"İlham Əliyevin müsahibəsi Qarabağ ermənilərinə verilən zəmanətdir" - Deputat
Prezident İlham Əliyev "Euronews” kanalına müsahibəsində Qarabağdakı erməniləri qondarma liderlərinin arxasınca getməməyə, Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşamağa çağırıb. Dövlət başçısı qeyd edib ki, separatçılar onlara daim yalan danışıblar:
"Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Bilirlər ki, mən öz sözümə əməl edirəm”.
Milli Məclisin deputatı Arzu Nağıyev Qaynarinfo-ya bildirib ki, prezident İlham Əliyevin bu müsahibəsi Qarabağda yaşayan ermənilərə verilən zəmanətdir. Deputatın sözlərinə görə, Qarabağ ərazisində yaşayan erməniləri 3 kateqoriyaya bölmək olar:
"Birincisi, Azərbaycan Konstitusiyasına uyğun yaşamaq istəyənlər, bunu qəbul etməyə çalışanlar. İkincisi, vaxtılə işğal olunmuş ərazilərə müxtəlif regionlardan köçərək məskunlaşmış və qanunsuz olaraq yaşayanlar, onlar hazırda qaçmağa çalışırlar. Üçüncü isə, separatçı dəstə, özlərini müxtəlif vəzifələrə təyin edərək orada yaşayanlar. Bunlar sırf cinayətkarlar, Azərbaycan xalqına qarşı etnik təmizləmələrdə, soyqırımlarda iştirak edən şəxslərdir. Onlar bilirlər ki, sülh müqaviləsi imzalandıqdan sonra qanun qarşısında cavab verməli olacaqlar. Bu gün də həmin şəxslər çalışır ki, Azərbaycan bayrağı altında yaşamağa cəhd edən insanları girova çevirib, onlardan istifadə etsinlər.
Təbii ki, İlham Əliyevin "Euronews” kanalına verdiyi müsahibədə əsas məqam onlara verilən zəmanətdir. Azərbaycan bayrağı altında yaşayacaq ermənilər vətəndaşlığı qəbul edəcəklər, digər xalqların hansı səlahiyyətləri varsa, onlar da bu səlahiyyətlərdən, hüquqlardan və təminatlardan istifadə edəcəklər. Onlar bunu dərk etməlidirlər. Çünki Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinin bir hissəsinə çevriləcəklər və normal həyat quracaqlar.
Azərbaycan bu gün danışıqlar masasında bütün humanist addımlardan istifadə edərək, bu və digər şəkildə onlara çatdırır ki, əsas məqsəd sərhədlərin təyin edilməsi və sülh müqaviləsinin imzalanmasıdır. Bundan bütün Azərbaycan yaralandığı kimi etnik ermənilər də mütləq şəkildə yararlanacaqlar. Bu, bizim gələcəkdə vətəndaşlarımıza qarşı olan münasibətin bir hissəsi kimi dəyərləndirilməlidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət