Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı çapa təqdim olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı çapa təqdim olunub.
Redaksiya heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan ilk sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.
Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur. Elmi məcmuə AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli 12/7 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir.
Məlumat üçün bildirək ki, elmi jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı ( AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının təsviri, onların elmi nailliyyətləri), elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin nəşr edilməsidir.
Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrindən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılmasıdır.
Jurnalın elektron variantı ilə https://jhsss.net/ linki vasitəsilə tanış ola bilərsiniz.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət