Mirzə Fətəli Axundzadə - Hekayəti xırsi-quldurbasan/Üçümcü məclis ( II hissə)
Bayram. Divanbəyi əcəb adam imiş. Amma bilmir ki, mən səninlə
köhnə dostam.
Kərim. Yəni bunu deməkdən qərəzin nədir? Istirsən ki, mən
səni boşlayam qaçasan?
Bayram. Xeyr, mən divanbəyiyə söz vermişəm, heç yerə qaçmanam.
Ayrı mətləbim var.
Kərim. Mətləbin nədir?
Bayram. Təvəqqə edirəm ki, tez bir Zalxanın yanına özünü salıb
mənim əhvalatımı deyəsən.
Kərim. Namaz arvadı Zalxanın yanına?
Bayram. Bəli.
Kərim. Əhvalatı ona söyləyim?
Bayram. Bəli.
Kərim. Dəxi başqa söz?
Bayram. Başqa bir söz yoxdur.
Kərim. Yaxşı gedirəm (Üzün kənara tutub). Qəribə adamdır.
Qaçsa qaçar ey! (Gedir).
Bayram (yalqız). Ay Allah, Zalxa anlayacaqdırmı? Mətləbi başa
düşəcəkdirmi? Bir də Pərzadın üzünü görəcəyəmmi? Zalxa hiyləgər
arvaddır. Ona bel bağlamaq olarmı? Ox, Allah, kərəminə şükür! Pərzad
gəlir.
Bu halda Pərzad içəri girir. Zalxa uzaqdan pusur.
Bayram. Ax, mənim maralım, mənim ceyranım! Bu sənsənmi
gəlibsən! Qoy bir səni bağrıma basım! A başına dönüm, qoy bir
doyunca səni görüm. Indi ki, səni gördüm, tamam dərd-qəmim yadımdan
çıxdı. A qadan alım, niyə ağlayırsan? A gözümün işığı, mənim
sarıdan yoxsa qorxursan? Qorxma, haqq aşkar olar, mən qurtarram.
P ə r z a d . Sən qurtaranadək iş işdən keçər. Niyə sən tutulubsan?
Niyə sənə təqsirsiz bu müsibət üz veribdir?
Bayram. Mənim başqa təqsirim yoxdur. Özgiyə quyu qazan özü
düşər. Mən özgiyə quyu qazdım, özüm düşdüm. Indi sən istirsənmi ki,
mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? Tarverdini
nişan verim?
P ə r z a d . Nişan ver, mən ondan cana doymuşam!
Bayram. Heç dərd eləmə! Allah qoysa ölməsəm, tezliklə səni
bəxtəvər elərəm.
P ə r z a d . Ax, Bayram, mənim dəxi bəxtəvər olmağım getdi. Qara
gün çox yaxınlaşıbdır.
Bayram. Bu nə deməkdir? Pərzad, nə söyləyirsən? Niyə ağlayırsan?
De görüm, sən tarı, necə qara gün yaxınlaşıbdır?
P ə r z a d . Iş-işdən keçibdir. Toy tədarükü hazır olubdur. Əmimin
buyruğunu mənə bildiriblər. Bir gündən sonra mənim toyum başlanacaq.
Bayram (çığıırb). Səni Tarverdiyə verirlər? Allah, divan elə!
Pərvərdigara, bu necə işdir?! Bu zalım məni hər tərəfdən bədbəxt
edəcək. Vallah, ya onu öldürrəm, ya özüm ölümə gedərəm!
P ə r z a d . Mən də, şübhəsiz, öləcəyəm; mən heç vaxt Tarverdiyə
arvad olmanam.
Bu halda Pərzadın qayınanası və başqa tərəkəmələr daxil olurlar.
Sona (Pərzadın qayınanası). A qız, ay utanmaz, sənin burada nə
işin var? Sən bu yad yerə, yad adam yanına niyə gəlibsən?! Çıx çölə,
cönnəmərg olmuş! Çölə çıx!
Bu halda Kərim yetişib
Kərim. Ay arvad, kəs səsin, heç vaxt qoymanam ki, sən o qızı
burdan çıxardasan. O, Tarverdini sevmir, güclə onu heç vaxt ona verə
bilməzsiniz. Qız Bayramındır!
Məşədi Qurban. Sənlik nə var ki, bu işə qoşulursan? Sən
nəçisən? O mənim qardaşım qızıdır, ixtiyarı məndədir, hər kəsə istərəm
verrəm. Artıq-artıq söyləmə!
Kərim. Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük
edəsən!
Məşədi Qurban. Mən sənə bildirrəm ki, böyüklük edə biləlləm,
ya yox! A qız, gəl çıx çölə!
Kərim. Görüm necə bildirirsən! A qız, tərpənmə, yerində dur!
Görüm səni divanbəyinin yasavulunun əlindən kim alıb aparacaq!
Məşədi Qurban. Divanbəyi ilə bizi qorxutma! Bağırsaqlarını
ayağına dolaşdırram.
Xançalı siyirir, irəli yeriyir. Kərim də xançal çəkir, bir-birinin üstünə hücum
edirlər. Qalmaqal düşür, tərəkəmələr aralığa düşüb ayırırlar. Bu halda Tarverdi başı
sarınmış yetişir.
T a r v e r d i . Mənim adaxlımı kimin həddi var burda saxlasın?
Hamını vallah burda qırram, tikə-tikə doğraram!
Xalq onun qabağın əyliyir.
T a r v e r d i . Qoyun məni, vallah, hamını tikə-tikə doğrayacağam!
Koxa. A Tarverdi, nə danışırsan? Divanbəyinin yasavulun istirsən
doğrayasan?
T a r v e r d i . Divanbəyinin yasavulu nə böyük adamdır! Mən divanbəyidən
də, qubernatordan da, naçalnikdən də qorxmuram! Of, yaranın
yeri nə pis ağrıyır, deyəsən kəsirlər.
Məşədi Qurban. Ay arvadlar, dəxi qalmaqal eləməyin, çıxın
çölə!
Bayram (yavaş Pərzada). Pərzad, hələ sən də get, görək necə
edirik. Divanbəyi gələndə ərz edəcəyəm.
Bu halda divanbəyi yetişir.
Divanbəyi (qaim sövt ilə). Qılıncları qınından çıxardın, heç
kəsi qoymuyun yerindən tərpənməyə!
Sükut olunur.
D i v a n b ə y i . Cənab Fok, yaxın gəl! Bax görək, o meşədə sənə
rast gələn adamı buların içində tanıya bilərsənmi?
F o k . Baş üstə, cənab divanbəyi, mən baxım görüm.
Başlayır adamların bir-bir üzünə baxmağa. Tarverdi dalısını ona çevirir. Fok onun
qolundan yapışır.
T a r v e r d i . A kişi, məni niyə tutursan?
F o k . Üzünü bəri çevir, çənəni niyə bağlayıbsan?
T a r v e r d i . Dişim ağrıyır.
Fok (onun üzünə baxıb). Ağa divanbəyi, bu haman adamdır!
T a r v e r d i . Ağa, yalan deyir! Mən iki aydır azarlıyam, üç ildir
naçağam!
D i v a n b ə y i . Bu saatda məlum olar (onun başından dəsmalı dartıb
yerə salır). Üzündəki yara yerləri nədir?
T a r v e r d i . Ağa, mənim dişim ağrıyır, həcəmət qoydurmuşam.
D i v a n b ə y i . Xeyr, əzizim, bu, ayının dırnaqlarının yeridir.
Kazaklar, bağlayın bunun qollarını!
T a r v e r d i (onun ayağına döşənib). Ağa, vallah, mən bundan əvvəl
heç quldurluğa getməmişdim, dəxi bundan sonra hərgiz getmənəm.
Kazaklar Tarverdinin qolunu bağlamaq istirlər.
Məşədi Qurban. Ay aman, qoymuyun! Mənim gözümün ağıqarası
bir oğlum var!
Tərəkəmələr, arvadlar yeriyirlər Tarverdini kazakların əlindən almağa.
D i v a n b ə y i (tez tapançasın yuxarı qalxızıb). Hər kəs ayaq irəli
qoysa, qarnın tüstü ilə dolduracağam.
Hamı tərəkəmələr, arvadlar geri çəkilirlər.
D i v a n b ə y i (kazaklara). Bağlayın bunu qolların!
Kazaklar Tarverdinin qollarını bağlayırlar.
D i v a n b ə y i . Bayram, sən azadsan!
Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!
D i v a n b ə y i . Necə təqsirlisən? Nə danışırsan?
Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.
D i v a n b ə y i . Niyə?
Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.
D i v a n b ə y i . Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib)
Bayram. Bəli, budur, başına dönüm!
T a r v e r d i . Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir
fəqir, dinc adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan
ki, mənə ürəksiz deməsinlər, quldurluğa getdim.
D i v a n b ə y i . Axmaq, sənə qorxaq deyəndə nə olacaq idi ki,
özünü xataya saldın?
T a r v e r d i . A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki,
görürsən, mənim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki,
əgər bir qoçaqlıq eləməsən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad
olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək
oğlunun ayısına rast gəldim.
D i v a n b ə y i . Bayram, sən çox pis iş eləyibsən! Amma çünki
mərdliklə təqsirini iqrar elədin, mən sənin günahından keçirəm. Amma
bundan sonra belə iş eləmə! Kamalov, qızdan soruş ki, bu oğlanların
hansına getmək istirsən?
Dilmanc qızdan soruşur.
Pərzad (dilmanca). Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə
getmənəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürrəm!
Dilmanc (divanbəyə). Qız Tarverdini sevmir.
D i v a n b ə y i . Bəs məlumdur ki, Bayrama getmək istir. Məşədi
Qurban, əl çək bu qızdan, qoy getsin Bayrama! Görükür ki, qoçaq
oğlandır. Mən də onu özümə yasavul edərəm, sizin də vecinizə gələr.
Məşədi Qurban. A başına dönüm, istəmədim, əl çəkdim, təki
mənim oğlumu xatadan qurtar.
D i v a n b ə y i . Cənab Fok, razısanmı bu işi sülh ilə qurtarasan?
F o k . Necə sülh ilə, ağa?
D i v a n b ə y i . Yəni pul alıb bu adamdan əl çəkəsən.
F o k . Pul alıb əl çəkəm? Baş üstə, ağa divanbəyi, pul almağa razıyam.
Çox razıyam!
D i v a n b ə y i (Məşədi Qurbana). Məşədi, sənin oğlun təqsirlidir.
Mən eləyə bilmənəm ki, bu işi örtəm, basıram. Amma bu nemsəni sən
razı edəndən sonra mən bir bəhanə gətirib, ümənayi-dövlətdən təvəqqə
edəcəyəm ki, Tarverdini bağışlasınlar. Bişək bağışlanar!
T a r v e r d i . Ağa, nə bəhanə göstərəcəksiniz?
D i v a n b ə y i . Yazacağam ki, axmaqlığın ucundan bu iş səndən
baş veribdir.
T a r v e r d i (baş əyib). Bəli, ağa, elədir, başına dönüm!
D i v a n b ə y i . Ey camaat, sizdən ötrü indi ibrət olsun! Dəxi vaxtdır
inanasınız ki, siz vəhşi tayfa deyilsiniz! Sizə eybdir yaman işlərə
qoşulmaq.
Pərdə salınır
Tamam olur
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət