Slimfit
  1. BİOQRAFİYA

Nəcib Məhfuz

Nəcib Məhfuz
Sakura

Yazılarına görə bıçaqlanan yazıçı

Misirlilərin Firona tapınmaları qərbə deyil. Qəribəsi, Fironun özünün Tanrı olduğuna inanması idi”

Bir çox ərəb ölkələrinin xoşuna gəlməsə də misirlilər Misir üçün “Dünyanın anası” ifadəsini səsləndirirlər. Bu ifadə ərəbcə belə səslənir: “Mısr ummu-d-dunya”. Hər bir misrilinin sevdiyi və iftixarla səsləndirdiyi ifadədir. Bəlkə də ona görə ki, yüz min illik böyük “Misir mədəniyyəti” nin beşiyi olan, Nilin şirin suyu ilə suvarılan torpaqlar, bir çox tarixi hadisələrə meydan olmuşdur.

Biz isə tarixdən deyil, ədəbiyyatdan danışacağıq. Misir tarixinin böyüklüyünə nisbətən, ən yeni tarixdə cərəyan edən hadisələrə bir az səyahət edərək mövzumuza keçid alaq.

 1798 -ci ildə Misirin Napoleon Bonapartın başçılıq etdiyi Fransız ordusunun işğalına məruz qalmasından, fransızların Misirdə beş il müddətində oturuşundan və daha sonra Kavalalı Mehmet Əli Paşanın 1803 -cü ildə Nil sahillərini fransızlardan xilas etdikdən sonra Misir ictimai-mədəni həyatında sürətli inkişaf başladı. Eləcə də Misir ədəbiyyatında da intibah dövrü başladı. Çox da uzun olmayan bir dönəmdə, Misir ədəbiyyatında öz tarixi qədər zəngin, dərin bir ədəbi mühit  yarandı. Şübhəsiz ədəbiyyat elə bir sahədir ki, onun zənginliyi,  ədiblərin sayı ilə yox,  onların dünyaya töhfə verdikləri əsərin dərinliyi ilə ölçülür.

 Misir ədəbi mühitinin intibahı dövründə 1911-ci ildə Qahirənin Əl-Camaliyyə məhəlləsində dünyaya gəlmiş Əbdüzləziz Nəcib Məhfuz, məhz bu dərin ədəbi məktəbdən yetişərək dünya ədəbiyyatında öz sözü, öz imzası, öz möhürü olan ədiblərdən biri kimi Nobel mükafatına qədər gedib çıxdı.  O, əl -Camaliyyədə dünyaya gəldi və öz məhəlləsini, öz romanlarının qəhrəmanına çevirdi. Onun romanlarında cərəyan edən hadisələr Camaliyyədə və köhnə Qahirənin müxtəlif məhəllələrində cərəyan edirdi. Nəcib, Qahirənin sürətlə avropaya inteqrasiyasından olduqca narahat idi. Onun üçün köhnə Qahirədən qalan, öz milli etiketlərini qoruyub saxlamqda dirəniş gösrətən iki məkan vardı; “Əl-Əzhər” və “əl -Hall bazarı”. Hansı ki, görkəmli yazar öz günlərini adətən bu iki məkanda keçirərdi.    

Misirin sürətlə avropalaşmaya doğru meyillənməsi və öz milli koloritindən uzaqlaşmasının başlıca səbəbi, ingilislərin müsətmləkəsinə çevrilməsi idi. Nəcib Məhfuzun uşaqlıq illəri 1919 -cu il misirlilərin İngilislərə qarşı üsyanına da təsadüf edir.  O dövrki, İsmailiyə (indiki Təhrir) meydanında yüzlərlə misilirinin güllələnməsinin canlı şahidi olmuş, uşağa, qocaya, qadına baxmadan hədəfə çevirən güllələrdən canının xilas etmiş gələcəyin böyük yazıçısı, o dəhşətli günlərin  ruhuna vurduğu iztirablardan epilepsiya xəstəliyinə tutuldu. Onun cismi güllələrdən xilas oldu, amma ruhu xilas ola bilməmişdi.  Bəli,  həmin o epilepsiya- “dahi xəstəliyi”. Bu xəstəliyə əbəs yerə belə ad verməmişlər. Dante, Yuli Sezar, Napoleon Bonapart, Nobel və s.. kimi dahilərlə eyni xəstəliyi Nəcub Məhfuz da bölüşürdü. Amma o, bu xəstəliyi daşımaqda özünü Misir işğalçısı Napoleona deyil, heç 1988- ci ildə  onun adı ilə bağlı mükafata layiq görüləcəyi Nobelə də deyil, görkəmli rus yazıçısı Dostoyevskiyə bənzədir, onunla eyni həyatı yaşadığını dəfələrlə vurğulayır.

“Nə çox məzar var və gözün görə biləcəyi məsafəyə qədər uzanır. Məzar daşları, hər nə qədər onları kimsə təhdid etməsə də, təslimiyyətlə qaldırılmış əlləri xatırladırlar. Uğurla uğursuzluqun, qatillə qurbanın bir araya gəldiyi, oğru ilə polisin ilk və son dəfə olaraq rahatlıqla yanaşı yatdığı səssizlik və həqiqət şəhəri”

 

“Yazıçılığın əvvəli oxumaqdan başlar”- düşünürdü Nəcib Məhfuz.  Nəcib Məhfuzun fəlsəfəyə olan böyük həvəsi onu klassik fəlsəfə dühalarının yaradıcılığını araşdırmağa, onlardan istifadə etməyə sövq etdi. O həyatın sirrlərinin qədim şərqin fikir məxzənlərində olduğuna inanırdı. İnanırdı ki, insan övladının sələfi, səadət açarını tarixin harasındasa qorumaq üçün gizlədib. Məhz buna görə də qədim fəlsəfi düşüncələr araşdırılmalı, o açar tapılmalı və dövrün insanlarına çatdırılmalıdır. Məhfuz  “Risalətul Ğufran”ın müəllifi dahi Əbul Əla əl-Marrini,  “Məal əl Mütənəbbi”nin müəllifi böyük şərq filosofu əl Mütənəbbini geniş mütaliə edir, öz fəlsəfi düşüncəsini zənginləşdirirdi. Onun Qahirə universitetinin Fəlsəfə fakültəsində  oxuduğu gənclik illərində, fəlsəfəyə olan meyli, ərsəyə gətirdiyi əsərlərində öz əksini tapır. 17 yaşından əlinə qələm alaraq fövqəladələr yaradan Nəcib, yaşıdları ilə birlikdə yaratdıqları və “Hərafiş” adlandırdıqları inellektual fikir qrupunda fəal iştirak edir, dünyaya fəlsəfə, irfan gözüylə baxmağa çalışır. Misirdə və şərqdə cərəyan edən siyasi, ictimai və ədəbi prosesləri müzakirə edirdilər. İllər sonra qələmə aldığı “Hərafiş epopeyası” əsəri, məhz bu birliyin onun həyatında buraxdığı dərin izlərin töhfəsiydi.  

 Görkəmli ərəb yazıçısı,  Misirin 1917-1944 illərini ehtiva edən ictimai problemləri ustalıqla qələmə aldığı “Əs-Sulasiyyə” adlı məşhur trilogiyada,  Misirdə qərb və şərq mədəniyyətlərinin bir –birinə  əzələ nümayişini, biri digərini ötməsini sətiraltı tərzdə ifadə etməyi bacarır.  Ona görə də trilogiyanı əs-Sulasiyyə yəni “üçləşmə” adlandırır. Kitab üç romandan ibarətdir və hər bir hissə Qahirənin məşhur küçələrinin adı ilə adlanıır: Beynəl-Qəsreyn, Qasru-ş-Şauq və əs-Sukkəriyyə.  Bu küçələr Qahirənin mərkəz və əhalinin müxtəlif sosial-mədəni təbəqələrinə mənsub əhalisinin yaşadığı ərazilərdir.

Dəlilik rüzgarı,  Taleyin oyunları,  Radobis, Fivlərin mübarizəsi, Yeni Qahirə, Xan əl-Xəlili, Middak küçəsi,  Başlanğıc və son, Malikanələr arasında, Arzular malikanəsi, Şəkər ev, Küçəmizin uşaqları, Payız bildirçinləri, Nil üzərində laqqırtı, Miramar pansionu, Güzgülər, Hörmətli cənab,  Hərafiş epopeyası, Min gecələrin gecələri kimi romanların müəllifi olan görkəmli Misir yazıçısı Nəcib Məhfuzun əsərlərinə Misir kinematoqrafçılarının müraciət etmələri,  milli kinonun inkişafına  böyük imkanlar yaratdı. Onun hekayə və romanları səhnələşdirildi, ekrana qoyuldu.

Nəcib Məhfuzun üç həyat prinsipi vardı: Oxumaq, yazmaq və yerimək. Yaxşı yazmaq üçün öncə oxumağın vacib olduğu kimi, yaxşı və sağlam  yaşamaq üçün də yeriməyi əsas prinsip hesab edirdi. O daim mütəhərrik görünürdü, bunun üçün də mütəmadi piyada gəzməyinə, hərəkətliliyinə minnətdar idi.

“Dinimiz böyükdür,  amma həyatımız pütpərəstcəsinə!”

Onun bioqrafiyası “Su səhəngi suda sınar” deyimimizi xatırladır.  Nəcib Məhuzun həyatına böyük zərbə də məhz qələmindən tökülənlərə görə dəydi.

Misirin İsrail və digər qeyri- müsəlman ölkələri ilə münasibətlərinin istiləşməyə doğru müzakirələrinin aparıldığı bir dövrdə, Nobel mükafatı təqdim olunan böyük yazıçı Nəcib Məhfuz, daha çox siyasi arenada diqqət çəkməyə başladı. Əsərləri  ölkə hüdudlarından kənarda  tərcümə olundu, öz intellektual düşüncə tərzi ilə ölkə xaricində insanların qəlbini fəth eləməyi bacardı. Onun bir ərəb, müsəlman ziyalısı olaraq bütün mədəniyyətlərə tolerant münasibəti, aqressiyadan, şiddətdən uzaq olmasıyla yanaşı, bu təfəkkür tərzini əsərlərində təbliğ etməsi, xurafat və dini, milli aqressiyanı lənətləməsi ölkə xaricində yüksək qiymətləndirilsə də, Misir daxilində dini ekstremistləri narahat etməyə bilməzdi. Əsərində dövrün aktual, sarsıdıcı mətləblərini qabartmışdı.  Qələmə aldığı və hər həftə Qahirənin nüfuzlu “əl-Ehram” qəzetində silsilə dərc olunan “Əulədi Harrətinə” (Küçəmizin uşaqları) adlı əsəri isə qarşı tərəfi daha çox qıcıqlandırmışdı.  Bunlarla yanaşı, bütövlükdə dünya  ədəbiyyatında olduğu kimi, Misir ədəbi mühitində də  bəzi təsadüfi imzalar, Məhfuzun əsərlərini məşhur olmayan qəzetlərdə tənqid edərək radikalların dəyirmanına su tökməklə məşğul idilər.

“Həyatınızda zərbə aldığınız zaman, anlayarsınlız ki, ağlınız yaşınızdan daha böyükdür”

1994 cü ildə doğma Qahirənin “Acuza” məhəlləsində Nəcib Məhfuz iki radikal tərəfindən bıçaqlandı. Ən ciddi yarasını boğazından və ənsə sümüyündən almasına rəğmən,  xoşbəxtlikdən dahi yazar həyatını itirmədi, lakin iki ay xəstəxanada ciddi şəkildə həkim nəzarətində qaldı. Sui -qəsd onu ömürlük şikəst etdi,  ömrünün axırına (30 avqust 2006) kimi sağ əlini normal şəkildə tərpədə bilmədi. Bıçaq zərbəsi onu həmişəki kimi yazmaqdan məhrum etdi. Tarxən dahilər nadanların əli ilə öldürülür.  İbtidai istintaq zamanı sui qəsdlə bağlı 16 nəfər şübhəli şəxs qismində dindirildi. İfadələrdən məlum olmuşdu ki,  müttəhimlərin heç biri onun heç bir əsərini oxumayıb, kənar siyasi qüvvələrin göstərişi əsasında bu terror aktını həyata keçiriblər. Onu bıçaqlayan gənc məhkəmədə yazarın adını belə doğru tələffüz etmirdi.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR