Slimfit
  1. TARİX

“Bir şineldə gəzən Stalin” günə 3 min rubl xərcləyib – Məmurlara “paket” verilməsi onun da dövründə olub

“Bir şineldə gəzən Stalin” günə 3 min rubl xərcləyib – Məmurlara “paket” verilməsi onun da dövründə olub
Sakura

“Bir şineldə gəzən Stalin” günə 3 min rubl xərcləyib – Məmurlara “paket” verilməsi onun da dövründə…

Sovet dövründə yüksəkçinli dövlət məmurlarının pul təminatı Mərkəzi Komitə rəhbərliyi tərəfindən həmişə diqqət mərkəzində saxlanılıb. Xüsusilə də Stalinin hakimiyyətə gəldiyi dövrdən bu məsələ mütəmadi olaraq gündəmin mövzusuna çevrilib.

“Ömür boyu bir şineldə gəzən” İosif Stalinin ərzaq təminatına, bağ evindəki ziyafətlərə hər gün 3 min rubl xərclənib və ya qarğıdalı əkməklə kommunizmə gedən Nikita Xruşovun ailəsi ən defisit məhsullarla təmin edilib, yaxud Leonid İliç Brejnevin zəngin həyat tərzi ağılasığmaz pullarla ölçülüb. Anlamaq çətin deyil ki, bütün bunlar Stalinin 500, Xruşovun 800, Brejnevin 1200 rubl həcmində olan maaşların hesabına başa gəlməyib.

Təkcə birincilər yox, onların ətrafında dolaşanların da maddi rifahı sıravi vətəndaşlarınkından qat-qat üstün olub.

Anastas Mikoyanın oğlu Stepan Mikoyan öz xatirələrində dövlət məmurlarının təminatı ilə bağlı maraqlı məqamları açıqlayıb:
“Yaxşı xatırlayıram, hələ ailə qurmamışa qədər atamgildə yaşadığım vaxtlar bütün ərzaq məhsulları evimizə pulsuz göndərilirdi. Nə sifariş edirdiksə, onu da gətirirdilər. Təkcə evə yox, bağ evində olanda da məhdudiyyətsiz ərzaqla təmin olunurduq. 1947-ci ildə atamın aldığı maaş heç cib xərcliyinə də çatmırdı. Həmin ilin dekabr ayında maaşlar bir neçə dəfə qaldırıldı. 1948-ci ildən pulsuz ərzaq və əşya təminatına limit qoyuldu. Limitə görə hər ailəyə (vəzifəli şəxslərin ailəsinə) 8-10 nəfərlik ərzaq pulsuz verilməyə başlandı, əlavə ərzaq məhsulları sifariş edənlər isə ödəniş etməli olurdular. Amma sonradan təminat məsələsi yenidən gücləndi və o dərəcədə gücləndi ki, əlavə pul qazancı üçün düşünməyə lüzim yox idi..”
Dövlət məmurlarını geyim və ev əşyaları ilə təmin etmək üçün xüsusi mağazalar şəbəkəsi fəaliyyət göstərib. Həmçinin bu mağazalardan da alınan məhsulların pulu dövlət hesabına ödənilib. Bununla yanaşı, yüksək vəzifəlilər və onların ailə üzvləri üçün xüsusi atelyelər də fəaliyyət göstərib ki, burada da xidmətlər dövlət vəsaiti hesabına həyata keçirilib. Xüsusilə məmurların həyat yoldaşları atelye xidmətlərindən “acgözlüklə” istifdə ediblər.

Bununla bağlı Mərkəzi Komitədə keçirilən iclasların birində Lavrenti Beriya Stalinə müraciət edib:

- İosif Vissarionoviç, mən sizin diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. Bu gün bizim bir çox məmurlarımız və onların ailə üzvləri onlara verilən imtiyazlardan sui-istifadə edirlər. Bir qadının bir qış mövsümü üçün necə paltosu olmalıdır? Yəqin ki, burada əyləşənlərin hamısı cavab verəcək ki, bir, yaxud da iki. Amma belə deyil. Məmurlarımızın həyat yoldaşlarının qarderobu mənzillərindən böyükdür. Yaxud da, mənzillərindən başqa, böyük bağ evlərində bir neçə mebelin qoyulması nə dərəcədə düzgündür? Bu müharibədən sonrakı bir ölkəni talan etməkdən başqa bir şey deyil. Mən xahiş edirəm ki, bu məsələ hansısa bir rəsmi qanunla tənzimlənsin. Dövlət öz məmurlarına bu qədər maaş verir, amma onlar tikdirdikləri geyimlərə görə dərzilərə bir qəpik də olsun pul ödəmirlər.

Beriyanın bu sərt çıxışından sonra Stalin əşya, ərzaq və digər təminat məsələlərini Dövlət Təhlükəsizliyi Nazirliyinə həvalə edib və nazir Viktor Abakumova bu məsələləri ciddi şəkildə nəzarətə götürmək barədə göstəriş verib. Sözsüz ki, sərtliyi ilə fərqlənən Abakumovun təminat məsələsinə nəzarəti məmurların ürəyincə olmayıb.

Müəyyən limintlər tətbiq olunmasına baxmayarq, 1948-ci ildə vəzifəli şəxslərin pul təminatı məsələsində yeni bir “qərar” qəbul olunub. Vəzifəli şəxslər “əlavə pul təminatı” adı ilə heç bir qanunda əks olunmayan “paket”lərlə təmin olunublar. Vəzifə ranqına görə Mərkəzi Komitənin və nazirliklərin sektor müdirləri 5000, Mərkəzi Komitənin şöbə müdiri müavinləri və nazir müavinləri 10000, nazirlərin birinci müavinləri və Mərkəzi Komitədə şöbə müdirlərinin birinci müavinləri 15000, nazirlər və Mərkəzi Komitədə şöbə müdirləri 20000 rubl həcmində “paket”lər alıblar.

Birincilərin və Mərkəzi Komitənin katiblərinin “paket” məbləğləri isə gizli saxlanılıb.

Stalinin vəfatından bir neçə gün sonra SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkov “paket”lərdəki məbləğləri aşağı salıb. Ancaq bu çox da uzun çəkməyib. Hakimiyyəti bütövlükdə ələ keçirdikdən sonra Nikita Xruşov “paket” məbləğlərini yenidən qaldırıb. Xruşov bunu “mərhəmətli” olduğuna görə yox, vəzifə mövqelərini möhkəmləndirmək üçün edib.

1957-ci ildə “paket” sistemi bütövlükdə ləğv edilib. Bu məmurlar arasında böyük narazılığa səbəb olsa da, yenidən bərpa edilməyib.

Brejenvin hakimiyyəti dövründə “paket” sistemi heç gündəmə də gəlməyib. Yəqin ki, Leonid İliçin hakimiyyəti illərində daha geniş vüsət alan korrupsiya, rüşvətxorluq, büdcə yeyintisi sayəsində məmurlar üçün “paket” maraqsız görünüb. O ki qaldı Brejnevin özünə, DTK-nın 9-cu idarəsinin əməkdaşı, baş katibin mühafizə xidmətində çalışan Aleksey Salnikov sonralar jurnalistlərə verdiyi müsahibələrdə buna da aydınlıq gətirib:

“Brejnevin zəngin həyat tərzi indi heç kim üçün sirr deyil. Hədiyyələr, digər gəlirlər öz yerində, amma “rəsmi” gəlirlər də kifayət qədər böyük idi. Biz hər gün baş katibin “paket”lərini kabinetdən bağa daşıyırdıq. Bu “paket”lərdəki pullar Brejnevə əsərlərinə, kitablarına, məqalələrinə, mühazirələrinə, çıxışlarına, mükafatlarına görə verilirdi. Çox yəqin ki, SSRİ-nin heç bir məhsuldar yazıçısı, şairi, ssenaristi Brejnev qədər qonorar almırdı...”

Göründüyü kimi, ideal sovet cəmiyyəti mifdən başqa bir şey olmayıb. Amma bu da danılmaz faktdır ki, SSRİ rəhbərlərinin zəngin həyat tərzləri uzun illər ideal şəkildə məxfi saxlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR