Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bayılma (özündən getmə) zamanı yardım

Bayılma (özündən getmə) zamanı yardım
Sakura

Bayılma (özündən getmə) zamanı yardım

Bayılma – beyin qan dövranının pozulması nəticəsində, insanın qısa müddət ərzində huşunu itirməsidir.

Saglamolun.az bildirir ki, bayılmanın səbəbi yorğunluq, qorxu, ağrı, güclü emosiyalar (məsələn, qan gördükdə), istivurma, anemiya (qan azlığı), ürək-damar xəstəlikləri, miokardın infarktı, kəllə-beyin travması, aclıq, diabetiklərdə qanda şəkərin kəskin şəkildə aşağı düşməsi, bəzi dərmanların qəbulu (məsələn, təzyiqi aşağı salan dərmanların) və s. ola bilər.

Balılmaların ən çox yayılmış səbəbləri – qorxu, yorğunluq, aclıq. Cavan insanlarda və uşaqlarda bayılmalar adətən heç bir ciddi xəstəliyin əlaməti deyil. Lakin həm uşaqlarda, həm də böyüklərdə bayılmalar tez-tez baş verərsə, mütləq həkim-nevropatoloqun (bəzən isə kardioloqun) müayinəsindən keçmək lazımdır.

Bayılmadan bilavasitə qabaq insan zəiflik, başgicəllənmə, ürəkbulanma, qulaqlarında küy hiss edir, onu soyuq, yapışqan tər basır və rəngi avazıyır. Bu zaman xəstənin gözlərinin qarşısında sönüb-yanan qığılcımlar və zolaqlar əmələ gəlir, əlləri və ayaqları keyləşir. Bayıldıqdan sonra, uzanmış vəziyyətdə olan insanın beyninə gələn qan kütləsi artığı üçün o, adətən tez bir zamanda özünə gəlir.

Bayılma zamanı zərərcəkənə ilk tibbi yardım göstərmək üçün, onu başı bədənindən bir qədər aşağı olmaqla (bu, qan kütləsinin baş beyinə daha çox gəlməsini təmin edir)  uzatmaq, onu sıxan paltarları boşaltmaq (köynəyin yaxalığı, kəmər və s.), otağa təmiz hava daxil olmasını təmin etmək (pencərəni, nəfəsliyi açmaq) lazımdır. Qəfildən baş verə bilən qusma nəticəsində zərərçəkənin boğulmaması üçün, onun başını mütləq yana çevirmək vacibdir. Zərərçəkəni heç bir halda bu vəziyyətdə tək qoymayın!Zərərçəkəni özünə gətirmək üçün onun üzünə soyuq su çiləmək və ya ona ammonium xlorid (naşatır spirti) və ya 9%-li sirkə məhlulunda isladılmış pambığı ehtiyatla (!), - burnuna 2-3 sm-dən yaxın saxlamamaqla iylətmək, sirkə ilə gicgahlarını sürtmək lazımdır. Zərərçəkən özünə gəldikdən sonra, ona isti şirin çay və ya kofe içizdirmək məsləhət görülür.

Əgər bayılmanın səbəbi istivurma və ya günvurma olubsa, xəstəni sərin bir yerə aparıb yerdə belə uzatmaq lazımdır ki, başı bədənindən bir qədər yuxarıda olsun. Zərərçəkənin başına, qoltuqaltı, qasıq və döş nahiyəsinə buz və ya soyuq kompres qoyun, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırın. Zərərçəkən özünə gəldikdən sonra, ona sərin bir qədər duz qatılmış su verin.

Adətən bayılma onlarla saniyə ərzində davam edir. Əgər zərərçəkən 3 dəqiqə ərzində özünə gəlmirsə, dərhal “təcili yardım” çağırın.

Bayılmanın xüsusi növlərindən biri də hipoqlikemik komadır. Bu əksər hallarda şəkərli diabet olan xəstələrdə qanda şəkərin kəskin şəkildə enməsi zamanı baş verir. Hipoqlikemik komanın səbəbi, şəkərli diabet olan xəstədə insulinin tələb olunandan artıq dozada vurulması və ya uzun müddət ərzində ac qaldıqda qanda şəkərin kəskin şəkildə azalmasıdır. Bu halda zərərçəkənə göstərilən ilk tibbi yardım adi bayılmadan fərqli olur.

Şəkər – beyinin qidalanması üçün əsas qida maddəsidir. Buna görə də onun çatışmazlığı sinir hüceyrələrinin “aclığına” və onların funksiyasının kəskin şəkildə pozulmasına səbəb olur. Bu zaman əvvəlcə baş ağrısı, güclü aclıq hissiyyatı, tərləmə, titrəmə, taxikardiya (ürək döyüntülərinin artması), dəri örtüklərinin avazıması, görmənin pozulması, bədən temperaturunun azalması baş verir. Bu halda insan aqressiv (təcavüzkar)  və idarəolunmaz olur. Təcili tədbirlər görülməzsə, sonradan qıcolma və koma baş verə bilər.

Hipoqlikemiyanın ilkin əlamətləri olan kimi xəstəyə təcili şəkildə hər hansı bir şirin qida (qənd parçası, konfet, bir neçə qaşıq mürəbbə, şirin bulka, peçenye, 1 stəkan şirin çay və s.) vermək lazımdır. Əgər zərərçəkən artıq huşunu itiribsə, mütləq “təcili yardım” çağırın. Hadisə yerinə gələn həkim xəstəni bu vəziyyətdən çıxarmaq üçün damar daxilinə qlyukoza məhlulu yeritməli olur.

Əlbətdə ki, ilk növbədə hipoqlikemik komanıın qarşısını hər vasitə ilə almaq lazımdır. Hipoqlikemiyanın profilaktikası üçün şəkərli diabeti olan şəxs müntəzəm şəkildə həkim-endokrinoloqun nəzarəti altında olmalı, qanda şəkərin səviyyəsinə nəzarət etməli, pəhrizə əməl etməli, heç zaman ac qalmamalı, hər zaman yanında bir neçə konfet və ya qənd parçası saxlamalıdır.

Uşağında şəkərli diabeti olan valideyinlər onunla birlikdə hər hansı bir yerə gedərlərsə, özləri ilə bir neçə konfet və ya qənd parçası götürməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR