Slimfit
  1. BİOQRAFİYA

Nadir şah Əfşar

Nadir şah Əfşar
Sakura

Nadir şah Əfşar - Əfşarlar imperiyasının I şahənşahı

Nadirqulunun adının ikinci hissəsi olan "qulu" kəlməsi türk sözü olmaqla bir sıra sözlərin sonuna artırılaraq həmin adların dini məzmununu daha da gücləndirirdi. Nadirin atasının adı olan İmamqulu — imamın qulu mənasını verirdi. Nadirin oğlu olan Rzaqulu — İmam Rzanın qulu mənasını özündə əks etdirirdi. Nadirqulu isə çox güman ki, Allahın nadir qulu, nadir bəndəsi mənasında nəzərdə tutulurdu. Bəzi məlumatlara görə belə qənaətə gəlmək olar ki, bu ad Nadirə onun fiziki keyfiyyətlərinə görə verilmişdi. Nadir anadan olanda kifayət qədər sağlam, çevik və daim hərəkətdə olan bir uşaq kimi dünyaya gəlmişdi. Ona görə də valideynləri onu nadir tapılan, bənzərsiz bir uşaq, yəni Nadirqulu adlandırmışdılar. Həm də bu ad Nadirin babasının adı idi.

Nadir şahın doğum günü ilə bağlı tarixi ədəbiyyatda müxtəlif məlumatlarla rastlaşmaq mümkündür. Bu daha çox istər Nadir zamanında, istərsə də ondan sonra yazılmış mənbələrdə fikir yekdilliyinin olmaması ilə bağlıdır. Bəzi müəlliflər Nadirin doğum tarixini 1688-ci ilin oktyabrından, bəziləri həmin ilin oktyabr ayının 22-dən, bir başqaları isə 1688-ci ilin noyabr ayının 22-dən götürürlər. A.Bakıxanov isə Nadirin 1689-cu ildə doğulduğunu qeyd edir.Mənbələrdə Nadirin hicri qəməri tarixi ilə 1100-cü il məhərrəm ayının sonunda doğulması bildirilir. Nadir Xorasan vilayətinin şimalında yerləşən Dərgəz məntəqəsinin Dəstgird kəndində dünyaya göz açmışdı.

Mənbələrin bir hissəsi Qırxlı-əfşarların Xorasana köçürülməsini I Şah İsmayılın adı ilə bağlayırlar.Səfəvilər hakimiyyəti illərində ölkənin şimal-şərq sərhədləri özbəklərin və Türküstan dəstələrinin aramsız hücumlarına məruz qalırdı. Həmin dağıdıcı hücumların qarşısının alınması üçün Səfəvi hökmdarları əfşar sərkərdələrinin rəhbərliyi altında Xorasan vilayətinə qoşun dəstələri göndərdilər. Xorasana ilk göndərilən dəstələrə Əhməd Soltan Əfşar və Şahrux bəy Əfşar kimi sərkərdələr başçılıq edirdilər. Əfşarları sərhəd xətti boyunca yerləşdirməklə I Şah İsmayıl sərhəd xətti boyunca canlı müqavimət divarı yaratmağı qərara aldı. Amma I Şah İsmayıl bu planını da bütünlüklə həyata keçirməyə imkan tapmadı. Həmçinin I Şah Abbasın dövründə də Xorasana əfşarlar köçürülmüşdü. Nadir şahın salnaməçisi M.M.Astrabadi də əfşarların Xorasan vilayətinə köçürülməsinin Şah İsmayılın vaxtında başladığını xəbər verir.Abbasqulu ağa Bakıxanov yazır:

Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Qırxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin hicri 1101-ci (1689) ildə Nadirqulu adlı bir oğlu oldu. Bu adam, Kosa əhmədli Babaəli bəyin iki qızını bir-birinin ardınca aldıqdan sonra, tay-tuşları arasında yüksəlib tərəqqi etdi, Nadirqulu bəy adı ilə məşhur olaraq hünər və şücaət tanıdı. Babaəli bəyin vəfatından sonra, sistanlı Məlik Mahmudun xidmətinə daxil oldu. Sonra ondan qaçıb, Əbivərdi ələ keçirdi. Bu iğtişaş dövründə, əfqanlar İran paytaxtını, İraq, Fars və Xorasanı, osmanlılar isə, Azərbaycanın yarısını, Ermənistan və Gürcüstanı ələ keçirmişdilər; ruslar Kaspi sahilindəki vilayətləri tutmuşdular, ləzgilər də Şirvanda asayişi və yollarda əmin-amanlığı pozmuşdular.

Əfşar tayfalarının bu bölgə ilə bağlılığının hələ Şah İsmayıldan əvvəl də olması haqqında məlumatlar mövcuddur. Nadir şah haqqında böyük tədqiqatların müəllifi olan Məhəmməd Hüseyn Qüddusi yazır ki, hələ səlcuqlar dövründə əfşarlar öz igidlikləri ilə ətrafa səs salmışdılar. Onların bu keyfiyyəti hətta tatarların, özbəklərin və türkmənlərin canında vahimə yaratmışdı. Onlar öz uşaqlarını "əfşar gəldi" deyə qorxutmağa çalışırmışlar. Monqol yürüşləri dövründə Çingiz xanın böyük oğlu Xarəzmin və Ətəkin hakimi təyin edilmişdi. Onun hakimiyyəti Xorasanda da dağıntılara və talanlara yol açmışdı. Müəllifin yazdıqlarına görə, məhz əfşarların igidliyi nəticəsində monqolları Xorasandan qərbə doğru sıxışdırmaq və orada yerli hökumət qurmaq mümkün olmuşdu.

Nadir şahın müasiri olmuş və onun hakimiyyəti dövründə İrana səfər etmiş holland taciri Con Hanvey yazır ki, Nadir çoban kimi böyüyürdü. 13 yaşında atasını itirdikdən sonra, evi dolandırmağın müəyyən çətinlikləri onun üzərinə düşür. O, çöllərdə odun doğrayıb, yük heyvanları vasitəsilə bazara daşıyır və orada satırdı. Persi Sayks da Nadirin uşaqlıq vaxtı qoyunçuluqla məşğul olmasını, yük heyvanları vasitəsilə odun daşıyaraq bazarda satmasını təsdiq edir. Bir sıra müəlliflərin əsərlərində də bu mövzuya rast gəlinir. Bu onu göstərir ki, Nadir hələ uşaqlıq yaşlarından zəhmətə qatılmış və zəhmət içində böyümüşdü. Maldarlıqla məşğul olmaq isə Nadirdən çevidlik, cəldlik, at çapmaq bacarığı tələb edirdi. Odunun hazırlanıb bazara daşınması, Nadirin fiziki keyfiyyətlərinin formalaşmasında öz təsirini göstərirdi. Ovçuluqla məşğul olması ilkin döyüş bacarıqlarını formalaşdırırdı. Nadir gənc yaxşılarından yaxşı süvari idi. Məlumdur ki, bu keyfiyyətə də Nadir hələ uşaqlıq və yeniyetmə illərində ikən yiyələnməyə başlamışdı.

Nadir erkən yaşlarında türkmən və özbək atlıları ilə döyüşə girirdi. Öz yaxınlarının və yerlilərinin viranedici yürüşlərə məruz qalmasına Nadir biganə qalmırdı və onlardan müdafiə olunmağa çalışırdı. Türkmən və özbək yürüşlərindən müdafiə olunmaq Nadirin bir döyüşçü kimi xeyli təcrübəsini artırırdı. Nadirin döyüşgənliyi və çevikliyi yerlilərin gözləri qarşısında baş verirdi. Türkmən və özbək talanlarına qarşı olan Əbivənd hakimi Babəli bəy, 1710-cu ildə Nadiri yanına xidmətə dəvət edir.Nadir bu fikirlə razılaşır. Xidmətə qəbul olunduqdan sonra, ona tüfəngçiağası vəzifəsi tapşırılır. Bu ondan xəbər verir ki, Nadir Əbivərd hakiminin yanına xidmətə dəvət olunanda artıq tüfəngdən istifadə etmək bacarıqlarına da yiyələnmişdi.

Nadir, Babaəlinin yanına xidmətə girməmişdən əvvəl, 1704-cü ildə bölgəyə hücum çəkən özbəklərin təcavüzünə məruz qalmış anası və qardaşı İbrahimlə birlikdə 4 il özbək əsirliyində qalır. Bu müddət ərzində Nadirin anası qürbətdə vəfat edir və yalnız bundan sonra Nadir qardaşı ilə birlikdə əsirlikdən qaçır.Əbuturab Sərdadvər yazır: "Nadir qardaşı ilə əsirlikdən qaçarkən Xorasana tərəf deyil, başqa tərəfə üz tutdu. Çünki o yaxşı bilirdi ki, özbəklər onu məhz Xorasan istiqamətində axtaracaqlar. Bir gündən sonra isə o Xorasana üz tutdu". Bir müddət sonra Nadir Xorasanda qalmağın təhlükəli olduğunu başa düşüb, Əbivərdə gəldi. Nadirin Babaəli yanında xidmətə başlaması da bundan sonrakı dövrü təsadüf edir. Nadirin anası və qardaşı ilə əsir düşməsi bir çox əsərlərdə fərqli göstərilib. Müəlliflər Nadirin bu dövrlərdəki yaşını 18, 20, 21 qeyd ediblər.

Nadir Babaəlinin yanında xidmətə başlamasından xeyli müddət sonra yəmutlara əsir düşür. Babaəlinin xidmətində olan Nadir əmisi Baburun vəfat etdiyi xəbərini eşidir. O, dəfnə yollanır. Bir neçə günlük yasdan sonra Nadir, Qaluşi kəndindən geriyə üz tutur. Gündüz yol yoldaşları ilə birlikdə bulaq başında istirahət etmək üçün dayanırlar. Bu vaxt Nadiri bulaq başında yuxu aparır. Yürüşə çıxmış 70 min nəfərlik dəstə onları yaxalayır və Nadir hələ yuxuda ikən onun qollarını bağlayırlar. Nadirin yanındakılardan biri oradan qaça bilir və baş verənləri Babaəliyə çatdırır. Hadisələri eşidən Babaəli, vaxt itirmədən 500 nəfərlik dəstə ilə Nadiri azad etməyə yola düşür. Amma Nadiri əsir götürənlərə yetişə bilməyib geri qayıdır. Yəmut atlıları Dəryaqapı adlı bir məntəqədə gecələməyə qalarkən hamı yatandan sonra Nadir, ayaqlarını və qollarını açıb qaçmağa nail olur. Nadir eyni zamanda yəmut süvariləri ilə döyüşə girir, onların bir çoxunu məhv edir. Nadirin geri qayıtması xəbəri Babaəlinin böyük sevincinə səbəb olur və bu hadisəni böyük şadyanalıqla qeyd edir.Beləliklə Babaəli, böyük qızı ilə Nadiri evləndirir. Beləliklə Nadir, 1719-1720-ci illərdə möhkəm Kəlat qalasını tutaraq özünə qərargah etdi. Dərəgəz və Qoçanda çoxlu qoşun yığaraq əfqan Məlik Mahmudla bir neçə dəfə vuruşaraq onu məğlub etdi. O, Babəli bəyin ən yaxın adamı idi.

Babaəli bəy 1723-cü ildə Herat istiqamətində əfqanlarla gedən döyüşdə həlak oldu. O, vəfat edərkən bütün var-dövlətini yaxın adamı və kürəkəni Nadirə, hakimiyyəti isə əhalinin ağıllı insan kimi tanıdığı qardaşı Qurbanəli bəyə həvalə etdi.Bütün işlər isə, yenə də Nadirin üzərində idi. Qurbanəli bəy bütün işlərində onunla məsləhətləşirdi. Çünki Qurbanəli bəy Nadiri bacarıqlı, cəsur bir insan kimi tanıyırdı və onun bu keyfiyyətlərindən faydalanırdı.

Qurbanəli bəyin Əbivərdə hakimliyi vaxtında Nəsa və Dərun yaşayış məntəqələrinin əhalisi onun yanına gələrək Təkə türkmən tayfasının onlara rahatlıq verməməsindən şikayət etdi. Adamların söylədiklərinə görə, türkmən tayfası artıq bir neçə il idi ki, onların qonşuluğunda yurd salmışdı. Onlar yerli əhalinin üzərinə hücum çəkib çoxlu sakin ələ keçirmiş və onların var-yoxunu talan etmişdilər. Əhali dəfələrlə Nəsa böyüklərinə müraciət etsələrdə bir faydası olmamışdı. Belə olduqda Nəsa camaatı əfşar tayfasının böyüklərindən kömək dilədilər. Bu tayfanın əyanları necə kömək etmək barədə yığıncaq təşkil edib, məsləhətləşdilər.

Amma bir qərar qəbul edə bilmədilər. Belə olduqda Qurbanəli bəy Nadirin yanına getməyi məsləhət gördü. Şikayətə gələnlər Nadirdən təkidlə xahiş etdilər ki, onlara onlara göstərsin. Nadir ağır vəziyyətə düşmüş insanlara kömək etmək qərarını aldı və əfşarların arasından 500 nəfərlik bir dəstə topladı. Onları silahlandıraraq Təkə türklərinin üzərinə yürüş etdi. O, Nəsaya doğru davam etdi. Təkə türkmənlərinin yurd saldığı əraziyə 4 fərsəng qalmış Nadir kəşfiyyatçılar göndərdi ki, türkmənlər haqqında məlumat gətirsin. Kəşfiyyata göndərilənlər türkmənlərin sayı və işləri barədə müşahidə apararaq lazımi məlumatları Nadirə çatdırdılar.Əldə edilmiş məlumatlara görə aydın oldu ki, türkmənlər 500 ailədən ibarətdirlər və səhrada qurduqları çadırda məskunlaşıblar. Bu məlumatı alandan sonra Nadir türkmənlərin üzərinə qəfil hücum təşkil etdi, bir çoxunu öldürdü, sağ qalanlarını isə əsir götürdü.

Nadirin bu hücumundan xəbər tutan Təkə türkmənləri 1000 nəfər toplayıb, qisas almaq üçün yola düşdülər. Nadir onların hücumunun qarşısını almaq üçün tədbir işlətdi, tabeliyində olan dəstəni yenidən qruplaşdırdı və müvafiq plan hazırladı. 150 nəfəri Kəlbəli xanın tabeliyinə verdi, özü isə 350 nəfərlik bir dəstə ilə türkmənlərin hücumunun qarşısını kəsdirdi və onları gözünü açmağa imkan vermədi. Bir saat ərzində baş verən döyüşdə türkmənlərin bir hissəsi qırıldı, bir hissəsi Nadir tərəfindən əsir götürüldü. Növbəti uğurlu qələbə ilə o, Dərgəzə döndü. Türkmənlərin Nəsadan götürdüyü əsirləri azad etdi və bir neçə türkmən əsirini onlara verdi ki, Nəsadan başqa yerlərdə olan əsirləri onlarla dəyişsinlər.

Nadirin türkmənlər üzərindəki qələbəsi onun nüfuzunu həm Qurbanəli bəyin yanında, həm də yerli camaat arasında xeyli artırdı. Bundan sonra Əbivərdin idarə edilməsində Qurbanəli bəy Nadirə daha çox etibar etməyə başladı. Bir müddət sonra Qurbanəli bəy ciddi xəstəliyə tutuldu. Onun bu xəstəliyi çox uzun sürmədi və tezliklə dünyasını dəyişdi. Qurbanəli bəydən sonra Əbivərdin hakiminin kim olması məsələsi ortaya çıxdı. Baxmayaraq ki, əyalətin bütün işlərini Nadir aparırdı, onun Babaəli və Qurbanəli bəyə qan qohumluğunun olmaması yerli əyanları sual qarşısında qoydu. Bu sualın cavabını tapmaq üçün yerli əyanlar məktubla Xorasan hakiminə müraciət etdilər. Xorasan hakimi isə o dövrlər Məlik Mahmud Sistani idi. Bundan sonra Xorasandan Həsənəli bəy adlı birisi Əbivərdə hakim təyin edildi. Əbivərdə gələndən sonra burada hakimlik etməyin çətin olduğunu görüb, Mazandarana yollandı.

Həsənəli bəy Əbivərd hakimliyindən imtina edəndən sonra bu vəzifəni tutmaq üçün yerli əyanları arasında ciddi müzakirə başladı. Nadir də Əbivərd hakimi olmaq istəyini kənara qoymamışdı. Məhəmməd Kazım Mərvi hadisəni bu cür təsvir edir:

Nadir onlarla bacarmadı. Belə olanda əyalətin bir neçə sərkərdəsi, Məşhədə Məlik Mahmudun yanına yollandılar ki, Əbivərdə hakim təyin edilsin və bununla da əyanlar arasındakı çəkişmələrə son qoyulsun. Nadir həmin sərkərdələrlə Məşhədə getmədi. Məlik Mahmud Məşhədə gələnləri yaxşı qarşıladı. Onlardan Aşur xan, İmamqulu bəy, Qılıncəli bəy Nadirdən Məlik Mahmuda şikayət etdilər və bildirirdilər ki, Əbivərddə bütün narahatçılığın günahkarı məhz Nadirdir. Bütün fəsadları o törədir və özü də Xorasan hakiminə tabe olmaq istəmir. Bəylər təklif etdilər ki, Əbivərddə sakitlik üçün vilayət əyanlarından bir nəfər ora hakim təyin edilsin. Bu hakim vəzifəsinin icrasına başlayandan sonra Nadir tutulub Məşhədə göndərilsin.

Məlik Mahmud yanında xidmətdə olan qorçubaşı Məhəmməd Əmin bəyi Əbivərdə hakimi təyin etdi. Şüaciəti və döyüşgənliyi haqqında çox eşitdiyi Nadirə isə xələt göndərdi. Eyni zamanda onu Əbivərdin eşikağası vəzifəsinə təyin etdi. Yəni, Nadir öz əvvəlki nüfuzunu saxlamış oldu və Əbivərdin hakimlərindən biri kimi qaldı. Bu vəzifədə olmaq Əbivərd miqyasında görülməli olan işlərin təşkilatçılığının onun üzərinə düşməsini tələb edirdi. Məlik Mahmud ona xəbər göndərdi ki, sənin sədaqətin və işgüzarlığın bizə aydın olsa onda daha yüksək qiymət alacaqsan. Bununla bərabər, Məlik Mahmud onun yanına gəlmiş Əbivərd əyanlarına bildirdi ki, Nadir xətircəm olduqdan sonra onu tutub qətlə yetirəcəkdir. Bununla, Məlik Mahmud Nadirdən narazı olan əyanları bir qədər sakitləşdirdi.

Nadir Əbivərdə hakim təyin edildiyini eşidəndə ətrafdakılarla bərabər onu qarşılamağa çıxdı. Yeni hakim olan Məhəmməd Əmin xan Nadirin ona belə ehtiram göstərməsindən razı qaldı və onlar birlikdə Əbivərdə daxil oldular.Yeni hakim Nadirə xələt təqdim etdi, Nadir isə ona öz sədaqətliyini nümayiş etdirdi.

Nadirdən Xorasan hakiminin yanına şikayətə getmiş İmamqulu bəy və Qılıncəli bəy ona qarşı düşmən münasibətdə qalmaqda davam edirdilər. Nadirin yanında istədiklərinə nail ola bilməyən bu iki bəy onu Əbivərddə görmək istəmirdi və Nadiri gözdən salmaq üçün Əbivərd hakiminə də öz sözlərini çatdırırdılar. Məhz eşitdiyi söz-söhbətlərdən sonra Məhəmməd Əmin bəy, Nadiri cəzalandırdı. O, Nadiri yerə uzadaraq dəyənək ilə döydürdü. Nadir də cəzalandırılmasından xeyli qəzəbləndi və bir neçə gündən sonra doğma kəndi olan Dərgəzə qayıtdı. O, bir müddət kənddə yaşamalı oldu.

Məhəmməd Əmin bəy sonradan hərəkətindən peşman oldu. Bu hərəkətinin peşmançılığı kimi Nadirə bir dəst xələt və bir baş at hədiyyə göndərdi. Ondan xahiş etdi ki, geri qayıtsın. Nadir bu xahişdən sonra yenidən Əbivərdə gəldi. Məhəmməd Əmin bəy onu yaxşı qarşıladı və sonralar gördüyü bütün işləri barədə onunla məsləhətləşməyə başladı. Bu vəziyyət İmamqulu bəy və Qılıncəli bəyi yenidən narahat etdi. Onlar Nadirdən ehtiyatlandıqları üçün söz-söhbətləri davam etdirirdilər. Nadiri Əbivərddən uzaqlaşdırmaq üçün onlar bir daha Xorasan hakiminin yanında oldular və Məlik Mahmuda yenə Nadirdən şikayət etdilər. Məlik Mahmud yenidən onlara söz verdi ki, Nadiri yanına çağırıb cəzalandıracaqdır.

Nadir Məhəmməd Əmin bəyin yanına gəldikdən sonra, Əbivərd uğrunda mübarizələrə başlamışdı. Ərazidə başlamış ilk döyüş Əbivərd ətrafında yerləşən qalaların birində idi. Bir qədər sonra qarşı tərəfin rəhbəri Aşur xan Nadirin məharəti qarşısında aciz qalıb qalaya sığınmaqla canını xilas edə bildi. O güman edirdi ki, qala daxilində salamat qala biləcəkdir. Nadir isə qala divarları ətrafına su buraxmaqla hücumunu davam etdirirdi. Belə olduqda, qala daxilindəki evlər və tikililər su içində qaldı. Qala divarları isə suya davam gətirməyib dağıldı. Çarəsizliyini görən Aşur xan müqavimətini dayandırdı və barışıq üçün Nadirin yanına adam göndərdi. Nadir bu barışığı qəbul edib döyüşü dayandırdı və Əbivərdə döndü. Aşur xan barışdıqdan sonra qiymətli hədiyyələrlə onun yanına gəldi və gələcəkdə onunla əməkdaşlıq edəcəyinə söz verdi.

Bir müddət sonra Əbivərd yaxınlığındakı Bağvaci adlanan qala ətrafında döyüş baş verdi. Bu qalanın sahibi Allahverdi bəy Babalı adlı birisi idi. Allahverdi bəy, Nadirə məhəl qoymur, Əbivərd hakimliyini tanımaq istəmirdi. Nadir ona məktub göndərdi və bildirdi ki, ətrafın bütün ağsaqqaları və sərkərdələri təşrif gətirərək Əbivərd hakiminə öz ehtiramlarını bildiriblər. Nadir ondan da tələb edirdi ki, Əbivərd hakiminə qarşı olmadığını bildirsin. Əks təqdirdə silahla qarşılaşa bilər. Allahverdi bəy Nadirdən gətirilən məktubu cırdı və ona xəbər göndərdi ki, əlindən gələni etsin.

Nadir Allahverdi bəyə qarşı döyüşə yollandı. Bu döyüş qaladan kənarda baş verdi və bütün günü davam etdi. Allahverdi bəyin dəstəsi də güclü idi və ona görə də gün ərzində Nadirə müqavimət göstərə bilirdi. Hava qaralana yaxın döyüş dayandırıldı. Allahverdi bəy dəstəsi ilə qalaya geri çəkilərək oradan Nadirə və onun dəstəsinə yemək göndərdi. Bu Nadiri mütəəssir etdi. Səhəri gün Nadir onun yanına barışıq üçün adam göndərdi və ona xəbər çatdırdı ki, dəvətini qəbul edib görüşə gəlsə onu şadyanalıqla qarşılayacaq. Allahverdi bəy təkliflə dəvəti qəbul etdi və ətrafındakılarla birlikdə Nadirin yanına yollandı. Ziyafətdən sonra Allahverdi bəyə Nadirin çadırının qonşuluğundakı çadırda yer verildi. Allahverdi bəy istirahət üçün öz çadırına getdikdən sonra Allahverdi bəyin yaxınları ondan Nadirə şikayət etdilər. Ona haqlı-haqsız məlumatlar çatdırdılar. Qala adamları da Allahverdi bəydən şikayət etdilər. Nadir bu deyilənlərə inandı və adamlarına Allahverdi bəyi öldürməyi tapşırdı.Məhəmməd Kazım Mərvi yazır:

Allahverdi bəy öldürüləndən sonra onun qalası və var dövləti Nadirin əlinə keçdi. Bu var dövləti Nadir Əbivərdə apardı. Nadirin bu döyüşdəki şücaəti isə ətraf məntəqələrə yayıldı və çoxları könüllü şəkildə onun yanında xidmət etməyə hazır olduqlarını bildirdilər.

Hər qələbə Nadirin istedadını nümayiş etdirməklə bərabər, həm də ona olan inamı artırırdı. Ona görə də onun dəstəsinə qoşulanların sayı artırdı. Bu insanlar arasında sonradan Nadirin ən bacarıqlı sərkərdələri olan Təhmasibqulu xan Cəlayir, Məhəmməd bəy və Tərxan bəy də var idi. Nadir öz dəstəsi ilə ilk növbədə yaşayış məntəqələrinə hücum edən qüvvələrin qarşısını alır, məntəqələri viran olmaqdan qoruyurdu. Ətraf yaşayış məntəqələrinin əhalisi talançı basqınlara məruz qalan kimi kömək üçün Nadirin yanına gəlirdilər. Nadir də dəstəsi ilə talançı yürüşlərin qarşısını almaqla, basqın edənlərin sahib olduqlarını əllərindən alır və onlardan ələ keçirdiyi vəsait hesabına dəstəsinin təchizatını yaxşılaşdırırdı. Nadirin məhəllu yürüşləri onun dünyagörüşünü formalaşmasına da öz təsirini göstərirdi. Aramsız özbəklə türkmən yürüşlərinin və bu yürüşlərin bölgəni viran qoymasına şahid olan Nadir yad qüvvələrin təcavüzünü qəbul etmirdi. Nadirin Məlik Mahmuda münasibəti də bu mövqe üzərində qurulmuşdu. Səfəvi dövləti daxilindəki nizamsızlıqdan istifadə edərək Xorasanı ələ keçirən Məlik Mahmud, bir çox yerli xanların və əyanların qətiyyətsizliyindən məharətlə istifadə edirdi. Həmin xanlar öz vəzifələrini saxlamaq üçün çoxlu hədiyyələrlə onun yanına gəlirdilər ki, bu hədiyyələr də xalqın sahib olduqları hesabına toplanırdı.

Məlik Mahmud Xorasan vilayəti kimi böyük bir vilayəti nəzarət saxlamaq üçün Nadir kimi istedadlı adamların imkanlarından istifadə etməyə çalışırdı. Buna görə də Nadir haqqında söylənilən iftiralara elə də diqqət yetirmirdi. Elə bununla bağlı idi ki, O. Nadiri öz dəstəsinə dəvət etdi. Nadir də öz dəstəsi ilə onun dəvətini qəbul etdi. Ancaq onların ittifaqı uzun sürmədi. Bir tərəfdən İmamqulu xanla Qılınc xan kimilərinin iftiralarının səngiməməsi, Nadirin günü-gündən güclənməsi, qoşun daxilindəki nüfuzunun artması Məlik Mahmudu qorxuya salırdısa, digər tərəfdən də Məlik Mahmudun özünün yarıtmaz hakimiyyəti Nadirin ona qarşı barışmazlığını gücləndirirdi. Nadir Məlik Mahmudun xidmətinə girsə də, məqsədi onu öldürmək idi.Bəzi mənbələrdə göstərilir ki, artıq Məlik Mahmud da Nadiri aradan götürmək qərarına gəlmişdi. Qarşılarına qoyduqları niyyətə çatmaq üçün ilk addım atan Nadir oldu. Öz planını həyata keçirmək üçün Nadir həmişə ona iftiralar yağdıran İmamqulu xan və Qılınc xanla da münasibətlərini yaxşılaşdıra bilmişdi. Qərara alınmışdı ki, ənənəvi idman yarışında, Nadir Məlik Mahmudun atının cilovunu ələ keçirsin və onu saxlasın. Bu əfşar və cəlayir döyüşçüləri üçün bir işarə olmalıdı ki, Məlik Mahmudla onun adamlarının üstünə atılsınlar və onları qırsınlar. Amma bu plan baş tutmadı. Məlik Mahmudun bu sui-qəsddən xəbər tutmasa da, Nadir İmamqulu xanla Qılınc xanın ona xəbər çatdıracağından ehtiyat edirdi. Ona görə də Nadir onları aradan götürmək qərarına gəldi. Nadir bu iki nəfəri Məşhəd yaxınlığındakı Yamxana adlı yerdə ova etdi. Ov zamanı onların hər birini ayrı-ayrılıqda yaxalayıb qətlə yetirdi. Bundan sonra Nadir Əbivərdə qayıtdı.

İstər Əbivərddə, istərsə də Məşhəddə olanda Nadirin ətrafına kifayət qədər böyük dəstə toplanmışdı. Bəzi dəstə rəhbərləri öz dəstəsi ilə Nadirin dəstəsinə qatılırdılar. Nadirin rəhbərlik istedadı onun şəxsi döyüş keyfiyyətləri ilə birləşərək ona qoşulanlar üçün böyük nümunəyə çevrilirdi. Nadir bölgəyə talançı yürüşlər keçirənlərin qarşısını almaqla onların talan etdiyi mal-dövlətin ələ keçirilməsindən imtina etmirdi. Hərbi gücü artdıqca Nadir ətrafda yaşayan xanların ona tabe olmasını istəmirdi. Bu tələblə razı olmayanlara qarşı Nadir yürüşlər keçirir, onları əzməklə bərabər, var-dövlətlərini əlindən alır, adamlarını əsir edirdi. Yaşadığı ərazidə söz-nüfuz sahibi olan Nadir öz döyüşgənliyi və ətrafına toplanmış hərbi qüvvənin köməyi ilə bu nüfuzun əhatə dairəsini də genişləndirməyə çalışırdı. Bu istiqamətdə yerli xanları əzməklə ələ keçirdiyi var-dövləti də ətrafındakı qoşunların təchizinə istiqamətləndirirdi. Qoşun üzvləri də xanların əzilməsinə maraq göstərirdi.

Nadirin Məlik Mahmud tərəfdarlarından iki nəfəri öldürərək Məşhəddən uzaqlaşması Məlik Mahmudu çox qəzəbləndirdi və onun qətli üçün bir sıra tədbirlər həyata keçirməyə başladı. Bununla bağlı Məlik Mahmud Qoçanda məskunlaşmış Çeşmgəzək kürdlərinə xəbər göndərdi və onları əməkdaşlığa dəvət etdi. Məlik Mahmud ilk növbədə yerli qüvvələrdən istifadə etməklə Nadirə hücum etmək istəyirdi. Amma Nadirin dəstəsində kürdlər və qoçan kürdləri də var idi. Kürdlər Nadirin gücünə, döyüşkənliyinə və onunla ziddiyətə girməyin mənasızlığına bələd idilər. Bu səbəbdən Qoçan kürdləri Məlik Mahmudla əməkdaşlıq etməyəcəklərini bildirdilər. Bunu eşidən Məlik Mahmud, Çeşmgəzək kürdlərini də cəzalandırmaq qərarına gəldi və ona itaət etməyən bu insanları itaət altına gətirmək üçün 6 minlik dəstə ilə Qoçana doğru irəlilədi. Kürdlər Məlik Mahmudun hücumunun qarşısını ala bilməyəcəkləri üçün onun yanına adam göndərərək bağışlanmalarını xahiş etdilər. Məlik Mahmud bu xahişi qəbul etmədi və hətta onun yanına gəlmiş elçini cəzalandırmağı əmr etdi. Çarəsiz qalan kürdlər Qoçandan qaçıb, ətraf məntəqələrə pənah apardılar. Amma bunu bütün sakinlər edə bilmədi. Bunu görən Məlik Mahmud, Qoçana girəndə əlinə keçən kürdləri qılıncdan keçirdi.

Məlik Mahmudla bununla kifayətlənmədi və Qoçanın 12 kilometrliyində kürd boylarının Zidanlu qolunun yaşadığı məntəqəni mühasirəyə aldı. Məlik Mahmudun Qoçana qoşun çəkməsi xəbərini eşidəndə Nadir də ona hücüm etmək qərarına gəldi və yürüşə əmr verdi. Onun ilk addımı Məlik Mahmudu top atəşlərinin gücündən məhrum etmək oldu. Nadir Qoçanda olanda ona məxsus olan toplar hələ bu məntəqəyə çatmamışdı. Nadir Məlik Mahmudun Qoçanla Məşhəd arasında olan topçular dəstəsinə hücum etdi və çətinlik çəkmədən onları ələ keçirdi. Nadir Məlik Mahmudun topçuları arasında fransız mütəxəssislə qarşılaşdı. Bu mütəxəssis Məlik Mahmud topçularının təlimatçısı idi. Nadir ona əməkdaşlıq təklif etdi. Amma fransız təlimatçı bununla razılaşmadı. Nadir ələ keçirdiyi topları Kəbkan məntəqəsinə göndərdi.

Toplar ələ keçirildəkdən sonra Nadir, Məlik Mahmud Zidanlı kürdlərinin məskunlaşdığı qala ətrafındakı əsas qüvvələrinə hücum etdi. 6 minlik qoşun dəstəsinə üstün gəlmək üçün Nadir hücum planını ətraflı fikirləşdi, düşmənin zəif cəhətlərini müəyyənləşdirdi, hücumun sürətlə həyata keçirilməsi və məqsədəuyğunluğu üçün müəyyən tədbirlər həyata keçirdi. Bundan əlavə qala əhalisi də Nadirə kömək göstərdi. Belə olduqda, Məlik Mahmudun qoşunu iki qüvvə arasında qaldı. Nadir bu imkandan bacarıqla istifadə etdi. Həmin günün gecəsi qala daxilindəki əhali Məlik Mahmudun qoşununa hücum etdi və ona xeyli xəsarət yetirdi. Məlik Mahmudun toplardan məhrum olması onun Nadir qarşısındakı müqavimətini zəiflətdi. Məlik Mahmud niyyətinə nail ola bilmədi və uğursuzluğa düçar olaraq geri çəkildi.

Yengi qalasının ələ keçirilməsi üçün Nadir yeni bir taktika işlətmək qərarına gəldi. Qalanın divarlarını asanlıqla dəf etməyin mümkün olmayacağını gördükdə, Nadir onun ətrafında istehkamlar yaratmağı qərara aldı. Eyni zamanda yaxınlıqda axan çayın suyu da qalanın dibinə istiqamətləndirildi. Nəticədə qala divarlarının bəzi yerlərində axıntı yarandı. Lakin bunun elə də səmərəsi olmadı. Çarəsiz qalan Nadir, ümumi hücuma əmr verdi və bir neçə günlük mühasirədən sonra Yengi qalası ələ keçirildi.

Bağudadə qalasının alınması zamanı da Nadir istehkam tədbirlərinə əl atmalı oldu. Nadir bu qalanı almaqla Əfşar boyunun Gündüzlü qoluna mənsub olanları öz tərəfinə çəkmək istəyirdi. Qolun rəhbəri Barat bəy Gündüzlünün Nadirə olan anlaşılmaz münasibəti nəticəsində, Nadir gündüzlülərin himayəsindən məhrum olmuşdu. Amma Barat bəy də müdafiə üçün lazımi tədbirlər görmüşdü. Ona görə də qalanın ələ keçirilməsi üçün Nadir xeyli vaxt itirməli oldu.Nadir bu qalanın divarları altında istehkamlar yaratdı, qala divarlarının özülünü oyub ora barıt qoymaqla divarların müəyyən hissəni dağıtdı. Lakin göstərilən cəhdlər nəticə vermədi və qalanın mühasirəsi uzandı. Belə olduqda Nadir yaxından axan çayın suyunu qala divarlarının dibinə istiqamətləndirdi. Bu tədbirin nəticəsində su qala daxilinə nüfuz etdi və qala daxilində yaranmış çətin vəziyyətdə Nadirə təslim olmağı qərara aldılar.

Nadir Bağudadə qalasını mühasirə etdiyi vaxt Zağçənd adlı qalanın rəhbəri də kimsəyə tabe olmaq istəmədiyi və müstəqil qalmaq istəyi ilə xəbərlər yaydı. Bu xəbər Nadirə də çatdı və o yaxın silahdaşlarından olan Təhmasibqulu xan Cəlayirin rəhbərliyi altında Zağçəndə bir dəstə göndərdi. Qalanın rəhbəri Qara xan, Təhmasibqulu xan Cəlayirin rəhbərliyi altında silahlı dəstəsinin yaxınlaşdığını eşidəndə Mərv özbəklərindən kömək istədi. Özbəklərdə bu köməyi göstərdilər. Onların silahlı dəstəsinin yetişməsi Təhmasibqulu xan Cəlayirin vəziyyətini pisləşdirdi. O, Nadirin yanına adam göndərib ondan əlavə kömək istədi. Nadir bu barədə xəbər alan kimi öz dəstəsi ilə Zağçəndə yollandı və əvvəlcə özbəklərlə döyüşə girdi. Bu dəstələr arasında döyüş şiddətlənəndə Qara xan qaladan çıxıb dəstəsi ilə özbəklərə dəstək verdi. Nadir iki dəstəsinin zərbəsi altına qaldı. Belə bir vəziyyətdə onun nümayiş etdirdiyi əzmkarlıq və döyüşkənlik ətrafındakıları da güclü düşmənlə mübarizəyə səfərbər etdi.Seçdiyi taktika ilə bir neçə saat sürən döyüş Nadirin qələbəsi ilə başa çatdı. Özbəklər çoxlu itki verərək geri qayıtmağa məcbur oldular. Onların nümayəndələri Nadirlə əlaqə yaradıb əsir düşmüş özbəklərin geri qayıtmasını xahiş etdilər. Nadir bu xahişi yerə salmadı və əsir özbəkləri geri qaytardı. Onlar geri çəkiləndən sonra Zağçənd qalasını almaq uzun sürmədi. Nadir oranın sakinlərinin çoxunu Əbivərd çöllərinə köçürdü ki, qalada ona qarşı güclü müxalifət yaranmasın.

Məlik Mahmudun özünü hakim elan etməsi ərəfəsində Nadirlə onun arasında döyüş baş verdi. Məlik Mahmudun özünü qədim padşahlar nəslindən elan etməsi, öz adına sikkə zərb etməsi, xütbə oxutdurmağa və Əbivərdlə Dərgəzə gedərək ona tabe olmaq istəməyənlərə hücum etməyə hazırlaşması barədə xəbərlər Nadiri qabaqlayıcı addımlar atmağa sövq etdi. Onun göstərişinə əsasən 1200 nəfərlik bir dəstə təşkil edildi və bu dəstə Nadirin rəhbərliyi altında Məşhədə üz tutdu. Siyahab çayı hövzəsinə çatanda Nadir dəstəsini iki yerə böldü. 400 nəfərlik birinci dəstəni Nadir şəhərə istiqamətləndirdi. 800 nəfərlik ikinci dəstə isə Məşhədin yarım fərsəngliyində mövqe tutdu. Məlik Mahmud, Nadirin qoşun çəkməsi xəbərini eşidəndə beş min nəfərlik dəstənin döyüş mövqeyinə çıxarılmasına əmr verdi. Nadirin döyüş məharəti haqqında çox eşidən Məlik Mahmud, say üstünlüyü yaratmaqla ona öldürücü zərbə vurmaq niyyətində idi.Məlik Mahmudun say üstünlüyünə malik olması Nadiri qorxutmadı və çox böyük sürətlə Məlik Mahmudun qoşunun cinahlarından birinə zərbə vurub öz mövqeyinə çəkdi. Məlik Mahmud daha çevik hərəkət üçün 1200 nəfərlik bir dəstə yaratdı və dəstəni Nadirlə döyüşə istiqamətləndirdi. Bu qüvvənin qarşısını almaq üçün Nadir yenidən dəstəni iki yerə böldü. Hər iki qüvvə hücuma keçib Məlik Mahmud qüvvələrinin cinahlarını tutdu. Mühasirə vəziyyətinə düşən Məlik Mahmud qüvvəsinə güclü zərbə vuruldu və döyüş təşəbbüsü Nadirin əlinə keçdi. Belə olduqda Məlik Mahmudun qüvvələri qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Nadirə hücum etmək istəyən Məlik Mahmud qüvvələri elə bir vəziyyətə düşdü ki, döyüş meydanı bu dəstənin üzvlərinin meyitləri, onların kəsilib yerə düşmüş qolları, başları ilə örtülmüşdü. Sağ qalanlar isə özlərini qurtardılar. Məlik Mahmud da canını qaçmaqla qurtara bildi. Qalib gələn Nadir, dəstəsi ilə Xacə Rəbi yaxınlığında gecələyib səhər Əbivərdə qayıtdı.

Nadir onunla əməkdaşlıqdan üz döndərmiş Aşur xana güclü zərbə vurduqdan sonra onu bağışlamış və bəzi yürüşlərə rəhbərlik etməyi də ona tapşırmışdı. Amma Aşur xan itaətsizlik yolu tutaraq Nadirdən üz tutdu və ona qarşı mövqe tutdu. Çeşmgəzək elinin rəhbərlərindən olan Cəfər bəy Şadlını da öz tərəfinə çəkib birlikdə fəaliyyətə başladılar. Nadir isə ona qarşı sədaqətsizlik nümayiş etdirənlərə çox sərt münasibətlər göstərirdi və vəziyyətin düzəldilməsi üçün təcili tədbirlər görməyə çalışardı. Bu səbəbdən Nadir xüsusi bir qoşun dəstəsi hazırlayıb Aşur xan Papalının sığındığı qalaya göndərdi. Nadirin güclü qoşuna qadir olduğunu görən bu dəfə də onun qarşısında duruş gətirə bilmədi və qalaya sığınmalı oldu. Aşur xanın müttəfiqi olan Cəfər bəy isə əməlindən peşman oldu. Nadirə xəbər göndərdi ki, əgər günahını bağışlasa müqaviməti dayandırıb, qaladan çıxar və öz yurduna qayıdar. Nadir onun üzrxahlığını qəbul edərək ona öz yurduna qayıtmaq üçün şans verdi. Tək qaldıqdan sonra Aşur xan da müqaviməti çox davam etdirmədi və yenidən Nadirə itaət edəcəyini bildirdi. Qalanın mühasirəsində iştirak edən qardaşı İbrahimin xahişi ilə Nadir ikincə dəfə Aşur xanın günahlarını bağışladı və azad etdi. Aşur xan yenidən Nadirin dəstəsinə qəbul olundu və Əbivərdə yola salındı.

Aşur xanın sığındığı qalanı mühasirə etdiyi vaxt Nadirə xəbər çatdırdılar ki, Əli elinin tərəkəmə camaatı da ona qarşı itaətsizlik yolunu seçib. Aşur xanın qalasının ələ keçirilməsinin bir neçə gün sürə biləcəyini anladığından Nadir oradakı qüvvələri qardaşı İbrahimin rəhbərliyi altına verib özü başqa bir dəstə ilə Əli eli camaatının yaşadığı məntəqəyə üz tutdu. Nadir sürətlə bu məntəqəni ələ keçirdi ki, yerli əhalinin özünü toparlamağa belə imkanı olmadı. Nadirin dəstəsi itaətsizlik yolu tutmuş camaatın 1000-2000 nəfərini qətlə yetirdi, 2-3 min nəfəri qətlə yetirdi və onların çoxlu mal-qarası əfşar döyüşçülərinin əlinə keçdi. Əfşarlar bu camaatın yaşadığı qalaya ah-fəqan səsləri ilə qarşılaşdılar və onlar öz nümayəndələrini Nadirin yanına göndərib bağışlanmalarını xahiş etdilər. Nadir də bu xahişi qəbul etdi. Ora yeni hakim təyin edildi. Camaatı itaətsizliyi təhrik edən bir neçə adam isə oradan uzaqlaşdırılaraq Əbivərdə göndərildi.

Nadir xan Aşur xana qarşı döyüşdə olarkən Xarəzm hakimi Şirqazi xanın nümayəndələri onun yanına gəldilər. Ona xəbər çatdırıldı ki, Xarəzm tacirləri Məşhəddən ticarət edib geri qayıdanda Çehçehe adlı məntəqədə onlardan bac tələb etdilər və həmin bac verilməyəndə ticarət karvanını talan etdilər. Elçilər həmin malların geri qaytarılmasını Nadirdən xahiş etdilər. Döyüşdə olduğu üçün Nadir onları Əbivərdə göndərildi və bir neçə orada gözləmərini xahiş etdilər. Sonradan Nadir nəinki Xarəzm tacirlərinin alınmış mallarını geri qaytardı, eyni zamanda özü də onlara bahalı hədiyyələr verdi.

Nadirin yanına eyni zamanda Mərv vilayətinin qızılbaş əhalisinin nümayəndələri gəldilər. Onlar da Nadirdən kömək istədilər. Mərv qızılbaşları vilayətdə yaşayan tatarların onları incitməsindən şikayət etdilər. Qızılbaşların sözünə görə, tatarlar Məlik Mahmud tərəfindən müdafiə olunurdu. Mehdi bəy adlı birisinin vilayət naibi təyin edilməsindən sonra qızılbaşların vəziyyəti xeyli ağırlaşmışdı.Vilayətdə qanunsuzluq, hərc-mərclik, soyğunçuluq halları baş alıb gedirdi. Bu çətinliklə qarşılaşan insanların çıxış yolu üçün ümid yeri yox idi. Tatarlar arasında bir sıra əyanlar və xanılar da özlərini qızılbaşların dost kimi elan etsələr də, onlara heç bir yardımı çatmırdı. Qızılbaş rəhbərlərindən olan Polad bəy mövcud olan çətinliklərlə son qoymaq və əhalinin güzaranını yüngülləşdirmək üçün tatarla qızılbaş sərkərdələrini çağırıb onları barışdırmağa cəhd göstərdi. Qonaqlıq zamanı tatarlar daha bir xəyanətə yol verdilər, silaha əl atıb qızılbaş sərkərdələrindən və əyanlardan 22 nəfəri qətlə yetirdilər.

Bu hadisədən sonra tatarlar Mərv qalasını tərk edib Türkmən qalasında məskunlaşdılar. Qızılbaşların yaşadığı Mərv qalası onlar tərəfindən aramsız hücumlara məruz qalırdı. Bununla Mərv qızılbaşlarının vəziyyəti xeyli çətinləşdi. Şəhərdə yayılmış yoluxucu xəstəliklər isə onların çətinliklərini daha da artırırdı. Tatarlardan başqa yəmut və türkmən tayfaları da mütəmadi olaraq Mərvə soyğunçu hücumlar edirdilər. Belə olduqda, Mərv qızılbaşları çıxış yolu axtarmağa başladılar. Onlar əvvəlcə Xorasan kürdlərindən kömək almaq niyyətinə düşdülər. Bir neçə nümayəndə isə kömək almaq üçün Ətəkə göndərildi. Orada qızılbaş nümayəndələrinə məsləhət bildirdilər ki, Nadirin yanına yollansınlar və ondan kömək istəsinlər. Onlar belə də etdilər. Qızılbaşlar nümayəndələri Əbivərddə Nadir tərəfindən ehtiramla qarşılandı və bir neçə gün Nadirin qonağı oldular. Nümayəndələr xahiş etdilər ki, onları türkmənlərin zülmündən xilas etsin.

Nadir isə Əbivərd ətrafındakı məntəqələrin öz itaəti altına gətirilməsi ilə məşğul olduğu üçün qızılbaşlara kürdlərin ağsaqqalı olan Şahverdi xana müraciət etməyi məsləhət bildi. Nadir kürdlərin bu müraciəti müsbət qarşılayacaqlarına əmin idi. Nadirin qızılbaşlara kömək göstərmək imkanının olmaması cavabı qızılbaşları razı salmasa da, onun məsləhətinə qulaq asdılar və Şahverdi xanın yanına yollandılar.Şahverdi xan da Mərv qızılbaşlarına köməkdən imtina etdi və nümayəndlərə məsləhət gördü ki, bu köməyi Xorasan hakimi Məlik Mahmuddan istəsinlər. Onun fikrincə, Məlik Mahmud Xorasan vilayətinin hakimidirsə, xorasanlıların qayğısını çəkməli və vilayət əhalisinin çətinliklərinin həllinə çalışmalı idi. Bununla belə, Şahverdi xan əlavə etdi ki, özü də mümkün köməyi göstərməyə çalışacaqdır.

Bu cavab da qızılbaş nümayəndlərini razı salmadı. Bununla belə, onlar Məlik Mahmuda da müraciət etməkdən imtina etmədilər və Məşhədə yollandılar. Həmin günlərdə Mərv tatarlarının böyüklərindən sayılan Əsgər bəy adlı birisi də Məşhədə yollanıb Məlik Mahmudla görüşdü və ona çoxlu hədiyyələr bağışladı. Belə olduqda, qızılbaşlar Məlik Mahmuddan istədikləri cavabı ala bilmədilər. Bunu görən qızılbaşlar yenidən yeganə çıxış yolunu Nadirə müraciət etməkdə gördülər. Yenidən onun yanına yollanmağa hazırlaşanda Nadirin elçisi özü onların yanına gəldi və bildirdi ki, ən yaxın zamanlarda Nadir onlara kömək göstərəcəkdir. Bu xəbərə baxmayaraq, qızılbaş Nadirin yanına getmək fikrindən dönmədilər. Onlar Nadirlə görüşdülər və əmin oldular ki, yaxın vaxtlarda kömək ala biləcəklər. Bu görüşdən iki ay sonra Nadir dəstəsi ilə Mərvə doğru hərəkətə başladı. Tatarlar Nadirin dəstəsinə ciddi əhəmiyyət vermir və onları çarıxlı-əfşar adlandırıldılar. Şübhə etmirdilər ki, 500 nəfərlik dəstələri ilə Nadirin 5 minlik dəstəsini məhv edəcəklər.[58]

Nadir əvvəlcə iki gün Polad xan Qacarın qonağı oldu və iki günlük istirahətdən sonra dəstəsi ilə Türkmənqalaya hərəkət etməyə başladı. Bənd-e Caneli çayı və Həsənqala yaxınlığına çatanda tatarların 10 min nəfərlik piyada qoşunla onu gözlədiklərinin şahidi oldu. Tərəflər arasında başlayan qızğın döyüşdə əfşarlar üstünlüyü ələ ala bildilər. Tatarlar göstərdiyi bütün cəhdə və malik olduqları say üstünlüyünə baxmayaraq Nadirlə onun cəngavərlərinin təzyiqinə duruş gətirə bilmədilər.Tatarlar geri çəkilmək məcburiyyətində qaldı. Əfşarlar döyüşün ilk günündə Türkmənqalanı və qalanın sahib olduqlarını ələ keçirdilər və orada yaşayan tatarları əsir etdilər. Sonradan isə əsirlərdən qadın və uşaqları azad etdilər. Məntəqədə asayişin sabit qalması naminə Nadir tatar əyanlarının bir çoxunu Əbivərdə köçürdü, Polad bəyi isə Mərv hakimi elan etdi. Mərvə yeni hakim təyin etdikdən sonra Nadir, Mərv cavanlarından min nəfərə qədərini öz dəstəsinə əlavə edib geri qayıtdı.

Mərvə öz adamını təyin etdikdən sonra Əbivərddən Xəbuşana qədər olan ərazi Nadirin nəzarəti altına düşdü. Bu ərazidə nəzarəti təmin etdikdən sonra Nadir kürdlər yaşayan ərazini də öz nəzarəti altına gətirməyi və təsir sahəsini genişləndirməyi qərarlaşdırdı. Bunun üçün yenidən dəstəsinə toplanmaq əmri verdi. Nadir dəstəsi ilə kürdlərin üzərinə hücuma keçdi. Kürd ağsaqqalarından olan Şahverdi xan Nadirin qoşun çəkməsi xəbərini eşidəndə ətrafdakı kürd bəylərinə xəbər göndərdi ki, öz dəstələri ilə Xəbuşan qalasına toplaşsınlar. Şahverdi xan onu da əlavə etdi ki, Nadirin dəstəsi çox böyükdür və əfşarlardan başqa həmin dəstədə Sərəxsdən, Mərvdən, Şahicandan olan, habelə kürdlərdən toplanan dəstələr var. Bu xəbərdən sonra kürdlər Nadirə müqavimət göstərmək və ona itaəti qəbul etməmək üçün Xəbuşan qalasına 30 minlik dəstə toplandılar. Nadirin tabeliyində olan dəstənin isə miqdarı 10-12 min nəfər idi. Kürd bəyləri əvvəlcə Nadirə xəbər göndərib ondan Xəbuşana gəlməsinin səbəbini soruşdular. Nadir isə açıqca bildirdi ki, kürdlər yaşayan əraziləri də öz itaəti altında görmək istəyir. Kürdlər isə bu tələblə razılaşmadıqları üçün tərəflər arasında qanlı və gərgin döyüş baş verdi. Qızğın döyüş Nadirin qələbəsi ilə başa çatdı.

Kürd Şahverdi bəy döyüşün başlanğıcında üç minlik dəstə ilə sol cinahdan Nadirin dəstəsinin sağ cinahına hücum etdi. Nadirin bu cinahdakı qüvvələrinə Təhmasib xan Cəlayir rəhbərlik edirdi. Onun bütün cəhdlərinə baxmayaraq kürdlərin güclü təzyiqlərinin qarşısını saxlamaq mümkün olmadığından Cəlayir döyüşçüləri geri çəkilməyə məcbur oldular. Döyüş meydanında baş verənləri diqqət altında saxlayan Nadir həmin cinahda vəziyyətinin mürəkkəbləşdiyini görüb üç yüz nəfərlik seçilmiş dəstəsi ilə özünü ora yetirdi. Nadir ani vaxt ərzində düşmənə gözünü açmağa imkan vermədi. O, qüvvələrin bir çox hissəsini məhv etdi.

Təhmasib xan Cəlayir Nadirin bu şücaətini görüb daha da ruhlandı və ətrafındakıları da ilhamlandıraraq kürd dəstələri üzərinə hücumu gücləndirdilər. İlk cəhddəki uğursuzluğun əvəzini çıxmaq istəyi onlara əlavə güc verdi və kürd silahlıları onların qarşısını saxlaya bilmədilər. Kürdlər Nadirin dəstəsindən ağır zərbə aldılar və geri çəkilib Xəbuşan qalasına sığındılar. Kürdlər anladılar ki, mühasirə olunmuş qalada uzun müddət davam gətirə bilməyəcəklər. Bu səbəbdən kürd bəyləri Nadirdən xahiş etdilər ki, qoşununu Əbivərdə çəksin. Bundan sonra bəylər onun yanına gəlib şərtləri öyrənsinlər. Nadir bu xahişlə razılaşaraq qoşununu geri çəkdi. Bununla da kürdlər yaşayan ərazilər də Nadirin nəzarəti altına düşdü.

Bu uğurlardan sonra Nadir, Bəğayiri və Gəraylı camaatı ilə də döyüşə girdi. Nəticədə ona itaət etməyə razı olduqlarını bildirdilər. Sərəxs istiqamətində yerləşən bir sıra məntəqələri də Nadir öz nəzarəti altına saldı və həmin məntəqələrdən böyük miqdarda qənimət əldə etdi.

 

Fərmanları:

Nadir şahın Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında fərmanı

 

Məktubları:

Nadir şahın Hindistanın fəth olunmasından sonra Sultan Mahmuda yazdığı məktub

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR