Slimfit
  1. MEDİA

İki ibrətlik hekayə

İki ibrətlik hekayə
Sakura

İki ibrətlik hekayə

Bu dünyada hər şeyin nizam və intizamla, ustalıqla idarə olunduğuna inanıram. 

Müasir dövrdə həyatımızın tələsməklər üzərində qurulduğunun fərqindəyik. Hər birimiz harasa tələsirik.  Yaşadığımız dünyada iş o yerə gəlib çatıb ki, tələsməsək işlərimiz yarım qalacaq deyə düşünürük. 

 May günlərinin biridir və bu gün də bir növ adətkərdə olaraq  işə tələsirəm. Adəti üzrə işlə bağlı qovluğumu götürüb, həyətdə saxladığım avtomobilə tərəf gedirəm. Bu gün çox adam unutqanlıqdan şikayət edir. Maşına minəndən sonra bir neçə dəfə yenidən evə girib çıxmalı oluram. Bir dəfə unutduğum  portmanatı, bir dəfə də telefonumu götürmək üçün girirəm. Qırx dəqiqədən sonra universitetdə olmalı və auditoriyaya girməliyəm. Məsafə isə o qədər də yaxın deyil. Yoldakı ehtimal olunan tıxacı nəzərə almasaq, çox gümanki gecikməyəcəyəm. Adəti üzrə mən tələsə -tələsə evdən çıxanda  Zeynəb bir neçə əşyanı evdən maşına qədər daşıyır, hətta unutduğum nəyisə mənə xatırladır. Maşının arxa qapısını açaraq oturacağın üstünə qoyur. Məişət tullantıları yığılmış kiçik sellofan torbanı da arxa baqaja qoyur ki, adəti üzrə yolda saxlayıb, onu tullantı yeşiyinə atım. “Adəti üzrə” ifadəsini ona görə tez -tez istifadə edirəm ki, yaşadığımız günlər adəti üzrə təkrarlardan ibarətdir. 

 Dərsə vaxtında çatıram. Lakin mənim tələsmək səbəblərim bununla bitmir və bura qədər deyil.  Pedaqoji fəaliyyətimlə yanaşı digər bir fəaliyyətim tərcüməçilikdir. Bu  haqda geniş yazıb sizi  yormaq istəmirəm. Saat beşdə mühüm bir tədbirə çatmalı və əhəmiyyətli bir hüquqi prosesi tərcümə etməliyəm. Artıq vaxta az qalır. Vaxt azaldqca zənglərin sayı çoxalmağa başlayır. Universitetin qapısından çıxıb yenə tələsirəm. Hərdən  mənə elə gəlir ki, ömrümüz ancaq bu tələsən dəqiqələrdə keçəcək. Bu tələsmələr də bir dərd olub bizim üçün.  Maşını saxladığım yer bayaq kölgəlik idi, amma maşının bir yerdə dayanması günəşin, istinin hərəkət etməsinin qarşısını almır. Daha doğrusu yer kürəsinin günəş ətrafında hərəkət etməsinin. Qapısını açır, içəri dolmuş isti havanın yenisi ilə əvəzlənməsini gözləyirəm. Qovluğu və pencəyimi  arxa oturacağın üzərinə atıram. Çox vaxt itirmədən yola çıxaram, artıq ikinci telefon zəngi eşidilməkdədir. 

Xoş olmayan bir qoxu var avtomobilin içində. Qoxunun kənardan gəldiyinə düşünrək pəncərəni bağlayıb kondisioneri işə salıram. Qatılacağım prosesin katibinin zəngi hövsələmi bir daha daraldır.  Mənə elə gəlir ki, dünyada hövsələli insan artıq qalmamışdır. Elə bilirdim ki, yalnız ətrafımda mənə tanış olan  insanlardır hövsələsiz. Amma ilk dəfə təmasda olduğum insanların da səbrsiz və hövsələsiz olduğunu görürəm. 

Köməkçidən sonra məlum orqanın birinci şəxsi də zəng edir : “Müəllim, müəyyən olunmuş vaxta gəlib çata biləcəksiniz, hə?” deyə mülayim və sakit halda  soruşur. Sanki mən elə bunun üçün tələsmirdim. “Çataram, artıq yolayam” deyə cavab verirəm. İnsanları gözlətməyi sevmədiyimdəndir ki, bunun qarşılığında bəzən özümü əziyyətə salmağa öyrəşmişəm. 

 Bayaq gələn naməlum xoş olmayan qoxunu yenə duyuram. Bu dəfə maşının pəncərəsini açıram. Amma az da olsa yenə həmin qoxu var. “Çöldə nəsə yandırıblar və havanın küləksiz və isti olması belə qoxuları hiss etməyə mane olmur” deyə düşünürəm.  Məlum yerə vaxtında çatıram, maşını dayanacaq bələdçisinin göstərdiyi yerdə saxlayıb, tələsik yolu keçir və binaya daxil oluram. Əsas odur vaxtında çata bilmişəm. 

Axşam saat doqquzdur və mən binadan çıxıram. Düz dörd saatdır ki, binanın içindəydim.  Qaş qaralıb, çöldə artıq qaranlıq çöküb, şütüyən maşınlar işiqlarını yandırıblar.  Bayaq tıxacı xatılardan dayanacaqda cəmi üç maşın qalıb. Yola çıxıram, amma bu gün hövsələmi daraldan bu zəif qoxu hələ də burnuma dəyir. Gərək evə çatandan sonra maşının hər yerini yaxşı- yaxşı axtaram, bəlkə maşında  bu qoxuya səbəb olan nəisə var. İndi də mərkəzi yolun tıxacı bir az da hövsələmizi daraltmağa başlayır. Yorğun iş günü, qaçhaqaç və tələsmələrdən sonra mənasız yerə tıxacda vaxt  itirmək qədər adamı üzən heçnə yoxdur. Təxminən bir saatımızı da bu, səbəbi bilinməyən tıxacda fövtə verəndən sonra əzgin bir yorğunluq içində evə yaxınlaşıram. Səhəri gözləməyə səbrim çatmır və gecə də olsa maşının içini yoxlamadan keçirmək qərarına gəlirəm. Arxa oturacağa, ayaqaltına baxıram, gözümə heç bir şey dəymir. Axtarmadığım maşının arxa yük yeri qalıb. Ora  baxdıqda isə kiçik sellofandakı tullantını görürəm.  Meyvə qabıqları və qırıntılarından ibarət bu torbanı birdən xatırlayıram.  Ay səni, səhər evdən çıxarkən Zeynəbin bura qoydğu torbadır. Uşaq hələ mənə  xatılatmışdı da  “Ata baqaja torba qoydum, atarsan” demişdi. Mənsə eşitmiş, amma  tələskənlikdən fikrim başqa yerdə qalmış, ciddiyə almamışam. Hər səhər yaşadığımız məhəllənin girəcəyində iri tullantı yeşiklərinə çatanda, maşından düşər, tullantıları ora atardım. Amma bu gün tələsdiyimdən onu da unutmuş və gün boyu hara getmişəmsə, tullantı torbasını özümlə daşımışammış. Bir neçə dəfə hiss etdiyim qoxu belə onu mənə xatılatmamışdı. İşimin çoxluğu və tələsməklərimin yaratdığı unutqanlıq məni məyus edir və hövsələm daralırdı.  Evə girmədən, yenidən  maşına əyləşib, evimizdən təxminən bir  kilometr aralıda yerləşən tullantı yeşiklərinə tərəf sürürəm. Daha səhərə qədər bu lazımsız torbanı saxlaya bilmərəm. 

Bir gün boyunca  mənimlə yol yoldaşı olan bu meyvə qırıqlarından ibarət  torbadan xilas olur, məhəlləyə tərəf maşını döndərdikdə yeşiklərdən bir az aralıda yaşlı bir kişinin dayanıb, mənə baxdığı diqqətimdən qaçmır. Mən də baxışlarımı onun gözlərindən çəkmirəm. Sözlü adama oxşayır. İradəsiz halda əlini mənə tərəf qaldırdığını hiss etməmək olmur. Özüm də bilmədim niyə, əyləyib, maşının pəncərəsindən  ona tərəf boylanıram. O isə maşından bir iki metr aralıda olmağına baxmayaraq bədənini əyib maşının qapısına söykənir, amma ayaqları irəliyə gəlmir. “Oğlum, deyəsən bu tərəfə gedirsən”.  Onun sualına cavab olaraq başımla təqsdiq edirəm. “Avtobusdan burda düşdüm, amma dizlərimdən elə bir şiddətli  ağrı tutub ki, bir addım belə ata bilmirəm. Avtobusdan  düşən kimi bir təhər gəlib dayandım zibil yeşilkərinin yanında, bayaqdan bir dənə də olsun taksi də keçmir ki, evə gedə bilim.  Əl elədiyim maşınlarsa, saxlamadı. Məni heç olmasa bir az qabağa apararsanmı?”

Maşından tələsik düşüb kişiyə tərəf addımlayıram, qolunu çiynimə alır addım atmasına dəstək oluram, kömək edib maşına əyləşdirirəm. Qara nimdaş kostlyumlu yetmişi haqlamış kişinin simasında məmnunluq, məyusluq və şükranlıq hissi sezilir. Dilindən dualar süzlülür. Onu düz evinə qədər aparmaq qərarına gəlmişəm, o isə “elə bir az qabaqda saxlasan, düşər, bir təhər gedərəm bala, narahat olma” deyə təkrar edir.  Mənsə onun israrına  fikir vermədən “hansı küçədə yaşayırsınız, ünvanı  mənə göstərərsiniz, evinizə qədər aparacağam”  deyirəm. Çox israr etməsinə baxmayaraq, razılaşmıram. Nəhayət sağ və solunda səliqəli evlər düzülmüş, ensiz bir küçəyə giririk. Bakının bu qəsəbələrindəki küçələrdə eyni vaxtda iki maşın hərəkət edə bilmir. Bir tərəfdən də evlərin qarşısında divara sıxılmış maşınlar küçəni bir az da  daraltmışdır. Küçəyə girir və hərəkət edirik, xoşbəxlikdən qarşıdan heç bir maşın gəlmir. Gələrsə ya o, ya da mən gərək arxa- arxaya hərəkət edək.

 “O qara darvazanın qarşısında saxlayarsan başına dönüm” deyir. Düşürəm, maşının qapısını açaraq kişinin enməsinə yenə də kömək edirəm. 

“Bala bu küçədən geriyə dönə bilməyəcəksən, çox ensizdir, ən yaxşısı yolun başına qədər arxa- arxaya çıxarsan” deyir.  “Sən narahat olma ağsaqqal. Evə girməyinə kömək edimmi?” deyə soruşuram. “Yox ay bala, narahat olma, zəngi basacam, yoldaşım açacaq qapını.  Allah səndən razı qalsın” deyir. Mütəəssir halda  məni evinə çay içməyə dəvət edir, lakin təşəkkür edərək, bu təkliflə razılaşmıram. Təbii ki, ona acizliyini, xəstəliyi çox da hiss etdirərək daha çox məyus olmasına səbəb olmaq istəmirəm. 

“Oldu dayı, mən getdim, siz də sağ olun. Narahat olma, ayaq ağrısıdır daa, olur hamıda. Səhər keçib gedər yenə hər şey yoluna düşər” deyib onunla xudahafizləşir, maşını onun məsləhət bildiyi kimi arxa -arxaya sürərək uzalaşmağa başlayıram. Yaşlı kişidən addım- addım uzaqlaşıram. Qaranlıq küçədə maşının işiqları altında, bir neçə dəqiqə bundan öncə tanış olduğum və heç adını belə bilmədiyim yaşlı kişi kiçilməyə başlayır. Hələ qapıya yaxınlaşıb üstündəki zəngi basmır, səssiz-səmirsiz məni baxışları ilə ötürür. Çoxdandır belə bir mənzərə görmürdüm, tanımadığım insan mən hərəkət etdiyim andan əlini qaldırıb mənə əl etməkdə davamlı halda  dayanıb. Maşının arxaya hərəkət etməsini  güzgülərlə idarə edir, hərdən də məndən uzaqlaşan yaşlı kişinin əlini havada yelləməsinə baxıram. Bu çox qəribə hiss idi. Bu aysız, ulduzsuz gecədə sonuncu tin ayrıcına çatıb sağa  dönənədək bu hal davam etdi. 

Hər gün başımıza gələn bu növ hadisələrlə rastaşırıq, amma hər bir hadisəyə diqqət və təvəccüh edərsək,  altında hikmətdolu mənanın yatdığını hiss etmiş olarıq. Bu kimi hadisələr milyonda bir adamın başına gəlmir, hamının başına gəlir, lakin görənlərlə yanaşı görməyənlər, fərqinə varmayanlar var. 

Bu dünyada hər şeyin nizam və intizamla, kimlərsə tərəfindən ustalıqla idarə olunduğuna həmişə inamışam. Elə indi də inanram ki, Zeynəbin səhər tezdən tullantı torbasını maşının yük yerinə qoyması, mənimsə bu gün onu tullantı yeşiklərinə atmağı unudaraq,  işə, oradan da şəhər mərkəzinə özümlə daşımağım, hiss olunan yad qoxunun belə onu mənə xatırlatmaması və günün sonunda torbanı yenidən evə qaytarandan sonra zibil yeşiyinə atmağımla köməksiz yaşlı insana əl tutmağım arasnda böyük bağlantıdan və əvvəlcə düşünülmüş görünməz bir senarinin bir hissəsindən başqa bir şey deyildi. 

Mən inanıram ki, istəyimizin, planlarımızın əksinə cərəyan edən şeylər, heç də təsadüfi deyil. Əksinə cərəyan edən  bəzi hadisələr bizi əsəbləşdirə, hövsələdən çıxara bilər, buna görə öz- özümüzü danlaya, tənbeh edə  bilərik, amma səbəb və nəticəni görəndə hər şeyin heç də düşündüyümüz kimi  olmadığının şahidi oluruq.

Yaşadığımız həyatda  heç bir hadisə mənasız, əbəs  yerə cərəyan etmir. Hər əşya və hadisə öz dili ilə bu həyatı bizə verən və bununla yanaşı hər addımda bizi imtahan edəndən xəbər verir.

Günlərin bir günü yerin altında ilan kimi sürürnən metro qatarlarının birində başım əlimdəki telefona o qədər qarışmışdı ki, düşməli olduğum stansiyada birdən ayıldım ki, qapılar bağlanır və qatar növbəti stansiyaya doğru hərəkət edəcək. Cəmi bir neçə saniyə gecikmişdim düşməyə. Daxilimdən bir özünütənqid hissi keçdi. Diqqətsizliyim ucbatından bir stansiya artıq getməli və daha sonra digər qatarla yenidən geri qayıtmalıydım. Əbəs yerə bir neçə dəqiqə itirəcək, növbəti qatarın hərəkət intervalını da nəzərə alsaq ötüb keçdiyim stansiyanın qarşısında dayanmış dostum, məni ən azı on  dəqiqə artıq gözləməli olacaqdı.  Mənim ucbatımdan  iştirak edəcəyimiz kitab təqdimatına gecikəcəkdik. 

Amma bu an içimdən belə bir hiss keçdi. Bir onu bilirəm ki, hər zərərdə  bir xeyir var.   Bu xeyirin nədən ibarət olması mənə məlum olmasa da, nə vaxtsa “kiçik diqqətsizlik” kimi başa düşdüyümüz,  baş verən bu hadisələrin səbəbini bir gün anlayacağıma ümid edirdim. Qatar növbəti stansiyada dayandı. Qatardan düşdüyüm an simasi mənə çox tanış olan bir adamın qarşıda dayandığı diqqətimdən qaçmadı. Çiynində çanta asılmış bu adam da ya bu vaqonlardan düşmüş ya da növbəti vaqonun gəlməsini gösləyirdi. Geriyə qayıtmağa tələsməyimə baxmayaraq addımlarımı yavaşıdıb ona diqqətlə baxırdım. Bu vaxt onun da gözləri mənə sataşdı və simasında sevinc təbəssümü parladı. Bəli bu o idi. İllər öncə Murov dağlarında mənimlə bir yerdə hərbi  xidmət etmiş, tərxis olunandan sonra isə əlaqələrimizin kəsildiyi Rövşən Amoyev. Mənim kimi o da çox dəyişmişdi.  Onun böyüyüb boya başa çatdığı rayonu unutmadığımdan uzun illərdir ki, o rayondan olan kimlə rastlaşırdımsa, Rövşəni soruşar, yenidən əlaqələrimizin bərpa olunması üçün cəhd edirdim. Ya ünvanını, ya da telefon nömrəsini tapmalarını xahiş edirdim. Amma uzun illər keçməsinə baxmayaraq gördüm deyən olmamışdı. İnanılası deyildi, mən onu tapmışdım. 

 Bəli, bu günkü məyusluğumun görünməz pərdəsi altında, mənim üçün böyük, mənim üçün olduqca əhəmiyyətli xoş bir nəticə gizlənirdi. Və sevinirdim ki, o gizlənmiş nəticələr uzun illər sonra deyil, baş verən gün öz gözəl nəticəsini göstərməkdədir. Son nöqtəni qoymazdan qabaq bir də bunu demək istəyirəm ki, hər bir günümüzdə başımıza gələn hadisələri diqqətlə və düzgün analiz edək və inanaq ki, hər şey həqiqətin, yaxşılığın xeyirinədir. 

Əli Rzazadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR