Slimfit
  1. COĞRAFİYA

Azərbaycanın ən uzun 5 çayı

Azərbaycanın ən uzun 5 çayı
Sakura

Azərbaycanın ən uzun 5 çayı

 

Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, onların da bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi is’ 85500 km² qəbul edilir. 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır. 
Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:

1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.

Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər:

1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur;
2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər. Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.

Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar. Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır. Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır. Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir.

Respublikanın dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında müşahidə olunur. Hər 5-10 il təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıntılı gücə malikdirlər. Sel kütləsinin birdəfəlik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m3-rə çatır. Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km3arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km3 və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə  5,64-7,34 km3-dir. Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3–dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir. Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir. Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir. Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir. Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur. Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanın bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir. Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir. Respublikanın su anbarlarının tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.

Kür çayı – 1515km

 

Kür çayı üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.

Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və oradan kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.


Araz çayı – 1072km

 

Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çay.

Çay öz mənbəyini Türkiyə ərazisindəki (Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və Güney Azərbaycan ərazilərindən keçərək, Azərbaycanın Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür.

Bu çay iki Azərbaycanı - Cənubi Azərbaycan ilə Şimali - Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur.

 

Qanıxçay – 413km

 

Qanıxçay – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 413 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla). Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhəddi boyunca axır.

Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Barbala dağından (2837 m) götürür. Orta və aşağı axımı Gürcüstan ilə Azərbaycanın Balakən, Zaqatala, Qax və Şəki rayonları arasında dölət sərhədini təşkil edir. Çay Pankis dərəsindən çıxdıqdan sonra Kaxetiya düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.

Azərbaycan ərazisində 90–95 km məsafədə axaraq sol tərəfdən ona Balakənçay, Katexçay, Talaçay, Qaraçay (və ya Muxaxçay) Kürmükçay və Əyriçay çayları tökülür. Qanıxçay Əyriçayın töküldüyü yerdən aşağıda, Alazan-Həftəran vadisini cənubdan əhatə edən alçaq dağlar zonasını yararaq dərin və saldırım yamaclı dar dərə ilə axır. Burada çay astanalar (kaskadlar) əmələ gətirir. Mənsəbinə 4,5 km qalmış Qanıxçay özünün ən böyük qolu olan Qabırrı çayı (İori) qəbul edir. Hazırda su anbarı həmin yerləri örtdüyü üçün Qabırrıçayı bilavasitə Qabırrıçay Mingəçevir su anbarına tökülür.

İllik axımının 30%-ni yağış, 40%-ni yeraltı və 30%-ni qar suları təşkil edir. Orta illik su sərfi 108 kub m/san -dir. Axımın 50%-i yazda, 15%-i yayda, 20%-i payızda, 15%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 290kq/san, lillənməsi isə 2636 q/m³-dir. Çayın bütün axımı boyu suvarma işlərində geniş istifadə edilir.

 

Qabırrıçay – 394km

 

Qabırrı çayının hövzəsinin sahəsi 4,8 min km²-dir. Hazırda Mingəçevir su anbarına tökülür. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (2560 m) alır. Yuxarı və orta axımı Gürcüstan ərazisindən, aşağı axımında isə 10 km məsafədə Azərbaycanın Samux rayonu ilə Gürcüstanın sərhəddi boyunca axır.

Samqori suvarma şəbəkəsinin yaradılması ilə əlaqədar olaraq çayın suyunun bir hissəsi kanallar vasitəsilə Tibilisi su anbarına axıdılır.

Qabırrıçay öz suyunu qar, yağış və yeraltı sulardan alır. Mənsəb yaxınlığında orta illik su sərfi 15,6 kub m/san-dir. Axımın 47%-i yazda, 26%-i yayda, 16%-i payızda, 11%-i isə qışda keçir. Qabırrıçay orta lillənməsi 500-700 q/kub m-dir. Suyu hidrokabonatlı-natriumlu olmaqla 500-1000mq/l minerallaşmaya malikdir.

 

Samurçay – 216km

 

Samur çayı - Azərbaycanın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda dördüncü böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsədə, Samur çayı aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samur çayının uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km2-dir. Samur çayı Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayrıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir.

Samur çayının qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur. Bu dövr yazda başlamaqla, yayı da əhatə edir. Samur çayının illik su sərfinin 20% yazda, 49% yayda, 20% payızda və 10% qış aylarında keçir. Çayın illik su sərfi həcmi 2.36 km3-dən az artıqdır. Axtı məntəqəsində Samurun illik sülb axımının həcmi 5256.5 min m3-ə çatır.

Azərbaycanın təsərrüfatı üçün Samur çayının olduqca böyük əhəmiyyəti var. Samur çayından hələ 1940-cı ildə Samur-Dəvəçi kanalı çəkilmiş, 50-ci illərin axırında isə bu kanal Ceyranbatan çökəkliyinə çatdırılmış və Abşeronda birinci böyük şirinsulu su anbarı yaradılmışdır. Bu kanal Samur-Dəvəçi ovalığında, Boğaz düzənliyində və Abşeron yarımadasında 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyidir. Sumqayıt və Bakı şəhərlərinin su təchizatında da Ceyranbatan su anbarında durulan Samur sularından geniş istifadə olunur. Bununla yanaşı, bu sulardan Abşeronda yaşıllaşdırma işlərində də geniş istifadə edilir.

 

Müəllif: Famil Ələkbərov

İstinadlar: Vikipediya və Azərbaycan Coğrafiya Cəmiyyətinin rəsmi saytı

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR