Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - İblis/İlk pərdə (II hissə)

Hüseyn Cavid - İblis/İlk pərdə (II hissə)
Sakura

Hüseyn Cavid - İblis/İlk pərdə (II hissə)

İbn Yəmin 

(səmimi bir tevr ilə əlini İxtiyarın omuzuna qoyaraq) 

Möhtərəm İxtiyar, nasıl keyfin? 

İxtiyar 

Hiç qəmim yoq, var olsun İbn Yəmin! 

İbn Yəmin 

(alnının tərini silər) 

Pək sıcaq, həm də yol bu gün pək uzaq. 

(əskərə) 

Çabuq ol, haydı, qoş da atlara baq. 

Əskər çantayı bir tərəfə bıraqıb çıqar. 
Arif 

(diqqət və heyrətlə ətrafa) 

Ah, o, Rəna, o nazənin afət! 

Xavər 

Yenə bir şeymi oldu, Arif? 

Arif 

Əvət. 

(Rənayə yaqlaşaraq) 

Söylə, Rənamı isminiz? 

Rəna 
(Arifin əlini sıqar, heyrət və sevinclə) 

Arif! 

İbn Yəmin 

(Arifi süzər, ətrafa) 

Bizə bir əngəl olmasın şu hərif! 

Arif 

Bu gəliş, əfv edərsiniz, nerədən? 

İbn Yəmin 

(məğrur və laübali) 

Səhneyi-hərbdən, mücadilədən. 
Arif 

(acı təbəssümlə) 

Bir fəzilətsə öldürüb-ölmək, 
Canavar bizdən əşrəf olsa gərək. 

İbn Yəmin 

(istehzalı qəhqəhə ilə) 

İştə bir söz ki, büsbütün yanlış... 
Yaşamaq istiyormusun, çarpış, 
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! 
Onsuz irmək murada pək müşkül. 

Arif 

(istehzalı və əzici bir təbəssümlə) 

Doğru, pək doğru bir düşüncə... əvət, 
İştə hər əskər, iştə hər millət 
Bu gün olmaqda həp bu fikrə şərik, 
Hiç çəkilməz fəqət bu sərsəmlik. 

İxtiyar 

(onun qolundan tutaraq) 

Arif, oğlum, bıraq münaqişəyi 
Gəl, işim var səninlə... 

Sağ tərəfdən çıqarlar. 

İbn Yəmin 

(ətrafa) 

Ah, nə eyi... 

(Rənayə) 

Şu hərif feyləsofmu, ya dəlimi? 
Sanki həp cəhldir bunun elmi. 

Rəna 

Bəslənir hər könüldə bir duyğu, 
Nə yaparsın, onun da məsləki bu... 

İbn Yəmin 

Bu da məsləkmidir, nədir bilməm! 
İştə bir kəcnəzər, zəki sərsəm! 

Xavərin yüzündə naməmnun hallar. 

Rəna 

Bəncə sərsəm deyil, o pək huşyar, 
Neyləsin, hərbə qarşı nifrəti var. 

İbn Yəmin 

Onu nerdən tanırsınız, əcaba? 

Rəna 

Pək yaqın qomşumuzdu... 

İbn Yəmin 
(ətrafa) 
İştə bəla! 

Rəna 

Əsli İstanbul əhlidir, lakin 
Pək küçükkən zavallı dərbədərin 
Evi yanmış da, nəsli məhv olmuş, 
Bir küçük qardaşilə qurtulmuş. 
Onu da ən sonunda biçarə 
Qeyb edib, böylə qalmış avarə. 

İbn Yəmin 

(saatına baqar, Rənayə) 

Siz məhəbbət edin də biz çıqalım, 
Əcaba, bir nə var,nə yoq baqalım. 

(çavuşla bərabər bir tərəfə çəkilir) 

Rəna 

(karyola üzərində gözünə ilişən iki kitabı göstərir) 

Bu kitablar səninmidir, əcaba? 

Xavər 

Əvət, Arif keçən yıl aldı bana. 

(kitabların alt tərəfdə bulunan rəsmli yüzünü birər-birər çevirib göstərir) 

Hoca Nəsrəddinin lətifələri. 
Bu da “Bin bir gecə” hekayələri!.. 

Rəna 

(açıb yapraqlarını çevirərək) 

Bana lütfən bir az sərin su... 

Xavər 

Pəki. 

(dəstiyi alıb, sol qapıdan çıqar) 

İbn Yəmin 

(dışarıda pəncərə önundə, çavuşa) 

Pək düşündün, nə var? 

Çavuş 

Bəyim, hər şey, 
Bir bəla iştə gördüyün Arif, 
Çünki Rənayə pək yaqın şu hərif. 
Daha müdhiş bəla bizim əskər, 
Qorqarım, cümlə sirri faş eylər. 
Bizi görmüş də çünki Rənanın 
Babasın qətl edən zaman, xain! 


Arif sağ tərəfdən daxil olur, onları dinlər. 


İbn Yəmin 

(qafasını oynataraq istehzalı təbəssümlə) 
Bir böyük ordu, bir yığın insan, 
Bənim uğrumda oldu həp qurban. 
Keyfə sərf eylədim də milyonlar, 
Yenə devlətcə etibarım var. 
Bən kimim, bir ərəb... nə zənn etdin? 
Bir çocuqdanmı qorqar İbn Yəmin? 

Gedərlər. 

Arif 

(Rənaya yaqlaşır, vurğunca bir tevrlə) 

Nə səadət, nə xoş təsadüf, inan, 
Səni gördükdə bitdi tabü təvan. 
Gecə röyalərimdə özlərkən 
Bu gəliş böylə ansızın, bilsən, 
Nə qədər zevqü nəşə verdi bana, 
Haqlıdır hər könül tapınsa sana, 
Burda qalsan, səninlə birləşsək, 
Şubhə yoq, sisli taleyim güləcək. 

Rəna 

(mütərəddid) 

Bir xəyal iştə, kim bilir, qismət! 

Arif 

Bir sözüm var, qüsura baqma fəqət, 
Söylə, Rəna! Şu qanlı zabitlə 
Nerəyə, hanki səmtə, bir söylə? 

Rəna 

Şu yaqınlarda xəstələr varmış. 

Arif 

Saqın aldanma, pək böyük yanlış; 
İnanıb getmə, ah, o pək xain, 
Burda qal, getmə, həm də sorma niçin! 

Rəna 

Bəlkə həp söylədiklərin gerçək, 
Pək güc ama vəzifədən dönmək. 


İşıq azalır, ağ saqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. Rəna şaşqın və həyəcanlı. 


Ah, babam, bir də anlı-şanlı babam! 
İntiqam almadan, inan yaşamam. 

Babasının xəyalı 

(mühib və ağır bir ahənglə) 

İntiqam! İntiqam!.. 

(çəkilir) 


Rəna 

(əllərini xəyala doğru açaraq müztərib) 

Aman, bu sual! 


İblis 
(xaricdən məmnun qəhqəhələrlə) 

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR