Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/İkinci pərdə (III hissə)

Hüseyn Cavid - İblis/İkinci pərdə (III hissə)
Sakura

Hüseyn Cavid - İblis/İkinci pərdə (III hissə)

 
B i r i n c i z a b i t 
 
(yarımsərxoş, İbn Yəminə) 
 
Yahu, bu nasıl dügün, ziyafət!? 
Məscidmi bu, ya ki, bəzmi-işrət? 
 
İ k i n c i z a b i t 
 
Gerçək, bu nə? Oynayıb çalan yoq, 
Bir nəş’ələnib də zevq alan yoq. 
 
İ b n Y ə m i n 
 
Dur, həp olur, onsuz olmaz əlbət, 
İsmarlamışım, gəlir bu saət. 
 
Ç a v u ş 
 
(gəlir, əskərcə təmənna edər) 
 
Rəqqasələr əmrə müntəzirdir. 
 
İ b n Y ə m i n 
 
Gəlsinlər, əvət, həmən xəbər ver. 
Çavuş çıqar. 
 
B i r i n c i z a b i t 
 
Gəlsinlər, əvət, dəyişsin əhval, 
Gülsün azacıq pəriyi-amal. 
 
İ k i n c i z a b i t 
 
Tam beş sənədir ki, rahib olduq, 
Ciddiyyət içində həp boğulduq. 
Rəqqasələr daxil olur. 
 
İ b n Y ə m i n 
 
(çalğıçılara) 
 
Çal, haydı çal, etmə fevti-fürsət! 
Çal, durma, sənindir iştə nevbət. 
 
B i r i n c i z a b i t 
 
Çal, sızlayıb inləsin o tellər, 
Çırpınsın onunla həp könüllər. 
 
İ k i n c i z a b i t 
 
Çal, məclisə zevqü nəş’ə gəlsin, 
Çal, ta ölülər də rəqsə gəlsin. 
 
Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və rəqs edərlər. 
 
Şərqi 
 
Hər şey sənindir, ey qafil insan! 
Gülgün şəfəqlər, rəngin çiçəklər. 
Hər şey sənindir, ey cahil insan! 
Parlaq günəşlər, dilbər mələklər. 
 
Yalnız sənin, yalnız sənin hər dürlü ne’mət; 
Gənclik, gözəllik, eşqü ülfət, hər səadət. 
Sür daima zevqü səfa, fevt etmə fürsət, 
Bir gün gəlir, əsla səmər verməz nədamət. 
 
Beş günlük ömrün rö’yayə bənzər, 
Dal eyşü-nuşə, hiç gəlmə huşə. 
Daim gül, əylən, olma mükəddər, 
İç badə, həp gəl cuşü xüruşə. 
 
Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım, 
Bir gün gəlir, əldən çıqar zevqi-xərabat. 
Al nəş’ə hər şeydən, əvət, qəflət nə lazım, 
Bir gün gəlir, əldən düşər peymanə heyhat!.. 
 
Rəqs bitmək üzrə ikən A r i f l ə bərabər əli silahlı iki k a n u n n ə f ə r i daxil olur. 
 
B i r i n c i k a n u n 
 
(kəskin və amiranə bir tevr ilə rəqqasələrə) 
 
Sakit, dağılın!.. 
 
Musiqi susar, rəqqasələr ikişər, üçər salonu tərk edərlər.  
 
İ b n Y ə m i n 
 
(heyrətlə, kanunlara) 
 
Nədir bu rəftar? 
 
A r i f 
 
(İbn Yəmini göstərir) 
 
Tam kəndisi, iştə! Ah, qəddar! 
 
İ b n Y ə m i n 
 
Lakin çəkilirmi bu həqarət? 
 
(Silah çəkmək istər). 
 
B i r i n c i k a n u n 
 
Həp nafilə bunca qeyzü hiddət, 
Əl’an səni istiyor hökumət, 
Gəl!.. 
 
A r i f 
 
Bəllidir etdiyin xəyanət. 
 
İbn Yəmini alıb götürürlər, Ariflə misafirlər də bərabər çıqar. 
 
V a s i f 
(ən arqada qalır, küçük zabitə) 
 
Baq, şimdi də fevt edilsə fürsət, 
Daim qalırım visalə həsrət. 
 
Sol qapıdan girmək istərlər. Rə’na qarşılarına çıqar. Vasif pərəstişkar bir tevr ilə.  
 
Rə’na, Rə’na! Sevimli afət! 
Gəl, durma aman, edilsə qəflət 
Mütləq səni məhv edər şu xain, 
Olmaz daha qurtuluş səninçin. 
 
R ə’ n a 
 
(sevinc ilə) 
 
Vasif! Gedəlim... 
 
(mütərəddid) 
 
Fəqət bu müşkil, 
Heyhat, bulunmadıqca qatil... 
 
V a s i f 
 
(sözünü kəsərək) 
 
Sən gəl, bulunur o bir gün əlbət. 
 
İ b l i s 
 
(gəlir) 
 
Rə’na, daha durma, iştə fürsət! 
 
R ə’ n a 
 
Lakin babam!.. 
 
V a s i f 
 
Ah, gəl, aman gəl! 
 
Çıqarlar.  
 
İ b l i s 
 
Get, get, daha durma, artar əngəl. 
 
A r i f 
 
(daxil olur, son dərəcə məmnun) 
 
Xain yaqalandı ən nihayət. 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Eşq olsun, əvət, böyük məharət! 
 
A r i f 
 
Rə’na hanı? Söylə gəlsin! 
 
İ b l i s 
 
Əfsus, 
Bir zabitə uydu getdi... 
 
A r i f 
 
(çılğın) 
 
Ah, sus! 
 
İ b l i s 
 
(əlilə onun omuzunu oqşar) 
 
Yahu! Bana baq, şaşırma əsla, 
Rə’na, o mələk əlində hala... 
 
A r i f 
 
(böyük bir təlaş ilə) 
 
Bir söylə, nə səmtə getdi onlar? 
 
İ b l i s 
 
(qapıdan onlar getdiyi tərəfi göstərir) 
 
Baq, qarşıda iştə xurmalıq var... 
 
A r i f 
 
(sözünü kəsərək) 
 
Bildim, yetişir, o bəlli bir yol. 
 
(Dərhal dışarı fırlar) 
 
İ b l i s 
 
Get, durma! 
 
(istehzalı qəhqəhə) 
 
Fəqət, yazıq! Əmin ol, 
Bəklər səni bir yığın cinayət, 
İzlər səni bir yığın fəlakət. 
 
(Qəhqəhə...) 
 

Pərdə

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR