Slimfit
  1. BİOQRAFİYA

I Şah Təhmasib

I Şah Təhmasib
Sakura

I Şah Təhmasib - Səfəvilər dövləti nin 2-ci şahı və Şah İsmayılın oğlu

Şah Təhmasib - Şah I Təhmasib (3 mart 1514 – 1576), Səfəvilər dövləti nin 2. şahı və Şah İsmayılın oğlu.

Həyatı

Şah Təhmasib, 3 mart 1514-cü ildə İsfahanda doğuldu. Şah I İsmayılın oğlu olan Təhmasib Çaldıran döyüşündən sonra Xorasana göndərildi. Bir müddət Səbzivar və Heratda qaldı. Şiələrin və Səfəvilərin tanınmış alim və şeyxlərindən xüsusi təhsil gördü.

Hakimiyyəti

Əgər Şah İsmayılın hakimiyyət dövrünü Səfəvi dövlətini təsis olunduğu dövr hesab edəriksə, onda gərək Təhmasib şahın uzun müddətli hakimiyyət dövrünü də (1524-1576) bu dövlətin möhkəmlənmə dövrü hesab edək. Təhmasib on yaşında ikən Səfəvi dövlətinin taxt-tacına yiyələnir. Bu isə həmən dövrdə Səfəvi dövlətinin taxt-tacı ciddi şəkildə qızılbaşlar tərəfindən himayə olunurdu. Belə ki, on yaşlı bir uşağın canişin təyin olunması Səfəvilər ölkəsi kimi nəhəng bir dövlətə heç bir çətinlik yaratmırdı.

Məlum məsələ idi ki, on yaşlı Təhmasib dövləti idarə edə bilməzdi; əslində dövləti şahın vəkili adı altında Div Sultan Rumlu idarə edirdi. Onun bir çox rəqibi var idi və onların başında Köpək Soltan Ustaclu dururdu. Div Sultan işləri onun üzərinə qoyur, çox keçmədən şəhərin digər əmirlərini ona qarşı səfərbər edib Təbrizə qoşun yürüdür. Nəticədə Div Sultan vəziyyəti öz nəzarəti altına alıb müxaliflərini Təbrizdən uzaqlaşdırmağa nail olur. Məğlubiyyətə uğradıqdan sonra Ustaclu tayfası 1526-ci ildə iki dəfə mübarizə meydanına atılır və hər ikisində də Div Sultan tərəfindən dəf olunub şərait öz əvvəlki vəziyyətinə qaytarılır. Ustaclu Köpək Sultan Gilana qaçır və orada bir müddət qaldıqdan sonra yenidən Div Sultanla mübarizə aparmaq qərarına gəlir. Bu səbəbdən də qoşun toplayıb Ərdəbilə tərəf hərəkət edir. O, şəhərin müdafiəsini yara bilib oranı ələ keçirir və burada övliya Şeyx Səfiyyəddin İshaqı ziyarət edir. Oradan Təbrizə yola düşür. Təbriz bundan xəbər tutub ciddi mübarizəyə hazırlaşır və nəhayət iki qoşun arasında şiddətli döyüş baş verir. «Ustaclu öz şücaəti ilə Rüstəm və İsfəndiyarın dastanını xatirələrdən aparmasına baxmayaraq, döyüşdə məğlub olur və Ustaclu rəhbərlərinin bir çoxu qətlə yetirilir».

Bu qızılbaşlar arasında baş verən və onlardan bir çoxunun siyasi səhnədən uzaqlaşmasına səbəb olan ilk ciddi qarşıdurma idi.

Şah Təhmasib ölümündən üç il əvvəl, yəni hicrətin 981-ci ilində «Ali divan» nazirliyini Həsən Fərahani və Xacə Cəmaləddin Əli Təbriziyə həvalə edir və Mirzə Şükrullah İsfahanini oranın baş icraçısı təyin edir. Səfəvi dövlətinin zühur etdiyi dövrlərdən fərqli olaraq, Şah Təhmasib daxili, xüsusilə də sərhədyanı ərazilərdə baş qaldıran üsyanları yatırmağa çalışırdı. Qeyd etdiyimiz kimi, zühur etdiyi ilk illərdə Səfəvi dövləti Xorasan və Anadolu ilə sərhədyanı ərazilərdə baş qaldıran üsyanları yatırır, Şah Təhmasib isə daxili sabitliyi bərqərar etməyə və bütün səylərini Azərbaycanın birliyinin qorunub saxlanılmasına yönəldirdi. Bu səbəbdən də hakimiyyətinin ikinci onilliyində Şirvan, Astara və Kürdüstan ərazilərinə qoşun yürüdüb yenidən sabitliyi bərqərar edir. Bu kimi çətinliklər Səfəvi dövlətinə bir o qədər də etina etməyən və digər məntəqələrdən daha çox müstəqilliyə malik olan Gilanda da mövcud idi. Belə ki, uzun müddət oranın hakimi olmuş Əhməd Xan Gilani Şah Təhmasibə qarşı etinasızlıq etmiş və onun hakimiyyətinə tabe olmaqdan imtina etmişdir. Bu səbəbdən də Səfəvi ordusu 1566-cı ildə Məsum bəy Səfəvinin rəhbərliyi altında Gilana böyük bir qoşun yürüdür. Əhməd xan Gilani əvvəl müqavimət göstərmək istəyir. Lakin Səfəvilər hücuma keçdikdən sonra Lahicana qaçır və bir müddət orada qaldıqdan sonra yaxalanıb Şah Təhmasibin yanına gətirilir. Beləliklə, otuz iki il Gilana hökmranlıq edən Əhməd xan Şah Təhmasib tərəfindən yaxalanıb Xərsək qalasında həbs olunur. II İsmayıl hakimiyyətə gəldikdən sonra isə yenidən azad olunub Gilana qayıdır. Nəhayət, daha sonra Şah Abbasın əlindən qaçıb Osmanlı dövlətinə qoşulur.

Səfəvi dövlətinin birinci yüzilliyində ətraf əyalətlər məntəqədə tam ixtiyara malik olan məhəlli əmirlər və ya mərkəzdən göndərilmiş şəxslər tərəfindən idarə olunurdu. Onlardan bir çoxu ölkədəki siyasi sabitliyin pozulmasından istifadə edərək üsyan edir və vəziyyəti daha da gərginləşdirməyə çalışmışlar. Bu səbəbdən də mərkəzi dövlət həmən məntəqələrə qoşun yürütmək məcburiyyəti qarşısında olduğu ilk onillikdə ölkə ərazisindəki ictimai-siyasi vəziyyətə tam nəzarət etməyə nail olan Təhmasib səltənətinin son illərini tam əmin-amanlıqda başa vurur və hakimiyyətinin son on doqquz ilini Qəzvində keçirib oradan kənara çıxmır.

Paytaxtın Qəzvinə köçürülməsi

Azərbaycan iki əsr öz paytaxtlıq mövqeyini qoruyub saxlaya bilir. Belə ki, Elxanilər dövründən başlayaraq və onlardan sonra Türkmanların(Azərbaycan Türklərini) hakimiyyət dövründə Təbriz paytaxt kimi Azərbaycanın böyük hissəsinə nəzarət etmişdir. Ərdəbildən baş qaldıran Səfəvilər də həm bir neçə illik təcrübə, həm də Anadoludan əldə etdiyi ictimai güc baxımından dəfələrlə İsfahana gediş-gəliş edib oraya qeyri-rəsmi paytaxt adını versələr də, Təbriz hələ də paytaxt olaraq qalırdı. Təhmasib şah Osmanlı sultanı Süleymanla sülh sazişi imzaladıqdan sonra Anadoluda daha çox nüfuza malik olacağından məyus olub Səfəvilərin mərkəz və şərq nahiyələrində diqqəti özünə cəlb etmək fikrinə düşür. Bu səbəbdən də diqqətini ətraf məntəqələrdə gücləndirmək məqsədilə paytaxtı Qəzvin şəhərinə köçürür. Şah Təbrizdə oğlu Mirzə İsmayılın toy mərasimindən sonra paytaxtı oradan Qəzvinə köçürmək fikrinə düşür. Qazi Əhməd Qumi H.Q. 962-ci ilin (M 1554/1555)hadisələri haqqında yazır :

«Məqamı uca olan naiblər aləmlərin şahzadəsinin toy mərasimindən sonra artıq Təbrizdə qalmağa heç bir səbəb

görmədi. Çünki, Dövlət ərazisində sülh və əmin-amanlıq hökm sürürdü. Bunun üçün də şah «Darul-səltənəti» bir qədər mərkəzə, yəni həm qışlaq üçün münasib, həm də digər şəhərlərə yaxın olan Qəzvin şəhərinə köçürmək qərarına gəlir. Rəiyyət hamılıqla həmən diyarda məskunlaşıb əhalinin rifah və təhlükəsizliyini təmin etməyə başladı».

Belə nəzərə çarpır ki, paytaxtın Qəzvinə köçürülmə məsələsi həmən tarixdən bir qədər əvvəl nəzərdə tutulmuş və bunun üçün də şah orada yeni dövlət binalarının tikilməsinə dair sərəncam vermişdir. Əvvəllər Azərbaycan Türklərinin dilincə desək, «dövlətxananın» (yəni paytaxtın) tikilməsi Cəfərabadda və ya Təhmasib şah oranı Cənnətabad adlandırdığı yerdə nəzərdə tutulmuşdur. Elə bir yer ki, orada şah və bəzi dövlət adamları üçün bir neçə bağlar salınmış və imarətlər tikilmişdi. Həmən bağların ən məşhuru Səfəvilər dövlətinin ərazisində fəaliyyət göstərən səfirlərin şahla görüşdükləri Səadətabad bağı idi. Səadətabad bağı 1544-cü ildə tikilmiş və 1590-cu ilin Səfəvi tarixçisi Qazi Əhməd Quminin «Xülasətut-təvarix» adlı kitabında yazdığı kimi, bağ və oradakı imarətlər Səfəvi dövrünün ən gözəl tikililərindən biri olmuşdur.

Qəzvinin Təhmasib Şah tərəfindən paytaxt seçilməsinin başqa bir səbəbi də ola bilərdi. Belə ki, dövlətin mərkəzində yerləşən bu şəhərdə hələ çoxsaylı sünni məzhəbli insanlar yaşayırdı və şah bu istiqamətdə lazımi tədbirlərə əl atmalı idi. Paytaxtın bu şəhərə köçürülməsi əhli sünnətin asayişini tamamilə pozur. Qazi Məhəmməd Razinin bu haqda yazdığı şerin məzmununda deyilir :

«Qəzvin məzhəbi pak bir məkan idi, Amma bunu ruzigarın səhnəsindən silib atdılar Ləqəbi babul-Cənnət (cənnət qapısı), adı Cəfərabad idi Allah bəndələrini ondan didərgin saldılar. Sünnilər ay işığında çürüyən kətan parçası idi».

Paytaxtın Qəzvinə köçürülməsi ilə həmən dövrün bir çox adlı-sanlı alim və sənətkarları da oraya üz tutur və beləliklə, Qəzvin elmi nöqteyi-nəzərdən rövnəq tapmağa başlayır. Günlərin biri şah Şeyx Bəhainin atası Şeyx Hüseyn ibni Əbdüssəmədin (1576) İsfahana gəldiyini eşidir və dərhal onu Qəzvinə dəvət edir. Şeyx Hüseyn ibni Əbdüssəməd Qəzvinə gəldikdən sonra Şah tərəfindən oranın Şeyxul-İslamı təyin olunur və yeddi il həmin vəzifəni icra edir. Həmən dövrdə Şah Təhmasib Osmanlı dövlətindən arxayın olub Heratın daha çox əhəmiyyət kəsb etdiyini nəzərə alır və oğlu Mirzə İsmayılı Xorasana hakim təyin edir. Sonra isə oranı şahın böyük oğlu Mirzə Məhəmməd idarə edir və o da sonralar oradan Fars əyalətinə gedir.

Azərbaycanın və Özbəklərin vəziyyəti

və Turan arasında gedən mübarizələr hələ də davam edirdi və həmən məntəqə Azərbaycan üçün ciddi təhlükə yaradırdı. Şah İsmayıl hakimiyyət dövründən söhbət açarkən o mübarizələrdən bəzilərinə işarə etmişdik.Şah İsmayılın ölümündən sonra oğlu Təhmasibin onun canişini təyin olunması özbəkləri Xorasanı ələ keçirmək fikrinə salır. Belə ki, Şah İsmayılın vəfatından az sonra özbək Ubeyd xan 1524-cü ildə Buxaradan Herata böyük bir qoşun yürüdür. Qızılbaş rəhbərləri özbəklərə qarşı ciddi müqavimət göstərir və özbəklər heç bir nəticə əldə edə bilməyib geri dönməyə məcbur olurlar. Yaranmış ixtilaflar 1525-ci ildə özbəkləri bir daha mübarizəyə atılmağa təhrik edir. Ubeyd xan böyük bir qoşunla Herata gəlmədən Tus şəhərinə üz tutur və oranı mühasirəyə alır. Tus əhalisi bir neçə ay müqavimət göstərsə də, kömək gəlmədiyindən təslim olmağa məcbur olur. Şəhəri ələ keçirdikdən sonra Ubeyd xan Astarabada hücum edir və onı da ələ keçirməyə nail olur. Oraya hakim təyin etdikdən sonra H.Q. 933-cü ildə (M 1526/1527)yenidən Bəlxə qayıdır.

Təbrizdən yola düşmüş kömək qüvvəsi əvvəl Astarabadı ələ keçirir və Bəstam adlı məntəqədə Ubeyd xanla qarşı-qarşıya gəlir. Lakin böyük fədakarlıq göstərsə də, döyüşdə özbəklərə məğlub olur və Astarabad yenidən Ubeyd xanın ixtiyarına keçir. Səfəvi qoşununun qalan hissəsi Firuzkuha doğru geri çəkilir. Özbəklər hər qalibiyyətdən sonra adəti üzrə təəssübkeş alimlərinin fətvalarına əsaslanaraq, şiələrin qətliamına başlayırlar. Heratın şiə əhalisinin özbəklərə qarşı ciddi müqavimət göstərmələrinə səbəb olan da məhz onların məğlub olacaqları təqdirdə özbəklər tərəfindən qətliam olacaqlarını bilmələri olmuşdur.

Qalibiyyətdən məst olmuş Ubeyd xan bir daha Herata hücum edir və oranı bir daha mühasirəyə alır. Şəhər yeddi ay mühasirədə qaldıqdan sonra Səfəvi ordusunun Damğana yetişdiyinə dair şayiələr yayılmağa başlanır. Ubeyd xan bu xəbəri eşitcək dərhal Heratı tərk edib Buxaraya qayıdır. Özbəklərin Xorasanı işğal etmələri əhalinin böyük bir hissəsinin oranı tərk edib ətraf məntəqələrə mühacirət etmələrinə səbəb olur. Uzun müddət qızılbaşların daxili ixtilaflarına düçar olan Səfəvi dövləti Xorasan üçün heç bir ciddi tədbirə əl ata bilmirdi. Yaranmış ixtilaflar başa çatdıqdan sonra Səfəvilər Təhmasib şahın sərkərdəliyi ilə 1529-ci ildə Xorasana doğru hərəkət etməyə başlayır. Onlar Xorasana iki baxımdan əhəmiyyət verirdilər. Birinci ona görə ki, səkkizinici imamın qəbri orada yerləşir və camaat şiə məzhəbli şahdan oranı özbəklərdən azad edəcəyini gözləyirdi. Eyni zamanda məntəqəyə layiqli şəxslər nəzarət etməli idi. Belə də olur; həmin şəxslərin adları tarixdə zəbt olaraq indinin özünədək qalmaqdadır. Bütün bunlarla yanaşı, Xorasan hələ qədim zamanlardan belə Azərbaycanın mühüm əyalətlərindən biri olmuşdur.Azərbaycanın müxtəlif əyalətləri birləşdirildiyi halda, Xorasanın diqqət mərkəzindən uzaq qalması məqsədə uyğun olmazdı. Səfəvilər Heratı Xorasanın mərkəzi hesab edirdilər. Bu səbəbdən də hakimiyyətlərinin bütün dövrlərində oraya arxalanmış və yad qüvvələrin nəzarət etməsinə yol verməmişlər. Bu da məlumdur ki, Nasirəddin şahın hakimiyyətinin yarısınadək Herat Səfəvi ərazisinin bir hissəsini təşkil etmişdir.

İlkin qarşıdurmada Səfəvilər özbək hakimini Damğanda ələ keçirib qətlə yetirir və bunun ardınca ətraf məntəqələrdə məskunlaşmış özbəkləri qətliam edir. Sonra Məşhədə İmam Rzanın (ə) ziyarətinə gəlir və oradan da Cama yola düşürlər. Elə orada da qızılbaşlar ilə özbəklər arasında şiddətli döyüşlər baş verir.

O biri tərəfdə Orta Asiyanın bütün məntəqələrindən ibarət olan böyük bir qoşun dayanırdı. Rumlu bu haqda yazır:

«Çingiz xanın zamanından bu vaxtadək hələ Orta Asiyadan belə bir böyük qoşun gəlməmişdi. Belə ki, bəzi tarixçilər özbəklərin qızılbaşlardan iyirmi dəfə çox olduqlarını qeyd etmişlər. Ağır döyüş başlanır və hər iki tərəf böyük itki verir. Nəticədə Ubeyd xan növbəti dəfə məğlub olub döyüş meydanını tərk edir»

Rumlu yazır:

«Maraqlı hallardan biri də Ubeyd xanın döyüş meydanına dua etmələri üçün qırx alim gətirməsi olmuşdur. Lakin döyüşdə nəinki Ubeyd xan qalib gəlmir, hətta gətirdiyi alimlərin böyük bir hissəsi də həlak olur».

Bununla hər şey bitmir; şah Xorasandan qayıtdıqdan sonra Ubeyd xan yenidən Məşhədi işğal edir və oradan Herata doğru hərəkət edib oranı da tutur. Bu Ubeyd xanın Səfəvilərin gedişindən sonra həyata keçirdiyi siyasət idi. O, Hsrata hücum edərək şiələrin böyük bir hissəni qətlə yetirir. Hətta var-dövlətlərini ələ keçirmək üçün bəzi varlı sünnilər də şiəlikdə ittiham olunaraq qətlə yetirilir. Hilali şerlərinin birində həmən əhvalata işarə edərək deyir:

«Qarət edib müsəlmanın var-dövlətini aparırsan Kafir olum, əgər müsəlmansansa».

Şair çox keçmədən bu beytlərin üstündə tutulur və şəhərin bazarında edam olunur. Baş verən bütün hadisələrdə Orta Asiya əhalisinin Özbəklərlə həmrəylik etmələrinə səbəb olan yeganə amil sünni məzhəbini müdafiə etmək olmuşdur. Belə ki, sünnilər bu məntəqədə dərin köklərə malik olmuş və şiələr Azərbaycanda qalib gəldikdən sonra onlar kütləvi şəkildə qızılbaşlara qarşı səfərbər olmuşlar. Bütün bunlarla yanaşı, qızılbaşların açıq-aşkar xəlifələrə lənət oxuması yerli əhalini qızılbaşlara qarşı daha kəskin mübarizəyə təhrik edirdi. Məlum məsələdir ki, Ubeyd xan da öz növbəsində bütün bunlardan lazımınca faydalanırdı. Qızılbaşlar böyük qüdrətə malik olmaqla yanaşı, öz əqidələrində də daim sadiq qalırdılar. Nə vaxtsa sayca azlıq təşkil etmiş olsaydılar belə, təəssübkeş özbək sünnilərə təslim olmaq fikrində deyildilər. Onlar o qədər böyük qüdrət və döyüş iradəsinə malik idilər ki, özbəklər onların Xorasana yola düşdüklərini eşitcək dərhal oranı tərk edib qaçmaq məcburiyyətində qalırdılar.

Bir qədər əvvəl qeyd etdik ki, Ubeyd xan Səfəvilərin İsfahandan Xorasana gəldiklərini eşitdikdən sonra Həratı tərk edib yerli camaatı səfərbər etmək üçün Mərvə gəlir. Lakin o, öz istəyinə nail olmur. Bu səbəbdən də Heratdan üz çevirib yenidən Buxaraya qayıdır və beləliklə, Xorasanı qızılbaşlara həvalə edir. O, 1532-ci ildə yenidən Herata qoşun yürüdür və bir il yarım oranı mühasirədə saxlayır. Təhmasib şah Heratın mühasirə olunduğunu eşidib Xorasana doğru hərəkət edir və Ubeyd xan həmişə olduğu kimi bu xəbəri eşitcək oranı tərk edib Buxaraya qaçır. Bir il sonra qızılbaş ordusu qəflətən Əstərabada hücum edir, orada yaşayan özbəkləri qətliam edir və beləliklə, bir daha şəhəri ələ keçirirlər.

1536-ci ildə özbəklərin pərakəndə hücumları davam edir. Qızılbaşlar isə onlara qarşı ciddi müqavimət göstərib Xorasana doğru irəliləməyə imkan vermirlər. Bütün bunlara baxmyaraq, Ubeyd xan həmən il bir daha Məşhədə hücum edir. Qızılbaşların Heratdan ona doğru hərəkət etdiklərini eşitdikdən sonra onlarla müharibəyə yola düşür. Bu döyüşdə qızılbaşlar məğlub olurlar və Herat yenidən özbəklər tərəfindən işğal olunur. Həsən bəy Rumlu yazır :

«Ubeyd xan bu qələbədən sonra hər bir qızılbaşı, şiə məzhəbinə mənsub olan hər bir qazi və adi insanı dərhal qətlə yetirirdi».

«Hər gün xanın göstərişi ilə beş-altı nəfər şiəlikdə ittiham olunaraq edam olunurdu».

O illərdə özbəklərlə daxili əmirliklər, xüsusilə də Dəşt Qıpçaq arasında bir çox ixtilaflar meydana gəlir və bu səbəbdən də Səfəvi dövlətinə geniş miqyaslı hücum hazırlaya bilmirlər.

Lakin özbəklər 1551-ci ildə bir daha Hərata yürüş edirlər, amma oranı bir neçə ay mühasirədə saxlamalarına baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər. Onlar Ubeyd xanın oğlu Əbdüləziz Sultanın ölüm xəbərini eşitcək dərhal Buxaraya qayıdırlar. 1553-ci ildə özbəklər Nişapuru qarət etmək məqsədilə bir daha Xorasana hücum etmək fikrinə düşürlər. Lakin bu dəfə də qızılbaşların güclü müqaviməti ilə qarşılaşıb böyük itki verməli olurlar. Bunun ardınca Təhmasib şah dördüncü dəfə Xorasana qoşun yürüdür və həmişə olduğu kimi bu dəfə də Ubeyd xan şahla qarşı-qarşıya gəlməyə razı olmayıb Buxaraya qaçır. Şah Herata gəlir və oradan Səmərqəndi işğal etmək üçün qoşun göndərir. Həmişə olduğu kimi qızılbaşlar şəhəri işğal etdikdən sonra özbəklərdən qətlə yetirdikləri şiələrin intiqamını alırlar. Bu səfərdə özbəklərin işğalı zamanı şiə məzhəbinə əks təbliğat aparmış və şiələrin qətliam olunmasında fəal iştirak edən Xacə Kəlan Quryani Təhmasib şahın göstərişinə əsasən edam olunur. Necə ki, Şah Mahmud Kəncani özbəklərin Herata hakim olduqları dövrdə ədavət və düşmənçilik kəmərini bağlayaraq şahın adamlarının bir çoxunu amansızcasına qılıncdan keçirmiş və onları qətliam etmişdi. İndisə o, qızılbaşların əlinə düşmüş və intiqam üçün əlverişli imkan yaranmışdı. Onlar belə də edirlər. Bədənini tikə-tikə edərək əmirlərə dərs olsun deyə, Heratın müxtəlif yerlərinə göndərirlər.

Ubeyd xan özünün son hərbi əməliyyatlarında Xarəzmi də işğal etmək fikrinə düşür. Lakin baş verən hadisələrdən az sonra H.Q. 946-cı ildə (M 1539/1540)dünyasını dəyişir və onun ölümü Xorasan üçün böyük qurtuluş olur.

Vaxtaşırı Xorasan və Əstarabada hücum edən özbəklər 1549-ci ildə bir daha oraya, yəni Əstarabada hücum edirlər. Lakin qızılbaşlar böyük fədakarlıq göstərərək onların hücumunun qarşısını ala bilirlər.

Şah və Osmanlı sultanları

Hakimiyətinin ilk illərində Təhmasib şahla Osmanlı dövlət arasında heç bir qarşıdurma baş vermir. Bunun isə ən başlıca səbəbi Osmanlı dövlətinin Avropada müharibələr aparması olur. Belə ki, onlar Çaldırandan sonra Səfəvi dövlətindən heç bir təhlükə görmür və özlərini tam asudə hiss etdilər. Əlbəttə, bu sakitliyin Səfəvilər üçün çox davam gətirməyəcəyi də göz qabağında idi. Səfəvilər iki təhlükəli düşmən ölkə ilə mühasirə olunurdu və onların hər ikisinin ən başlıca bəhanəsi şiəliyi aradan aparmaq idi. Bu səbəbdən də bu iki dövlət arasında sıx əlaqələr saxlanılır və səmimi münasibətlər yaradılırdı. İlk qarşıdurma 1532-ci ildə baş verir. O vaxt ki, Azərbaycan hakimi səltənəti ələ keçirmək məqsədilə Osmanlı hakimi Sultan Süleymana pənah aparmış və əlli minlik qoşunla geri qayıtmışdı. Hərçənd ki, belə bir böyük köməkdən də heç bir nəticə əldə edə bilmir.

1533-cu ildə Təhmasib şah Xorasana yola düşür və bundan istifadə edən bəzi qızılbaş üsyançılar 1534-cı ildə Sultan Süleymanı Azərbaycana qoşun yürütməyə sövq edirlər. Bu səbəbdən də Təhmasib şah istiqamətini dəyişib Təbrizə doğru hərəkət etməyə başlayır.Səngimək bilməyən qar Sultaniyyəyə qədər irəliləmiş Osmanlı qoşunu üçün böyük çətinlik yaradır. Külli miqdarda canlı qüvvə və minik heyvanları itirən osmanlılar məcburiyyət qarşısında Azərbaycanın işğalından vaz keçib Bağdada doğru hərəkət edirlər. Lətifi bu haqda yazdığı şerdə deyir :

«Çəmənin o biri tərəfinə Sultaniyyəyə sarı getdim Və orada minlərlə kəfənsiz, qəbirsiz meyit gördüm Dedim: Bu qədər osmanlını kim öldürmüşdür? Səhər küləyi aradan qalxıb «Mən»-dedi».

Osmanlı Süleyman Bağdadı ələ keçirdikdən sonra 1535-ci ildə bir daha Azərbaycanı işğal etmək qərarına gəlir. Baş vermiş ilk toqquşmada azsaylı qızılbaş ordusu osmanlılara güclü zərbə endirir və onların böyük bir hissəsini darmadağın edir. Bundan sonra Osmanlı Süleyman qızılbaşlarla döyüşməmək və geri qayıtmaq qərarına gəlir. Təhmasib şah Van qalasına tərəf hərəkət edib orada osmanlı ordusunun bir hissəsi ilə qarşılaşır və bir daha onlara ağır zərbə endirir. Süleyman kömək qüvvə göndərsə də, heç bir nəticə vermir və bu döyüşdə məğlub olurlar. Beləliklə, qızılbaşlar az da olsa, öz qərb sərhədlərinə nəzarəti ələ alırlar.

Əlqas Mirzənin qiyamı və Osmanlı hücumları

Təhmasib şahın Osmanlı dövləti ilə başqa bir çətinliyi qardaşı Əlqas Mirzə tərəfindən yaranır. Belə ki, Təhmasib şah Şirvanşahlar sülaləsini süquta uğratdıqdan sonra qardaşını Şirvana hakim təyin edir. Lakin çox keçmədən o, müstəqillik fikrinə düşür. Təhmasibin hücum xəbərini eşitdikdən sonra anasını və oğlunu onun yanına göndərib üzürxahlıq istəyir və şah da onu bağışlayır. Onun tərəfindən meydana gəlmiş çətinliklər bununla bitmirdi. 1548-ci ildə Osmanlı Süleyman Bəsrəni işğal edir. Elə həmin il Təhmasib şahın qoşunu ilə qardaşı Əlqas arasında ağır qarşıdurma baş verir və bu qarşıdurmada Əlqasın ordusu məğlub olub adamlarının böyük bir hissəsi Təhmasibə qoşulur. Hər şeyi əldən verdiyini görən Əlqas yeganə çıxış yolunu İstanbula qaçmaqda görür. O, buraya gəlib Bab Alidə sığınacaq tapır. Təhmasib şahın oğlu Mirzə İsmayıl Şirvana hakim təyin olunur və az sonra Səfəvilərlə Osmanlılar arasında gedən döyüşdə Şirvan Səfəvilərin əlindən çıxır və yenidən Şirvanşahlar sülaləsinin ixtiyarına keçir.

İndi artıq Osmanlıların Səfəvilərə düşmənçilik etməsinə kifayət qədər şərait yaranmışdı. Çünki, şahzadə onların ixtiyarında idi və onlar Təhmasibə qalib gəldikdən sonra onu şah təyin edə bilərdilər və beləliklə, milli və coğrafi hakimiyyət öz əhəmiyyətini itirmiş olardı. Əlqas Sultan Süleymana söz verir ki, əgər Səfəvilər üzərində qalib gələrsə, yerli əhali onu böyük sevinc və həvəslə qarşılayacaqdır. Sultan Süleyman Əlqasdan belə bir mənəvi dayaq aldıqdan sonra 1550-cı ildə Təbrizə qoşun yürüdür.

Təhmasib şah ordusunu səfərbər edib bütün yol və çeşmələri tutan çoxsaylı Osmanlı qoşununa qarşı hərəkət edir. Onlar bütün çeşmələri tutduqlarından qızılbaşlar içməyə belə su tapmayırlardılar. Baş verən ilk qarşıdurmada qızılbaşlar sayca qat-qat çox olan Osmanlı qoşununun qarşısında tab gətirə bilməyib kömək gözləmək ümidilə geriyə Əhərə doğru geri çəkilir. Beləliklə, Sultan Süleyman Təbrizi ələ keçirir və bir müddət Çərəndab adlı məntəqədə qalmalı olur.

Lakin hava şəraiti Osmanlılar üçün bir o qədər də münasib deyildi. Bütün bunlarla yanaşı, qızılbaşlar tez-tez onların düşərgələrinə hücum edir və əsgərlərini qətlə yetirirdilər. Vəziyyət get-gedə gərginləşir və qızılbaşların hücum xəbəri daha geniş yayılmağa başlayırdı. Gözlənilmədən Osmanlı ordusu geri çəkilmək qərarına gəlir. Bu xəbəri eşidən Təbrizin kiçik müqavimət dəstələri geri çəkilən Osmanlı ordusuna hücum edib onların böyük bir hissəsini qətlə yetirirlər. Sultan Süleyman o qədər qorxu və təşvişə düşür ki, bir gündə 24-25 kilometr yol getmək məcburiyyətində qalır.

Mirzə İsmayılın rəhbərlik etdiyi Səfəvi ordusu Osmanlıları təqib edərək ölkənin qərb sərhədlərinə, yəni Ərzincanadək irəliləyir. Onlar keçdikləri ərazilərdə Osmanlılara satılmış şəxsləri ya öldürür, ya da ölkə ərazisindən çıxarırdılar. Səfəvi hökmdarlarının ölkənin qərb sərhədlərinə xüsusi diqqət yetirməsi Mirzə Əlqasın beşminlik qoşunla Kürdüstandan Həmədana və oradan da Qumadək irəliləməsinə səbəb olur. Bundan sonra o, Kaşana hücum etmək fikrinə düşür. İlk baxışda belə nəzərə çarpırdı ki, o, belə bir addımı yerli əhalinin köməyi ilə atır. Mirzə Əlqas, Şah Təhmasibin hücum xəbərini eşitdikdən sonra İsfahana yola düşür. Lakin orada yerli əhalinin güclü müqaviməti ilə qarşılaşıb Təhmasib şahın gəlişilə oranı tərk edib Fars əyalətinə qaçır. Oradan isə Şuştər və Dizfula gəlir. Nəhayət, getdiyi yerlərin heç birində dəstəklənmədiyini görüb məcburiyyət qarşısında Bağdada gedir.

Mirzə Əlqasdan bərk narahat olan Sultan Süleyman onu bu yürüşdə müqəssir hesab edir və Bağdaddan İstanbula geri çağırır. Lakin Mirzə Əlqas İstanbula qayıtmır. Belə olduqda Sultan Süleyman onun ardınca qoşun göndərir və geri dönməsini tələb edir. Əlqas bu xəbəri eşitdikdən sonra oradan Kürdüstana qaçır və orada Şah Təhmasib tərəfindən oraya ezam olunmuş qoşun ilə qarşılaşır. Çox keçmədən Təhmasib şahın göstərişilə Azərbaycanın şimalında yerləşən Qəhqəhə qalasında yaxalanıb yanına gətirilir. Beləliklə, Mirzə Əlqas həbs olunur və üsyanın qarşısı alınır. Adı çəkilən qala Səfəvilərin hakimiyyət dövründə səltənətin xəzinəsinin saxlandığı və dövlətə qarşı üsyan etmiş şahzadə və əmirlərin həbs olunduqları yer olmuşdur. Beləliklə, H.Q. 957-ci ildə (M 1550/1551)Əlqas elə oradaca vəfat edir.[5]

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar etmişdir. I Şah Təhmasib aşkar edilmiş ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleyman qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir. Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilmişdir. Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdirmişlər.

Amasya sülhü

Osmanlılarla Səfəvilər arasındakı düşmənçiliklər ilk baxışda başa çatmış görünürdü. Lakin Osmanlı əmiri İsgəndər sərhədyani şəhərlərə hücum edib qan tökür və dərhal geri qayıdırdı. Bu hücumların qarşısını almaq məqsədilə Təhmasib şah 1552-ci ildə həmən məntəqələrə qoşun yürüdür. O, öz qoşununu kiçik dəstələrə bölüb Osmanlıların kiçik şəhər və məntəqələrinə göndərir və bu hücumlar nəticəsində həmən məntəqədə yerləşən bir çox qala və abidələrə böyük ziyan dəyir. Elə həmən vaxt Səfəvilər Mirzə İsmayılın rəhbərliyi ilə qızılbaşlara hücum etmiş və onların bir hissəsini qətlə yetirmiş Osmanlı İsgəndər paşanın ordusuna hücum edir. Şəhər divarlarından kənarda baş verən bu şiddətli döyüşdə Rumlunun yazdığına görə, hər iki tərəf 2576 nəfər itki verir və Mirzə İsmayıl döyüşdə qalib gəlir. Sultan Süleyman 1554-ci ildə dördüncü dəfə olaraq, son dərəcə qüdrətli və təchiz olunmuş ordu ilə Azərbaycana yürüş edir. Göründüyü kimi, bütün bu döyüşlərin səbəbkarı Osmanlılar olmuşdur. Səfəvilərin apardıqları mübarizələr isə sırf müdafiə xarakteri daşımışdır. Bunu da nəzərdən qaçırmamalıyıq ki, ümumiyyətlə Səfəvilər Osmanlı dövləti ilə geniş hərbi əməliyyatlar aparmaq üçün elə bir böyük hərbi qüvvəyə malik olmamışdır. Diqqət yetirmək lazımdır ki, Osmanlılar dində rafizilik (yolunu azmış) adlandırdıqları şiə məzhəbini aradan qaldırmağa çalışır və Azərbaycanı öz ərazilərinə birləşdirmək məqsədilə vaxtaşırı buraya qoşun yürüdürdü. Lakin qızılbaşlar Osmanlılar qarşısında elə bir güclü müqavimət göstərirlər ki, onlar nəinki bu əraziləri işğal edə bilmirlər, əksinə sülh sazişi ilə də razılaşmalı olurlar. Buğurt qalası yaxınlığındakı zəfərdən sonra Təhmasib şah Osmanlı Süleymana göndərdiyi məktubda yazır: «Onlara qarşı müharibə və təcavüz niyyətində olmamışlar. Yaranmış çətinliklər isə yalnız bir qrup dələduz və fitnə-fəsad törədən şəxslər tərəfindən olmuşdur». Süleyman isə Təhmasib şaha göndərdiyi cavab məktubunda yazırdı: «Hücumlardan ən başlıca məqsəd şiəlik və rafiziliyi aradan qaldırmaq olmuşdur. Təhmasib şah bu dəfə otuz yeddi səhifəlik böyük bir cavab məktubu yazır və orada Səfəvilərlə Osmanlı dövləti arasında gedən döyüşlərin dini, daha dəqiq desək, məzhəbi xarakter daşıdığını açıqlayır. O, burada öz məzhəbini tam qətiyyətlə müdafiə edir və sünni məzhəbinə qarşı olduqca kəskin mövqe tutur. Şiəliyi ittiham edən Sultan Süleymana göndərilən bu rədd cavabını həmən dövrün şiəliyinin baxışı kimi də qəbul etmək olar».

Hər halda Osmanlıların hücumları nəticəsində müxtəlif məntəqələrdə irili-xırdalı qarşıdurmalar baş verir və bu qarşıdurmaların birində Sultan Süleymanın çox sevdiyi şəxslərdən biri olan Sənan bəy əsir düşür. Sülh sazişinə vədə verdiyi üçün Təhmasib şah onu Süleymanın yanına göndərib bu sözləri ona çatdırmasını istəyir. «Qəzəb və düşmənçilik ölkənin viran olunmasına, sülh və əmin-amanlıq isə rəiyyətin rifahına səbəb olur». Təhmasib şahın belə bir addım atması Sultan Süleymanın sülhə meyl etməsinə və tərəflər arasında qarşılıqlı razılaşmaya səbəb olur. Aparılan yazışmalarda heç bir tərəf özünün sülh tərəfdarı olduğunu açıq-aşkar tərzdə bildirməsə də, hər biri bunun arzusunda idi.

Nəhayət, 1554-ci ildən etibarən Səfəvilərlə Osmanlı dövləti arasında sabit sülhün bünövrəsi qoyulmağa başlanır. Təhmasib şah Sultan Süleymana göndərdiyi tərif məktubunda bir daha dövlətlərarası sülhün bərqərar olunmasına israr edir. Sonra həcc ziyarətinə toxunaraq azərbaycanlıların həcc ziyarətini yerinə yetirmələrini yazılı şəkildə Osmanlı dövlətinin üzərinə qoyur. Məktubun sonunda azərbaycanlıların imamların qəbirlərinin ziyarətilə əlaqəli olduqlarına işarə edərək yazır: «Əgər vəzirlərinizdən biri ov itlərinizdən birini icazəsiz ova apararsa, sözsüz ki, onun harada olduğunu və onu sizin sarayınızdan kim apardığını soruşacaqsınız. Deyəcəklər məsələn, filan vəzir. Bu isə sizin xoşunuza gəlməyib qəzəbinizə səbəb olacaqdır. Biz də on dörd məsumun it və kölələriyik və bu günlər onların ziyarətinə getməyi yer üzərindəki hökmranlıqdan şərəfli hesab edirik. Onların köləsi olmaq əbədi, var-dövlət, dünya səltənəti isə fanidir».

Şah Təhmasib öz xatirələrində Səfəvilərlə Osmanlı dövləti arasında gedən döyüşləri iki müsəlman və qardaş qrup arasındakı qanlı döyüş adlandırmış və müsəlman ümmətinə bunu rəva görməmişdir. Hətta atasının osmanlılarla apardığı mübarizələri ətrafındakıların onu bu işə sövq etmələri ilə əlaqələndirmiş və onları qətiyyətlə məhkum etmişdir.

O, öz xatirələrində yazır:

«Mən onun (Osmanlı sultanını nəzərdə tutur) cavabında yazdım… Axı iki müsəlman qoşununun biri-birinin qanını tökməyə və onları təhlükə ilə qarşı-qarşıya qoymağa necə fitva verə bilərəm? Atam atanızla müharibə etdiyi zaman ətrafındakı bütün əmir və əsgərlər məst olmuşlar. Onlar axşamdan səhərədək şərab içmiş və müharibə əhval-ruhiyyəsində olmuşlar…O gündən bəri Çaldıran döyüşü barədə söz düşdükdə atamı aldadıb müharibəyə təhrik etdiyi üçün Dərmiş xana lənət oxuyuram».

Beləliklə, Osmanlı Sultanı sülh sazişinə razı olur və Amasiyada düşərgə qurduğu zaman Səfəvi səfiri onun yanına gəlib Təhmasib şahın məktubunu təqdim edir. Rumlu yazır:

«Məktubda Əli (ə) mədh olunsa da, əhli-sünnə məzhəbinə qarşı qərəzli mövqe tutmayıb çalışır ki, orada səhabələr haqda da xoş sözlər yazsın».

Osmanlı sultanı göstəriş verir ki, Səfəvilər sülh sazişini pozmayana qədər sərhəd qoşunları hərbi əməliyyat keçirməsinlər. Mirzə Zəki özünün «Osmanlı tarixi» adlı kitabında yazırdı:

«Bu Səfəvilərlə Bab Ali (Osmanlı dövləti nəzərdə tutulur) arasında yazılan ilk rəsmi sülh sazişi idi. Çünki, əlli ildən bu tərəfə, yəni Şah İsmayılın Səfəvi sülaləsini təsis etdiyi zamandan bu günədək heç bir tərəfin qılıncı qınına girməmişdi».

Beləliklə, Təhmasib şahla Sultan Süleyman arasındakı münasibətlər yaxşılaşıb tərəflərarası yazışmalar başlanır. Münasibətlər o qədər yaxşılığa doğru gedir ki, 1556-cı ildə İstanbulda Süleymaniyyə məscidi inşa olunduqdan sonra Təhmasib şah Sultan Süleymana göndərdiyi məktubda məscid üçün istənilən qədər xalça göndərə biləcəyini bildirir. Məlum olduğu kimi, Təhmasib şahın özü də rəssamlıqda xüsusi bacarığa malik olmuş və o dövrün bir çox məşhur rəssamlarından dərs almışdır. Sonrakı illər Təhmasib şah tərəfindən İstanbula bir neçə heyət göndərilir və onlar Osmanlı Sultanın taxta çıxması münasibətilə bahalı hədiyyələr təqdim edirlər.

1555-ci ildə yazılan sülh sazişindən sonra ortaya çıxan ciddi çətinliklərdən biri də Sultan Süleymanın oğlu Bəyazidin Azərbaycanda sığınacaq tapması olur. O, az bir müddət Osmanlı dövlətinə hökmranlıq etmiş və özü ilə qardaşı Səlim arasında qarşıdurma yarandıqdan sonra 1558-ci ildə oranı tərk edib Səfəvi ərazisində özünə sığınacaq tapır. O, 1560-ci ilin ilk günlərində özünün bir neçə minlik tərəfdarı ilə Qəzvinə daxil olur və orada Təhmasib şah tərfindən səmimiyyətlə qarşılanır. Qeyd etmək lazımdır ki, Sultan Süleyman bundan qabaq başqa bir oğlu Mustafanı da dövlətə qarşı çıxmaqda ittiham edərək qətlə yetirmişdir. Bəyazidin də geri qaytarılması Sultan Süleyman üçün böyük əhəmiyyət kəsb edirdi. Bunun üçün də o, bir çox tədbirlərə əl atır və həmən dövrdə Təhmasib şahla onun arasında uzun sürən məktub yazışmaları aparılır. Bəyazid Azərbaycanda da istədiyinə nail ola bilmir. Belə ki, o, özünün qeyri-əxlaqi davranışı ilə şahı zəhərləməkdə ittiham olunub, tərəfdarlarının bir neçəsi ilə birlikdə elə oradaca həbs olunur.

1561-ci ildə Osmanlı dövlətinin yeddi yüz nəfərlik nümayəndəsi Bəyazidi geri aparmaq məqsədilə Qəzvinə gəlir. Hər iki tərəf arasında danışıqlar aparılır və nəhayət 1562-ci ildə Səfəvilərlə Osmanlı dövləti arasında son sülh sazişi imzalanır və bu sazişə əsasən hər iki tərəf siyasi sığınacaq istəyən şəxslərin geri qaytarılmasına razılıq verir. Beləliklə, Bəyazid Osmanlı dövlətinə təhvil verilir və sultanın əmri ilə edam olunur. Əlbəttə, Bəyazid təhvil verildiyi zaman şah Osmanlılardan ona toxunmayacaqlarına dair söz alır, lakin onlar buna məhəl qoymayıb Bəyazidi öldürürlər. Qeyd etmək lazımdır ki, Bəyazid Azərbaycanda olduğu müddətdə daim Təhmasib şaha qarşı məkirli tədbirlərə əl atmış, bütün bunlara baxmayaraq, şah onunla son dərəcə mülayim davranmışdır. Bundan sonra Səfəvilərlə Osmanlı dövləti arasındakı əlaqələr daha da güclənir. Vaxtaşırı bir-birlərinin nümayəndələrini qəbul edir və qiymətli hədiyyələr göndərirdilər. Belə ki, Osmanlı nümayəndəsi İlyas bəy H.Q. 970-ci ildə (M 1562/1563) Şah Təhmasibin görüşünə gəldiyi zaman özü ilə beş yüz min əşrəfi pul və qırx ərəb atı gətirir.

1566-ci ildə Sultan Süleymanın vəfatından sonra II Səlim onun canişini təyin olunur və sülh sazişi olduğu kimi qüvvədə qalır və bu vəziyyət 1566-ci ilədək, yəni I Süleymanın ömrünün sonunadək beləcə davam edir.

Maraqlı hallardan biri də budur ki, Sultan Süleymanın vəfatı münasibəti ilə göndərilən məktubda Təhmasib şah fars və türk şerlərindən istifadə etmiş, orada Sultan Süleymanın Avropada qazandığı zəfərlərdən söz açaraq, öz sevinc hissini gizlətməmişdir. Həmçinin məktubda II Səlimin canişin təyin olunma münasibətilə Səfəvi paytaxtı Qəzvinin Səadətabad bağında böyük bayram keçirildiyinə də işarə edir. Məktubun sonunda deyilirdi: «Tərəflərarası yaradılan dostluq və qardaşlıq münasibətləri özünün ən son səviyyəsində müşahidə olunmaqdadır».

Olduqca böyük mətni olan bu məktub «Xuləsətut-təvarix» (1086-1150) adlı kitabda yetmiş səhifədə dərc olunmuşdur.

Səfəvi-Moğol əlaqələri

Səfəvi dövləti ilə Hindistan arasında yaradılan ilk əlaqələri Topal Teymurun nəvəsi və Əmir Şeyx ibni Əbu Səidin oğlu Zuhəyrəddin Babər Qorqani ilə əlaqədəndirmək olar. O, bir vaxtlar Orta Asiyada hökmranlıq etmiş və özbəklərin qüdrət əldə etməsi ilə dəfələrlə amansız hücumlara məruz qalmışdır. Belə ki, özbəklər həmin dövrlərdə həm Xorasana, ham də Babirin nəzarəti altında olan məntəqələrə vaxtaşırı hücum edirdi. Şah İsmayıla məğlub olduqdan sonra isə onun Səfəvi dövləti ilə birləşməsinə münasib şərait yaranır. Şah İsmayıl ona kömək etməyə hazır olduğunu bildirir, bir şərtlə ki, şiə məzhəbini qəbul edib on iki imamın adına sikkə vurdurmuş olsun. Orta Asiyada bir o qədər də uğur qazana bilməyən Babir qızılbaşların himayəsi ilə Kabulda hakimiyyəti ələ keçirir və sonra Qəndəhar uğrunda mübarizə aparıb, oranı da işğal etməyə nail olur. Babir Şah İsmayılın hakimiyyətdə olduğu bütün dövrlərdə onunla əlaqələrini kəsmir. Tarixi mənbələrə əsaslanaraq qətiyyətlə deyə bilərik ki, Babir şiə məzhəbini qəbul etmiş, hətta qızılbaşların paltarını geyərək Səmərqənddə on iki imamın adına xütbə də oxumuşdur.

Babir şah Təhmasib şahın hakimiyyətinin ilk illərində Dehli və Akra şəhərlərini ələ keçirib özünü Hindistanın imperatoru elan edir. Bundan sonra dövlətlərarası əlaqə və nümayəndələrin gediş-gəlişləri daha da güclənir və Təhmasib şah özbəklərə qarşı mübarizəni gücləndirməkdən sonra əlaqələr daha da yaxşılığa doğru irəliləməyə başlayır. 1530-cu ildə Babur vəfat edir və oğlu Humayun taxta çıxır. Qardaşı Mirzə Kamran isə Kabula hakim olmaqla yanaşı, Hərata qədər nəzarət edirdi. Təhmasib oğlu Mirzə atasının icazəsi olmadan Qəndəhara hücum edir və orada məğlub olub yenidən Hərata qayıdır. Bunun ardınca Təhmasib şah Qəndəhara hücum edib oranı ələ keçirir və az sonra Mirzə Kamranın qayıdışı ilə Qəndəhar yenidən monqolların əlinə keçir. Qızılbaş dövlətinə və şiə məzhəbinə böyük hörmət və ehtiram bəsləyən Humayunun müdaxiləsi nəticəsində Qəndəhar yenidən Səfəvilərə qaytarılır.

Sərşah Əfqaniyə məğlub olduqdan sonra isə hər şeyi əldən verir və sonra da dövlətin ikinci dərəcəli şəxsi olan Biramxan adlı şiə dostlarından birinin tövsiyəsi ilə 1544 Təhmasib şahın sarayına gəlir. Şahın göstərişlə Humayın böyük təmtəraqla qarşılanır və bir sıra abadlıq işləri apardıqdan sonra paytaxta gətirilir. Çünki, belə bir şəxsiyyətin saraya gətirilməsi təbliğat nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyət kəsb edirdi. Humayun Qəzvinə gəlməzdən əvvəl Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getmək üçün şahdan icazə alır. Ziyarətini başa vurduqdan sonra 1545-ci ildə Qəzvinə gəlir. Maraqlı hallardan biri də indinin özünədək Pakistanın yüksək rütbəli dövlət nümayəndələrinin İrana gəldikləri zaman Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getmələridir.

Humayun əvvəllər rəsmi olaraq şiə məzhəbini qəbul etmək fikrində deyildi. Lakin Təhmasib şah buna israr etdikdən sonra şiə məzhəbini qəbul edib itirdiyi məntəqələri və ixtiyarında olan canlı qüvvəni geri qaytara bilir. On dörd min qızılbaş əsgəri Humayunun taxt-taca çıxmasını müşahidə edir və həmən qoşunla da o, Qəndəharı fəth edə bilir. Əvvəlki danışıqlara əsasən əldə etdiyi dövlət xəzinəsini Təhmasib şaha göndərir və bunun ardınca Kabul şəhərini də ələ keçirir. Beləliklə, hər iki tərəfin səfir və nümayəndələri biri-birlərinə gediş-gəliş edir və əlaqələr daha da güclənir. Azərbaycan ordusuna verilməli olan Qəndəhar üzərində yaranan ixtilaflar isə Humayunun ömrünün sonunadək davam edir. Həm Babir şah, həm də oğlu Humayun şiə məzhəbini qəbul etsələr də, (hərçənd Humayun Dehliyə döndükdən sonra yenidən sünni məzhəbində olmuşdur) heç bir məzhəb təəssübünə yiyələnmirdilər və təbii ki, yiyələnə bilməzdilər. Şiə məzhəbli Humayunun müqabilində qardaşı Kamran Qəndəharın təəssübkeş sünnilərinin tərəfini tutur. Bu səbəbdən də Təhmasib şah Humayuna göndərdiyi məktubda qardaşı Kamranı danlaq atəşinə tutaraq yazır:

«Deyirlər Kamran xaricidir Xarici Kamran ola bilməz».

Bir sözlə, məzhəb təəssübkeşliyinin olmaması bütün firqələrin dövlət tərkibində fəaliyyət göstərməsinə səbəb olur. 1555-ci ildə Humayun vəfat edir və oğlu Əkbər şah Dehlidə taxta oturur və onun hakimiyyət dövründə məzhəb təəssübkeşliyi digər dövrlərlə müqayisədə özünün ən yüksək zirvəsinə çatır. Əkbər şahın hakimiyyət dövründə Səfəvi dövlətinin nümayəndələri iki dəfə Dehliyə gəlir və onunla bəzi məsələlər ətrafında müzakirələr aparırlar.

Səfəvi-Gürcüstan əlaqələri

İslam ölkələri ilə həmsərhəd və əhalisi məsihi olan Gürcüstan daim cihad əhval-ruhiyyəli müsəlmanların diqqət mərkəzində olmuşdur. Belə ki, türkmanlarla(Azərbaycan Türkləri) osmanlılar arasında gedən müharibələrdə kafirlərə qarşı cihad şüarı ilə daim gürcülərə qarşı mübarizə aparılmışdır.

Təhmasib şah ölkənin qərb və şərq sərhədlərində əmin-amanlığın hökm sürdüyünü görüb Gürcüstana tərəf qoşun yürüdür. 1541-ci ildə kafirlərlə cihad məqsədilə atılan bu addım dini, siyasi və iqtisadi baxımdan Səfəvilər dövləti üçün böyük üstünlük ola bilərdi. 1546-cı ildə Gürcüstana ikinci dəfə yürüş olunur və bu da Təhmasib şahın Azərbaycanda mövqeyinin möhkəmlənməsinə səbəb olur. Belə ki, Xəzər dənizinin şərqində yerləşən Qıpçaq əmirləri bundan sonra Səfəvi Türkman(Oğuz) dövləti ilə öz əlaqələrini yenidən gücləndirməyə nail olurlar.

1551-ci ildə Təhmasib şah üçüncü dəfə Gürcüstana hücum edir. Oranın işğal olunması Səfəvi dövlətinin həmən məntəqədəki bir çox çətinliklərini həll edə bilərdi. Qeyd olunduğu kimi, Gürcüstana qoşun yürütməkdən ən başlıca məqsəd kafirlərə qarşı cihad idi. Bu isə Anadoludan Ermənistana və bu tərəfdən Gürcüstanadək əhatə olunan ərazilərin asanlıqla tanınması və dövlətin iftixar və başucalığı demək idi. Yürüş külli miqdarda qənimətin əldə olunması və yüzlərlə gürcü qadınlarının əsir alınaraq Azərbaycana gətirilməsi ilə nəticələndi. Rumlu yazır: «Öz gözəllikləri ilə şöhrət tapmış və pəri simalı gürcü qadınları baş verən hadisələrin qurbanına çevrildilər».

1553-cü ildə osmanlıların hücumu nəticəsində sülh üçün lazımi şərait yarada bilən Təhmasib şah növbəti dəfə Gürcüstana hücum etmək üçün qoşunu səfərbər edir. O, bu dəfə külli miqdarda qənimət əldə edib otuz min əsirlə Azərbaycana qayıdır. Bu qalibiyyətdən sonra Təhmasib şah əsirlərin müsəlmanlaşdırılmasına dair fərman verir və onların böyük bir hissəsi öz dinlərindən çıxıb İslamı qəbul edir.

Qeyd etdik ki, Səfəvilər dövləti gürcülərin müsəlmanlaşdırılması üçün bir çox səylər etmiş, bu işi gürcü şahzadələrdən başlamış və bu sahədə nəzərə çarpacaq uğurlar da əldə etmişdir. Hərçənd ki, onların bir qismi müsəlman olduqdan sonra dindən çıxaraq mürtəd olmuşlar. 1560-cı ildə İslamı qəbul etmiş, lakin az sonra mürtəd və bu səbəbdən Ələmutda həbs olunan Gürcüstan hakimi İsa xanı buna misal çəkmək olar.

İdarəçilik

Şahın yerinə dövlət işlərini idarə edən vəkil ilə yanaşı bu dövrdə Ali divanxanada vəzir və nazirlər də fəaliyyət göstərməyə başlayır. Qazi Cahan Qəzvini (1552) Təhmasib şah tərəfindən «Ali divanxana»ya baş nəzarətçi təyin edilir və bundan sonra o, uzun müddət həmən vəzifəni icra edir. Rumlu yazır: «Bu əzəmətli dövlətdə hələ onun kimi istedadlı və bacarıqlı vəzir olmamışdı». Paytaxt vəziri ilə yanaşı böyük şəhərlərdə də dövlət işlərini idarə edən digər vəzirlər fəaliyyət göstərirdi. Ordunu isə yalnız qızılbaş əmirləri idarə edir və ən yüksək rütbə «əmirul-umərə» idi ki, bu da adətən iki nəfərə həvalə olunurdu. Belə ki, 1530-cu ildə bu vəzifəyə şahın bacısı oğlanları Hüseyn xan Şamlı və Abdullah xan Ustaclu təyin olunurlar.

Mərkəzi dövlət təşkilatçılıqları ilə yanaşı, şəhərlərdə də həm dövlət, həm də adət-ənənələrlə əlaqəli olan digər vəzifələr fəaliyyət göstərirdi. Onlardan hər biri cəmiyyətin gündəlik məsələlərini həll edən məsul şəxslər idilər. Onlardan bəzilərinə nəzər salaq:

Bəylərbəyi - əyalət valisi (indiki icra hakimləri). Xüləfa – mürşid və sufilərin canişinləri Sərdar – hərbi alayların məsul rəhbərləri Xanlar-bir növ hökumət məmuru olan qəbilə və tayfa rəhbərləri Mustovfi- maliyyə işləri üzrə məsul Sabitlər – Maliyyə məmurları Kutval – Yemək, yanacaq, silah, hətta mühüm dustaqların saxlanıldıqları qalaların nəzarətçiləri Ağsaqqal və kəndxudalar – Qəbilə və kənd böyükləri Kələntərlər – şəhərlərin nizam-intizamına nəzarət edən məsul işçilər Yolçular –Yol qarətçiləri ilə mübarizə aparan dövlət məmurları

Zaman keçdikcə bu vəzifələrin sayı artır və yeni-yeni adlarla Səfəvi dövlətinin dövlətçilik quruluşu daha da genişlənirdi.

Dini təşkilatçılıq

Səfəvi dövlətinin dini təşkilatçılığı Şeyx Səfi sülaləsində təcəlli edirdi. O, öz nüfuzunu qoruyub saxlayır və onun idarə olunması üçün sabiq üsullardan istifadə edərək əsas mürşidin, yəni şahın «xəlifətul-xuləfa» adlı nümayəndələr dövlətin nəzarəti altında olan ətraf məntəqələrə göndərilir və dini təbliğatla məşğul olurdular.

Necə olursa-olsun, dövlətçilik nə qədər güclənsə də, dini məsələlərin idarə olunması sufilərə deyil, alim və fəqihlərin ixtiyarına qoyulmalı idi.

Bunun üçün də cəmiyyətdə bu kimi işləri icra etmək üçün müəyyən vəzifələr təyin olunmalı idi. Səfəvi dövləti bu məsələni Azərbaycan ərazisində əvvəllər fəaliyyət göstərmiş dövlətlərin təcrübələrindən istifadə etməklə həll edir.

Dini təşkilatçılıqda fəaliyyət göstərən iki mühüm mənsəbdən birinə, yəni sədirlik mənsəbinə Təhmasib şah Əmir Qivamuddin Hüseyn İsfahanini və Əmir Cəlaləddin Məhəmməd Əstərabadini təyin etmişdi. Sədr ümumilikdə bir çox dini-idari məsələlərə nəzarət və rəhbərlik edirdi.1525-ci ildə Əstərabadi vəfat edir. Rumlu onun haqqında yazır: «Əstərabadi haqq dərgahına qovuşduqdan sonra Xacə Nəsirəddin Məhəmməd Tusi haqq olan Cəfəri məzhəbinə və on iki imamçı camaata rəhbərlik etməyə, habelə günahkarların cəzalandırılması, hökmlərin icra olunması, cümə namazlarının vaxtının təyin olunması, namaz, oruc və sair şəri məsələlərə dair fitva vermək üçün başqa bir şəxsi bu mənsəbə təyin edə bilmirdi».

Deyilənlərdən belə məlum olur ki, yuxarıda adları çəkilən işlərin nəzarət və idarəçiliyi sədrin ixtiyarında olmuşdur. Əstərabadi vəfat etdikdən sonra Əmir Nemətulla Hilli (1534) Qivamuddin Hüseyn ilə birlikdə sədrlik mənsəbini idarə etməyə başlayır. Əmir Qivami Hüseyn vəfat etdikdən sonra isə Mirğayətuddin Şirazi (1542) bu vəzifəni Hilli ilə müştərək olaraq icra etməyə başlayır. Hilli vəfat etdikdən sonra isə Mirğayətuddin müstəqil olaraq sədrlik vəzifəsini icra etməyə başlayır. Ondan sonra, yəni 1532-ci ildə Mühəqqiq Kərəkinin şagirdlərindən olan Əmir Mazəddin Məhəmməd İsfahani (1546) sədr təyin olunur. O, fiqh elmində, xüsusilə də ibadi məsələlərdə böyük məharətə yiyələnmiş və bir çox fiqhi məsələləri o dövrün ən məhşur müctəhidi olan Kərəkidən öyrənmişdi.

Rumlu onun haqqında yazır: «Səkkiz il sədrlik etdi və dinin təbliğ və yayılmasında görünməz səylər göstərdi və onun kimi heç bir sədr qumarxana, fahişəxana, şərabxana və eyş-işrət məclislərinin dağıdılmasında bu qədər səy göstərmədi». Mərkəzdə olduğu kimi, ətraf əyalətlərdə də vəzirlər fəaliyyət göstərirdi. Sədirliyə gəldikdə də hər bir əyalət üçün bir sədr seçilməyə başlanır. Belə ki, 1562-ci ildə İraq, Fars və Xuzistan əyalətlərinə Əstərabad seyidlərindən olan Əmir Məhəmməd Yusif sədr təyin olunur. Necə ki, həmən dövrdə Şirvan, Xorasan və Azərbaycana Əsədullah Mərəşinin oğlu Əmir Zeyn Əli sədr təyin olunur.

Zaman keçdikcə sədrlərin üzərinə düşən vəzifələr azalmağa və dini məsələlərə nəzarət etmək üçün daha yüksək vəzifəyə ehtiyac duyulmağa başlanır. Bu səbəbdən də Təhmasib şahın hakimiyyətinin ilk onilliyində Osmanlı dövlətinin dini dövlət quruluşunda olduğu kimi, Şeyxul- İslam mənsəbi ortaya çıxır və şah alimlərdən birini Şeyxul-İslam təyin edir. Şeyxul-İslam bütün dini məsələlər ətrafında hökm çıxarmağa və fətva vermək səlahiyyətinə malik idi.

Şeyxul-İslam mənsəbinə təyin olunmuş ilk şəxs İraqda təhsil almış və milliyətcə ərəb olan tanınmış şiə alimi Mühəqqiq Kərəki (1534) ləqəbi ilə məhşur olan Şeyx Əli ibni Əbdülali olmuşdur. Çox ehtimala görə, Şah İsmayılın hakimiyyəti dövründə o, Azərbaycana dəvət olunmuş və Təhmasib şah atasının canişini təyin olunduqdan sonra onun yaxın adamlarından birinə çevrilmişdir. Mühəqqiq Kərəki 1533-cü ildə Təhmasib şah tərəfindən müctəhid təyin olunur və İranın Şeyxul-İslam vəzifəsini icra etməyə başlayır. Elə həmən dövrdən Şeyxul-İslam mənsəbinə «Müctəhiduz-zaman» adı da verilir. Bu isə İslamda dini alimə yüksək məqam verildiyindən xəbər verirdi.

Təhmasib şah Mühəqqiq Hilliyə böyük etimad bəsləmişdir. Mirzə Abdullah İsfahani özünün təlif etdiyi «Riyazul-uləmə» adlı kitabda Təhmasib şahın onun barədə verdiyi hökmü olduğu kimi təqdim edir. «Bağışlayan və mehriban Allahın adı ilə. İmam Sadiq (ə) buyurur: Öz aranızdan olan, hədislərimizi nəql edən, halal və haram etdiklərimizə diqqət yetirən şəxsə baxın. Mən onu sizin aranızda hakim qərar verdiyim kimi, siz də onu hakim qərar verin... Peyğəmbərin şəriətini qoruyan müctəhidlərin hökmü ilə müxalif olanlar sözsüz ki, müşriklərlə eyni dərəcədədirlər. Bir sözlə, müctəhidlərin sonuncusunun, peyğəmbərlərin, imamların və onların naiblərinin hökmünə qarşı çıxan və onların fətvalarına tabe olmayan şəxslər dindən çıxmış məlunlardırlar».

Başqa bir məktubda Şah Mühəqqiq Kərkiyə bir çox səlahiyyətlər verdiyi və ölkə ərazisində bütün yüksək rütbəli dövlət adamlarını onun verdiyi hökmlərə tabe olmağa çağırdığı göstərilir. Bütün bunlarla yanaşı, dini sahələrdə çalışan bütün məmurların təyin və çıxarılmasını da ona həvalə edir. Dini sahələrə isə adətən qazilik, vəqf, dini elmlərin tədris olunması, mədrəsələr, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək daxil idi. Şah verdiyi bu hökmü İmam Zaman (ə)-ın zühur etməsi üçün müqəddimə hesab edərək yazırdı :

«Peyğəmbərlər ağasının dinini yaşatmaq, səhər tək aşkar olan məsum imamların təriqətini zahir etmək və müxaliflərin qubar və zülmətini aradan qaldırmaq ədalət günəşinin zühur etməsi üçün bir müqəddimədir. Dinin qorunması və onun öz nurunu hər yana saçması din alimlərinin davamçılarının vəzifəsidir».

Qazilik mühüm dini mənbələrdən olmuş və yalnız dini alimlərin ixtiyarında olmuşdur. Şahın hakimiyyət dövründə bu mənsəbi tutan ilk şəxs Mühəqqiq Kərəkinin qız nəvəsi Seyid Hüseyn Cəbəl Amili Kərəki olmuşdur. Şahın böyük etimadını qazanmış bu şəxs Cəbəl-Amildən Azərbaycana gəlmiş və əhalinin dini-hüquqi məsələlərini həll etmişdir. Onlardan «əsgər qazisi» adını alan şəxslər isə orduda yaranmış hüquqi məsələlərin həllində çalışmışlar.

Həmən dövrdə Azərbaycanda mövcud olan mənsəblərdən biri də sədr tərəfindən səlahiyyətli din aliminə həvalə olunmuş «Xitabət» mənsəbi olmuşdur. Bu isə həmən dövrdən Təbriz və Ərdəbildə cümə namazlarının qılınmasından xəbər verir.

Azərbaycanda mövcud olan mühüm dini mənsəblərdən biri də Səfəvi Sultanları üçün böyük əhəmiyyət kəsb edən Məşhəd şəhərinə vali təyin etmək olmuşdur. Belə ki, bu mənsəb adətən nüfuzlu seyidlərdən biri və ya din alimi təyin olunur. Bu şəhərdə çoxsaylı alim və şeyxlərin yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, xəlifə Seyid Əsədullah (1562) özünəməxsus mövqeyə malik olmuş və o dövrün məşhur alimləri bir çox məsələlərin həllində məhz ona müraciət etmişlər. Onun yaxın dostlarından olan Qazi Əhməd Qumi özünün «Xulasətut-təvarix» adlı kitabında həyat və zahidliyi haqqında ətraflı söhbət açır.

Dini siyasət

Təhmasib şahın həyatına nəzər saldıqda onun digər Səfəvi şahlarla müqayisədə həm şəxsi əhval-ruhiyyə, həm də ictimai baxımdan dinə daha çox əhəmiyyət verdiyinin şahidi oluruq. Belə ki, iyirmi yaşında olarkən tövbə edir və ömrünün sonunadək tövbəsinə əməl edir. Təlif etdiyi «Təzkirə» adlı kitabında da bütün günahlardan, xüsusilə də şərabxorluqdan uzaqlaşdığına dair ətraflı izahatlar verir. O, tövbə etmək qərarına gəldikdə saray adamları ilə məşvərət edir. Onlardan bəziləri şaha bütün günahlardan uzaqlaşmağı, bəziləri isə şərab içməyin şahlara zəruri olduğunu bildirib bu işdən başqa bütün günahlardan çəkinməsini tövsiyə edir. Lakin Təhmasib onların tövsiyələrinə qulaq asmayıb şərab içməyi də qadağan edir.

Çox ehtimal ki, Təhmasib şah 1533-cü ildə Mühəqqiq Kərəkinin təsiri altına düşərək bütün günahlardan çəkinərək birdəfəlik tövbə etmişdir. Bunun ardınca tabeçiliyində olan bütün ölkə ərazisində yaxşı işlərə dəvət və pis işlərdən çəkinməyə dair rəsmi hökm vermək istəyir. Hətta indinin özündə də İranın bəzi məscidlərinin giriş qapılarında Təhmasib şahın yaxşı işlərə dəvət və pis işlərdən çəkinməyə dair verdiyi hökm kətibə şəklində saxlanılmaqdadır. Rumlu bu haqda yazır :

«Bu ildən etibarən dinə pənah gətirmiş şah bütün günahlardan tövbə edir. O, hamının xeyirxah işlər görməyə qulaqlara tıxanmış qəflət pambıqlarını çıxarıb atmağa və nəhayət bütün günahlardan uzaq olmağa sövq edir. Hökmə tabe olmayan şərabxor və nəşəxorlar şəri qanunlara əsasən cəzalandırılacaq. Şəri qanunlara zidd mahnı oxuyanların səsi kəsiləcək və başları qırxılacaq. Şəri qanunlara zidd olan mahnı ifa edən ney çalanların nəfəsi kəsiləcək. Şəri qanunlara zidd təbil vuranların çubuqları toppuz tək başlarına vurulacaq. Məclislərdə boş, faydasız əyləncələrlə camaatın başını qatan şəxslər ulağına oturdulub şəhərdən çıxarılacaqlar. Qumarxana, şərabxana və fahişəxanalardan əldə olunan gəlirlər bütünlüklə «beytul-lütf» dəftərindən çıxarılacaqdır».

Bunu da ehtimal vermək olar ki, iki-üç onillikdən sonra ölkə ərazisində bəlkə də sarayın özündə yenə də fitnə-fəsad və pozğunçuluq baş alıb getmiş və cəmiyyəti ciddi təhlükə ilə qarşı-qarşıya qoymuşdur. Belə ki, h.q. 963-cü ildə Təhmasib şah bir daha əyanlarına tövbə etmək əmrini verir. O, şərabxorluğun qarşısını almağa xüsusi diqqət yetirir və bu işə hər şeydən daha çox nifrət bəsləyirdi. Belə ki, bir vaxtlar ona qarşı üsyan etmiş və Osmanlı dövlətinə pənah aparmış qardaşı Əlqas yanına qayıtdıqda ona olan münasibətini bu sözlərlə ifadə edir. «Nə qədər ki, mənimlə dost idin, nə şərab içir, nə də günah edirdin; üsyankar olduqdan sonra isə günaha və fitnə-fəsada qərq oldun!» Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməklə yanaşı, Təhmasib şahın həyata keçirdiyi dini siyasətdən biri də Azərbaycan ərazisində şiəliyi gücləndirmək olmuşdur. Atası Şah İsmayıl bu ölkədə şiəliyin bünövrəsini qoysa da, onun möhkəmləndirilməsi Təhmasib şahın üzərinə düşür. O da asanlıqla bunun öhdəsindən gəlir. Təhmasib şah hər şeydən əvvəl dövlətin dini məzhəbi təşkilatlarını alim və fəqihlərin elmi təcrübələrindən istifadə etməklə genişləndirmək istəyir. Bu məqsədlə də Livandan Azərbaycana neçə-neçə alim dəvət edir və onlar Azərbaycana gəldikdən sonra Şeyxul-İslam camaat namazların, cümə namazların, cümə namazlarının imamı və bu kimi məsuliyyətli vəzifələrə təyin olunurlar. Təhmasib şah alimləri yüksək vəzifələrə təyin etməklə yanaşı onlara bir çox ixtiyarlar da verir. Belə ki, Mühəqqiq Kərəkini İmam Zamanın (ə), özünün isə onun naibi olduğunu bildirir. Şah Təhmasib şiə məzhəbini gücləndirmək məqsədilə fiqh alimlərinə bir çox səlahiyyətlər verir. Haqqında xoş sözlər deyilərkən tabeçiliyində olan dövlət xadimlərinə «mütəhhirat» (paklar) ləqəbi verilirdi. Rumlu yazır: «Təhmasib şah fitva verilmədən hər hansı bir işi başlamazdı». 1531-ci ildə bu məzmunda təlif olmuş ilk kitab Məhəmməd Həməvi Əbhərinin «Minhacul-fazilin fi mərifəti ümmətil kamilin» adlı əsəri olur. O kitabın müqəddiməsində Təhmasib şahı böyük bir qəsidə ilə mədh edir. Həmən şəxs 1532-ci ildə «Ənisul-muminin» adlı başqa bir kitab təlif edir. Məhəmməd Həməvi, Mühəqqiq Kərəkinin şagirdlərindən biri olmuş və öz kitablarında onun dastan nəql edən şəxslər barədə verdiyi fitvalara işarə etmişdir.

Bunu da qeyd edək ki, heç bir tarixi sənəd və mənbələrdə Təhmasib şahın sünni məzhəbinə mənsub olan şəxsləri zorla şiəliyi qəbul etmələrinə vadar etməsi göstərilmir. Qazi Əhməd Quminin yazdığına görə əvvəlki dövrlərdən fərqli olaraq, paytaxt Qəzvin şəhərinə köçürüldükdən sonra belə, sünni məzhəbinə mənsub olan əhaliyə qarşı heç bir təzyiq göstərilmir.

Təhmasib şahın özünün hakimiyyət dövründə gördüyü tədbirlərdən biri də bir çox imamzadələrin üzərində gözəl məqbərələr tikməsi və beləliklə, əhali ilə ziyarətgahlar arasında sıx əlaqə yaratması olmuşdur. Bu vaxtadək sünni sufi olan fars və türklərin bir çoxu yalnız öz sufi şeyxlərinin ziyarətinə gedirdi. Lakin bundan belə imamzadələrin kütləvi ziyarəti başlanır. İndinin özündə də əgər İran ərazisindəki imamzadələrin üzərindəki kətibələrə nəzər salarıqsa, orada Təhmasib şahın adını görə bilərik. Əlbəttə, sufi şeyxlərinin də bəzilərinin ehtiramı gözlənilirdi. Belə ki, daha çox əhəmiyyət kəsb edən Şeyx Səfiyəddin Ərdəbilinin qəbri sufilər tərəfindən ziyarət olunurdu. Biz həmən dövrün tarixi abidələrinə nəzər saldıqda Şeyx Səfiyəddin Ərdəbilinin qəbri üzərində də gözəl məqbərənin ucaldığının şahidi oluruq.

İmamzadələrlə yanaşı, həmən dövrdə üzərində Təhmasib şahın adı həkk olunmuş bir çox gözəl məscidlər də tikilir. Şiəliyi yaymaq və gücləndirmək məqsədilə Təhmasib şahın gördüyü tədbirlərdən biri də şiəliyi daha tez qəbul etmiş və şiəliyin güclənməsində layiq olan şəhərlərdən maliyyə alınmaması olmuşdur. Bu barədə fərmanlar verilib şəhərin came məscidlərinin qarşısına vurulur və şəhər valilərinə əhalidən maliyyə götürməmək əmri verilir. Təhmasib şah almadığı hər ilin maliyyəsini imamlardan birinin ruhuna hədiyyə edirdi. Tarixçilərin yazdıqlarına görə, Təhmasib şah şəri nöqteyi-nəzərdən alınması qanuni olmayan maliyyələri şiələrə bağışlayır və onlardan alınmamasını əmr edir. 1564-ci ildə günlərin biri yuxuda İmam Zamanın (ə) bidət halı almış bəzi məsələləri ləğv etməsini buyurduğunu görür. Səhəri gün yuxunu «Çehel sütun» (qırx sütun) sarayının eyvanında nəql edir və sonra yoxsul məntəqələrdən alınan otuz minə yaxın maliyyəni oranın əhalisinə bağışlamasını əmr edir.

Təhmasib şahın şiəliyə olan sıx bağlılığını onun yazdığı məktublardan da bilmək olur. Onun Osmanlı Sultanı Süleymana göndərdiyi məktubda Əhli-beyt və məsum imamlara böyük hörmət və ehtiram bəsləməsi buna başqa bir misal ola bilər. Təhmasib şah dini ehkamlara böyük hörmət bəslədiyi üçün həcc ziyarətinə xüsusi diqqət yetirmiş və istər Osmanlılarla bağladığı sazişdə, istərsə də sonrakı yazışmalarında onlardan yolu açmalarını və Azərbaycanla və Orta Asiya zəvvarların təhlükəsizliyini təmin etmələrini istəyir. Tərəflərarası sülh sazişi imzalandıqdan sonra Səfəvi zəvvarların Məkkə və Mədinəni ziyarət etmələrinə şərait yaranır. Ziyarət məqsədilə olunan səfərlərdə Səfəvi dövlətinin bəzi dövlət məmurları da iştirak edir. 1569-ci ildə Səfəvi Məsum bəyin Həcc karvanına qoşulduğunu, lakin ərəblər tərəfindən qətlə yetirildiyini buna misal çəkmək olar. İkinci Sultan Səlim törədilmiş sui-qəsdə görə öz səfirini Təhmasib şahın yanına göndərib ondan üzürxahlıq istəyir. Orta Asiya zəvvarları da Həcc ziyarətinə getmək üçün Səfəvi ərazisindən ötüb keçməli idilər. Onlar Qəzvində şəxsən Təhmasib şah tərəfindən qarşılanır və sonra Hicaza göndərilirdilər.

Bunu da inkar edə bilmərik ki, Təhmasib şahın Azərbaycana hakim olan dini-məzhəbi siyasəti bir tərəfdən şiəliyin burada güclənməsinə və bunun da Azərbaycana üstünlük verməsinə, digər tərəfdən isə həmən dini-məzhəbi siyasətin ölkəyə özünəməxsus təsir qoymasına səbəb olur. Siyasi baxımdan osmanlıların və özbəklərin Səfəvi dövləti ilə düşmənçilik etməsi ən azı zahirdə özünü belə göstərirdi. Mədəni baxımdan da müəyyən qədər olsa təklənib və həm ərəb, həm də İslam mədləniyyəti ilə əlaqəsini kəsməli olurdu. Şair, Təhmasib şahın şiəliyi yaymaq üçün etdiyi səylər haqqında yazdığı şerdə deyir : «On iki imamçı məzhəbinə o qədər yer verdim ki, Fələkdən ötüb keçdi, dövrümdən sizlərə çatdı».

İlahi İsfahani özünün «Xuldbərrin» adlı kitabında Təhmasib şahın gördüyü işlər haqqında ümumi məlumat verərək yazır : «Hər cür tərifə layiq olan padşah Qəzvində olduğu müddətdə (şah on doqquz il Qəzvində olmuş və bu müddət ərzində oranı tərk etməmişdir) daim əhalinin nizam-intizamına, dinin inkişafına, habelə Peyğəmbər ağası Həzrəti Məhəmməd (s) və pak ailəsinin sünnətinin yaşadılmasına xüsusi diqqət yetirmişdir. Alim və seyidlərin məqamını uca tutur və elmin tərəqqisinə, habelə Məşhəd, Təbriz, Səbzivar, Qum və Ərdəbil seyidlərinə ayrıca pay ayırırdı. Bütün bunlarla yanaşı, adları çəkilən şəhərlərdə qırx oğlan və qırx yetim qız uşağını yemək və geyimlə hər tərəfli təmin edir və onların təlim-tərbiyəsi ilə məşğul olmağa tərbiyəçilərin ayrılmasına dair göstəriş verir. Belə ki, onlar həddi-büluğ yaşına çatdıqdan sonra ailə qurmalarına köməklik olunmalı və yerlərinə növbəti qırx oğlan və qırx yetim qız uşağı təmin olunmalı idi… Ölkənin digər məhrum məntəqələrində də, xüsusilə şiələrin yaşadıqları ərazilərdə maliyyələrin alınmasında güzəşt olunur və onların mövcud şəraiti nəzərə alınırdı». Bütün bunlarla yanaşı, şah şəxsi ehtiyaclarını aradan qaldırmaq üçün əldə olunan gəlirin halallığına da xüsusi diqqət yetirirdi. Bu məqsədlə bütün şəhərlərə halallıq vəkilləri təyin edirdi. Şiraza təyin olunan Seyid Muzəffərəddin Əli Əncəvi Şirazini və İsfahana təyin olunan Şeyx Bəhainin qayınatası Şeyx Əli Minşarı buna misal çəkmək olar. Bu adət-ənənə sonrakı Səfəvi hakimlərin dövrlərində də davam etdirilir. Bəzi mənbələrdə Səfəvi dövlətinin tərkibində halallıq vəkillərinin fəaliyyət göstərmələri

Ailəsi

Həyat yoldaşları: (4 əsas ali hərəm, 5 əlavə)

  1. Şahbanu Məvzili (Qədəmli) Sultan (1516 - 1593) - Ağqoyunlu Musa bəyin qızı, dayısıqızı
  2. Sultan Ağa xanım - Şəki hakimi çərkəz Şamxal Qara-Musal sultanın bacısı.
  3. Xanpərvər Sultan - Zal bəy Gürcünün bacısı.
  4. Sultanzadə xanım - Əli xan Gürcünün qızı.
  5. Zəhra xanım (ö.1577) - Samstxe knyazı Otar Şalikaşvilinin qızı.
  6. Hurixan xanım - Soylu Gürcü qızlarından.
  7. Fəridə xanım - Dağıstan hakiminin qızı
  8. Ayşə xanım - Xivə xanı Sufiyan xanın qızı,
  9. Zeynəb Sultan Səfəvi (ö.1570) - Bəhram mirzə Səfəvinin dul xanımı.

Oğulları:

  1. Əliqulu mirzə Səfəvi - Xorasan hakimi (ö.1529)
  2. Məhəmməd mirzə Səfəvi
  3. İsmayıl mirzə Səfəvi
  4. Murad mirzə Səfəvi - Qəndəhar hakimi (1538-1545)
  5. Süleyman mirzə Səfəvi (28 mart 1554 - 2 noyabr 1576) - Fars (1555-1557) və Məşhəd (1576) hakimi
  6. Heydər mirzə Səfəvi
  7. Mustafa mirzə Səfəvi (1557- 2 noyabr 1576)
  8. Mahmud mirzə Səfəvi (1559 - 24 fevral 1577) - Şirvan (1566-1567) və Lahican (1567-1571) hakimi
  9. İmamqulu mirzə Səfəvi (1562-1577)
  10. Əli mirzə Səfəvi (1563 - 31 yanvar 1642) - Gəncə hakimi (1570-1577)
  11. Əbül Nasir Sultan Əhməd mirzə Səfəvi (1564-1577)
  12. Zeynəlabdin mirzə Səfəvi (ö.1576)
  13. Musa mirzə Səfəvi (ö.1576)

Qızları:

  1. Gövhərsultan bəyim (1540-19 may 1577) - İbrahim mirzə Səfəvi ilə evli idi.
  2. Pərixan xanım
  3. Xədicə bəyim Səfəvi
  4. Zeynəb bəyim Səfəvi (ö. 14 may 1641)
  5. Məryəm bəyim Səfəvi (ö.1608)
  6. Xanış bəyim Səfəvi (ö. 1591)
  7. Fatimə bəyim Səfəvi
  8. Şahbanu xanım (ö.1583) - Salman xan Ustaclı ilə evləndi.

 

Məktubları

Fərmanları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR