdır; bu da yenə yuxarıdakı 3 senaridən birini özündə ehtiva edir.

Bütün hallarda; ölkədə, tezliklə kəskin dəyişiklər qaçılmazdır, real olan budur ki, artıq, mövcud sistem, son dövrünə yaxınlaşmaqdadır və uzaq olmayan bir gələcəkdə, hətta hakimiyyətin özü də dəyişəcəkdir. Mövcud prezident İlham Əliyevin bu kürsüdəki ömrü isə daha az qalıbdır və ümumiyyətlə hakimiyyətin tipik bir nümayəndəsinin, bundan sonra uzun bir müddət iqtidarda olması, real deyil. Hakimiyyət, ya tezliklə tamam dəyişəcək, ya da qismən dəyişməklə ömrünü bir az uzadacaqdır, amma yenə də gec-tez dəyişəcəkdir.

Yuxarıda qismən işarə etdiyimiz kimi, hər şeyin, məntiqi nəticəsi vardır və hətta SSRİ kimi nəhəng sistem, cəmi 70 il mövcud ola bildiyi kimi, “Heydər Əliyev sistemi”nin artıq 27-ci ildir mövcud olması, zatən yetərincə uzun müddətdir və bu əslində bir az da təsadüfi amillərin təsiri ilə belə olubdur. 

 Yunis Dürüst, filosof-alim

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR