Slimfit
  1. MARAQLI

İlanlardan niyə qorxuruq?

İlanlardan niyə qorxuruq?
Sakura

İlanlardan niyə qorxuruq?

Hər birimiz həyatımız boyu təbiətdə müxtəlif heyvanlarla rastlaşırıq, çox vaxt da dayanaraq onları seyr edir, daha yaxından tanımağa cəhd edirik. Lakin, ilanlarla rastlaşanda qorxumuzdan özümüzü itirir, donub qalırıq!

Bəli, ilanlardan qorxuruq, çünki onların bəziləri zəhərlidir və sancması insan həyatı üçün təhlükəlidir. İlanlar haqqında az məlumatı olan və bu heyvanlarla davranmağın qaydalarını bilməyən insanlarda bu qorxu hissi daha çox olur. Təəssüf ki, ilanlar haqqındakı təsəvvürlərimiz və onlara qarşı münasibətimiz, çox hallarda həqiqi biliklərə deyil, mifoloji təsəvvürlərə, rəvayət və şaiələrə əsaslanır. Ona görə də, ilanlardan qorxmağımızın səbəbi onları yaxşı tanımamağımız, mif və şaiyələrə inanmağımızdır!

Yaşından, savadından asılı olmayaraq əksər adamlar ilanları çox qəddar və təhlükəli heyvan hesab edirlər. Bəzi adamlar isə o dərəcədə qorxurlar ki, hətta, «ilan» sözünü eşitdikdə belə vahimələnir, gecə yuxusunda da ilan görürlər. Əslində, rəvayətlərin çoxunda ilanların müqəddəsliyindən, mərdliyindən bəhs edilir. Misal üçün, söylənilir ki, evə girmiş ilan bərəkət, ruzi nişanəsidir və onu öldürmək olmaz, əks halda həmin evdən ruzi və bərəkət çəkilər. Bu söyləmdə müdrik əcdadlarımızın məqsədi də elə o olmuşdur ki, insanlar ilanlara düşmən kimi baxmasınlar.Və yaxud, başqa bir rəvayətdə göstərilir ki, ilanlar «yeddi qardaş» olurlar. Bu «qardaşlardan» birini öldürən kəsdən digər «qardaşlar» nə vaxtsa, hökmən qisas alacaqlar. Göründüyü kimi, hər iki rəvayət insanları ilanları öldürməkdən çəkinməyə çağırır. Lakin bu çağırışlar, hər halda, insanlarda ilanlara qarşı qorxu hissləri də aşılayır: evindəki ilanı öldürmə, yoxsa, evindən bərəkət, ruzi çəkilər! Rast gəldiyin ilanı öldürmə, yoxsa «qardaşları» səndən intiqam alar! Bu təbiidir, çünki, ta qədim zamanlardan (təəssüf ki, müasir dövrümüzdə də) insanları hansısa bir hərəkətdən çəkindirmək üçün ən güclü vasitə qorxu hissi yaratmaq olmuşdur.

İlanlara qarşı münasibəti formalaşdıran bir sıra sərt aforizmlər də vardır. Məsələn, «ilanların ağına da, qarasına da lənət» və yaxud «ilanı görənə də, görüb öldürməyənə də lənət» söyləmləri. Əlbəttə, əcdadlarımızın səhv etdiklərini demək düzgün olmazdı. Lakin, «ilanların ağına da, qarasına da lənət» deyən əcdadlarımızın bu söyləmlərini düzgün dərk etmək gərəkdir. Əslində əcdadlarımız bu «lənətlə» insanları ilanlardan ehtiyatlı olmağa, onlardan qorunmağa, onları biri-birindən fərqləndirməyi bacarmağa çağırıır. İlanların «ağına da, qarasına da» işarə etməklə, əslində, ilanlardan bəzilərinin zəhərsiz, digərlərinin isə zəhərli olduqlarını bildirmək istəmişlər. Əcdadlarımız həm də, etiraf ediblər ki, «ağ» və «qara» ilanların hansının zəhərli, hansının isə zəhərsiz olduğunu tanımaqda çətinlik çəkiblər. Ona görə də ilanları «lənətləməklə», əslində, ilanların hər ikisindən- həm «ağından», həm də «qarasından» qorunmağı məsləhət görüblər. «İlanı görənləri də və görüb öldürməyənləri də lənətləmək», əslində, insanları «ilanları görməməyə», yəni onlardan mümkün qədər uzaq olmağa bir çağırışdır.

Təəssüf ki, bu söyləmlərdəki həqiqi mənanı dərk etməyən və ya səhv başa düşən, ilanlara düşmən kəsilən, yerli-yersiz onları məhv etməyə hazır olan adamlar da çoxdur. İlanlar haqqında düzgün məlumatı olmayan belə adamlar dərk etməlidirlər ki, rastlaşarkən ilanları öldürməyə cəhd etməklə, öz həyatlarını da təhlükə qarşısına qoymuş olurlar, çünki belə hallarda ilan özünü müdafiə edərək sancmağa çalışır.

İlanları «ağına və qarasına» fərq qoymadan məhv etməyə hazır olan insanlar, ümumiyyətlə, təbiətin qədrini bilməyənlərdir. Təbiətə, onun yaratdıqlarına bu cür münasibətlə rastlaşdıqda düşünürsən: nə yaxşı ki, təbiət belə insanların ümidinə qalmayıb, yoxsa, tanrı təbiət düşmənlərinin cəzasını gecikdirməzdi. Təbiət onun qanun və qaydalarını pozanları hökmən cəzalandırır. İnsan əməllərinin ekoloji mahiyyəti və nəticələri hələ 1400 il öncə, islam dininin ideyalarında öz əksini tapmışdır. Qurani Kərimin «Rumlular» surəsinin 41-ci ayəsində buyurulmuşdur: «- İnsanların öz əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.» Beləliklə, Tanrı insanları hər cür bəd, o cümlədən təbiətə zidd əməllərdən çəkinməyə, «tövbə» etməyə çağırır. Göstərir ki, suda, quruda baş verən bütün fəsadlar, fəlakətlər pis əməllərinə görə insanlara tanrı tərəfindən göndərilən cəzadır.

İlanlar haqqında az və ya çox məlumatı olan kəslər yalnız zəhərli ilanları insan üçün təhlükəli hesab edirlər. Davranış xüsusiyyətlərini, instiktlərini, həyat tərzi qaydalarını bildikdə, hətta zəhərli ilanlarla da təhlükəsiz davranmaq mümkündür.

Doğrudan da, ilanların heç də hamısı insan üçün qorxulu deyildir. İnsan üçün təhlükəli yalnız zəhərli ilanlardır. Təbii ki, belə ilanlar əgər təsadüfən insanı sancarsa, müxtəlif fəsadlar törədər, hətta insanın ölümünə də səbəb ola bilər. Zəhərsiz ilanlarda isə zəhər aparatı olmadığından onların sancması insan üçün təhlükəli deyildir. Lakin, yadda saxlamaq lazımdır ki, ilanların, o cümlədən zəhərli ilanların insanlarla heç bir «düşmənçiliyi» yoxdur, çünki, bu düşmənçiliyə səbəb də yoxdur. İlanların həyatı üçün insanlar heç bir əhəmiyyət kəsb etmir və onların insanlara heç bir ehtiyacı yoxdur. Əksinə, ilanlar, adətən, insan olan yerlərdən uzaq olmağa meyllidirlər. «Düşmənçilik», əslində, insan tərəfindən baş verir və bu zaman da ilan təbiətin ona bəxş etdiyi üsullardan istifadə etməklə (gizlənmək, xəbərdarlıq etmək və nəhayət, sancmaq) özünü müdafiyə etməli olur.

Bəzi insanlar isə, ümumiyyətlə, heç bir ilandan qorxmadığını bildirir. Əgər hesab etsək ki, belə düşünən kəsdə ilanlara qarşı yerli-dibli qorxu hissi yoxdur, onda bu münasibəti qeyri-ciddi və ya qeyri-sağlam düşüncə kimi qəbul etmək lazımdır. Çünki, bu cür münasibət yalnız iki qism adamlarda ola bilər: birincisi, hələ dil açmamış və dünyanı, ətraf aləmi hələ dərk etməyən körpə uşaqlarda. İkincisi isə, qeyri-sağlam şüur sahibi olan yetkin insanda. Təsadüfü deyil ki, hələ nitqi formalaşmamış və ətrafındakı heç bir əşyanı tanımayan, lakin onu yoxlamağa cəhd edən uşağın körpəlik dövrünü xalq arasında «ilan boğan vaxtıdır» deyə adlandırırlar. Çünki, körpəlik yaşında olan uşaq hələ ilanın nə olduğunu dərk etmir və buna görə də heç bir qorxu hissi keçirmədən digər əşyalar kimi, ilanı da əlinə götürmək, hətta «dadını yoxlamaq» məqsədilə ağzına da aparmaq istəyir. İlanlar haqqında heç bir məlumatı olmayan, lakin rastlaşdıqda onu tutmağa və ya öldürməyə cəhd edən yetkin adam da həmin körpə uşağa bənzəyər.

İlanlara qarşı sağlam qorxu hissinin nədən ibarət olduğunu başa düşmək üçün bəzi müqayisələr aparmaq olar.Biz gündəlik həyatımızda insan üçün qorxulu hesab oluna biləcək saysız hesabsız əşyalarla, müxtəlif alət və vasitələrlə təmasda oluruq. Məsələn, hər gün istifadə etdiyimiz elektrik cərəyanı, iti ülgüc və ya bıçaq, avtomobillər və sairlər düzğün istifadə olunmadıqda, onlarla qaydasında davranmağı bacarmadıqda həyatımız və sağlamlığımız üçün ən müxtəlif təhlükələr törəyə bilər. Belə ki, elektrik cərəyanına düşə bilərik, ülgüc əlimizi kəsər, avtomobildə qəzaya uğrayarıq və s. Lakin, bu əşya və vasitələr barədə biz lazımi bilikləri əldə edirik, onlarla düzgün davranış qaydalarını öyrənirik, heç bir təhlükəyə məruz qalmadan və qorxmadan onlardan istifadə edirik.

İlanlara da eyni ilə bu cür yanaşsaq, onları yaxından tanısaq, düzgün davranış qaydalarını öyrənsək, qorxmarıq, öz təhlükəsizliyimizi də təmin etmiş olarıq.

 

Biologiya üzrə fəlsəfə doktoru,

Təvəkkül İsgəndərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR