Slimfit
  1. MARAQLI

Azərbaycanlı alimin molekulyar biotexnologiya sahəsində dünyaya səs salan mühüm ixtirası

Azərbaycanlı alimin molekulyar biotexnologiya sahəsində dünyaya səs salan mühüm ixtirası
Sakura

Azərbaycanlı alimin molekulyar biotexnologiya sahəsində dünyaya səs salan mühüm ixtirası

Dünya elminin inkişafında azərbaycanlı alimlərin də müəyyən rolu var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, dünyada molekulyar biologiya sahəsində mühüm ixtirası ilə tanınan Tərlan Məmmədov belə alimlərdəndir. O, dünyada ilk dəfə şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya hazırlayıb. Azərbaycanlı alimin bu ixtirasından təbabətdə və sənayedə istifadə etmək mümkündür. Bu texnologiya çox mühüm və çətin ekspressiya olunan mürəkkəb zülalların, vaksin antigenlərin və terapevtik zülalların yüksək aktivliklə sintez edilməsinə imkan yaradıb. Yeni texnologiya bütün eukariot ekspressiya sistemlərinə tətbiq oluna bilər və rekombinant zülalları bu sistemlərdə şəkərsiz halda istehsal etməyə imkan verir.

Alim AZƏRTAC-a müsahibəsində dünyaya səs salacaq, məşhur şirkətlərin böyük maraq göstərdiyi bu ixtirası ilə bağlı maraqlı məqamları bölüşüb.

1998-ci ilədək AMEA-nın Botanika İnstitutunda çalışan, 2002-ci ilədək Yaponiyada, həmin ildən 2014-cü ilədək ABŞ-da müxtəlif nüfuzlu elmi təşkilatlarda fəaliyyət göstərən T.Məmmədov hazırda Türkiyənin Akdeniz Universitetinin professorudur. Qardaş ölkədə qazandığı uğurlardan danışan alim deyib: “Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinə (TÜBİTAK) göndərdiyim layihələrin hamısı qurum tərəfindən dəstəklənib və maliyyələşdirilib. Hazırda azərbaycanlı tələbələrin də daxil olduğu 15 nəfərdən artıq heyəti olan komanda ilə çalışıram. Qısa vaxtda komanda ilə birlikdə dörd layihə həyata keçirmişik. Elmi fəaliyyətimin əsas istiqaməti bitki ekspressiya sistemindən istifadə etməklə rekombinant zülalların, ekspressiyasının və istehsalının işlənilib hazırlanmasıdır”.

Dünyada DNT əsaslı texnologiyalar vasitəsilə istehsal olunan zülal təbiətli dərmanlara tələbat artmaqdadır. Malyariya və qarayaraya qarşı ən səmərəli vaksinləri hazırlamaq üçün dünyanın müxtəlif laboratoriyalarında bir çox cəhdlərin uğursuz nəticələndiyini söyləyən T.Məmmədov deyib: “Bütün eukariotik rekombinant protein ekspressiya sistemləri daxil olmaqla, şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiyanın yeganə ixtiraçısıyam. Bu yeni texnologiya hazırda mühüm rekombinant zülalların, vaksinlərin, terapevtik zülal və enzimlərin yüksək aktivliklə istehsalını təmin edir”.

Alim qeyd edib ki, malyariya və qarayara antigenləri nativ orqanizmlərdə şəkərsiz formadadır. Lakin bu zülallar potensial N-qlükozalaşma saytlarına malik olduğundan istənilən eukariotik protein ekspressiya sistemlərində, o cümlədən bitki ekspressiya sistemində sintez edildiyi zaman anormal N-qlükozalaşmaya məruz qalır. Nəticədə sintez edilən zülal funksional aktivliyə və stabilliyə malik olmur. T.Məmmədov bildirib: “Hazırda ABŞ-da bu yeni texnologiyadan istifadə edilərək vaksinlərin və terapevtik zülalların istehsalı reallaşdırılır. Müvafiq mərhələlərdən uğurla keçdikdən sonra bu məhsullar bazara çıxarılacaq. Bu gün rekombinant proteinlərin müxtəlif növləri sintez edilir, amma bu, olduqca baha başa gəlir. Bitki ekspressiya sistemində bu texnologiyadan istifadə etməklə rekombinant proteinləri şəkərsiz və aktiv halda almaq çox ucuz başa gələcək. Belə ki, əvvəllər vaksinlərin istehsalı zamanı bir doza üçün 10 mikroqramdan çox istifadə olunurdusa, bu texnologiyadan istifadə etməklə bir mikroqram ilə həmin dozanı almaq mümkündür”.

Hazırda bu üsulla əldə etdiyi iki heyvan vaksininin bazara çıxmaq ərəfəsində olduğunu bildirən alim ixtirasının iqtisadi baxımdan Azərbaycana da böyük səmərə gətirə biləcəyini qeyd edib. Azərbaycana böyük maliyyə vəsaiti hesabına başa gələn müxtəlif heyvan xəstəlikləri əleyhinə vaksinlərin idxal edildiyini deyən alim diqqətə çatdırıb ki, onun ixtira etdiyi üsulu ilə bu preparatların ölkəmizdə də sintezi mümkündür.

“Bu ixtiralar və onunla əlaqəli tədqiqatlar Nobel mükafatına təqdim oluna bilərmi?” sualını T.Məmmədov belə cavablandırıb: “Əgər ixtira etdiyim texnologiyalardan istifadə etməklə yaradılan vaksinlər milyonlarla insanı müxtəlif xəstəliklərdən qorumağa qadirdirsə, onların həyatını xilas edə bilərsə və dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərərsə bu ixtira və onunla bağlı tədqiqatlar Nobel mükafatına layiq görülə bilər”.

Qeyd edək ki, bu texnologiyaya aid nəticələr bir sıra beynəlxalq konfranslarda plenar məruzə kimi təqdim olunub və yüksək impakt-faktorlu “Plant Biotechnology Journal (2012)”, “Bioengeered (2013)”, “Molecular Biotechnology (2014)”, “PLOS One (2016)” jurnallarında və “ISB news report”da (2013) çap edilib. Böyük marağa səbəb olan bu yeni texnologiya ABŞ-ın “IBS news report”, “NewsRX”, “ReportLinker” kimi media orqanlarında molekulyar biotexnologiya sahəsində innovasiyanın mühüm bir nümunəsi kimi təqdim edilib.

Mənbə: Azertag.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR